Gulxar CƏBİQIZI (1969)

Gulxar CƏBİQIZI (1969)Gulxar Cəbi qızı Məmmədova -
12 may 1969-cu ildə İsmayıllı rayonunun
Pirəbülqasım kəndində anadan olub.
Əhən kənd Səkkizillik məktəbini,
sonra isə Lahıc qəsəbə orta məktəbini bitirib.
Daha sonra isə kicik tibb bacısı ixtisası alıb.
Ailəlidir, üç ovladl var.
Şeirləri müxtəlif mətbuat orqanlarında,
"Canım Azərbaycanım", "Turan", "Buta", "Dağ çiçəkləri" və s. ədəbi məcmuələrdə, ədəbi almanax və antalogiyalarda çap olunub.
Gülxar xanım bu yaxınlarda "TURAN" Türk Ədəbiyyatçılar və Yazarlar Birliyinə üzv seçilib.

Biz də fürsətdən istifadə edərək Gülxar xanımı bu yeni nailiyyəti münasibətilə ürəkdən təbrik edir, ona yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Müşfiq BORÇALI,
ZiM.Az



Azərbaycanım mənim

Ey müqqəddəs diləyim, ey xos məramım mənim,
Ey Tanrıtək müqqəddəs ən baş kəlamım mənim.
Eydinim,ey imanim, şöhrətim,şanım mənim,
Azərbaycanım mənim, doğma məkanım mənim.

Bu dünyada ən şirin diləyim, ülfətimsən,
Ruhumun qida yeri,şirinim, şərbətimsən,
Başımın ucalığı,namusum qeyrətimsən,
Azərbaycanım mənim, doğma məkanim mənim

Məhəbbətin,mehrinlə duyğular sığallanar,
Bas qoyaram dizinə, arzular nağıllanar.
Sinəm sənin eşqinə pətək kimi ballanar,
Azərbaycanım mənim, doğma məkanım mənim.

Doğma Vətən, sevgindən, eşqindən doymaq olmaz,
Yadların hiyləsinə, məkrinə uymaq olmaz
Bir qara daşını da düşməndə qoymaq olmaz,
Azərbaycanım mənim, doğma məkanım mənim.


Yurdum

Ey mənim ucalardan ucalarda duranim,
Ey canımda, cismimdə, ürəyimdə vuranım,
Ey müstəqil, ey azad, təzə dünya quranim,
Azərbaycanım mənim, qurban bu canım mənim.

Sənsən Ulu Öndərin ən şərəfli dastanı,
Bu dünyada sənintək mənə sirdaş, dost hanı?
Qüdrətli əllərinlə bərk tutmusan sükanı,
Azərbaycanım mənim, qurban bu canım mənim.

Neçə dosta, qonşuya sərvətindən pay verdin,
Zülmətə düşənlərə günəş verdin, ay verdin,
Dara düşən dostların harayına hay verdin,
Azərbaycanım mənim, qurban bu canım mənim.

Varlığın bir açardır, açar haqq qapısını,
Neftin nura döndərib dünyanın yarısını.
Ürəyim fərəhlənər dolaşsam harasını,
Azərbaycanım mənim, qurban bu canım mənim.

Sən bir inam qalası, tarixin şah əsəri,
Dünya səni eşidir, var sözünün kəsəri,
Həmişə varındadır bu dünyanın nəzəri,
Azərbaycanım mənim, qurban bu canım mənim.

Tanrının haqq yolunda parlayan nuru sənsən,
Bu yeni dünyamızın hər cür uğuru sənsən,
Həmişə canlı sənsən, həmişə diri sənsən,
Azərbaycanım mənim, qurban bu canım mənim!


İmamdır O

Ulu Öndərimiz Heydər Əliyevə ithaf edirəm

O doğuldu millətinə dar günündə can yandıra,
O doğuldu vətənində qan-qadanı dayandıra.
O doğuldu tarixini tarixlərə calandırar,
Xalq inandı, gördü dərya, ümmandı O!

Bir nur olub göy üzünə ulduz-ulduz ələndi O,
Günəş kimi şəfəqlənib dünyamıza çiləndi O.
Azərbaycan kəlməsinin işığına bələndi O,
Vətən gördü yeni era, yeni tarix, zamandır O!

"Vətən" deyib bu dünyanı addım-addım gəzdi, getdi,
Gələcəyin dastanına ürəyini düzdü, getdi.
Adımızı tarixlərə əbədilik yazdı, getdi,
Azərbaycan adımızdır, o addaki tək candı O!

Zəkasının bulağından içə bilsək itirmərik,
O dediyi yolla gedib keçə bilsək, itirmərik.
Onun kimi ömür sürüb, köçə bilsək itirmərik,
Nurlu, əziz, müqəddəsdir, Heydər adlı İmamdır O!


Qəzəl

Ey sənəm, qəm eyləmə, yar gələcəkdir bu gecə,
Fǝrǝhin dağa dönüb, üz güləcəkdir bu gecə.

Bir günəşsən, səni tale yetirib zülmətimə,
Səndəki nuru bütün el görəcəkdir bu gecə.

İsmətin gül kimidir, vermiş ətir göy çəmənə,
Sevgilin qədəminə gül sərəcəkdir bu gecə.

Sevginin ləzzəti səndə bu cahandan da şirin,
Yar ləbindən ləbinə bal süzəcəkdir bu gecə.

Eşqinə sadiq ol, canan, adını daim ucalt,
Sirr sözün dil deyəcək, qəlb böləcəkdir bu gecə.


Olmaz

Ümidin qanadı incədən incə,
Dəyməyin,qırılsa, çarası olmaz.
Onun hər ürəkdə öz yeri vardır,
Eyni cür düzümü,sırası olmaz.

Dilimin ən şirin sözü ümiddir,
Yanan ocağımın közü ümiddir,
Bəxtimin açılan gözü ümiddir,
O,elə yazıdı, qarası olmaz.

Ümid bir zirvədir,ucadan uca,
Bəlkə dünya qədər qocadır,qoca.
Bəzən,o, yol gələr illər boyunca,
Xeyirdir, şər ilə arası olmaz.

Əridər qəlblərdə buzu,qarı da,
Həsrətin yolunu qoyar yarıda.
Haqqın, ədalətin olar yarı da,
Sevən ürəkləri qırası olmaz.

Gözlərə işıqdır,dizlərə taqət,
Ümidlə yaşamaq dərdlərə şəfqət,
Ümiddən doğular sevgi, məhəbbət,
Kim ona qovuşsa, narazı olmaz.


Gulxar CƏBİQIZI (1969)* * *

Çəkibdir fikrimi, hissimi dağlar,
Nisgildir,həsrətdir həmdəmim mənim.
Hicran ürəyimdə, gözümdə ağlar,
Ötüşür qəmlərlə hər dəmim mənim.

Ümidsiz könlümdə gümana dönüb,
Deyirəm,hər anda gerçək olaydım.
Çəmənə,çiçəyə,bağçaya dönüb,
Yaxşı insanlardan salam alaydım.

Kül altda kömürəm,üfürənim yox,
Bulağam,qaynayıb daşa bilmirəm.
Yazılası,deyiləsi sözüm çox,
Önümdə dağlar var, aşa bilmirəm.

Dilim düyünlənib,kəsilib səsim,
Bir də bu çəmənim çiçək bitirməz.
Yaxşısı budur ki,dinməyim,susum,
Dərdim var,yükləsəm dağlar götürməz.


Həsrətdən yazmayacağam

Yaşıl yarpaqlara düşsə də xallar,
Bağlansa da eşqa uzanan yollar,
Qocalıb yanıma düşsə də qollar.
Bir daha hosrotdon yazmayacagam.

Dönmasa doğruya arzum,muradim,
Qırılsa uçuşda qolum,qanadım,
Bolaya dönsə də bir gün inadım,
Bir daha həsrətdən yazmayacağam.

Qoy zamanın hökmü dəyişməz ötsün,
Daş olum,üstümdə yosunlar bitsin,
Həsrət oxa dönüb gözümə batsın.
Bir daha həsrətdən yazmayacağam.

Həyatda heç nəyə çatmasa əlim,
Görsom ömrüm boyu əziyyət,zülüm,
Vaxsız həyatıma gəlsə də ölüm,
Bir daha həsrətdən yazmayacağam.


Qanad axtarır

Çiçəklər açanda gülüşlərində,
Xalilar toxunar öpüşlərində.
Könlümün eşqimlə görüşlərində,
Xəyalım uçmağa qanad axtarar.

Çaylartǝk sinəmdən axar sözlərim,
İstərəm gün kimi yanım, közərim.
Ana gözlərinə baxsa gözlərim,
Xəyalım uçmağa qanad axtarar.

Dərddən, qəmdən bir an əlim üzülsə,
Dostlar gəlib yan-yörəmə düzülsə.
Həqiqət əliylə yalan əzilsə,
Xəyalım uçmağa qanad axtarar.

Aşaram,keçərəm neçə dağ-dǝrǝ,
Gedərəm yar ilə ən uzaq yerə.
Sevgi bağçasında gül dǝrǝ-dǝrǝ,
Xəyalım uçmağa qanad axtarar.

Bağlananda qəlblər biri-birinə,
Köklər rişələnib gedər dərinə.
Göydə qatarlanan durna yerinə,
Xəyalım uçmağa qanad axtarar.


Ağlatdı bu dünya məni

Şüşə könlüm qəlpələndi,
Toz-torpağa səpələndi.
Tellərimə qar ələndi,
Ağlatdı bu dünya məni.

Çırpındım bir alov kimi,
Əridim qar, qırov kimi.
Saxladığı girov kimi,
Ağlatdı bu dünya məni.

Nə dost bildi,nə də düşmən,
Oldum məyus, qaldım peşman.
Sevməyəydim səni kaş mən,
Ağlatdı bu dünya məni.

Əlim dərdi yazar necə?
Könlüm dərdə dözər necə?
Dəmir odda közərincə,
Ağlatdı bu dünya məni.

Getdi bada gözəl çağlar,
Daha könlüm qubar bağlar.
İçimdə bir hönkürtü var,
Ağlatdı bu dünya məni.


Sənsiz kiməm mən

Sənsiz nəçiyəm mən,sənsiz kiməm mən,
Ey Vətən torpağı,Vətən torpağı.
Sənsiz nəçiyəm mən, kiməm mən,
Ey həyat eşqimin sönməz çırağı.

Könlüm dərya kimi şeirlə dolu,
Səninlə dağ yükü daşıyıram mən.
Parlaq ulduzların işıqlı yolu,
Yolundur, adınla yaşayıram mən.

Məramım, məqsədim adınla bağlı,
Hər dürlü sehirim, sirrim səndədir,
Görsəm yer üzünü əli çıraqlı,
Səndən yox, zinətim, dürrüm səndədir.

Mənimdir enişin, yoxuşun, mənim,
Özümdən qiymətli özümsən mənim,
Sən varsan pozulmaz naxışım mənim,
Varlığım, canımsan, gözümsən mənim.

Sənin işgında yol gedirəm mən,
Gözlərəm qələbə, mügdə butası.
Gələn bir bahara yol gedirəm mən,
Əlim Qarabağda bayraq tutası.

Sənsiz nəçiyəm mən, sənsiz kiməm mən,
Anamsan,bil meni elin balası.
Sənin yollarında nə duman, nə çən,
Sənsən həyatımın qeyrət qalası.


Gələrsənmi, de

Yazımın ilk gülü, çiçəyi sənsən,
Qəlbimin ən şirin diləyi sənsən.
Mənimçin dünyanın mələyi sənsən,
Ömrünü mənimlə bölərsənmi, de?

Bir dəli fəryaddır içimdəki səs,
Bu sevgi bir Leyli eşqinə əvəz,
Məni səndən fələk ayıra bilməz,
Sən məndən ayrıla bilərsənmi, de?

Artıq ver qərarı, bu mən, buda sən,
Gəl dərdi baltala, qəmi buda sən.
Nisgilin, həsrətin sonu bu, desən,
Mənimtək sevinib, gülərsənmi, de?

Yox demə, bu dünyam dönər tərsinə,
Düş bu eşqin cığırına, izinə.
Nəğməmi qoşaraq sənin səsinə,
Yolunda dayansam, gələrsənmi, de?

Gülxar Cəbiqızı

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: