KALAFU QALASI

KALAFU QALASI Respublikamızın cənub-şərqində yerləşən tarixi abidələr sırasında qalalar da mühüm yer tutur. Burada vaxtilə mövcud olmuş və hal-hazırda xarabalıqları qalan Bəlləbur, Ərkivan, Şindan qalaları, Qız qalası, Oğlanqala və Qazan köşkü ölkəmizdə tanınan qalalar sırasındadır. Bölgədə olan qalalardan biri də Kalafu qalasıdır. Kalafu qalası Astara rayonunun qərbində, Hamoşam kəndinin ərazisində yerləşir.

Qala haqqında tarix elmləri doktoru, arxeoloq Tufan Axundov yazır: “Qala Kafu qalası (Kalafu qalası – İ.Ş.) şimal-cənub boyu uzanan qayalı belin üzərində ucalır. Onun hündürlüyü qərb tərəfdən 70 metrə qədər, şərq tərəfdən isə 150 metrdən çoxdur. Onun ərazisi 60x30 metr olub,belə paralel gəlmişdir. Qaya mərkəz hissəsində yarılmış kimi olduğundan ikibaşlı forma almışdır. Zirvədən 8-10 metr aşağıda yerləşən yarğanın dibi məqsədli şəkildə düzəldilmiş və nəticədə meydança əmələ gəlmişdir. Meydançanın 14-16 metr olan eni, şimaldan və cənubdan yüksələn qayalarla hüdudlanır. Onun uzunluğu 25 metr olub, qərb-şərq istiqamətində uzanır və təbii hüdud olmadan sərt kəsilir” (Astarada 20 gün”. B.,2009, səh.46).

Qalanın şərq tərəfdə, qayanın kənarlarında kiçik ölçülü qaya daşlarından hörülmüş divarın qalıqları qalır. Qərb tərəfdə divar qalıqları izlənilmir. Onun vaxtilə qaya ilə birlikdə uçub töküldüyü bildirilir. Meydançanın şimal tərəfindən 2,7x1,3 metr ölçüdə, 1,6 metr dərinlikdə sututarı (hovuz) çapılmışdır. Kalafu qalası ətrafındakı 5-6 hektar sahədə, xüsusilə Kalafu qayasının ətəklərində saxsı qab qırıqlarının səpələnməsi qala ətrafında yaşayış olmasından xəbər verir. Görünür son orta əsrlərdə burada istehkamlı yaşayış yeri olmuş, onun narınqalası olan Kalafu qalası geniş bir ərazini nəzarət altında saxlamağa imkan vermişdir.

Hal-hazırda Kalafu qalasının qalıqları qalmaqdadır. Qeyd edək ki, qalanın adı Kalafu, Qala Kafu və Kalakafo adları ilə qeyd edilir. Kalafu qalası və yaşayış yeri IX-XVII əsr abidəsi hesab olunur. Qala və yaşayış yeri Kalakafo adı altında 823 invertar sayı ilə arxeoloji abidə kimi qeydə alınaraq dövlət tərəfindən qorunur.

İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi


İstifadə edilmiş ədəbiyyat:
1. Azərbaycan arxeologiyası. Orta əsrlər. VI cild. B., 2008
2. Tufan Axundov. Astarada 20 gün. B., 2009
3. Əfqan Şəfiyev. Azərbaycanın cənub bölgəsinin tarix və mədəniyyət abidələr. B., 2007
4. Əfqan Şəfiyev. Talışın memarlıq abidələri haqında nə bilirik? “Tolışi sədo” qəzeti, 1-15 noyabr 2003
5. Vikipediya


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: