HƏSRƏT KƏRİMOV: RÜBAİLƏR

HƏSRƏT KƏRİMOV: RÜBAİLƏR Yarpaqtək titrəyir şamın şöləsi,
Pərvanə aşiqin odur qibləsi,
Nədəndir onlarda daha güclüdür,
Yaşamaq eşqindən yanmaq həvəsi?

Bacarsan nəfsinin cilovunu çək,
Adəm övladısan yaşa adamtək.
Sevgiyə qucaq aç, sevgidi həyat,
Ölümü gözləmə özü gələcək.

Uyma şöləsinə, hər parlayan zər olmur,
Zər qədrini bilən, hər adam, zərgər olmur.
Hər ləbi badəyə, söyləmə şəkərimsən,
Unutma, hər badədən süzülən şəkər olmur.

Düşdümü sevdaya yanacaq ürək,
Qafil, meyxanaya üz tutma əl çək.
Kim içə bilirsə eşqin camını,
O kəsin mey içmək nəyinə gərək!?

Həyatın çoxu da, azı da heçdi,
Ölüm dediyinin özü də heçdi,
Sevgisiz bir günün olubsa əgər,
Yüz il yaşasan da yüzü də heçdi.

Doğduğun torpağı ocaq san, ocaq,
Yurdun dar günündə düşməynən qaçaq,
Heç zaman unutma aqibətini,
Onun qucağıdır sonuncu qucaq.

Canın yananlara diriykən ağla,
Bircə təbəssümlə yarasın bağla,
Gərəkmi bu qədər var hərisliyi,
Köçün gedəcəksə beş arşın ağla.

Bürünüb payızdan düşən yarpağa,
Bu qədər diqqətlə baxma torpağa,
Əgər bilirsənsə altında nə var,
Səbəb nə gözünlə soyundurmağa?

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: