RUHUN ŞAD OLSUN, ƏZİZ BACIM SƏDAQƏT XANIM!... Başkeçid, Nekroloqlar 27 ноября 2016 2016-cı il Noyabrın 26-da Bakının Nərimanov rayonundakı "Premyer-Expo" otelinin konfrans zalında tanınmış jurnalist, mərhum Sədaqət xanım İsmayılovanın əziz xatirəsinə həsr olunan anım tədbiri keçirilib. ZiM.Az xəbər verir ki, tədbirdə Sədaqət İsmayılovanın həyat və yaradıcılığına həsr olunan sadagatismayilova.com saytının təqdimatı da olub. Təqdimatı giriş sözü ilə tanınmış politoloq Tofiq Abbasov açıb. O, mərhum Sədaqət İsmayılovanın jurnalistika sahəsində fəaliyyətindən danışıb, Sədaqət İsmayılovanın 1994-cü ildə BBC radiosunun Azərbaycan xidmətinin qurucularından biri olduğunu diqqətə çatdırıb. Sonra BDU-nun kafedra müdiri, alim-şair-publisist Knyaz Aslan geniş məruzə ilə çıxış edib. O, qısa, lakin olduqca maraqlı, mənalı və şərəfli bir ömür yaşamış Sədaqət İsmayılovanın həyat yolundan danışıb, hələ orta məktəbdə oxuduğu illərdən Sədaqət xanımı rayonun ən fəal şagirdləridən biri kimi tanıdığını vurğulayıb, məktəblərarası və rayonlararası keçirilən yarışlarda, turlarda, olimpiadalarda birgə iştirak etdiyini bildirib, unudulmaz xatirələrini söyləyib.Sonra Sədaqət İsmayılovanın qardaşı tanınmış yazıçı-jurnalist Ədalət Mədədoğlu çıxış edib, bacısının həyat və yaradıcılığına həsr olunan saytın hazırlayanmasında əməyi, zəhməti və xidməti olan hər kəsə, xüsusilə də bacısı Mətanət xanım İsmayılovaya, eləcə də tədbirdə iştirk edən bütün insanlara öz ailələri adından təşəkkür edib, minnətdarlığını bildirib. Tədbirdə Sədaqət İsmayılovanın atası, Borçalı elinin ağsaqqalı, uzun müddət Başkeçiddə nəşr olunan "Trialeti" rayon qəzetinin redaktoru vəzifəsində çalışmış şair-jurnalist və tanınmış tərcüməçi Mədəd Coşğun, Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, "Ziya" qəzetinin və ZiM.Az saytının baş redaktoru Müşfiq Borçalı, əslən Borçalıdan olan ziyalılar - Əlləz Ovçuyev, Hüseyn Artıqoğlu, Zəlimxan Məmmədli, şair Qəzənfər Məsimoğlu, rəssam Sabir Çopurov, həmçinin tanınmış jurnalistlər - Araz Əhmədov, Rüfət Muradlı, ictimaiyyət nümayəndələri, qohumları və başqaları iştirak ediblər.Bu gündən etibarən test rejimində fəaliyyətinə başlayan saytda mərhum jurnalist Sədaqət İsmayılovanın yaradıcılığı və jurnalist fəaliyyətinin bəzi nümunələri əks olunub, onun vaxtilə hazırladığı və BBC radiosunun Azərbaycan xidməti vasitəsilə efirə verdiyi neftin tarixinə, Azərbaycanın mədəniyyətinə, İngiltərəyə həsr olunmuş radioverilişlərin səs yazısı və mətnləri yerləşdirilib. Saytda həmçinin faydalı məlumatlar, Sədaqət xanımın həyat yolunu əks etdirən foto və audio materiallar mövcuddur.Xatırladaq ki, Sədaqət İsmayılova 28 noyabr 1960-cı ildə Tbilisidə anadan olmuşdur; o, uzun müddət Ulu Borçalımızın qədim Başkeçid (indiki Dmanisi) rayonunda nəşr olunan "Trialeti" rayon qəzetinin redaktoru vəzifəsində çalışmış istedadlı şair-jurnalist və tanınmış tərcüməçi Mədəd Coşğunun ailəsində ilk övlad olaraq dünyaya göz açmışdır. 1967-1977-ci illərdə Gürcüstanın Başkeçid (indiki Dmanisi) şəhər 1saylı orta məktəbində oxumuş, 1977-1982-ci illərdə İlya Çavcavadze adına Tbilisi Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil almışdır.1983-1985-ci illərdə Ərəb dili üzrə Tbilisi Xaricı Dillər İnstitutunun ikiillik sinxron tərcümə kurslarında təhsilini davam etdirmişdir.1986-1987-ci illərdə AMEA-nın “Elm” qəzetində, 1988-ci ildə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda çalışmışdır.1989-1990-cı illərdə İraq Respublikasında Bəsrə istilik-elektrik stansiyasının tikintisində tərcüməçi (rus-ərəb) işləmişdir.1990-1991-ci illərdə “Türk Dünyası” jurnalında, 1992-1994-cü illərdə “Assa-İradə” informasiya agentliyində çalışmışdır. 1994-cü ildən – BBC Azərbaycan xidmətinin ilk verilişindən sonuncusuna qədər (2011) Londonda BBC Ümumdünya xidmətinin prodüseri olmuşdur. Sədaqət İsmayılova 2015-ci il mayın 3-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmiş və Bakıdakı Şüvəlan qəbristanlığında dəfn olunmuşdur.Allah rəhmət eləsin!..Ruhu şad olsun!..Bəli, "Sədaqət İsmayılova qısa bir həyat yaşadı və Tanrının ona bəxş etdiyi istedadlarını tam həyata keçirə bilmədi. Sədaqət İsmayılovanın yaradıcılığı BBC dalğalarında yayımlanan və geniş radiodinləyici kütləsinə tanış olan müəllif verilişi və proqramları ilə kifayətlənmirdi. Sədaqət İsmayılova həm də şer və hekayələr yazırdı, ariya oxuyacaq qədər gözəl səsə malik idi, onun fırçasından çıxan portret əsərləri bir neçə yaxın dost və ailə üzvlərinin evlərini bəzəməkdədir. Sədaqət xanımın iki ali təhsili var idi, o 6 dil bilirdi və bədii tərcümələr edirdi. Eyni zamanda o vəfalı həyat yoldaşı və qayğıkeş ana idi. Sədaqət İsmayılovanın uşaqlıq və məktəb illəri Gürcüstanın ən ucqar rayonlarından olan Başkeçiddə, Borçalının tanınmış ziyalıları Mədəd Coşqun və Ziyafət xanımın ailəsində keçmişdi, həyatının son dövrünü isə o Londonda, BBC radiosunun prodüseri olaraq yaşadı. 90-cı illərdə postsovet məkanında müstəqilliyin ilkin çağlarında Gürcüstanda, Azərbaycanda, Orta Asiya respublikalarında minlərcə dinləyici öz radiolarını BBC dalğalarına kökləyib, Sədaqət İsmayılovanın dünyada baş verən ən yeni siyasi və mədəni xəbərlər haqqında verilişlərini səbirsizliklə gözləyirdi. Onun müəllif verilişləri isə radio-jurnalistika janrının çərçivələrini aşaraq canlılığı, orijinal kreativliyi və səmimiliyi ilə seçilirdi. Məhz ona görə də o, Tiflisdən Düşənbəyə qədər minlərcə dinləyicinin sevimlisinə çevrilmişdi. Sədaqət İsmayılova sadəcə istedadlı insan və peşəkar jurnalist deyildi. Onun yaradıcılıq yolu regionda yaşayan bir çox istedadlı qızlar və gənc xanımlar üçün meyar ölçüsünə çevrilmişdir, çünki Sədaqət İsmayılovanın fəlsəfəsi onlara sadəcə qarşıya qoyulan məqsədə deyil, arzu edilən yüksəkliyə ucalmağı öyrətmişdi..."Bu gündən sonra isə... hər gün minlərlə oxucu 2016-cı il noyabrın 27-dən etibarən fəaliyyətə başlayan və "Sədaqət İsmayılovanın həyat və yaradıcılığına həsr olunmuş sayta xoş gəlmisiniz!" - sözlərilə açılan sadagatismayilova.com saytına daxil olub, Sədaqət İsmayılovanın vaxtilə hazırladığı verilişlərə qulaq asacaq, onun vaxtilə yazdıqlarını oxuyacaq, eləcə də onun haqqında yazılanları oxuyacaq, ... ...və bax beləcə hər gün mərhum Sədaqət İsmayılova hörmətlə anılacaq, hörmətlə xatırlanacaq, hörmətlə yad olunacaq...Bizə isə təkcə bunu demək qalır: Ruhun şad olsun, əziz bacım hörmətli Sədaqət xanım!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.