Dilarə Süleyman Zahidqızı: "BİR DƏLİ EŞQ İTİRMİŞƏM..."

Dilarə Süleyman Zahidqızı: "BİR DƏLİ EŞQ İTİRMİŞƏM..." Dilarə Süleyman Zahidqızı - 24 aprel 1982-ci ildə
Ucar rayonunun Məlikballı kəndində anadan olub.
Məlikballı kənd orta məktəbini bitirdikdən sonra
Azərbaycan Dövlət Pedoqoji Universitetinin
Filologiya fakultəsində ali təhsil alıb.
İlk dəfə şeiri 2003-cü ildə "And" "Sərbəst düşüncə"
qəzetlərində çap olunub.
Sonra İranda dərc olunan "Ədəbi Körpü" dərgisində,
ZiM.Az, Zirve.İnfo, Vetenim.info saytlarında,
5 cildlik "Zirvə" poeziya antologiyasında,
"Canım Azərbaycanım" ədəbi məcmuəsində,
"Ömrün bir səhifəsi", "Bitməz olan duyğularım var mənim" poeziya almanaxlarında,
"Türk dünyası şeir antologiyası"nda,
"Şərqin səsi", "Elm və təhsil" qəzetlərində,
"Çarıqçı," "Dəli ruh" ," Dərviş", "Cır arı" təxəllüsləri ilə şeirləri və hekayələri işıq üzü görüb.

Biz də hörmətli Dilarə xanımın bir neçə şeirini
aşağıda ZiM.Az-ın dəyərli oxucularına təqdim edir
və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Zemfira ASLANQIZI,
ZiM.Az



Bir dəli eşq itirmişəm

Bir dəli eşq itirmişəm,
Həsrətin qucağındadı.
Özüm günaha batmışam,
Daim qəlbim, ağlımdadı.

Allahdan məni istəyib
Məni məndən alıb belə
Deyirlər ki məni deyib
Məni gəzir, sevir hələ.

Bu eşqə layiq deyiləm
Ay gözümün nuru adam!
Sən sevginlə pir kimisən
Mən sevgimlə günahkaram.

Allah cəzamı bağışla
Onu mənə hədiyyə et,
Dözənmirəm bu qarğışla
Ruhdan düşdüm, sən məni tut.

Dözənmirəm tənhalığa
Sevgim verir məni ələ,
Bir dəli eşq itirmişəm
Məni deyir gəzir hələ.


Həmən qadınam

Sevgini itirəndən həsrətini qazandım
Mən səni sevə-sevə sənsiz qalan qadınam
Sənsizliyi önündə yoxluğunla bəzəndim
Halını röyalarda xəbər alan qadınam.

Bu sevginin önündə dura bilmədi illər,
Həsrəti yaraşdırdı bizə o namərd dillər,
Uzaqda o baxışlar, uzaqdadır o əllər,
Mən səninlə olmayan, sənin olan qadınam.

Getdiyində ağlayar,gəlsən yollar sevinər,
Baharda xəzan vuran,gülsən güllər sevinər,
Bir bu qərib sevinməz , yanar, küllər sevinər,
Qəfil qış günəşində açıb, solan qadınam.

Qəlbindəki o kədər, ruhundakı sarı sim,
Gəncliklə olan hədər, gözlərində qalan kam,
Sevginlə xoşbəxt olan, həsrətinlə bəxti kəm,
Ürəyinə, ömrünə yuva salan qadınam.


Necədir halım

Bilirsən necədi halım?
Yazda qara bulud kimi
İncidilmiş bir körpənin
Gözündəki sükut kimi
Bilirsən necədi halım?
Sözüm kəsir ayaz kimi
Daha məsum deyil duam
Sən gğrdüyün bəyaz kimi.
Halımı soruşan adam,
Adamlarda hal qalmayıb
Özümü haldan salmışam
Adamlara bel bağlayıb
Neynirsən necədir halım?
Xəlvət düşən çən kimiyəm
Bəlkə sən də mən kimisən
Bəlkə mən də sən kimiyəm!
Bilirsən necədir halım?
Gah kövrəyəm , gah dəliyəm
Bacarırsan itirdiyim
Güvənimi ver geriyə.
Barışmışam bu dünyayla
Hökm oxunmuş can kimiyəm
Bilirsən necədi halım?
Elə mən də sən kimiyəm.


Sığınıram

Mən qorxuram sənsizlikdən, adına sığınıram,
Qəlbimi bunca yaxan oduna sığınıram,
Bu tənha qaranlıqda ağlamaq da asandı,
Həsrət oxşayır məni, mən ona sığınıram.

Kimsənin xəbəri yox daha küsə bilmirəm,
Dilimlə danışmıram,qəlblə susa bilmirəm,
Qapıları hər kəsə bağlamaq da asandı,
O qapının ardından ümid kəsə bilmirəm.

Hər kəs gözəl oynadı öz sevgi oyununu,
Hər iş düşdü yoluna, hər kəs tapdı tayını,
Dərdlərimi ürəkdə saxlamaq da asandı,
Onsuz da eşitməyir kimsələr harayını.

Doğru danışım desəm , əyriyə dəyişərlər,
Yalandan üzə gülsəm mənə nəğmə qoşarlar,
İnsanları ,Dilarə, yoxlamaq da asandı,
Qorxuram sevdiklərim gözlərimdən düşərlər.


Həsrət

Gözümü yollar yorub hara baxım indi mən,
Yoxx sən gələn deyilsən, boşunadı bu həsrət,
Mən dondum sənsizliyin ayazından , sevgilim,
Ruhum dondu bədəndə, üşümədi bu həsrət.

Nolar ətrini qoy get, yellər vursun üzümə,
Səni sevdiyim bunca illər dursun üzümə,
Məndən alan taleyim səni versin özümə,
Bir ömür mənlə boşa yaşamadı bu həsrət.

Adın dodaqlarımda bənövşə tək bükülüb,
Sevgimizin taleyi gözlərimə çəkilib,
Ətəyin çoxdan boşdu, inadlarım tökülüb,
Dağ dərdimi boşuna daşımadı bu həsrət.

Alıb daha ruhumu çıxıb ömürdən gedim,
Nə sən sevmirəm dedin, nə mən sevmirəm dedim,
Ömrümdəki ən əziz, özlədiyim tək adam,
Dəli ruh təki özübaşınadı bu həsrət.


Ey dost

Dilim susmuş, qəlbim küsmüş,
Dünyada itmişəm, ey dost!
Ömrümdən tufanlar əsmiş,
Cismimdən getmişəm, ey dost!

Mərdə bəla qəm deyil ki,
Başımdan qal kəm deyil ki,
Bu can bitməz şam deyil ki,
Yanmışam, bitmişəm, ey dost!

Sınaqlar şükrə körükdür,
Vicdan necə çətin yükdür,
Ruhum bu meydanda təkdir,
Yolumu tutmuşam, ey dost!

Can canandan əmanətdir,
İnsanda yalan adətdir,
Gəl əhdini məndən götür,
Mənzildir, çatmışam, ey dost!

Dilarə daşdı sandılar,
Gözləri yaşdı sandılar,
Səbrini daşdı sandılar,
Külümdən bitmişəm, ey dost!


Mənə

Sən əlini çəksən məndən,
İt də, qurd da hürər mənə,
Dünya malına dəyərdi
Sən verdiyin dəyər mənə...
Kimsə sığışmaz qəlbinə,
Xatirəmin qəlibinə,
Ensən qəlbinin dibinə
Məxsusdu həmin yer mənə.
Düşmə gözümdən nə olar?
Gözümdə dəli dalğalar,
Hara getsən götür apar,
Ya da qəlbimi ver mənə!
İlahi!!! Pirmi, iblismi?
Röyadırmı, ya kabusmu?
Eşit duyulmayan səsimi,
Qoyma, nadan gülər mənə!


Gedirəm

Gəldiyimə peşmanam,
Gün görməyə gedirəm,
Ruhumu sahibindən
Dilənməyə gedirəm.
Başındayam bu yolun,
Nəfs itidir,can yalın.
Siz bu dünyada qalın,
Mənsə göyə gedirəm.
Doğulanda tamahsız,
Bu dünyaya maraqsız
Gedib bir də günahsız
Gəlim deyə gedirəm.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: