Hüquqşünas kadrları yetişdirən mərkəz

Hüquqşünas kadrları yetişdirən mərkəz Bu il Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 90 yaşı tamam olur

Hüquq fakültəsi bu gün Bakı Dövlət Universitetinin (BDU) aparıcı, nüfuzlu və
ən böyük fakültələrindən biridir.
Onun tarixi böyük və zəngindir.
Fakültənin açılmasının zəruriliyi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi "Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında”
1 sentyabr 1919-cu il tarixli qanunda da
öz əksini tapmışdır.
Bu sənəddə Bakıda dörd fakültədən - Şərq şöbəsi olan tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət dövlət universitetinin yaradılması nəzərdə tutulsa da, yalnız ikisi (tibb və tarix-filologiya) üçün müvəqqəti ştat və smeta müəyyən edilmişdi. Həmin dövrdə hüquq fakültəsini sırf maddi-texniki səbəblər və hüquqşünas kadrların yoxluğundan açmaq mümkün olmamışdır. Nəhayət, 1927-1928-ci dərs ilində Şərq fakültəsinin nəzdində hüquq şöbəsi fəaliyyətə başlamışdır. Bu, Azərbaycan xalqının tarixində ilk dəfə olaraq məhkəmə və inzibati-dövlət aparatı orqanlarında çalışa bilən milli hüquqşünas kadrların hazırlanması üçün başlanğıc idi. hüquq şöbəsinin bazasında isə 1928-ci il dekabrın 17-də iki şöbədən - məhkəmə və inzibati-təsərrüfat şöbələrindən ibarət olmaqla müstəqil fakültə təşkil edilmişdir. Dövlət və hüquq nəzəriyyəsi üzrə görkəmli mütəxəssis, tanınmış hüquqşünas alim, professor A.O.Mişel Azərbaycan Dövlət Universitetinin (ADU - indiki BDU) hüquq fakültəsinin ilk dekanı təyin olunmuşdur. Həmin dövrdə hüquq fakültəsinin təşkili və formalaşdırılması prosesi çox çətin şəraitdə getmişdir. Çünki Azərbaycanda elmi dərəcəli milli hüquqşünas kadrlar, ali hüquq təhsilli alim-pedaqoqlar, demək olar ki, yox idi. Bunu nəzərə alaraq Moskva, Saratov və digər universitetlərdən hüquqşünas alimlər Bakıya dəvət edilirdilər.

11 kafedra ilə fəaliyyətə başlayan hüquq fakültəsi qısa müddətdə universitetin ən aparıcı fakültələrindən birinə çevrildi. 1930-cu ilin iyununda ADU-nun Hüquq fakültəsinin bazasında Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutu yaradıldı və o, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin ixtiyarına verildi. Hüquq fakültəsi 1930-1933-cü illərdə Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutu kimi fəaliyyət göstərdi, 1933-cü ildə Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutunun tələbə-müəllim kontingenti İctimai-İqtisadi İnstitutun tərkibinə verildi və həmin institutun hüquq fakültəsinə çevrildi. Hüquq fakültəsinin tarixinə onun ilk azərbaycanlı dekanı kimi (Böyükağa Mirqasım oğlu Talıblının Sovet Dövlət Quruculuğu və Hüquq İnstitutunun direktoru kimi fəaliyyəti nəzərə alınmasa) daxil olmuş dosent M.Y.Quliyev fakültəyə 3 il başçılıq etmişdir.

Bu təhsil ocağının Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna çevrilməsi ilə əlaqədar bir sıra kadr islahatları aparılmışdır. 1928-ci ildə ADU-nun Şərq fakültəsinin Hüquq şöbəsinə müəllim kimi işə cəlb edilən professor Qasım Cəfərov 1936-cı ildə Xalq Təsərrüfatı İnstitutunun hüquq fakültəsinin dekanı seçilmişdir. Beləliklə, Petroqrad Universitetinin hüquq fakültəsinin 1916-cı il məzunu və mülki hüquq üzrə görkəmli alim olan professor Q.Cəfərov müstəqil hüquq fakültəsinin tarixinə onun ikinci azərbaycanlı dekanı kimi daxil olmuşdu.

1941-ci ildə müharibənin başlanması, ali məktəb müəllimlərinin və tələbələrinin əksəriyyətinin cəbhəyə getməsi ilə əlaqədar bir sıra ali məktəblər, o cümlədən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu ADU-ya birləşdirildi. Hüquq fakültəsi o vaxtdan etibarən universitetin tərkibinə birdəfəlik daxil oldu.

Müharibədən sonrakı illərdə universitet sürətlə böyüyür, onun yeni fakültə və kafedraları açılır, professor-müəllim heyətinin və tələbə kontingentinin sıraları genişlənirdi. 1947-ci ildə hüquq fakültəsinin dekanı Q.Cəfərov Moskva Dövlət Universitetində "Azərbaycanda sovet hakimiyyəti qurulana qədər və ondan sonrakı dövrdə su hüququ” mövzusunda ilk doktorluq dissertasiyası müdafiə edərək hüquq elmləri doktoru alimlik dərəcəsi almışdır. Vahid Qəhrəmanov isə 1950-ci ildə SSRİ Elmlər Akademiyası Dövlət və Hüquq İnstitutunda "Ailə-nikah münasibətləri sahəsində cinayətlər” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bir çox azərbaycanlı aspirantlar Moskvada, Leninqradda, Kiyevdə və eləcə də ADU-nun özündə namizədlik dissertasiyası müdafiə edərək fakültənin professor-müəllim heyətinin tərkibini elmi kadrlarla zənginləşdirmişdilər. Bunlardan Qara Məmmədov, Cəfər Mövsümov, Qasım Manayev, Murtuz Ələsgərov, Əli Əliyev, Məmməd Xələfov, Əjdər İbrahimov, Məhbubə Qafarzadə, Aron Milman, Məsumə Məlikova və digərləri fakültədə elmi-pedaqoji fəaliyyətə məhz bu dövrdə başlamışdılar. A.A.Milman 1965-ci ildə "XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanın siyasi quruluşu”, C.H.Mövsümov 1966-cı ildə "1917-1937-ci illərdə Azərbaycan SSR-də məhkəmə və cinayət prosesi”, M.N.Ələsgərov 1968-ci ildə "SSRİ-nin Asiya və Afrikanın gənc müstəqil dövlətləri ilə beynəlxalq hüquqi münasibətləri”, M.F.Məlikova 1973-cü ildə isə "XIX əsrin II yarısında - XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişlər.

ADU-nun və onun hüquq fakültəsinin, ümumiyyətlə isə bütün Azərbaycan cəmiyyətinin inkişafında yeni mərhələ 1969-cu ildən başlayır. Ümummilli lider Heydər Əliyevə qədər hüquq fakültəsinə daxil olanlar əsasən o dövrdə partiya və digər dövlət orqanlarının vəzifəli şəxslərinin övladları idisə, respublika rəhbəri bu bürokratik mexanizmi sındırdı, hüquq fakültəsi və elmini tamamilə xalqın fakültəsinə çevirdi. Əsas məsələlərdən biri də o dövrdə hüquq təhsili və elmi sahəsində çalışan alimlərin milliləşdirilməsi olmuşdur. Məhz bu dövrdən başlayaraq hüquq elmi və təhsilini aparan alimlər sırasına azərbaycanlıların cəlb edilməsi prosesinə sürətlə başlanıldı və 1980-ci illərin əvvəllərində bu prosesə tam nail olundu.

Digər əsas istiqamətlərdən biri də insanların hüquq təhsili və mədəniyyətinin genişləndirilməsi, cəmiyyətdə hüquqi təfəkkürün, hüquqi mədəniyyətin və hüquqi düşüncə tərzinin inkişafı idi ki, bu da insan hüquq və azadlıqlarının təmin edilməsində mühüm rola malikdir. Respublika çərçivəsində 1970-ci ilin dekabr ayının 4-də qəbul edilmiş "Zəhmətkeşlərin hüquqi tərbiyəsini yaxşılaşdırmaq tədbirləri haqqın-da” qərar da məhz Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilmişdir. 1971-ci ildə universitetdə məhz hüquq fakültəsinin yardımı ilə ictimai əsaslarla işləyən Hüquq məsləhətxanası açılmışdır. 1974-cü ildə birbaşa Heydər Əliyevin göstərişi ilə Bakı şəhəri İcraiyyə Komitəsi nəzdində Hüquqi biliklər Universiteti fəaliyyətə başladı ki, bu işdə də əsas məqsəd hüquqi informasiyaların geniş yayılması olmuşdur.

Respublikada hüquqşünas kadrlara böyük ehtiyac olduğunu görən Heydər Əliyevin birbaşa göstərişi ilə hüquq fakültəsi nəzdində "Sovet quruculuğu” ixtisası üzrə qiyabi şöbə yaradılmışdır. Əsas məqsədi dövlət quruculuğu sahəsində kadrlar hazırlamaq olan bu ixtisası qurtaran şəxslər dövlət və hökumət qurumlarında mühüm vəzifələrə göndərilirdilər.

Heydər Əliyevin o dövrdə uzaqgörənliyinin əsas istiqamətlərindən biri də Azərbaycanda beynəlxalq hüquq məktəbinin qurulması olmuşdur. Bu zaman SSRİ miqyasında Moskva və Kiyevlə bərabər, Bakının da xarici ölkələrə diplomatlar və beynəlxalq hüquq sahəsində mütəxəssislər hazırlayan bir mərkəzə çevrilməsi ulu öndərin siyasətinin nəticəsi idi. Hüquq fakültəsində Beynəlxalq hüquq ixtisası üzrə kadrların yetişdirilməsinə başlanılması iki əsas istiqamətdə qurulmağa başlanıldı. Birincisi, bu sahədə tədrisi aparan azərbaycanlı alimlərin hazırlanması həyata keçirildi. İkincisi isə, dünyanın 60-dan çox ölkəsi üçün (Yaxın Şərq, Asiya, Afrika, Latın Amerikası və s. ölkələr) milli kadrların hazırlanmasında Azərbaycanın rolu artmağa başladı. Hazırda həmin məzunlar öz ölkələrində mühüm dövlət vəzifələrində çalışırlar.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da hüquq fakültəsinin inkişafı ümummilli liderin adı ilə bağlıdır. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətin tərkib hissəsi kimi elm və təhsil sahəsindəki nailiyyətlər hüquq fakültəsində də müvəffəqiyyətlə davam etdirilir.

Bu gün hüquq fakültəsində 25-dən çox hüquq elmləri doktoru, professor və 60-dan çox hüquq üzrə fəlsəfə doktoru, dosent olmaqla ümumilikdə 100-dən çox professor-müəllim heyəti fəaliyyət göstərir. Hüquq ixtisası üzrə Avropada, ABŞ, Türkiyə və digər xarici dövlətlərdə təhsil almış azərbaycanlı məzunlar da indi fakültənin müvafiq bakalavr və magistratura pillələrində, o cümlədən ingilis bölmələrində tədris prosesini uğurla aparırlar.

Fəaliyyət göstərdiyi müddətdə fakültə on minlərlə yüksək ixtisaslı hüquqşünas kadrlar yetişdirib, respublikanın hüquq-mühafizə orqanlarını, dövlət və hökumət qurumlarını hüquqşünas kadrlarla təmin etmişdir. BDU-nun hüquq fakültəsi respublikada hüquq elminin inkişafında və hüquq üzrə elmi-pedaqoji kadrların hazırlanmasında əsas aparıcı mərkəzdir. 2008-2009-cu tədris ilindən fakültədə tədrisin Bolonya sisteminin tətbiqinə başlanılmışdır. Beynəlxalq təcrübə nəzərə alınmaqla 2014-2015-ci tədris ilindən isə yeni təhsil standartları işlənib hazırlanmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin yeni layihəsi olan hüquqşünaslıq ixtisası üzrə sabah qruplarının mərkəzi kimi də məhz BDU-nun hüquq fakültəsi müəyyən edilmişdir.

Hazırda burada təhsil bakalavr, magistratura və ikipilləli doktorantura sistemində Azərbaycan, ingilis, alman və rus dillərində davam etdirilir. Fakültədə əyani şöbədə 1161, qiyabi şöbədə 374, magistraturada isə 180 tələbə təhsil alır. Hüquq fakültəsində bakalavr təhsil pilləsində 1 ixtisas - hüquqşünaslıq ixtisası üzrə 83 fənn, magistratura təhsil pilləsində isə 17 ixtisaslaşma üzrə 250-dən artıq fənn tədris olunur.

Fakültədə magistratura pilləsi üçün müasir dövrün tələblərinə uyğun tədris planları, fənn proqramları, dərsliklər işlənib hazırlanmışdır. Təkcə 2017-2018-ci tədris ilində fakültə üzrə nəşrlərin sayı 200-ə yaxın olmuşdur. Magistratura pilləsində bir çox ixtisaslar üzrə kadrlar hazırlanır: dövlət və hüquq nəzəriyyəsi və tarixi (Azərbaycan və rus bölmələri); dövlət hüququ (Azərbaycan və rus bölmələri); cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası (Azərbaycan və rus bölmələri); mülki və təsərrüfat hüququ (Azərbaycan və rus bölmələri); beynəlxalq hüquq (Azərbaycan və rus bölmələri); transmilli cinayət hüququ (Azərbaycan və ingilis bölmələri); insan hüquqları (ingilis bölməsi); kommersiya hüququ (ingilis bölməsi); avropa hüququ (ingilis və alman bölmələri); dəniz və enerji hüququ (ingilis bölməsi), 2014-2015-ci tədris ilindən isə informasiya hüququ (Azərbaycan və ingilis bölmələri); 2018-2019-cu tədris ilindən isə yeni yaradılmış 6 ixtisas - əqli mülkiyyət hüququ (Azərbaycan və ingilis bölmələri); İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ (Azərbaycan və ingilis bölmələri); turizm hüququ (Azərbaycan bölməsi); idman hüququ üzrə (Azərbaycan bölməsi); tibbi hüquq (Azərbaycan bölməsi); əmək hüququ; sosial təminat hüququ (Azərbaycan bölməsi) qəbul həyata keçirilmişdir.

Hüquq fakültəsində son 15 ilə yaxın müddətdə bakalavr və ikinci ali təhsil üzrə Buraxılış Yekun Dövlət Attestasiya Komissiyasına daxili işlər naziri general-polkovnik Ramil Usubov rəhbərlik edir. Bu da məzunların məsuliyyətini bir daha artırmış olur. 2011-2012-ci tədris ilindən isə beynəlxalq hüquq ixtisasının hüquq fakültəsinə birləşdirilməsindən sonra bu ixtisas üzrə Buraxılış Yekun Dövlət Attestasiya Komissiyasına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hüquq üzrə elmlər doktoru, professor Fərhad Abdullayev rəhbərlik etmişdir.

Magistratura tədris pilləsində də Dövlət Attestasiya Komissiyasının sədrləri kimi müvafiq dövlət orqanlarının rəhbərləri təyin edilmişdir. Məsələn, beynəlxalq hüquq ixtisası üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru, professor Fərhad Abdullayev; dövlət və hüquq nəzəriyyəsi və tarixi və dövlət hüququ ixtisasları üzrə Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru, dosent Səfa Mirzəyev, cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası və transmilli cinayət hüququ ixtisasları üzrə Respublikanın Hərbi prokuroru, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyev, avropa hüququ ixtisası üzrə ədliyyə nazirinin müavini, hüquq elmləri doktoru, professor Azər Cəfərov, mülki və təsərrüfat hüququ ixtisası üzrə ədliyyə nazirinin müavini Toğrul Musayev, insan hüquqları ixtisası üzrə Milli Məclisin deputatı, AMEA Hüquq və İnsan haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə, kommersiya hüququ ixtisası üzrə əmək və əhalinin sosial müdafiə naziri, hüquq üzrə fəlsəfə doktoru Sahil Babayev, dəniz və enerji hüququ ixtisası üzrə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi yanında Dövlət Dəniz Agentliyinin rəhbəri Qüdrət Qurbanov rəhbərlik edirlər.

Hüquq fakültəsində hüquq üzrə fəlsəfə doktoru və hüquq üzrə elmlər doktoru proqramlarında müvafiq olaraq 100 və 22 doktorant-dissertant hüquq elminin 12 ixtisası üzrə elmi-tədqiqat işləri aparır.

Dissertasiya şurasının tərkibində əcnəbi alimlər də olmaqla 17

elmlər doktoru daxildir. 2013-cü ildən bugünədək dissertasiya şurasında 15 nəfər hüquq elmləri doktoru, 84 nəfər isə hüquq üzrə fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə etmişdir.

Beləliklə, uzun müddət respublika üzrə hüquqşünas kadrların əsas hazırlanma mərkəzi olan BDU-nun hüquq fakültəsində müxtəlif istiqamətlər üzrə elmi məktəblər tam formalaşmışdır. BDU-da qeyd edilən klassik hüquq sahələri üzrə elmi məktəblərdən başqa, son dövrlər yeni hüquq sahələri üzrə də elmi məktəblərin (dəniz və enerji hüququ; kommersiya hüququ; insan hüquqları; transmilli cinayət hüququ; informasiya hüququ; avropa hüququ; əqli mülkiyyət hüququ; inzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ; turizm hüququ; idman hüququ; tibbi hüquq; əmək hüququ; sosial təminat hüququ) formalaşmasına çalışılır. Bu sahədə xarici elmi məktəblərin bazasından istifadə edilir.

Fakültədə ələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar Təşkilatı və Tələbə Gənclər Təşkilatı aktiv fəaliyyət göstərir. Tələbə Elmi Cəmiyyəti artıq 3 ildir ki (2015-ci ildən), "Hein Online” məlumat bazasına daxil olan Tələbə Hüquq Jurnalını buraxır.

Fakültə Prezident təqaüdçülərinin sayına görə BDU-da birinci yerdədir. Bundan başqa, əlaçı və istedadlı tələbələr üçün "Heydər Əliyev adına təqaüd”, "Murtuz Ələsgərov adına təqaüd”, "Məmməd Xələfov adına təqaüd” və s. təsis edilmişdir.

Fakültənin özünün ayrıca ixtisaslaşdırılmış kitabxanası fəaliyyət göstərir. Burada "Beynəlxalq hüquq və inteqrasiya problemləri” (ingilis dilində) və "Azərbaycan hüquq jurnalı” adlı xüsusi elmi-analitik və praktiki jurnal buraxılır. İldə 3 dəfə buraxılan bu jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasında dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına (hüquq, iqtisadiyyat və siyasi elmlər üzrə) daxildir.

2012-ci ildən başlayaraq hər il may ayında fakültədə ümummilli lider Heydər Əliyevin anadan olması ilə əlaqədar olaraq beynəlxalq elmi-praktiki konfranslar keçirilir və çox həcmli konfrans materialları 2 cilddə nəşr edilir. 2017-ci ildən isə fakültədə "İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının bilavasitə təşkilatçılığı ilə 10 dekabr Beynəlxalq insan hüquqları gününə həsr olunan "dəyirmi masa” keçirilir. Son 5 ildə hüquq fakültəsi 20-dən artıq beynəlxalq elmi-praktiki konfransın təşkilatçılarından olmuşdur.

Hüquq fakültəsi fəaliyyətə başladığı ilk vaxtlardan etibarən keçmiş SSRİ-nin nüfuzlu elm-təhsil mərkəzləri ilə sıx əlaqələr yaratmış, bu əlaqələr tədrisin keyfiyyətinin və mütəxəssislərin ümumpeşə səviyyəsinin yüksəldilməsinə xeyli dərəcədə müsbət təsir göstərmişdir. Bu əlaqələr bu gün də yüksək səviyyədə inkişaf etdirilir. Belə ki, fakültənin hazırda ABŞ-ın Tüleyn Universiteti, Almaniyanın Vürzburq və Martin Lüter adına Halle-Vittenberq universitetləri, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Türkiyənin Ankara və İstanbul Dövlət universitetləri, T.Q.Şevçenko adına Kiyev Milli Universiteti, Tbilisi Dövlət Universiteti, Qazaxıstanın əl-Fərabi adına Dövlət Universiteti və A.Qumilyov adına Avrasiya Universitetinin Hüquq fakültələri ilə, habelə Almaniyanın Maks Plank adına Beynəlxalq və Müqayisəli Cinayət Hüququ İnstitutu, Moskva Dövlət Hüquq Akademiyası, Ukrayna Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu və digər mötəbər elm-təhsil ocaqları ilə geniş elmi əlaqələri qurulmuşdur.

Son dövrlər isə bu əlaqələr daha böyük miqyasda genişlənmişdir. Belə ki, BDU və Amerika İnkişaf Agentliyi arasında dəniz və enerji hüququ sahəsində magistratura proqramının təşkili ilə bağlı 2012-ci il oktyabr ayında Memorandum imzalanmışdır.

BDU ilə Almaniyanın Maks Plank adına Beynəlxalq və Müqayisəli Cinayət Hüququ İnstitutu arasında 2013 və 2014-cü illərdə imzalanmış memorandumlara əsasən isə artıq dörd ildir ki, hüquq fakültəsində transmilli cinayət hüququ ixtisası üzrə magistratura pilləsinə qəbul həyata keçirilir. Bundan başqa, hüquq fakültəsində "Kommersiya hüququ” kimi yeni magistratura ixtisaslaşmasında Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri üçün ingilis dilində geniş kadr hazırlığı həyata keçirilir. İnsan hüquqları magistraturası üzrə fəaliyyət isə Azərbaycan Respublikası Prezidentinin 2006 və 2011-ci il tarixli İnsan hüquqları üzrə Milli Fəaliyyət Proqramlarına uyğun reallaşdırılır.

Avropa hüququ ixtisaslaşması Almaniyanın Vürzburq Universiteti və BDU arasında imzalanmış 2011 və 2014-cü il tarixli memorandumlara əsasən qurulmuşdur. Tədrisinin ingilis və alman dilində aparıldığı bu istiqamətdə artıq 2012-ci ildən ikili diplomların verilməsi həyata keçirilir. Bu vaxta qədər 30-dan çox BDU məzununa Bakı Dövlət Universitetinin diplomu ilə yanaşı, avropa hüququ ixtisası üzrə Almaniyanın Vürzburq Universitetinin diplomları da verilmişdir.

Hüquq fakültəsi beynəlxalq əməkdaşlığını doktorantların hazılanması istiqamətində də həyata keçirir. Belə ki, 2018-ci ildə BDU və Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti arasında imzalanmış sazişə əsasən hüquq sahəsində birgə doktorant hazırlığı həyata keçiriləcəkdir. Belə ki, sazişlə hüquq üzrə fəlsəfə doktoru proqramı ilə 3 nəfər doktorant qəbulunun həyata keçirilməsi nəzərdə tutulur ki, bu da gələcəkdə elm sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişafına təkan verəcəkdir.

Fransanın Leon - 2 Universiteti ilə əqli mülkiyyət hüququ magistratura ixtisaslaşması sahəsində də ikili diplom proqramı üzrə danışıqların uğurla nəticələnəcəyi gözlənilir.

Hüquq fakültəsi respublika daxilində də müvafiq elm-təhsil ocaqları ilə sıx elmi əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Hazırda fakültə AMEA Fəlsəfə İnstitutu, AMEA Hüquq və İnsan Haqları üzrə Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Milli Aviasiya Akademiyası, Ədliyyə Akademiyası, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Naxcıvan Dövlət Universitetinin Hüquq fakültəsi, Gömrük Akademiyası və digər elm-təhsil mərkəzləri ilə sıx əməkdaşlıq edir.

Fakültənin strukturuna 11 kafedra, Kriminalistika laboratoriyası, Hüquq klinikası, Dəniz və enerji hüququ Mərkəzi və İxtisaslaşdırılmış kitabxana daxildir.

Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasına AMEA-nın müxbir üzvü, professor Məsumə Məlikova rəhbərlik edir.

Konstitusiya hüququ kafedrası isə professor Ziyafət Əsgərovun rəhbərliyi ilə fəaliyyət göstərir. Bu sahədə elmi məktəbin formalaşmasında professor Murtuz Ələsgərovun xidmətləri əvəzedilməzdir.

Cinayət hüququ və kriminologiya kafedrasının müdiri professor Firudin Səməndərovdur. Bütövlükdə bu sahədə elmi məktəbin formalaşmasında professor Vahid Qəhrəmanovun, professor Tofiq Qafarovun, professor İsa Məmmədovun xidmətləri olmuşdur. Hazırda kafedrada 12 müəllim çalışır, onlardan ikisi hüquq üzrə elmlər doktoru, on nəfər isə hüquq üzrə fəlsəfə doktorudur.

"İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın UNESCO və digər beynəlxalq təşkilatlarda apardığı uğurlu fəaliyyətin məntiqi nəticəsi olaraq 2015-ci ildə BDU ilə UNESCO arasında imzalanmış sazişə əsasən yaradılmışdır.

Kriminalistika və məhkəmə ekspertizası kafedrasına professor Kamil Səlimov, Mülki hüquq kafedrasına professor Məhəbbət Dəmirçiyeva, Cinayət prosesi kafedrasına professor Firuzə Abbasova, Əmək hüququ kafedrasına professor Alış Qasımov rəhbərlik edir.

Beynəlxalq ümumi hüquq kafedrasının müdiri professor Rüstəm Məmmədovdur. Bu sahədə elmi məktəbin formalaşmasında professor Murtuz Ələsgərovun, professor Əyyub Əsgərovun, professor Lətif Hüseynovun, dosent Əli Məmmədlinin xidmətləri böyükdür.

Mülki proses və kommersiya hüququ kafedrasına dosent Elçin Xələfov, Beynəlxalq xüsusi hüquq kafedrasına dosent Əlizadə Məmmədov
rəhbərlik edirlər.

BDU-nun Hüquq fakültəsi nəzdində fəaliyyət göstərən Hüquq klinikasının əsas məqsədi isə hüquqşünaslıq peşəsinin təcrübi aspektlərinin tələbələrə çatdırılmasına yönəlmiş tədris prosesinin təmin edilməsi, o cümlədən əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardımın göstərilməsi və hüquqi təşviqat işinin aparılmasıdır.

Beləliklə, tam şəkildə dövlətçiliyimizin formalaşması və möhkəmləndirilməsinə xidmət etməklə, o cümlədən Azərbaycan cəmiyyətində xüsusi çəkiyə malik olmaqla hüquqşünas kadrların yetişdirilməsində hüquq fakültəsi xüsusi rola malikdir. Hüquq fakültəsi daim bu sahədə çalışan məzunları ilə fəxr edir.

Əmir ƏLİYEV,
BDU-nun Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: