Elçin Hüseynbəyli: “AYB üzvlərinin çoxluğundan yox, həyasızlığından qorxuram”

Elçin Hüseynbəyli: “AYB üzvlərinin çoxluğundan yox, həyasızlığından qorxuram”Azərbaycan Yazıçılar Birliyinin katibi,
yazıçı Elçin Hüseynbəyli Bakupost.az-a
müsahibə verib.
Həmin müsahibəni ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik:


- Elçin müəllim, 12 il bundan əvvəl sizdən müsahibə alanda nə Qarabağ işğaldan azad olunmuşdu, nə vəzifəniz var idi, nə də şəxsi sürücünüz. Bu üç yenilik münasibətilə sizi ürəkdən təbrik edirəm.

- Çox sağ ol (gülür). Açığı, heç sürücü istəmirdim. Maşın mənə sərf etmir. Bacardığım qədər maşından az istifadə edirəm. Piyada gəzməyə üstünlük verirəm. Orası da var ki, siz deyən zaman “Ulduz”un baş redaktoru idim. O da vəzifə sayılır əslində.

- Saçlarınızın ağarması xaricində sanki zaman sizin üçün dayanıb. Gənc qalmağınızın xüsusi bir formulu varmı?
- Cavan qaldığımı deyə bilmərəm, ancaq onu deyə bilərəm ki, hər şeyi ürəyinə salan, kin saxlayan insan deyiləm. İnsanı içindən yeyib, məhv edən ən birinci düşmən kindir. İkinci bir səbəb də odur ki, həyatdan çox umacağım yoxdur. O insanlar tez qocalır ki, onların həyatdan umacaqları çox olur. Həyatdan az şey umsan, görərsən ki, sənin həyatın daha rahatdır. Fikrini demək, ürəyində saxlamamaq, sevdiyin işlə məşğul olmaq daha vacibdir. Bunlar gənc qalmağımın, əgər siz deyən kimidirsə, sirrinin mənəvi tərəfləridir. Qulluq, baxım tərəfində isə sadəcə idman var. Gözümü açandan idmanla məşğul oluram. Səhər və axşam bir saat gəzirəm. Başqa xüsusi bir prosedur yoxdur (gülür). Yeyib-içən, gəzməyi, deyib-gülməyi sevən adamam.

- Arzuladığınız həyatı yaşayırsınız?
- Həmişə arzu etmişəm ki, başımın üstündə öz damım olsun, uşaqlarım yaxşı yaşasınlar, özlərinə uyğun təhsil alsınlar, yaxşı iş tapsınlar. Məsələn, heç vaxt istəməmişəm ki, villam, yaxtam, bahalı maşınlarım, saatlarım olsun.

- Yəqin ki, vəzifə də istəməmisiz.
- Həmişə deyirəm, cəbrayıllılar iki şeydən qaçaqdılar: vəzifə və puldan. Vəzifə, sadəcə olaraq, insanın özünü ifadə formalarından biridir.

- Elçin müəllim, istəmirəm deyə-deyə siz də məmur olmusunuz. Yazıçı azadlığınızı itirdiyiniz hissinə qapılırsızmı heç?
- Mən, ümumiyyətlə, məmur olmağı sevmirəm. Vəzifədə olub-olmamağımdan asılı olmayaraq, daxilən hər zaman azad insanam. Düşünmürəm ki, nə isə dəyişib.

-Stul rahatdır, yoxsa kreslo?
- Mənim üçün stul daha rahatdır. Kabinetimdə, demək olar ki, heç kim məni kresloda görməyib. Otağın bir küncündə masam var və mən orda yaradıcılıqla, yaxud da AYB-nin işləri ilə məşğulam. Nadir hallarda kresloda əyləşərəm. O da ola bilsin ki, ya qəzetə baxaram, ya da yanıma beş-altı adam gələndə oturmağa yer olmadığı üçün məcbur olub kresloda oturaram. Heç katibəm də yoxdur.

- Belə təəssürat yaranır ki, AYB-də katiblər ciddi işlər görmür.
- Mənim iş rejimimi görsələr, inanıram ki, bu təəssürat alt-üst olacaq. Təkcə bir il ərzində mənim tərtibatım və redaktorluğumla 4 kitab çap olunub və onların heç biri üçün qonorar almamışam. O kitabların heç biri AYB-nin hesabına çap olunmayıb. Elə o kitablardan biri sənin də reportajının yer aldığı “Bütün yollar Şuşaya aparır” almanaxıdır. İkinci kitab birinci Qarabağ müharibəsi qazisi Ayaz Məmmədovun “Ünvansız məktub” xatirə - povestidir. Üçüncü kitab ”Barıt qoxulu sətirlər” və nəhayət, qurultay öncəsi məruzlərin toplandığı samballı bir kitab. Bunların hamısının toplanması, çapa hazırlanması, dizaynı mənim üstümdə olub. Bizim bir dəqiqə də boş vaxtımız olmur.

- Qurultayda diqqət etdim ki, məruzələrdən narazı adamlar var idi.
- “Məndən az danışıldı”, “Adım niyə çəkilmədi” deyən adamlar da oldu. Amma bütün bunların olması təbiidir. Belə deyim var: “Onsuz da yaxşı işlər gördüyün üçün sənə heç kim sağ ol deməyəcək”(gülür).

Elçin Hüseynbəyli: “AYB üzvlərinin çoxluğundan yox, həyasızlığından qorxuram” - Narazı olan adamlar yəqin ki, AYB üzvləridir.
- Bəli, amma aktiv qələm adamları deyil. Bəziləri həvəskardır, bəziləri isə heç janrları bilmir. Ümumiyyətlə, qurultayda iştirak etməyə iki cür adamlar can atır: Bir qismi istedadlı və eqoistdir. Onlar elə hesab edirlər ki, mütləq dəvət olunmalı, mandat almalıdırlar. Bir qismi isə istedadsızdır, amma buna baxmayaraq, orda görünmək istəyirlər. Onlar elə hesab edirlər ki, qurultayda görünsələr, avtomatik olaraq yazıçı, şair statusu alacaqlar. Bu, səhv düşüncədir. İnsan öz yazısı ilə gündəmə gəlməlidir.

- Özünüz də dediniz ki, əksəriyyəti istedadsız, bekarçılıqdan şeir, roman yazan adamlardır. Bu qədər istedadsız adamları AYB-yə toplamaq nəyə lazımdır?
- Biz də, Anar müəllim də AYB üzvlərinin sayını azaltmaq tərəfdarıyıq. AYB-yə ən yaxşılar üzv olmalıdır. Biz də bunu istəyirik, inan. Amma nəzəra almaq lazımdır ki, bura Şərqdir və Şərq nəinki ikiüzlü, hətta çoxüzlüdür. Adama o qədər üz vururlar ki, sən də məcbur olub kiməsə güzəşt edirsən. Aralarında elə gülməli arqumentlərlə gələnlər var ki, adam baxıb dəhşətə gəlir. Biri deyir, 10 kitabım çıxıb, biri deyir, qohumumdu, biri deyir, bilirsən nə var, mən ümumiyyətlə, xəstəyəm, ən böyük arzum Yazıçılar Birliyinin üzvü olmaqdır. Mən də təklif edirəm ki, AYB-də üzvlük haqqını artıraq, istedadlı, dəyər verdiyimiz yazıçıları, şairləri araşdıraq, ödəmə imkanı olmayanları üzvlük haqqından azad edək. Üzvlük haqqı baha olsa, ağlım kəsmir ki, kimsə gəlib üzv ola. Anacaq mən üzvlərin çoxluğundan qorxmuram, sadəcə, onların həyasızlığından qorxuram.
Təzə üzv qəbul etdiyimiz adam sabah bizimlə dava edir ki, mən qurultaya gəlmək istəyirəm. Deyirəm ki, bu il üzvlüyə qəbul olunanlar qurultaya dəvət olunmur. Amma həmin adam hansı yollarlasa, kimisə üzə salır, bezdirir və özünə qonaq kimi dəvətnamə yazdırıb gəlir.

- AYB ən çox irad tutulan, tənqid olunan qurumlardan biridir. Bu qurumu tənqid edən adamların axtardığı nədir ki, illərdir AYB onu həyata keçirə bilmir?
- Mənə elə gəlir, bəziləri, ümumiyyətlə, AYB-nin mahiyyətini başa düşmür və qurumun imkanlarından xəbərsizdir. Bəziləri bunu eqoizm və qəzəbdən edir. Elə hesab edirlər ki, onlar mütləq AYB-də vəzifə almalıdır. Amma başa düşmürlər ki, AYB-də katiblər və redaktorlarla birlikdə cəmi 10 vəzifə var. Başqa vəzifə yoxdur. Yadındadırsa, o vaxt bir qrup yazıçı təşkilatlanmaq istəyirdi. Onlar elə düşünürdülər ki, təşkilatlanmağın ən asan və effektiv yolu Yazıçılar Birliyinə qarşı mübarizə aparmaqdır. Onların mübarizəsi məğlubiyyətə bərabər qələbə idi. Halbuki yazıçının, şairin ən birinci işi ədəbi dəyər, əsər olmalıdır.
Digər tərəfdən, AYB-nin əvvəlki kimi böyük imkanları yoxdur. Ondan çox şey umurlar. Ancaq Yazıçılar Birliyindən bəhrələnmək olar. Mən, şəxsən inanmıram ki, hansısa kənar yazıçı Anar müəllimə bir layihə təqdim edə və Anar müəllim onu dəstəkləməyə. Bu, ola bilməz. Sadəcə olaraq, bəziləri keçmişdən qalma düşüncə tərzi ilə düşünürlər: mən istedadlıyam, hamı mənim qayğıma qalmalıdır Belə bir şey yoxdur. AYB-nin büdcəsi onsuz da məhduddur.

- Amma mətbuatda büdcə ilə bağlı kifayət qədər ciddi rəqəmlər yazılır. Yoxsa Aqil Abbas kimi siz də o məbləği “semiçka pulu” hesab edirsiniz?
- Bunlar bilməyərəkdən uydurulan rəqəmlərdir. AYB dövlətdən maliyyələşən bir qurumdur və ayrılan məbləğin qəpiyi də hesablanır. Yenə deyirəm, orda elə böyük pullar yoxdur axı, kimsə basıb yesin. Adamlar bəzən deyir ki, niyə Yazıçılar Birliyinə dövlət pul ayırmalıdır? Axı bu tək bizdə belə deyil. Türkiyədə, Qazaxıstanda, Pribaltikada, Rusiyada da yazıçılar bir qədər fərqli formada dövlətdən maliyyələşir. Məsələn, mən Vilnüsdə olanda Litvanın Yazıçılar Birliyinin sədrindən soruşdum ki, siz necə maliyyələşirsiz?
Dedi, biz hər il Mədəniyyət Nazirliyinə smetası ilə birlikdə layihə təqdim edirik. Nazirlik də smetaya uyğun olaraq bizə pul ayırır. O da soruşdu ki, bəs, sizdə necədi? Dedim, dövlət AYB-yə konkret büdcə ayrır və işlərimizi o büdcəyə uyğun qururuq. Dedi, sizdə daha ədalətlidir.
Türkiyədə necədir? Orda müxtəlif vəqflər var. Daha çox bələdiyyələr yazıçılarla işləyir. Məsələn, bir adam durub deyir ki, xarici ölkələrdə Yazıçılar Birliyi yazıçıların 1000 kitabını alıb paylayır. Nəzərə alın ki, AYB-nin 2115 nəfər üzvü var. Deyirəm, o hansı ölkənin təcrübəsində var. Deyir, var də. Mənə dəqiq fakt göstərmir, ömründə Bakıdan kənara çıxa bilməyən adamlar heç bir faktı, əsası, məlumatı olmadan dünya praktikasından danışır. Bu, gülməlidir.
Bilirsən dəhşətlisi nədir? Ədəbiyyata iddialı adamların əksəriyyəti hekayə yaza bilmir. Ona görə k, onlar heç kimi oxumurlar. Qəribədir, səni oxumurlar, ancaq sənə oxu deyə kitablarını verirlər. Məsələn bayağı, qrafaman düşüncə ilə yazılan əsərlər var. O əsərlərin müəllifləri öz kitablarını mənə bilirsən, nə üçün verirlər? Çünki məni oxumayıblar. Əgər oxusalar, ən azından utanarlar ki, bu yazıçı modern düşüncəsi olan yazıçıdır, mən bu kitabı ona niyə verim? Ötənlərdə biri 700 səhifəlik kitab göndərib, iddia da edir ki, romandır. Baxırsan ki, biabırçı bir şeydir.

- Amma elə yazarların arasında AYB üzvləri də var, deyilmi?
- Var. Bunu bizə dəfələrlə irad tuturlar. Bilirsən, əsas problem nədir? Adamların AYB-dən gözləntiləri, umacaqları həddindən artıq çoxdur. Məsələn, o dəfə bir nəfər gəlib mənə giley edir, hay-küy salır ki, Anar müəllim niyə mənə iş vermir. Dedim, Anar müəllim səni tanıyır, görüşmüsən? Deyir, yox məni tanımır. Deyirəm, tanımırsa, sənə necə iş versin? Hər şeyi də Yazıçılar Birliyinin üstünə atıb, ondan tələb etmək olmaz. Mən demirəm ki, biz idealıq. Yox, AYB ideal qurum deyil. Adam Tanrının özünə belə ideal baxmır, yeri gələndə ona asi olur. Ona görə də Azərbaycanda hər hansı bir sahədə ideal mühit tapmaq qeyri-mümkündür.

- Elçin müəllim, son illər hər dəfə Anar müəllimin sədrliyi məsələsi gündəmə gələndə katiblərin, üzvlərin Anar müəllimdən başqa yazıçını sədr görmək istəməməsi açığı, mənə səmimi gəlmir. Elə sizi götürək, doğrudanmı, özünüzü AYB sədrliyinə layiq bilmirsiniz?
- Yazıçılar Birliyi Azərbaycan mədəni mühitində ən ciddi ictimai qurumlardan biridir. Anar müəllim həmin kürsüyə hörmət gətirən şəxslərdən birincisidir. Katiblikdə olan yazıçılar da kifayət qədər populyar, tanınmış yazıçılardır. O ki, qaldı “niyə Anar müəllim sədr qalmalıdır” sualına, mən bu fikirdə deyiləm ki, Anar müəllim getsə, AYB dağılar. Amma əminəm ki, Anar müəllim olmasa, orda intiriqalar yaranar.

- Hesab edirsiniz ki, indi AYB-də intiriqalar yoxdur?
- Ciddi intiriqalar yoxdur. Amma Anar müəllim getsə, ciddi qruplaşamlar, parçalanmalar ola bilər. Yazıçılar Birliyinin sədri olmaq üçün əsas keyfiyyətlər bunlardır: Təmkin, humanizm, ədalət, kübarlıq, başqalarını dinləmək bacarığı və kreativ düşüncə. Bunların hamısı Anarda var. Elə məsələ ola bilər ki, mən, elə başqaları da, orda təmkin göstərə bilmərəm.

-Yəni özünüzü AYB sədri ola biləcək şəxs hesab etmirsiniz?
- Yox, ola bilərəm. Ancaq hələ ki biz elə düşünürük ki, indiki məqamda Yazıçılar Birliyi kimi mürəkkəb bir qurumu idarə edə biləcək adam Anardır. İndi tez-tez Anar müəllimin yaş məsələsini qabardırlar. Anlamaq istəmirlər ki, biz idmançı hazırlamırıq. Anar müəllim hansısa yarışda iştiraka hazırlaşmır. Sadəcə olaraq, bizə ağsaqqal lazımdır. Mən Anar müəllimi daha çox ağsaqqal kimi qəbul edirəm. 20 ildir Anar müəllimlə işləyirəm. O, demokratik mərkəziyyət prisnipini qoruyan adamdır Heç vaxt nəyisə təkid etmir, hamının fikrini dinləyir və bəzən heç onun öz fikri keçmir.

- Bəs niyə müsahibələrində eqoistlik nümayiş etdirir, jurnalistlərə çox vaxt aqressiv cavab verir.
- Anar müəllimin iş rejimini görmək lazımdır. Ola bilər, bəzi jurnalistlər onun emosianal, gərgin zamanına düşür. Amma bəzən juralistlər də qıcıqlandırır adamı. O dəfə ikimiz bir yerdə olanda, mənim yanımda Anar müəllimə bir zəng gəldi. Hansısa jurnalist idi. Sual verdi ki, “Anar müəllim yazırlar ki, siz Şuşada rahat oturmusunuz”. Anar müəllim də cavab verdi ki, bu nə sualdı axı? Mən nə etməliydim, narahat oturmalıydım, ya ayaq üstdə dayanmalıydım.
Mən düşünürəm ki, bu həm də mətbuatın problemidir. Çünki münasibətlər düzgün şəkildə qurulmur.

- Qurultaydan sonra bir neçə tanınan imza AYB üzvlüyündən imtina etdi. Bu sizə necə təsir etdi?
- İstedadlı adamların Yazıçılar Birliyinə qəbuluna sevindiyimiz qədər çıxmağına da heyfslənirik. Təbii ki, məyus olduq. Amma nəzərə almaq lazımdır ki, bura könüllü ictimai birlikdir. Heç kimi məcbur qəbul etmədiyimiz kimi, heç kimi də zorla çıxara, yaxud da saxlaya bilmərik. Hətta özünü qeyri-adekvat, tərbiyəsiz aparan AYB üzvləri var və biz təklif edirik ki, etika komitəsi baxsın, onları xaric edək. Amma Anar müəllim bunun həmişə əlyehinə olur. Bu yaxınlarda biri deyir ki, “mən Anarı sədr kimi qəbul etmirəm”. Bunu deyən adam AYB üzvüdür. Mən də soruşuram ki, bəs onda niyə AYB üzvlüyündə qalırsınız?

- Yəni AYB üzvü olan hər kəs Anarı sevib ona təzim etməyə məcburdur?
- Bu cameənin üzvü olan adamlar AYB-nin Nizamnaməsini qəbul edənlərdir. Hər bir AYB üzvü seçilən sədri qəbul etməyə borcludur.

- İstedadlı yazıçılarımız arasında natamamlıq kompleksi olanlar var. Sizcə, bu nədən qaynaqlanır?
- Bu, müəyyən mənada özgüvən hissinin olmamasıyla, bir az da reallığı qəbul edə bilməməklə bağlıdır. Tələsirlər. Bir saata populyar olmaq qeyri-mümkündür.

- Əksinə, indi daha rahat deyil?
-Yox, yazıçı kimi məşhur olmaq çox çətindir. Ona görə ki, oxucu azdır. Bu baxımdan ədəbi tənqid də öz funksiyasını itirir. Bu saat çıxıb küçədə sorğu keçirsən və soruşsan ki, Elçin Hüseynbəyli kimdir, guya məni hamı tanıyacaq? Bu reallıqdır, amma o demək deyil ki, Azərbaycan ədəbiyyatının elitası yoxdur. Məqalə yazanlar Azərbaycan ədəbiyyatının elitasını qiymətləndirənlərdir.

- “Oxucu azdır” fikri ilə razılşamıram. Ən azından mən hər gün bunun şahidi oluram. “Qanun” nəşriyyatında hər gün demək olar ki, qələbəlik var. Bu günlərdə nəşriyyatın təşkil etdiyi endirim kampaniyasının olduğu satış-sərgidə iynə atsan, yerə düşmürdü. Azərbaycan yazıçısının oxucusu azdır desək, daha doğru olmaz?
- Sizi anladım. Heç kim öz ölkəsində peyğəmbər olmur. Nədənsə hamı sevgisini kənarda axtarır. Baxın, böyründəki sinif, tələbə yoldaşını, qonşunu qoyub kənarda həyat yoldaşı axtarırsan. Bəlkə də uğursuz müqayisədir. Bu məslədə bir az sosialist dövrünün psixologiyası var. Yəni biz yaxşı nəsə istehsal edə bilmərik. Volodarski fabriki misalı: şalvarın bir ayağı qısa, biri uzun. İnanıram ki, zaman keçdikcə bu düşüncənin səhv olduğunu anlayıb özümüzə daha hörmətlə yanaşacağıq...

- Azərbaycan yazıçısı öz oxucusunu formalaşdıra bilmirsə, o zaman AYB-yə ehtiyac varmı?
- Bizdə teatra gedən yoxdur deyə teatrımız olmamalıdır? Teatr, kino, ədəbiyyat qurumları xalqın siması və mədəniyyətinin böyük bir formasıdır. Ona görə də dövlət cəmiyyətin sosial baxımdan zəif nöqtələrinə müdaxilə edir. “Dövlət AYB-nə niyə pul ayırır” deyən adamlar da bunu savadsızlıqdan deyir.

- Elçin müəllim, günümüzdə ədəbiyyatdan ideoloji silah kimi istifadə edən yazıçılar varmı?
- Demək olar ki, yoxdur və bu, çox pisdir. Ədəbiyyat, mədəniyyət böyük ideoloji silahdır, sadəcə olaraq, baxır ondan necə istifadə edirsən. Özümüzü dünya miqyasında təsdiq etmək üçün ideoloji silah mütləq vacibdir. Onun üçün də ideoloji konsepsiya lazımdır.

- Belə bir konsepsiya varmı?
- Varmı, yoxdurmu, hansı səviyyədədir. Mən açığı, bilmirəm. Təbii, hansısa bir xətt, göstərişlər var.

- Media ilə münasibətləriniz necədir?
- Pis deyil. Amma sual versən ki, Azərbaycan mətbuatının indiki vəziyyətindən razıyam? Deyərəm ki, yox. Bu gün Azərbaycan mətbuatında qeyri-peşəkarlıq məsələsi ciddi problemdir. Bu da ən çox onunla əlaqəlidir ki, sayt açanların çoxunun jurnalist təhsili yoxdur. Bəzən deyirlər ki, jurnalist təhsili vacibdirmi? Əlbəttə, vacibdir. Jurnalist o təhsili alanda bilir ki, xəbər nədir, informasiya nədir, şayiə, ehtimal nədir. Jurnalist nə zaman neytral olmaldır, nə zaman mövqe bildirə bilər. Öz sahəsində yaxşı təhsil alan adam vicdanlı olur, öz peşəsinin təəssübünü çəkir. Bu peşənin təhsilini almayan adamlar çox vaxt jurnalistikaya alver kimi baxırlar.

- Yeri gəlmişkən, sizin də bir jurnalisitka kariyeranız olub.
-15 il aktiv jurnalist kimi fəaliyyət göstərmişəm və bu illər ərzində bir adam mənə zəng vurub təkzib tələb etməyib.

- Niyə jurnalistikanı davam etdirmədiniz?
- Bizim dövrümüzdə jurnalistika bir qədər siyasiləşdi, romantik düşüncələrimiz özünü doğrultmadı. Görünür, belə olmalı idi. Biz siyasəti yaxşı bilmirdik. Azərbaycan cəmiyyəti yeni dövrə hazır deyildi. İstəyirdik ki, tamam başqa, daha ideal bir cəmiyyət quraq. Bu da sadəcə olaraq, mümkün deyildi. Bir az yaradıcılığa meyilli idim. Anar müəllim həmin dövrdə məni “Ulduz” jurnalına dəvət etdi. Jurnalistika adamı həm fiziki, həm də mənəvi yoran peşədir. Təsəvvür et, mən eyni zamanda həm redaktor, həm tərcüməçi, həm də növbətçi idim. Hiss edirdim ki, yorulmuşam. “Ulduz” jurnalına gələndən sonra bir qədər rahatlıq tapdım. Çünki sevdiyim işlə məşğuldum, qaçdı-qovdu yox idi. İndinin özündə də Yazıçılar Birliyində nə qədər iş olsa da, ordakı sakitlik, rahatlıq başqa yerdə yoxdur.

- Belə başa düşdüm ki, jurnalistikanın təhsilini alsanız da peşəni bir o qədər də sevməmisiniz. Çünki insan işini sevəndə ondan yorulmur.
- Yox, jurnalistikanı sevirdim. Amma gördüm ki, jurnalistikada qeyri-peşəkarlıq artmağa başladı. AYB daha toxunulmaz idi. Məncə, yazıçı peşəsi daha sərbəstdir.

- Son illər belə bir vəziyyət yaranıb. Bir qədər yaşlı nəslin nümayəndəsi olan sənət adamları, yazıçılar bir-biriləri ilə mətbuat üzərindən deyişməyə, sirlərini açmağa başlayıb. Elə Əkrəm Əylislinin bu yaxınlarda İsmayıl Şıxlı ilə bağlı söylədiyi etiraf da bu qəbildən idi. Bunlar niyə baş verir?
- Bu, emosiayların toqquşmasıdır. Mən belə başa düşürəm. Eyni zamanda baxır ki, birinci daşı kim atır. Mən burda tərəf tutmaq istəmirəm, amma araşdırsan görərsən ki, birinci daşı Əkrəm Əylisli atıb. Cığallığa da birinci o başlayıb. Mənim yaxşı yadımdadır, bir dəfə yazmışdı ki, “Rəsul Rza kimi adamlar mənim ətrafımda fırlanırdı”. Bu etik ifadə deyil axı. Onda Anar müəllim ona cavab verdi və Əkrəmin Rəsul Rzaya yazdığı məktubu çap elədi. Hansı ki, komsomol mükafatını almaq üçün Rəsul Rzaya minnətçi düşmüşdü.
Ümumiyyətlə, orta əsrlərdən bəri məşhur yazıçılar arasında həmişə davalar olub, duelə qədər gəlib çıxıb. Lope De Veqa ilə Servantes arasında böyük mübahisələr olub. Bu, cəmiyyətin emosianal qatının püskürməsidir. Anar müəllimlə Əkrəm Əylisilinin hər hansı bir münaqişəsi, emosiya üstündən toqquşması gələck nəsillər arasında da olacaq. Vaxtilə Rasim Qaraca ilə Murad Köhnəqala bir yerdə idilər, indi onlar da yeri gələndə bir-biri ilə dava edirlər.

- Amma sizi kiminləsə mübahisə edən görməmişəm.
- Olub vaxtilə. O vaxt bir neçə adam mənim haqqımda yazmışdı. Mən onlara xeyli kəskin cavab vermişəm. Amma enerjimi xərcləmək istəmirəm. Anar müəllim hər gününü tarix kimi yaşayan adamdı. Deyir, mən buna cavab verməsəm, səhər deyəcəklər ki, o adam yəqin haqlı idi ki, Anar susdu. Amma mən buraxıram tarixin umuduna.

- Ədəbi tənqidin vəziyyəti nə yerdədir?
- Mən ədəbiyyat tənqidçiləri ilə söhbət edəndə görürəm ki, onlar sadəcə olaraq təslim olublar. Hamısından söhbət getmir, təbii ki, istisnalar var. Bizim ədəbi tənqid sahəsində daha çox tərif, müəyyən mənada da qərəz var. Həm də bir az açıq danışaq, tənqidçilərin bir qismi də dolanmaq istəyir. Ona görə də ədəbiyyatı qazanmaq istəklərinə görə güdaza verirlər. Ancaq bizim ədəbiyyat sahəsində yenilikləri görməyə can atan tənqidçilərimiz də var. Bu istiqamətdə Vaqif Yusifli ən yaxşı nümunələrdən biridir.

- Son vaxtlar güneyli soydaşlarımıza dövlət səviyyəsində bir dəstək var. Amma AYB-nin Güney Azərbaycan bölməsinin sədri Sayman Aruzun qurultaydakı çıxşı bir qədər məyusedici idi. Sonra tərcümçəçi və yazar Ümid Nəcarinin AYB üzvlüyünü üsyanla tərk etməsi. Bütün bunlarla bağlı deyiləcək sözünüz varmı?
- Mən Cənub məsələsinə çox həssas və ehtiyatla yanaşmağın tərəfdarıyam. Sayman qurultayda olduqca emosional çıxış etdi.

- Dediklərində həqiqət payı var idimi?
- Hər həqiqəti də çığıra-çığıra demək lazım deyil. Həqiqət emosiyaya deyil, ağıla söykənəndə daha ağlabatan səslənir. Biz Güney Azərbaycan yaradıcılığına kifayət qədər həssas yanaşırıq. Onların şeirləri, yazıları mütəmadi olaraq AYB-nin qəzet və jurnallarında dərc olunur. Ancaq indiki həssas məqamda, tələskənliyə, yanlış addıma yol verməklə qonşu dövləti cırnatmaq olmaz. Amma bununla paralel olaraq soydaşlarımızı da daim diqqətdə saxlamalıyıq, onların maraqlarını müdafiə etməliyik. Bir məsələni də nəzərə almaq lazımdır ki, o tayda yaşayan soydaşlarımızın əksəriyyəti hələ də özünü iranlı sayır. Ona görə də onların bizə nə dərəcədə inteqrasiya olub-olmayacağını düşünmək lazımdır.

- Son illərdə şairlərlə meyxanaçılar arasında “meyxana ciddi sənətdir, yoxsa deyil” mövzusunda bir qarşıdurma var. Siz necə düşünürsünüz?
- Düzü, meyxanaya münasibətim birmənalı deyil. Amma düşünürəm ki, hər bir söz adamının yaradıcılığına dözümlü yanaşmaq lazımdır. Hər hansı janrda istedadlı olanlara hörmətlə yanaşmaq vacibdir. Meyxana konkret areala məxsus janrdır. Kütləvi deyil. Ona görə də bəzilərində qıcıq yaradır. Əvvəllər ara mahnısı deyilən musiqi nümunələrinə ciddi yanaşmırdım, amma indi onların bəzilərinə kornegisayağı yanaşıram və zövq alıram. Hər musiqinin öz aurası olduğu kimi, hər janrın da maraqlı tərəfləri var. Sənətə gəldikdə isə, bu, şərti bölümdür və daha çox araşdırmaçıların işidir.

Elçin Hüseynbəyli: “AYB üzvlərinin çoxluğundan yox, həyasızlığından qorxuram” - Meyxana deyənlərin populyarlığı, sevənlərinin çoxluğu yazıçılarda, şairlərdə qısqanclığa səbəb olur fikri ilə razılaşırsınızmı? Məsələn, Əjdər Olu da həbs etdilər, amma Rəşad Dağlı qədər pərəstişkarı çıxmadı ortalığa.
- Populyarlıq kütləvi qısqanclıq yaradır, bu, doğrudur. Amma öz yazdıqlarının və başqalarının yazdıqlarının dəyərini, fərqini bilirsənsə, qısqanmırsan. Bu məslələrə bir az geniş, panoram baxmaq lazımdır.

- Elçin müəllim, bu günkü ədəbi mühit sizin arzuladığınız kimidir?
- Mənə elə gəlir ki, hər ədəbi mühit öz dövrünə uyğundur. Ədəbi mühitlə bağlı xüsusi bir arzum yoxdur. İdeallıqdan kənar xəyalım var. İstərdim hamı bir- biri ilə yola getsin, bir-birinin uğurlarına sevinsin.

Günel Musa
BakuPost

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Rəsul Rza və Anar!

Rəsul Rza və Anar!

Poeziya
Emil RASİMOĞLU:

Emil RASİMOĞLU:"Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır. ...

Ədəbiyyat
“DOĞRUNU, DÜZ SÖYLƏMƏK…”

“DOĞRUNU, DÜZ SÖYLƏMƏK…”

Qaraçöp, Köşə yazılar
Nizami Paşa Saraclı 20 ildir

Nizami Paşa Saraclı 20 ildir "Azərbaycan", "Ulduz" jurnallarına, "Ədəb ...

Bolus
Müşfiq Əmirov: “... özüm gedərəm”

Müşfiq Əmirov: “... özüm gedərəm”

MEDİA
Anar Özbəkistanın “Dostluq” ordeni ilə təltif edilib

Anar Özbəkistanın “Dostluq” ordeni ilə təltif edilib

Ədəbiyyat, Turan
Mağvala Qonaşvili: “Mən istəyirəm ki, biz yazıçılar sevgi körpüsü tikək”

Mağvala Qonaşvili: “Mən istəyirəm ki, biz yazıçılar sevgi körpüsü tikək”

Ədəbi əlaqələr, Tiflis
Polad QASIMOV: “Kirpi” çıxır, o çıxınca canımız da çıxır”

Polad QASIMOV: “Kirpi” çıxır, o çıxınca canımız da çıxır”

MEDİA, Köşə yazılar
TÜRKSOY Yazarlar Birliyi yaradılıb: Xalq Yazıçısı Anar fəxri sədri, Səlim B ...

TÜRKSOY Yazarlar Birliyi yaradılıb: Xalq Yazıçısı Anar fəxri sədri, Səlim B ...

Ədəbiyyat, Turan
Tələbə sözü:

Tələbə sözü: "Əzmlə çalışacağam!..."

AzTU
Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ)

Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ)

Poeziya, Borçalı, "Borçalı" Cəmiyyəti
Növbəti müsahibimiz Bakı Dövlət Universitetinin dosenti, şair-publisist Ana ...

Növbəti müsahibimiz Bakı Dövlət Universitetinin dosenti, şair-publisist Ana ...

KUMİR
Akademik Maqsud Əliyevlə MÜSAHİBƏ

Akademik Maqsud Əliyevlə MÜSAHİBƏ

Elm, MEDİA, Tiflis
Keşmə-keşli həyat yolu...

Keşmə-keşli həyat yolu...

"SALDO"
Arzuman Nəbiyev: “Borçalı

Arzuman Nəbiyev: “Borçalı" Birliyinə sürtülmüş adam rəhbərlik etməlidir...

"Borçalı" Cəmiyyəti
Nurlan Süleymanlı: “Əsas odur ki, ilk addımı atmışam” - Debüt

Nurlan Süleymanlı: “Əsas odur ki, ilk addımı atmışam” - Debüt

Mədəniyyət

"Motivasiya həddən çox önəmlidir... Və... İnsanlar özlərinə sual verməlidi ...

İqtisadiyyat, Reklamlar
Elçin Hüseynbəyli:

Elçin Hüseynbəyli: "Kür qırağının əcəb seyrəngahı var, yaxud Vaqif Səmədoğ ...

Ədəbi tənqid, UNUTSAQ, UNUDULARIQ!....
Zaur Darğallının Uğur hekayəsi

Zaur Darğallının Uğur hekayəsi

Rustavi, Borçalı

"Mən peşəmlə fəxr edərək özümü xoşbəxt sanıram..."

"SALDO", Digər ali məktəblər, MEDİA
Rəy yazın: