ƏKBƏR QOŞALIYA UĞURLAR ARZUSU İLƏ...

ƏKBƏR QOŞALIYA UĞURLAR ARZUSU İLƏ... Bu günlərdə Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, mənim əziz dostum qardaşım, istedadlı qələm sahibi, tanınmış şair-nasir-publisist, Azərbaycan Jurnalistlər Birliyinin (1995) və Azərbaycan Yazıçılar Birliyinin (1998) üzvü; Dünya Gənc Türk Yazarlar Birliyinin qurucusu və sədri (1998-ci ildən) Əkbər Qoşalı özünün Facebook səhifəsində müxtəlif dövrlərdə çəkilmiş foto-şəkillərini paylaşmışdı. Həmin şəkillər məni də özünə cəlb etdi. Bir çox dostlarımız kimi mən də öz ürək sözlərimi yazdım. Yazdım ki...

Həmin ürək sözlərimi bir qədər də genişləndirib aşağıda ZiM.Az-ın dəyərli oxucularına təqdim edirəm!..



Olduqca mənalı və şərəfli ömür!..

Düz 30 ildi ki, tanıdığım bu ömrün bir-birindən dəyərli olan səhifələri məni sevindirir...
Sənin tələbəlik illərin - ömrünün bulaq kimi coşub çağlayan gənclik dövrü sanki elə indi də mənim gözlərimin qabağındadır...
Redaksiyamıza - istər "Ziya" qəzetinə, istər "Təhsil" qəzetinə, istərsə də, sonralar "Borçalı" nəşriyyatına gələndə, sən təkcə öz yazılarını, şeirlərini gətirməzdin. Həm də dostlarının, qohumlarının, hətta Bakıdan uzaqdan - kəndinizdə, rayonunuzda yaşayan, qələm məhsulları heç bir yerdə çap olunmayan istedadlı şəxslərin yazılarını da gətirərdin...
O vaxtlar nəşr etdiyimiz "Addımlar" almanax ədəbi məcmuəsində çap olunan müəlliflər arasında məhz sənin gətirdiklərin həmişə çox olurdu...
Sanki həmin almanax-məcmuələrin tərtibçisi də elə sən özün idin...
Sən elə o vaxtdan təkcə özün üçün yox, dost üçün, tanış üçün, el-oba üçün, millətimiz üçün, xalqımız üçün çalışırsan!..
Tələbəlik illərindən başlayan bu gözəl ənənəni bu gün də ləyaqətlə davam etdirirsən.
Mən deyərdim ki, sən elə düz 30 ildi ki, mənim millətimin sevimli elçisisən, xalqımın təmənnasız vəkilisən!...
Dostlarımızın hansı tədbirində, hansı məclisində oluramsa, səni orada görürəm və sevinirəm.
Sən sözün əsl mənasında KİŞİ adamsan!..
Mən səni belə tanıyıram..
Var ol, qardaşım!..
Nə yaxşı ki varsan!..
Həmişə bizləri öz uğurlarınla sevindir!..
Gün o gün olsun ki,
100 yaşını təbrik edək!..

Böyük hörmət və ehtiramla
Müşfiq BORÇALI,
ZİM.AZ


ƏKBƏR QOŞALIYA UĞURLAR ARZUSU İLƏ... REDAKSİYADAN:

Əkbər Qoşalı (Yolçuyev Əkbər Mehdi oğlu‎) -
1973-cü il aprelin 3-də Tovuz rayonunun
Qoşa kəndində anadan olub.
Orta təhsilini Qoşa kənd natamam orta məktəbində (1980-1988) və Çatax kənd orta məktəbində (1988-1990) alıb.

Əkbər Qoşalı 1990-cı ildə Azərbaycan Texniki Universitetinə (keçmiş Politexnik İnstitutu) qəbul olunub, 1995-ci ildə bu ali məktəbi “Elektronika mühəndisi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1998-2001-ci illərdə isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (keçmiş BSİPİ) “Dövlət və bələdiyyə idarəetməsi” istiqaməti üzrə ikinci ali təhsil alıb.

Əkbər Qoşalı Dövlət orqanlarında iş təcrübəsinə 1996-cı ilin fevral ayında Gənclər və İdman Nazirliyi, Gənclərlə iş üzrə Baş İdarəsinin “Sosial proqramlar” şöbəsində təlimatçı olaraq başlayıb. Həmin ilin aprel ayından isə nazirliyin “İctimai-siyasi” şöbəsinin baş təlimatçısı vəzifəsinə keçirilib və 2000-ci ilin aprelinədək burada çalışıb.
Azərbaycan Prezidentinin fəxri sədrliyi ilə fəaliyyət göstərən Azərbaycanda ATATÜRK Mərkəzi yaranandan əmək fəaliyyətini burada davam etdirən Ə.Qoşalı, 2006-cı ilin aprelinədək Mərkəzin elmi əməkdaşı, 2006-cı ilin aprelindən həmin ilin noyabr ayınadək şöbə müdiri vəzifəsində çalışıb.
2006-cı ilin noyabrından 2008-ci ilin mayınadək “N” saylı h/h-də zabit kimi həqiqi hərbi xidmət keçən Ə.Qoşalı, hərbi xidmətdən tərxis olunduqdan sonra yenidən ATATÜRK Mərkəzinin şöbə müdiri vəzifəsinə qayıdıb və hazırda həmin vəzifəni daşıyır.

ƏKBƏR QOŞALIYA UĞURLAR ARZUSU İLƏ... Müstəqil Azərbaycan Gənclərinin I Forumunda Ümummilli Lider qarşısında çıxış edib; digər Forumların nümayəndəsi olub. Bir neçə gənclər təşkilatının qurulmasında yaxından iştirak edib, təşkilat sədri, təşkilatların seçkili orqanlarının üzvü, o cümlədən, Gənclər Təşkilatları Milli Şurasının sədr müavini, Komissiya sədri olub.
2010-cu ildə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən 2020-ci ildə Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin üzvlüyünə namizədliyini irəli sürüb.
Hazırda, 1998-ci ildə Dünya Türk Gəncləri Birliyinin Qazaxıstanda keçirilən VIII qurultayında Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı olan Ə.Qoşalı, eyni zamanda Milli QHT Forumu İdarə Heyətinin (2006-cı ildən bəri) üzvü, Azərbaycan Yazıçılar Birliyi (AYB) Nəzarət-təftiş Komissiyasının sədr müavini (2014-cü ildən bəri), AYB-nin orqanları – “Ədəbiyyat Qəzeti”nin (2004-cü ildən bəri) və “Ulu Çinar” jurnalının (2010-cu ildən bəri) redaksiya heyəti üzvü, CASCFEN Məclisinin üzvü, www.dgtyb.az; www.bizimyazi.az ədəbi saytlarının baş redaktorudur.
“Yeni Azərbaycan” qəzetinin Ədəbiyyat şöbəsinin redaktoru olub (2011-2017). Özbəkistanın “Kitab Dünyası” qəzetinin (2017), Türkiyədə çıxan “Yüce Erek” dərginin (2001), habelə “Kərkük” qəzetinin (2006) Azərbaycan təmsilçisidir.
Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubunun fəxri üzvüdür.

1998-ci ildə Dünya Türk Gəncləri Birliyinin Qazaxıstanda keçirilən VIII qurultayında Gənc Türk Yazarları Birliyinin başçısı seçilmişdir.
Sonrakı illərdə Çuvaşıstanda və Azərbaycanda keçirilən IX-X qurultaylarında yenidən başqan seçilmişdir (1999-2000). 2010-cu ildə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin üzvlüyünə namizədliyini irəli sürmüşdür.

Ə.Qoşalı 1990-cı illərdən eyni zamanda ədəbi fəaliyyətə başlamışdır. Gənc türk yazıçılarının şeir, hekayə və publisist əsərlərindən ibarət "Qar çiçəyi" (1997), "Türkün səsi" (1999) toplularını tərtib edib, çap etdirmişdir.

İlk kitabı "Ömür qoyub gedənlər" (1998) Tovuz rayonunun Böyük Qışlaq bölgəsinin şəhid övladlarından bəhs edir. Türk dünyasının görkəmli şəxsləri seriyasından "Nursultan Nazarbayev" siyasi portreti kitabçasının müəllifidir (2002). Həmin il nəşr olunan "Azərbaycan türkologiyası"nın (1920-1938) tərtibçilərindən biridir.

Əkbər Qoşalının müəllifi, tərtibçisi, redaktoru, önsöz müəllifi olduğu 40-a yaxın bədii, elmi kitabı çıxıb. O cümlədən,
“Ömür qoyub gedənlər”, “Azərbaycan türkologiyası” bibloqrafiyası (ortaq), “Altun bitik”, “Ölümlərin ötəsi”, “Çağdaş Azərbaycan Ədəbi Qurumları”, “Azərbaycan Gənclər Hərəkatı”, “Gəldik. Gördük. Yazdıq”, “Bölgələrdən səslər”, “Can Azərbaycan”, “Səs... Söz... Rəng...”, “Yeni nəsil tatar şeiri antologiyası”, “Yeni Qazax şeiri antologiyası”, “Özbək şeir çələngi”, “Qəlbdəki və qələmdəki Qarabağ”, “Fəzanın cazibəsi” və s.

Əsərləri bir neçə dilə tərcümə olunaraq yayımlanıb. Dəfələrlə ölkə daxilində və xaricində keçirilmiş uluslararsı konfrans, simpozium və festivallarda nümayədə və nümayəndə heyətinin başçısı olaraq iştirak etmişdir.

Ailəlidir, üç övladı var.

Ə.Qoşalının əməyi dövlətimiz və hökumətimiz tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycan Prezidentinin 1322 saylı Sərəncamı ilə “Tərəqqi” medalı,
Azərbaycan Prezidenti adından Müdafiə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Ordusu-100” yubiley medalı,
Azərbaycan Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü (2008),
“Respublika Gənclər Mükafatı” (2002),
“Fəxri Gənc” Qızıl Döş Nişanı (2010),
Rəsul Rza Fondunun “Rəsul Rza” Mükafatı (2009),
Qırğız Respublikası “TOKTOKUL SATILGANOV Fondu”nun medalı (2014),
Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinın “Fəxri fərmanı”,
Qazaxıstanın “Töleqen Ayberqanov” (2016) və
“GÜLTEKİN” medalı (2018),
TÜRKSOY-un plaketi (2014), “Fəxri fərman”ı (2015),
İraq Gənclər və İdman Nazirliyinin gümüş plaketi (2013),
Makedoniya Mədəniyyət Nazirliyinin “Təşəkkür Bəlgəsi”,
Arxangelsk (RF) Vilayəti Mədəniyyət Nazirliyinin “Fəxri fərman”ı (2017),
Rusiya Yazıçılar Birliyinin “Fəxri fərmanı” (2017),
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatı Respublika Komitəsinin, AGİN-in, Azərbaycan Müdafiə Nazirliyinin, Azərbaycan Jurnalistlər Birliyinin (2003), Milli QHT Forumunun, Makedoniya “Ufuk” Vəqfinin, Makedoniya Türk QHT-ləri Birliyinin, Tatarıstan Yazıçılar Birliyinin, Çuvaşıstan Yazıçılar Birliyinin, Saxa (Yakutiya) Yazıçılar Birliyinin, Özbəkistanın nüfuzlu “Kitab Dünyası” qəzetinin, Moskvada fəaliyyət göstərən “Şəhriyar” Ədəbi Məclisinin, Gənc Qaqauz Yazıçılar Birliyi, Azərbaycandakı Rus İcmasının və b.-nın “Fəxri fərman” və “Diplom”ları ilə təltif edilib.

Biz də Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, mənim əziz dostum qardaşım, istedadlı qələm sahibi, tanınmış şair-nasir-publisist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü; Dünya Gənc Türk Yazarlar Birliyinin qurucusu və sədri Əkbər Qoşalıya uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, şərəfli əmək fəaliyyətində ,eləcə də, bədii yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik!..

Müşfiq BORÇALI,
"Ziya" qəzetinin və
"ZiM.Az" saytının Baş redaktoru,
filologiya üzrə fəlsəfə doktoru


ZiM.Az



Göy üzünə ulduz səp, Naxış olsun, İlahi...


İlahi


Göy üzünə ulduz səp,

Naxış olsun, İlahi.

Arxamca bir cam su səp,

Yağış olsun, İlahi...



"Qaranlıqlar yarılsın",

Nə sorğun var sorulsun;

Axırımız durulsun,

Alxış olsun, İlahi.



Xatirəmi ağ saxla,

Gözlərimi sağ saxla,

Qoy keçmişdən sabaha

Baxış olsun, İlahi.

2023



Gəl


Torpağı sərinəm, gəl,

Kədəri dərinəm, gəl;

Yüz ildən anrıdasan,

Min ildən bərinəm, gəl...



Gəl, quş qonan budağıq,

İlk iz düşən yolağıq;

Sabahlardan sorağıq,

Sən mənsən, mən sənəm, gəl...



Dənizəm - gəmin üçün,

Bütöv ol - kəmim üçün;

Sən bayraq ol, səninçün

Yel olub əsənəm, gəl!..

2023



***

Qarışıq texnikalı ağ şeir



Dağ başına yağdı qar,

Yamacda gül üşüdü...

Bu dünyada hər nə var,

Qar işi, gül işidi...



Deyirlər, bütün ilklər -

Həm sevincdi həm kədər...

Sizə, ey, ilk çiçəklər,

Qar çiçəyi demişdik...



Özgə kimi var qışın?

O Günəşi batmışın...

Hər qış ilk qış sayılsın,

Ocaqları yandırın,

Yandırın, kül üşüdü...



Dağ başına düşdü qar,

Ətəkdə gül üşüdü...

Bu dünyada hər nə var,

Qar işidi, gül işi...



Qar qışın gülüşüdü...

2023



***

Qarışıq texnikalı şeir



Gecələrə Günəş,

gündüzlərə Ay...

Say, zalım əfəndim,

ömrümü gəl say...



Eşq dolu - sevdaya ac,

bir körpə nazlı turac,

Ömrümü etdi tarac,

Nə "uf" derim, nə də "oy"...



Yağış yağmaz Günəşə...

Kimdi gələ gənəşə?..

Ətimi çəkməz şişə,



Tənimi eyləyər zay...



Yağış, Günəş və hava,

Hər dərdə olsa dəva;

Ollam daşa dost, valla,

Demə, olduq nəyə tay...



Eşq dolu - sevdaya ac,

o körpə nazlı turac,

Ömrümü aldı xərac,

Nə "uf" deməm, nə də "oy"...



Gecələrə Günəş,

gündüzlərə Ay...

Say, zalım əfəndim,

ömrümü gəl say...

2023



Şuşa alqışı



Şuşada açmışam sabahı bu gün,

Şuşamıza şükür, sabaha şükür.

Dolaşdım, toxundum, gördüm-götürdüm,

Özümə tapdığım cavaba şükür.



Ucada görmüşəm bayrağımızı,

Ondan öyrənmişəm növrağımızı,

Gündüzü cilvəli qutsalımızı,

sığala yetişən axşama şükür.



Yaddaşım oyandı, tərpəndi lay-lay,

Gah aypara oldum, gah da dolunay...

Xankəndi tərəfə boylandım bir az,

Orda çatacağmız tonqala şükür.



Əkbər, hər şəhərin öz gözəlliyi,

Burdakı gözəllik döz gözəlliyi...

Daha aramadım söz gözəlliyi,

İdraka, iqbala, amala şükür!..

İyul-2023, Şuşa



***

"Yüz ev tikən cənnətini

bu dünyada qazanar" -

Eşitdim ki, mən yaşayan şəhərdə

nə zamanmış belə inanc varıymış.

O inancla evlər tikib adamlar -

səksən olub, doxsan olub,

yüzü görən olmayıb...

Kainatın cilvəsidir elə bil:

Olmur, cənnət sınaşıqla olmayır... -

Amma yenə o inancın işığı

ev tikdirib adamlara,

ev tikdirir bu gün də... -

Əgər kimsə bilə-bilə yalan danışıbsa da,

Yenə kimsə o yalanı bu şəhərdə yayıbsa,

cənnət olsun məqamı!



Mənim gözəl şəhərimdə ayrı bir inanc da var -

Deyərlər ki,

"Bir ev yıxan

cəhənnəmi bu dünyada satın alıb

elə bil"...

Gəl görəlim, yenə evlər yıxılır...

Cəhənnəmi satın alır

gözgörəsi

tanıdığmız adamlar...



O qaranlıq niyə çəkir adamları? - bilmirəm...

Görən, onlar özlərini aldadırlar nə ilə?..

Yenə evlər tikilir,

Yenə yıxılır evlər...

Tikin, qardaşlar, tikin,

Bəlkə, yüzə çatmadınız,

cənnət görmədiz, bəlkə...

Amma

evyıxanın yeri bəlli

cəhənnəmsə,

demək,

evtikənləri

unutmayıb Yaradan...



Eviniz yıxılmasın...

2023



***

Nə zamansa işim qalıb çətinlərdən çətində,

Gözgörəsi qəm qarışıb ən sonuncu ümidə,

Təvəkkül eyləmişəm...



Olmadığım ürəklərin boylanmadım gözünə...

Güzgüyə də baxmadım heç -

baxdım dostun sözünə...

Təvafüq eyləmişəm.



Qırıq cama su tökmürəm,

yaş keçəndən qırxları,

"Bu dünyaya ağır gələr,

bir qırıx qəlb hesabı" -

Tərənnüm eyləmişəm...



Coşan dəniz, yatan sahil...

qarışqaynan balığı

bir-birinə ruzi qılıb... - nədi başa saldığı?.. -

Təfəkkür eyləmişəm.

Bir köklücə yaşıl ağac

budaq-budaq quruyub,

Kölgəsində böyüyənlər

çıxıb gedib, unudub...

Təəssüf eyləmişəm.



Əzəl başdan bir sevdiyi olmalıdı insanın...

Sevib yetə bilmədiyim gələn ömrümə qalsın...

Tərəddüd eyləmişəm...



İnsanoğlu, çiyinlərin iki günə yarayar:

Dərdli başa yastıq olar, bir də tabut daşıyar...

Təsadüf eyləmişəm...



Nə ki yaxşılıq etmişəm

- unutmuşam, çox şükür,

Nə yaxşılıq görmüşəmsə

- yaddaşımda görünür...

Tədarük eyləmişəm...

2020



Həsrətin hekayəti



İl yarım olmuşdu biz ayrılalı,

İl yarım deyirəm, zarafat deyil.

Şeytanın qıçını sındırdıq axır,

İkimiz də kövrək, ikimiz dəli...



Bilmirəm, həsrəti necə keçirib,

Bilmirəm, o zalım nə yeyib-içib?

Özümə çəkilib o aylar boyu,

İçimi yemişdim mən gizlin-gizlin.



Bilirəm, daha çox həsrət çəkən var,

Bilirəm, tez küsüb-barışıb kimsə.

Söz var: od düşdüyü yeri yandırar,

Bizim ilyarımmız bəs edər bizə...



Deyirdim, nə geyər bugün üçün o,

Qırmızımı geyər, qaramı, ağmı?

Qapqara geymişdi günü ağ olmuş,

Kəməri, çantası qıpqırmızıydı.



Deyirdim, ilk sözü nə olacaq, nə?

Sinəmə sığmırdı yarımcan ürək.

O gəldi,

mən baxdım,

ikimiz susduq...

unutduq ilk sözü...

Nə deyəcəkdik?..



Sonrası...

Sonrası "itotu, bağayarpağı"... -

Elə bil dünəncə sağollaşmışıq...

Ah, mənim ilyarım yaşadıqlarım,

Ah, mənim hələ də yaşamadığım...



***

Sən necə soyundun ayaqlarını?.. -

Ah,

elə soyundun ayaqlarını,

Sanki soyunmayır, əzizləyirdin!

Ayaqların isə ərkələnirdi...

Qoy mən təşəkkürlər edim onlara,

səni mənə,

səni mənə gətirib...

Var olsun, var olsun ayaqlarını!

Gözlərim ayrılmır ayaqlarından:

Yeriyən, "düşünən", "döyünən" ayaq...

Ağ ayaq, gül ayaq, ətirli ayaq...

Ha yana baxsam da, görünən ayaq...



"Gümüş topuğunda xal, sənə qurban" -

hələ yüz il öncələr Müşfiq belə yazırdı.

Əlbət, Müşfiqdən öncə,

əlbət, öncədən öncə,

qadın ayaqlarından vəcdə gələnlər olub.



Düşünə bilirsənmi, dünyanın ilk qadını

ilk dəfə ayaq açır,

yeriyir bu Yer üstə -

Qadın ayaqlarıyla tanış olur torpaqlar...

Bax, bəlkə də o vaxtdan

işvə, naz qarışıbdı torpağın canına da,

yəqin, ona görə də

qapqara torpaqlardan ağappaq güllər çıxıb,

çiçəkləyib Yer üzü...




ilk qadın addımı

ilk kişiyə doğruydu... -

İnsanlıq doğulurdu...



Budur,

min illər sonra

sənsən ayaq yiyəsi,

qalxıb mənə gəlmisən.

Gəlmisən, xoş gəlmisən!..



Qoy

bircə doyunca baxım onlara -

Qoy

bir də, qoy bir də baxım onlara...

"Ayaq" dediyimiz başabəlaya.



Ah, hələ barmaqların,

Ah, rəngli dırnaqların,

Ah, bir də topuqların!.. -

"Xallı, gümüş topuqlar"...



Bu gün sən səbrsizsən,

qayğılıyam bu gün mən;

Ta Adəmdən-Həvvadan

dönüb gələn fikirlər

ayaqda tutur məni...

Söylə,

yeni söz söylə

ayaq verək keçidə...





***

Dostum və qardaşım

Yolçu üçün



Bir gün, əlbət, bir gün

olanlar olmayacaq,

olmayanlar olacaq.

Nə qurşun atdıq bir kəsə,

nə qurşun atdılar, ölək;

Ömür deməm ömürə,

yol yoxsa, cavan ölümə...

Onsuz da olanlar olmayacaq,

olmayanlar olacaq...

Nə qurşun atdılar, ölək,

nə qurşun atdıq bir kəsə;

Ömür dedim ölümə,

özüm dedim özümə:

bütün ömürlər

ölümə aparır...

Baxma, hər ölünü bir qoşun aparır,

kim dünyadan nə götürür?

Qoy desinlər,

bir şair

dünyadan qurşun aparır...

ZiM.Az

.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ƏKBƏR QOŞALIya BAŞSAĞLIĞI

ƏKBƏR QOŞALIya BAŞSAĞLIĞI

Nekroloqlar
ATAMI  GÖZLƏYİRƏM... (Hekayə)

ATAMI GÖZLƏYİRƏM... (Hekayə)

Nəsr, Müsabiqə, Borçalı
TÜRKSOY Yazarlar Birliyi yaradılıb: Xalq Yazıçısı Anar fəxri sədri, Səlim B ...

TÜRKSOY Yazarlar Birliyi yaradılıb: Xalq Yazıçısı Anar fəxri sədri, Səlim B ...

Ədəbiyyat, Turan
Anar Özbəkistanın “Dostluq” ordeni ilə təltif edilib

Anar Özbəkistanın “Dostluq” ordeni ilə təltif edilib

Ədəbiyyat, Turan
Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

MEDİA, Bolus, Təbriklər
ELÇİN İSGƏNDƏRZADƏ (1964)

ELÇİN İSGƏNDƏRZADƏ (1964)

AzTU-nun MƏZUNLARI, Müsabiqə
İbrahim İlyaslı - 60

İbrahim İlyaslı - 60

AzTU, AzTU-nun MƏZUNLARI, Müsabiqə
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

Humanitar elmlər, Təbriklər
“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı, Nekroloqlar
Tanınmış həkim-jurnalist, şair-publisist və ictimai xadim Azadə Taleh Abbas ...

Tanınmış həkim-jurnalist, şair-publisist və ictimai xadim Azadə Taleh Abbas ...

Gəncə, "SAZLI-SÖZLÜ BORÇALI", Borçalı, Nekroloqlar
Aftandil Qasım oğlu BABAYEV (1957)

Aftandil Qasım oğlu BABAYEV (1957)

"XXI əsrin Ziyalıları", Borçalı, İqtisadiyyat
Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

AzTU, Təbriklər
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
ƏKBƏR QOŞALIya BAŞSAĞLIĞI

ƏKBƏR QOŞALIya BAŞSAĞLIĞI

Nekroloqlar
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏFLATUN AMAŞOV!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏFLATUN AMAŞOV!..

Əsas xəbər, MEDİA, Bolus, Təbriklər
Əbdüləli İbrahimsoy (1956): ÖLMƏYƏ NƏ VAR?!..

Əbdüləli İbrahimsoy (1956): ÖLMƏYƏ NƏ VAR?!..

"SAZLI-SÖZLÜ BORÇALI", TDPİ-nin Azərbaycan bölməsi, Qarayazı
Təbrik edirik, MUSA MÜƏLLİM!..

Təbrik edirik, MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər, "Borçalı" Cəmiyyəti
MUSA URUDa SƏS VERƏK!..

MUSA URUDa SƏS VERƏK!..

Azərbaycan, Siyasət
RUHUN ŞAD OLSUN, HAMLET KAZIMOĞLU!...

RUHUN ŞAD OLSUN, HAMLET KAZIMOĞLU!...

AzTU-nun MƏZUNLARI, Borçalı, Nekroloqlar, Arxiv
Rəy yazın: