RƏNA TƏBƏSSÜM (İMANOVA)

RƏNA  TƏBƏSSÜM   (İMANOVA) Rəna Şirin qızı İmanova - 1969-cu il martın 22-də
Sumqayıt şəhərində qulluqçu ailəsində anadan olub.
1976-1986-cı illərdə Sumqayıt şəhəri 17 nömrəli
tam orta məktəbdə təhsil alıb.
İlk əmək fəaliyyətinə 1986-cı ildə “Sintetik kauçuk” zavodunda
makinaçı kimi başlayıb, sonralar isə “Neftkimyaavtomat” EİB-də,
Azərbaycan Respublikası Kommunist Partiyası Sumqayıt Şəhər
Partiya Komitəsində, Şəhər Xalq Deputatları Sovetində,
Sumqayıt Şəhər İcra Hakimiyyə-tində, Sumqayıt Bələdiyyəsində
müxtəlif vəzifələrdə işləyib.
Hazırda Sumqayıt Bələdiyyəsində çalışır.
2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2005-2007-ci illərdə yarım ştat vahidi ilə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında şöbə müdiri, inspektor vəzifələrində işləmiş, şəhər təşkilatının fəxri fərmanı ilə təltif edilmişdir.
Sumqayıt Dövlət Universitetinin “Mühəndis iqtisadiyyatı və idarəetmə”, “Kimya sənayesinin iqtisadiyyatı” ixtisası üzrə qiy-abi ali təhsil almışdır.
2000-ci ildən jurnalistika sahəsində fəaliyyət göstərir.
Əlavə olaraq 2006-2007-ci illərdə Ə.Kərim adına Poeziya klubunda jurnalistika ixtisası üzrə birillik kurs bitirmişdir.
2007-ci ildən Rəna Təbəssüm imzası ilə ədəbi mühitdə tanınmışdır.
2009-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Rəna xanıma Təbəssüm təxəllüsünü “Azərbaycan” qəzetinin bölgə müxbiri, “Dünyaya pəncərə” qəzetinin təsisçisi və baş redaktoru olmuş Qalib Əhmədov (Qadir) yaraşdırmışdır.
“Mənəviyyat məbədi” (Sumqayıt 2008), “Corat. Qloballaşan dünyanın daş yaddaşı” (Sumqayıt 2009) kitablarını mərhum jurnalist Qalib Əhmədovla birlikdə yazmışdır.
“Corat. Qloballaşan dünyanın daş yaddaşı” kitabını birgə ərsəyə gətirən müəlliflər əslində, 2000 ilə yaxın yaşı olan Coratın qədimliyini geniş oxucu kütləsinə tanıtmaqla Sumqayıt şəhərinin məhz bu qədim diyarın qoynunda salındığını bir daha sübuta yetirmişlər.
Rəna Təbəssümün 2010-cu ildə “Eşqin gücü varsa...” kitabı işıq üzü görmüşdür.
“Qayıt. Əsrin faciəsi, yoxsa şəxsi qüsurlar”, “Qaranlıq izlər” adlı romanları çap ərəfəsindədir.
“Həsrət”, “Ana istəyirəm”, “Ümidlər puç olanda”, “Çin olan yuxular” adlı hekayələri və “Göz yaşları” adlı novellası oxucular tərəfindən rəğbətlə qarşılanır.
Hazırda “Tənha çiçək” adlı pyesi üzərində işləyir.
Cəmiyyətin mənfilikləri ilə üzləşən, lakin üzülməyən Rəna Təbəssüm qəlb məşəlinin işığında yeni əsərlər yazmaqda davam edir. Yazılarında sözün qüdrətindən yetərincə istifadə etməyi bacaran bu qələm sahibi rastlaşdığı mənfiliklərin hər küncündə müsbət tərəfi axtarır, çirkinlikdə gözəlliyi görməyə çalışır. Onun həyat eşqi ilə dolu qəlb çırpıntıları publisist məqalələri, oçerkləri, şeirləri və deyimlərində aydın sezilir.

İndiyədək müxtəlif mətbu orqanlarda – “Azərbaycan”, “Xalq”, “Respublika”, “Azad Azərbaycan”, “Ədalət”, “Kredo”, “Şərqin səsi”, “Elm və təhsil”, “Əsrin ziyalıları”, “Sumqayıt”, “Möhtəşəm Azərbaycan”, “Məslək”, “Günəşli sabah”, “Əsrin sədası” və s. qəzetlərdə məqalə və oçerkləri dərc edilmişdir.
2018-ci ildə KİV İşçilərinin Həmkarlar İttifaqının ”Qızıl Qələm” media mükafatına layiq görülmüşdür.

RƏNA  TƏBƏSSÜM   (İMANOVA)Jurnalistika sahəsinə olan həvəsinin anasının gənclik arzula-rından sıçradığını söyləyən Rəna Təbəssüm yetirməsi olduğu Sumqayıt şəhəri 17 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə təcrübəli pedaqoq kimi tanınmış anası Raya (Raisa) İmanovanın istəklərini yaşadır. Anası gənc yaşlarında Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə sənədlərini versə də, filologiya fakültəsinə qəbul olunmuşdur. Jurnalistikaya böyük maraq və sevgisini sonralar istedadlı qızı Rənaya ötürə bilmişdir. Bu gün müqəddəs ananın ruhu qarşısında yazıb yaratdıqları ilə baş əyən Rəna Təbəssüm ötən əzablı günlərini yaddaşa yazıb, tükənməz arzuların qanadında gələn yeni günlərinin aydın, xoş və sevincli olması diləyi ilə yaşayır.

RƏNA  TƏBƏSSÜM   (İMANOVA)Doğulub boya-başa çatdığı Sumqayıtdan iyirmi yaş kiçik olan istedadlı qələm sahibi Rəna xanımın acılı-şirinli həyat səhifələri onun alın yazısıdır. Bu yazıda ömür-gün yoldaşı “Müstəqil Res-publika” qəzetinin hüquq şöbəsinin müdiri olmuş, istedadlı şair Əziz Nadiroğlunun da adı var.
İşıqlı dünyaya əlvida deyən Əziz Nadir oğlu Alməmmədovun vəfatından sonra “Dünya, səndə gözüm qaldı” şeirlər kitabı Rəna xanımın redaktorluğu ilə işıq üzü görmüşdür.

Həyatda aldığı zərbələrdən usanmayan, haqsızlıqlarla sivil mübarizə aparmağı və qalib gəlməyi bacaran Rəna Təbəssüm tale yollarındakı iniltilərini qələmilə ağ varaqlar üzərinə əbədi həkk edir.

Biz də Rəna xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az



VƏTƏN

Vətən mənim torpağım
Vətən mənim and yerim
Vətən mənim qüdrətim
Vətən mənim qeyrətim.

Vətən azad olmalı
Həyat rəvan olmalı
İnsan xoşbəxt olmalı
Sabah nurlu olmalı.

Yad elə sirr verənin.
Torpağa göz dikənin
Düşmənə dost deyənin.
Allah kəsər tikəsin.

Hər qarışı əzizdir
Vətən candan əzizdir
Vətən varsa, soy da var
Keçmişi var, izi var.

Bu torpaqda böyüyən
Mərdliyilə öyünən
Hər oğulun, hər qızın
Basılmaz Vətəni var.


QARABAĞ BİZİK

Sil gözün yaşını əsgər balası
Qürurlan gözəl yar, üzü ağ bizik.
Aç qara şalını şəhid anası,
Biz artıq qalibik, Qarabağ bizik.

İgidlər yurdunu elə gözlədi
Düşmən qırmadı sərt əzmimizi,
Vətən uca tutdu, çox əzizlədi,
Can alıb, can verən şəhidimizi.

Dəmir yumruq kimi bütövük daha
Yenilməz, əyilməz uca dağ bizik.
Uğurlar dilədik, igid İlhama,
Artıq biz qalibik, Qarabağ bizik!


QALİB OL

Mübariz ol, ayıq ol
Torpağına layiq ol
Hər an ayıq-sayıq ol,
Qalib ol, həyat budur!

Bulud olsan, boşalma
Ürək olsan, daş olma,
Selə-suya qoşulma,
Qalib ol, həyat budur!

Elsiz ömür hədərdi
El sevənin nə dərdi?!
Yaxın qoyma namərdi,
Qalib ol, həyat budur!


20 YANVAR

Soyuq, məşəqqətli bir qış gecəsi
Güllə yağışına tutuldu Bakı.
Göyə qalxdı xalqın ahı, naləsi
Qanla açdı hər kəs qorxunc sabahı.

Haqq deyən dillərə qıfıl vuruldu
Neçə nakam oğul getdi həyatdan.
Azadlıq söyləyən dil susduruldu,
Cəsədə büründü hər tərəf, hər yan.

Analar sərgərdan, gözləri yaşlı
Şəhid qanı ilə sulandı yollar.
Hər kəs səksəkədə, hər kəs təlaşda,
Əl açıb Dərgaha uzandı qollar.

Bir dastan yazıldı tarixə o gün
Fərizə dastanı, İlham dastanı.
Ay anam, ay atam ağlama öyün,
Bir mərdlik bürüdü bütün dünyanı.

Susmadı, susmadı, coşdu məmləkət
Qaynar qazan kimi boşaldı, doldu.
Bir yumruğa döndü, birləşdi millət,
Bu yol azadlığa gedən yol oldu!


RƏNA  TƏBƏSSÜM   (İMANOVA) SEVGI BAĞIM

Bir kənd vardı, adını bilən yox
Kənddə bir daxma vardı, damı yox
Yolu uzun, ucu-bucağı yox
Getdikcə gedirdim, arzular çox.

Xəyal dünyamın nağılı susmaz
Əkdiyim güllər solmaz, susamaz.
Hər tərəf yaşıl, bir də qış olmaz
Sevgi bağımda bahar qurtarmaz.

Nağılsız, xəyalsız sevgi olmaz
Buna inansan həyat qurtarmaz.
Qara buluddan yağış da yağmaz,
Sevgi bağımda qar-boran olmaz.

Damsız daxmamda tənhayam indi
Bu kənddə özüm adsızam indi.
Qaçıram əsən küləkdən, səsdən
Sevgi bağıma gələn hər kəsdən.

Xəyal sevgimin bəzəyi imiş
Yazılan məktublar yalan imiş,
Pıçıltı acı sızıltı imiş,
Ömrümün mələyi qonaq imiş.

Dünyada yalan, hamısı yalan
Sevgi bağımdan məni gen qovan
Yaz çiçəyimi əlimdən alan
Sevgi bağımın qatili imiş.
17.03.2021


SEVGİ GÜNƏŞİM

Niyə heç nədən küsüb gedirsən
Yoxsa, nazındır belə edirsən.
Sevgi günəşim hara gedirsən?
Öz yarını sən atıb gedirsən.

Hara baxıram səni görürəm
Göydə ulduzu sönən görürəm
Yaman soyuyub sevgi günəşim
Səmada ayı küsən görürəm.

Sevgi günəşim, qayıt ömrümə
Qara buludu dolan görürəm.
Sənsizliyə öyrəşim mən necə,
Öz kölgəmdə də səni görürəm.


NÖQTƏLƏR...

Yazıram nöqtəsiz, bilirsən niyə
Tək nöqtə son demək, vida deməkdir
Sonsa boşluq, soyuq məzar deməkdir,
Həyata əbədi vida deməkdir.
Əlvida deməyə qorxmuram, axı
Ötən günlərə də bu son deməkdir.
Keçmişim itməsin, silinməsin kaş
Qara nöqtələr də var, qalırsan çaş
Nöqtələr qoyulur qoyulsun, təki
Ömrün son nöqtəsi qoyulmaya kaş.
Nöqtə var, mənası dərindən dərin
Arzular bitincə onlar bitməsin,
Qaçıram nöqtədən ölüm gəlməsin.
Arzum, diləyim heç vaxt tükənməsin.
Yazıram nöqtəsiz, bilirsən niyə?
Tək nöqtə son demək, vida deməkdir
Nöqtələr, nöqtələr, yenə nöqtələr...
Nə qədər nöqtə var ömür var demək
Yaşamaq, yaratmaq, istək var demək
Sevgi dolu dünyam qalibdir demək
Nöqtələr içində ömür var demək.
08.03.2021

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: