Tanınmış həkim Səməd Çobanov vəfat edib

Tanınmış həkim Səməd Çobanov vəfat edib
ALLAH RƏHMƏT ELƏSİN!..

Bu gün
2023-cü il
aprelin 20-də
Azərbaycan səhiyyəsinə,
Borçalı ictimaiyyətinə,
Darvaz elinə
ağır itgi üz verib.
Əziz və dəyərli qardaşımız,
elimizin-obamızın sevimlisi,
xalqımızın hörmətli ziyalısı,
Bakıdakı “Azərsutikinti” xəstəxanasının
və "Memorial Klinik" Tibb Mərkəzinin
sabiq həkimi,
tanınmış səhiyyə işçisi və xeyirxah insan
Səməd Nəbi oğlu Çobanov
vəfat edib.


SƏMƏD ÇOBANOV
(1946-2023)

Səməd Nəbi oğlu Çobanov - 1946-cı ilin dekabr ayının 12-də qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Darvaz kəndində müəllim ailəsində anadan olub. O, 1963-cü ildə kənddəki orta məktəbi medalla bitirmiş və elə həmin il ali təhsil almaq arzusuyla Bakıya gəlib, sənədlərini N.Nərimanov adına ATİ-nun müalicə-profilaktika fakültəsinə verib və imtahanlardan uğurla çıxaraq tələbə adını qazanır.
1969-cu ildə həmin fakültəni müvəffəqiyyətlə bitirir. S.Çobanov hərbi xidmətə çağırılır və iki il hərbi həkim kimi xidmət etdikdən sonra, 1971-ci ildə doğma Borçalıya - Darvaz kəndinə qayıdır və ambulatoriyada baş həkim kimi işə başlayıb.

Səməd Çobanov 1976-1978-ci illərdə Gürcüstan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ordinator kimi fəaliyyət göstərmiş, 1978-ci ilin payızından isə həkimlik fəaliyyətini Bolnisi rayon mərkəzi xəstəxanasında davam etdirib. Burada işlədiyi müddətdə onun şöhrəti təkcə Bolnisi rayonunda deyil, bütün Borçalıda da yayılmışdı.

Həkim M.Çobanovun dövri mətbuatda onlarla məqaləsi çap olunmuşdur.
O, həmçinin bir sıra tibbi-praktik konfranslarda iştirak etmişdir.
XX əsrin sonuncu onilliyində keçmiş SSRİ imperiyasının hakimiyyəti laxladığı dövrdə Gürcüstanda da ədalətsizlik, yerlibazlıq, millətçilik ideyaları gündən-günə qızışdığı zaman Bolnisi şəhərində yaşayan və işləyən yüzlərlə azərbaycanlıların əksəriffəti kimi həkim Səməd Çobanov da işdən azad edilmiş və Bolnisi şəhərindən çıxarılmışdır. O, yenidən doğma Darvaz kəndinə qayıtmış və 1989-1992-ci illərdə Darvaz kənd ambulatoriyasında baş həkim işləmişdir.

Səməd Çobanov kənddəki şəraitin çətinliyi ucbatından Bakıya gəlib “Azərsutikinti” xəstəxanasının qastroenterologiya şöbəsində işə düzəlmişdir.
Elə o vaxtdan da əmək fəaliyyətini burada şərəflə davam etdirmişdir.
2006-ci ildə təqaüdə çıxıb.
Təqaüdə çıxdıqdan sonra da daha 5 il həmin xəstəxanada, daha sonra isə "Memorial Klinik" Tibb Mərkəzində çalışıb.
Neçə-neçə insanların sağlamlığına şəfa verib, yüzlərlə insanın ömürünə ömür calayıb.
O, bir neçə dəfə müxtəlif Fəxri fərman və Diplomlarla təltif olunub.
2023-cü il aprelin 20-də Bakı şəhərində vəfat edib.

Əziz qardaşımız, elimizin-obamızın sevimlisi, xalqımızın dəyərli ziyalısı, tanınmış səhiyyə işçisi və xeyirxah insan Səməd Nəbi oğlu Çobanovun vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, bütün doğmalarına, yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı veririk.

Azərbaycan səhiyyəində əvəzsiz xidmətləri olan Səməd Çobanovun əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman əbədi olaraq yaşayacaq.

Allah rəhmət eləsin.
Məkanı cənnət, ruhu şad olsun.


ZiM.Az




.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: