XURAMAN MURADOVA (1968)

XURAMAN MURADOVA (1968) Xuraman İsmayıl qızı Muradova - 1965-ci ilin avqust ayının 22-də Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. Əslən Laçın rayonundandır.
1972-ci ildə birinci sinifə gedib və 1982-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib. Orta məktəbdə ədəbiyyata və rəssamlığa böyük meyli olan Xuraman İsmayıl qızı başqa fənləri də əla qiymətlərlə oxuduğundan elə 1982-ci ildə Azərbaycan Dövlət Memarlıq Üniverstetinə daxil olub və 1987-ci ildə memar-mühəndis kimi oranı yüksək qiymətlərlə bitirib.
1990-cı ildən Dövlət Maddi Texniki Təhcizat Nazirliyində mühəndis işləyib. Daha sonra sahibkarlıqla məşğul olmağa başlayıb. Əvvəlcə “Laçın” Kiçik müəssisəsini yaradıb. Bu müəssisəyə rəhbərlik elədiyi dönəmlərdə “Laçın” Kiçik müəssisəsinin nəznində 2009-cu ildən “Laçın” Klinikasını yaradıb. 2014-cu ildə isə “Milan” Hospitalını yaradıb.
Xuraman xanım on beş ildir ki, tibb sahəsində çalışır, bir sahibkar kimi xalqımıza bu müqəddəs yolda xidmət edir.
Oksford Akademiyasının fəxri professoru, Avropa Tibb Assosiasiyasinin və EPMA-nin fəxri üzvüdür.

Xuraman İsmayıl qızı Muradova şərəfli, qeyrətli və xeyirxah iş qadını olmaqla yanaşı, həm də istedadlı şairədir. Hələ doqquzuncu sinifdə oxuduğu illərdən bədii yaradıcılıqla məşğul olsa da, son illərə qədər yazdığı şeirləri mətbuat səhifələrinə çıxarmayıb. Xalq şairi Nəriman Həsənzadə və Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu israrla ona şeirlərini çap etdirməyi rica etdikdən sonra müxtəlif mətbuat səhifələrində və internet portallarında bir-birinin ardınca bır neçə şeiri işıqüzü görüb. Həmin şeirlər oxucular tərəfindən böyük maraqla qarşılanıb. Qısa bir müddətdə Xuraman Muradovanın imzası ədəbiyyatsevərlər arasında məşhurlaşıb. O, Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. Bir neçə dəfə fəxri fərman və mükafatlarla təltif olunub.
O cümlədən, II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında “Türk Dünyasının Onur” medalına, Azərbaycan Respublikası “Təhsil” Mərkəzi tərəfindən “Abdulla Şaiq” mükafatına, Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi tərəfindən “Xurşid Banu Natəvan” mükafatına, “Borçalı” nəşriyyatı və “Zirvə” İnformasiya Mərkəzi (www/zirve.info) tərəfindən “Zirvə” mükafatına və s. layiq görülüb.

Biz də Xuraman xanıma şəxsi həyatında, əmək fəaliyyətində, eləcə də, bədii və məşəqqətli yaradıcılıq yollarında böyük uğurlar, yeni-yeni nailiyyətlər arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!

Müşfiq BORÇALI,
ZiM.Az



ATA

Çoxdan gözləyirdim yolunu ata...

Arzum, muradımsan, bilirsən bunu.
İstəmərəm saçlarına dən düşə,
Sənsiz həyatımın yoxdu bir sonu.
Mənə ürək verən, ürəyim ata.
Süfrəmdə bərəkət, çörəyim ata.

Mənim hər dəqiqəm, hər bir anımsan,
Damarda çağlayan, axan qanımsan,
Arzular məskəni olan canımsan,
Həyatımın özü, adısan ata,
Ömrümün mənası, dadısan ata.

Ürəkdən yazıram tükənmir sözüm,
Sənsiz işıq görsə kor olar gözüm,
Saçına gül-çiçək çələngi düzüm,
Gül-çiçək ətirli mehriban ata.
Hər sözümə “haycan” deyən can ata,

Səni candan sevən bir övlad kimi,
Sənə həmdəm olan, şirin ad kimi,
Şəninə boy verən bir soyad kimi,
Dərdimə qalanım, hayanım ata,
Fəxrim-vüqarımsan, ad-sanım ata.


SƏNİ YUXUDA GÖRDÜM

Bu axşam yuxuda görmüşəm səni,
Çox qəmli-kədərli, çox kefsiz idin.
Dedin ki, həsrətin çox sıxır məni,
Gözlədim yolunu niyə gəlmədin?!

Dedin sənsizləşib gözümdə həsrət,
Öpüm gözlərindən, həsrətim gülsün.
Sənli günlərimin intizarı var,
Nə qəmin-kədərin var, mənə gəlsin.

Bir anın içində çəkildi duman
Sanki nur çiləndi göyün üzünə.
Elə gözəlləşdin, elə sevindin,
Ayıldım yuxudan gülüş səsinə.

İstədim bir anlıq yuxuya gedib,
Sənin gül üzünü görməkçün yenə.
Heyf ki, nə yuxu, nə səni gördüm,
Uzatdım, əllərim çatmadı sənə.


ÜRƏYİM

Yenə cuşa gəlib yazmaq eşqilə,
Dərin xəyallara dalır, ürəyim.
Toxunarsa ona bir nadan sözü,
Özünü tez ələ alır, ürəyim.

Mənəm deyənləri müqəddəs tutmur,
Nədəndi kədəri, çox tez unutmur,
Hər yana hey qaçır, çox zaman çatmır.
Özüylə baş-başa qalır, ürəyim.

Xuraman qəlbinə dəymək istəmir,
Nə görsə gizlədir, demək istəmir,
Özünü heç zaman öymək istəmir,
Gizlicə boşalıb, dolur ürəyim.


SEVGİ İŞİĞI

Sənin gözlərini gördüyüm gündən,
Təbiət gözümdə nura boyandı.
Fikrim dumanlandı, qəlbim titrədi,
Ruhumda bir sevgi işığı yandı.

Duymuşdum, biganə deyildin səndə,
Sorğusuz, sualsız olan sevgiyə.
Qəlbimi əlimdən alıb apardın,
Tənha qoydun məni, söylə bəs niyə?!

Bir sabah bir damla şehə dönüb mən,
Sənin qoxladığın gülə qonacam.
Həyatda heç zaman görüşməsəkdə,
Mən səni səsləyib, səni anacam.

Ömrüm bəzənəcək gül tək, çiçək tək,
Sənin bu gecikmiş məhəbbətinlə.
Üzünü heç zaman görməsəmdə mən,
Qoşa gəzəcəyəm səadətinlə.


XURAMAN MURADOVA (1968) DÖZ, ÜRƏYİM

Əgər varsa səndə mətanət, dözüm,
Dözülməz dərdlərə gəl döz, ürəyim.
Kiminsə gözündə ucalmaq üçün,
Yalana can atma, ol düz, ürəyim.

Yersiz gülümsəmə, yersiz danışma,
Sevmə süniliyi, yersiz tərifi.
Peşiman hallara vaxtı ayırıb,
Demə ki, aldatdım filan hərifi.

İnsanlar həyatda müxtəlif olur.
Biri sadə olur, biri ədabaz.
Sən sev sadəliyi, onunçün sev ki,
Qışını görməmiş, olma bahar, yaz.

Əgər xoşlamırsan düz söz, düz hədəf,
Demək saf deyilsən, təmiz deyilsən.
İnanma yalana, uyma hər kəsə,
Gözümdən düşərsən, taxdan əyilsən.

Məni sevdiyin tək bil, yaşatmasan,
Demək sən acizsən, aciz, ürəyim.
Səni sevənləri bacar, sən də sev,
Olmasın bir kimsən sənsiz, ürəyim.


UZAQLARA GETMƏ...

Hara aparacaq o yollar səni,
Getdiyin yerlərdə varammı heç mən?
Uzağa çəkilib itmə gözümdən,
Mənsiz o yerlərdə darıxarsan sən.

Darıxar gözündə açılan səhər,
Güllərin şehi tək titrəyər əlin.
Bu dünya gözündə zindana dönər,
Sənə ağır gələr "xoş" əməllərin.

Qoyduğun hər izdə baxışın donar,
Qəlbini bürüyər qatı duman, çən.
Köksünü incidər intizar yeli,
Sən məni tək qoyub hara gedirsən?

Həsrətin əlləri sıxar qəlbini,
Dönüb baxacaqsan yoxam o yerdə.
Darayar saçını qəm küləkləri,
Sevgin tənha quş tək uçar göylərdə.


GƏLƏCƏYƏM, YENƏ MƏN

Günəş doğduğu yerdə,
Gözləyərsən məni sən.
Bitməsin ümidlərin,
Gələcəyəm yenə mən…

Gələcəyəm bir səhər,
Güllər şeh tutan zaman.
Yoldan həsrət yığılsın,
Dağdan çəkilsin duman.

Eşqin qanadlarını
Sərib yollar üstünə.
Duracam gecə-gündüz,
Ayrılığın qəsdinə.

Sıxıb köksümə yazı,
Qışı da yaz biləcəm.
Günəş doğduğu yerdə,
Gözləyərsən gələcəm.

Saxlayaq, görüşməyin,
Vaxtını, vədəsini.
Hələ bir az dinləyək,
Həsrətin nəğməsini.

Həsrət-həsrət baxarsan,
O uzanan yollara.
Açılacaq qolların
Hələ çox nağıllara.

Xatırlayarsan məni,
Gecə yağış yağanda.
Axtararsan arabir
Ürəyin sıxılanda.

Gələcəyəm, gözlə sən
Bir yağmurlu səhərdə.
Bir quş qəmli oxuyur,
Günəş doğduğu yerdə.

Günəş doğur deyəsən,
Sakitcə yağış yağır...
Söz vermişdim, gəlirəm,
Həsrəti geri çağır...


O GEDƏN GƏLMƏYƏCƏK

Əl atıb bu sevdanın,
Yaxasından asılma.
Xəzanlı yağışların,
Sinəsinə qısılma.
Ömür, gün də keçəcək..
O gedən gəlməyəcək...

İtəcək oğrun-oğrun,
Ümidlərin ünvanı.
Buz bağlamış arzular,
Üzər sənli dünyanı.
Gözlərin yol çəkəcək...
O gedən gəlməyəcək...

Həsrətin qucağında,
Yuxuya vermə qəmi.
Bəxtin boş əllərində,
Qatma bütün aləmi.
Bu qəm uzun çəkəcək,
O gedən gəlməyəcək....

Sızıldama bu eşqin,
Can verən nəfəsində.
Darıxmağı unut sən,
Hər gecənin səsində.
Sorma nə vaxt gələcək?
O gedən gəlməyəcək...

Səndən gedən vaxtını,
Nigaran könlünə yaz.
Həsrətin baxışında,
Gələcək min bahar, yaz.
Durnalar da dönəcək
O gedən gəlməyəcək...

Soyuq sətirlərimin,
Kiprikləri yaşlanır.
Darıxmağın yeri yox,
Gecə yaman uzanır...
Gəl bu həsrətdən əl çək.
O gedən gəlməyəcək.

Hər qapın döyüləndə,
Sanma qayıdıb gəlib.
Daha yollara baxma,
Elə küsüb gedibdi,
O geri dönməyəcək..
O gedən gəlməyəcək.

Payız rəngli ayrılıq,
Dayanıb yollar üstə.
Daha onu səsləmə,
Daha onu az istə.
Pəncərədən gözün çək,
O gedən gəlməyəcək.
O gedən gəlməyəcək.


NƏNƏMİN SAMOVARI

Evimizdə ən əziz,
Ən qiymətli bir şey var.
Nənəmin yadigarı,
İri, sarı samovar.

Bir zamanlar deyərdi,
Mənim mehriban nənəm.
Dili şirin özü şən,
Bağı gülüstan nənəm.

Gördüyün bu samovar,
Babandan qalıb bizə.
O, çox şahid olubdu,
Xoşbəxt günlərimizə.

Nənəm köçdü dünyadan,
Onun şən səsi qaldı.
Sanki istəyimizi,
Sarı samovar aldı.

İndi bizim ailədə,
Çox qiymətli bir şey var.
Nənəmin yadigarı
İri, sarı isamovar.


BACIM SÜDABƏYƏ

Yenə fikrim dolaşıb,
Yenə halım qarışıb,
Yenə çıxıb getmişəm
Uşaqlıq illərimə.
Yenə fikrim uzaqda,
Yenə ağlımdakı sən
Yenə sakit otaqda
Açıram pəncərəmi,
Yenə sən qəlbimdəsən.
Dənizin səsi gəlir,
Bu səs ilə birlikdə
İsti bir nəfəs gəlir.
Bir pıçıltı qarışır
Bu dənizin səsinə,
Bu səs sənin səsindi
Sanki bir isti nəfəs,
Dəyir bu an üzümə.
Bu sənin nəfəsindi,
Deyirsən, can ay bacı
Niyə fikirlisən sən,
Deyirəm bacın qurban,
Nə yaxşı ki, gəlmisən.
Gülümsəyib baxırsan,
Sakit-sakit üzümə.
Gülüşünü gördükcə,
Qayıdıram özümə.
Arzular ümman-ümman,
Xəyallar karvanında.
Nə olardı kaş bir yol,
Sən olaydın yanımda.
Gəl tutaq biz əl-ələ,
Qayıdaq kəndimizə.
Nə olar ki, ay bacı,
Bircə yol sən gəl bizə.
Yenə axşam düşübdü
Yenə qaş qaralıbdır.
Yenə evimizdəyik,
Anam süfrə salıbdı.
Yığışmışıq bir yerə,
Ömrün xoşbəxt anıdı.
Atamın gül balası,
Anamın gül balası.
Yadındamı uşaq vaxtı,
Ulduzları bölərdik.
Bu mənim, bu da sənin,
O, da onun deyərdik.
Çox sevərdim göyləri,
Uçmaq istərdim ora,
Deyərdim ki, kaş məndə,
Çataydım ulduzlara.
Sən deyərdin ay bacı,
Elə demə nə olar,
Birdən uçan boşqablar,
Gəlib səni aparar.
Məndə hərdən doğrusu,
Qorxardım bu sözlərdən,
Ürəyimdə sadəcə,
Arzulardım göyü mən.
Gəl mehribanım bacı.
Gəl tutum əllərindən,
Buraxmayım səni mən
Gəl sarılım boynuna,
Gəl öpüm üz-gözündən.
Axı bir vaxtlar sən də,
Qucaqlayardın məni
Deyərdinki istərəm,
İş adamı olasan,
Hamı tanısın səni.
Məndə deyərdim vallah
Sözün qurtarıb sənin.
Nəyimə lazımdırki,
Axı tanınmaq mənim?
Eh, illər keçdi bacı,
Ömürdən çoxu getdi.
İş adamıda olduq,
Çoxu tanıdı bizi.
Amma sənsiz yaşadıq,
Heyf, bu ömrümüzü.
Sən mənim atam idin,
Sən mənim anam idin.
Bütün varlığın ilə,
Halıma yanan idin.
Rahat uyu məzarda,
Atamın yadigarı.
Nişanəsiz gedən qız,
Ömrümün ilk baharı.
Dualarımda sənə,
Hər gün pay ayırıb mən,
Allahın dərgahında,
Qəbula göndərirəm.
Rahat uyu, can bacı.
Məzarın nurla dolsun!
Hökm Allahın hökmüdür!
Yerin cənnətlik olsun!
Yerin cənnətlik olsun!


GİZLİ MƏHƏBBƏT

Səni gördüyüm gündən,
Qəlbimdə baş qaldırdı,
Ülvi bir məhəbbət,
ülvi bir istək.
Xəlvət-xəlvət, oğrun-oğrun
İçin-için yandım gerçək.
Həsrətin qəlbimi göynətdi,
Payız yarpağı tək döndüm xəzana,
Sandım ki, bu gizli bir eşq,
Bir məhəbbətdi...


KÜSDÜM MƏN

Yaşanması mümkün olan,
Yaşanmayan İllərimdən küsdüm mən...
Qışda qönçələr gətirən
Açılmayan, ayaz vuran
Güllərimdən küsdüm mən..

Vətənimin dərdli səsi,
Harayında qəm nəfəsi,
Zamanında deyiləsi,
Danışmayan,
Dillərimdən küsdüm mən...

Yaranmışam haqq səsindən,
Doğru olan kəlməsindən,
Haqsızlığın pəncəsindən,
Qorunmayan,
Ellərimdən küsdüm mən...

Qeyrət köynəyindən çıxan,
Haqqa doğru əyri baxan,
Araz kimi sakit axan,
Çağlamayan,
Sellərimdən küsdüm mən...

Dərd sığallı həsrətimin,
Üzə gülməz məhəbbətin,
Çox kecikmkiş bir sevgimin,
Həsrət dolu,
İllərindən küsdüm mən.


ÇIX GET MƏNDƏN UZAQLARA…

Çıx get məndən uzaqlara
Heç dərdi anlamayanım
Get gözlərimdən uzaq ol
Heç halıma yanmayanım…

Nə danışan dilim oldun,
Nə qəlbimdə yanan atəş.
Nə ömrümə bir ovuc qar,
Nə bəxtimə doğan günəş.

Get daha məndən uzaq ol,
Ay dərdimdən bixəbərim.
Qəlbim giley dolu məktub,
Bilmirəm hara göndərim.

Səni ömür yollarımın
Buz həsrətinə yazmışam.
Sənli olan ümidləri
Yuxularım tək yozmuşam…

Həsrətimə sığal çəkən,
Bulud dolu baxışam mən.
Səndən elə küsmüşəm ki,
Çətin bir də barışam mən…


O GEDƏN GƏLMƏYƏCƏK

Əl atıb bu sevdanın,
Yaxasından asılma.
Xəzanlı yağışların,
Sinəsinə qısılma.
Ömür, gün də keçəcək..
O gedən gəlməyəcək...

İtəcək oğrun-oğrun,
Ümidlərin ünvanı.
Buz bağlamış arzular,
Üzər sənli dünyanı.
Gözlərin yol çəkəcək...
O gedən gəlməyəcək...

Həsrətin qucağında,
Yuxuya vermə qəmi.
Bəxtin boş əllərində,
Qatma bütün aləmi.
Bu qəm uzun çəkəcək,
O gedən gəlməyəcək....

Sızıldama bu eşqin,
Can verən nəfəsində.
Darıxmağı unut sən,
Hər gecənin səsində.
Sorma nə vaxt gələcək?
O gedən gəlməyəcək...

Səndən gedən vaxtını,
Nigaran könlünə yaz.
Həsrətin baxışında,
Gələcək min bahar, yaz.
Durnalar da dönəcək
O gedən gəlməyəcək...

Soyuq sətirlərimin,
Kiprikləri yaşlanır.
Darıxmağın yeri yox,
Gecə yaman uzanır...
Gəl bu həsrətdən əl çək.
O gedən gəlməyəcək.

Hər qapın döyüləndə,
Sanma qayıdıb gəlib.
Daha yollara baxma,
Elə küsüb gedibdi,
O geri dönməyəcək…
O gedən gəlməyəcək…


UNUTMA MƏNİ...

Bu gecikmiş sevdamız
Söylə harada qaldı...
Xəzan vurmuş güllər tək
Rəngi saralıb soldu...
Səni düşündükcə hey
Gözlərim yaşla doldu…
Unutma sən də məni, unutma....

Bahar çiçəklərim də
Küsüb, incidi məndən.
Sənsiz son bahar oldu,
Saçlarıma düşdü dən...
Mən ki, gəl deməmişdim
Ömrümə gəldin nədən?
Unutma sən də məni, unutma...

Gör görüşmədiyimiz
Nə zamandı, haçandı...
Dedin fikrində mənəm
Xəyalların dumandı.
Bu gecikmiş sevdamız
Niyə belə uzandı?
Unutma sən də məni, unutma...

Niyə çata bilmədik,
Bu həsrətin hayına.
Bilmirik nə qalıbdı
Ömrümüzün sayına...
Niyə belə pay düşdü
Sevdamızın payına...
Unutma sən də məni unutma...

Bakı şəhəri,
iyun, 2023-cü il


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: