Pərixanım MİKAYILQIZI: "Fələk niyə oyun qurdu mənimlə?.."

TƏBRİK EDİRİK!..

Tanış olun:
Pərixanım Mikayıl qlzı Muradova - 1960-cı il Pərixanım MİKAYILQIZI: "Fələk niyə oyun qurdu mənimlə?.."
sentyabrın 14-də Bakı şəhərində anadan olub.
İlk təhsilini Bakıdakı 173 saylı orta məktəbdə alıb,
sonra 30 saylı məktəbdə davam etdirib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib.
Ədəbiyyata olan həvəsi onu BDU-nin jurnalistika fakultəsinə gətirib və o, Azərbaycan mədəniyyət tarixində xüsusi yeri olan, görkəmli ədəbiyyatşünas, əvəzolunmaz pedaqoq, tənqidçi, publisist və folklorşünas Firidin bəy Köçərlinin həyat və yaradıcılığının tədqiqatına başlayıb. Firidun bəy Köçərlinin uşaq nağılları və hekayələrindən ibarət ayrıca bir kitab da nəşr etdirib.
Uzun illər cənab Prezidentin adını daşıyan
SİYASI SƏNƏDLƏR ARXİVİNDƏ şöbə müdiri və
Dövlət qulluğunun baş müşaviri vəzifəsində çalışıb.
Hazırda isə “Şərqin səsi”“Elm və Təhsil” qəzetlərində redaktor, “Azad qələm” qəzetində isə baş məsləhətçi
vəzifəsində çalışır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 5 kitab müəllifidir.
Kitablarından biri Firidin bəy Köçərlinin həyat və yaradıcılığına həsr olunub.
İkisi jurnalistika və ədəbiyyat fakültəsinin tələbələri üçün dərs vəsaitidir.
Digər iki kitabı isə şeirlərdən ibarətdir.
Hazırda daha iki yeni kitab üzərində işləyir.
Müxtəlif qəzet və jurnallarda, toplu və məcmuələrdə
70-dən çox elmi və publisist məqalələri, həmçinin,
"ZİRVƏ" poeziya antologiyasında (2017-2019) və
"Sazlı-Sözlü Borçalı" Ədəbi Məcmuəsində (2018-2019)
şeirləri dərc olunub. 15-dən çox şeirinə musiqi bəstələnib.

Pərixanım Muradova ailəlidir. 3 övladı və 7 nəvəsi var.
Övladları ali təhsilli alim və ziyalı təbəqənin nümayəndələridir.
Nəvələri isə məktəblidirlər; hamısı Bakıda yaşayır.


Bu günlərdə dəyərli həmkarımız Pərixanım Mikayılqızı
"ZİRVƏ" poeziya antologiyasında dərc olunan şeirlərinə görə
"Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu" tərəfindən
"ZİRVƏ" mükafatına layiq görülüb və Fəxri Diplom ilə təltif olunub.

Biz də fürsətdən istifadə edərək, ZiM.Az-ın bütün yaradıcı heyəti adından
çox hörmətli Pərixanım Mıkayılqızı"ZİRVƏ" mükafatına layiq görülərək
Fəxri Diplom ilə təltif olunması münasibətilə, eləcə də, qarşıdan gələn
8 Mart Beynəlxalq Qadınlar günüNovruz Bayramı münasibətlə
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və
yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Və aşağıda Pərixanım Mıkayılqızı şeirlərindən bir neçəsini
dəyərli oxucularımıza ərmağan edirik.


Müşfiq BORÇALI,
ZiM.Az



MƏNIM DƏRBƏNDIM

Neçə qərinələr ötüb keçsən də,
Yurdundan ayrılıb ayrı düşsən də,
Həsrəti, hicranı gizlin çəksən də,
Mənə qucaq açdın, qəbul eylədim,
Sənə Vətən dedim, mənim Dərbəndim.

Üstün dumanlıdır, dağların çəndir,
Yaşın bilinməyir, görən neçədir.
Söylə, qəriblikdə halın necədir?
Sən qərib olsan da, adın Vətəndir,
Sənə Vətən dedim, mənim Dərbəndim.

Qoynunda tarixdən nişanələr var,
Dağında, daşında işarələr var,
Haqqında yazılan risalələr var,
Mən də dilə gəldim, susmadım dindim,
Sənə Vətən dedim, mənim Dərbəndim.

Babaların ruhu, kəlməsi burda,
Qardaş Bakımızın nəfəsi burda,
Gəncliyin yaşamaq həvəsi burda,
Hüsnünə xoş sözlər gətirdim, gəldim,
Sənə Vətən dedim, mənim Dərbəndim.

Qədimdən qədimsən, uludan ulu,
Bürüyüb gözəllik sağı, həm solu,
Şair cuşa gəlib, sinəsi dolu,
Deyir ki, şeirimdə sətirim, bəndim,
Sənə Vətən dedim, mənim Dərbəndim.

Belə gözəlliyə nə söyləyim mən?
Şeirmi, mahnımı həsr eyləyim mən.
Şəninə ərənlik vəsf eyləyim mən,
Səndən ayrılanda arxayın gedim,
Sənə Vətən dedim mənim Dərbəndim.

Nə qədər biz varıq, sevərik səni,
Edərik min arzu, min dilək səni.
Unuda bilərmi bu ürək səni?
Səninlə bir olsam daha nə dərdim,
Sənə Vətən dedim, mənim Dərbəndim.

Arada məsafə olsa da yenə,
Bağlıyam canımla, qanımla sənə.
Bu gün bir qonağam gəlmişəm sənə,
Bəlkə ona görə belə kövrəldim,
Sənə Vətən dedim, mənim Dərbəndim.

Pəriyəm, sinəmdə köz qalaq-qalaq,
Vətənə can verək, biz qurban olaq,
Geriyə dönəndə ləpir, iz qoyaq,
Mənə canım qədər yaxınsan, bildim,
Sənə Vətən dedim, mənim Dərbəndim.


TÜRKƏM DEYƏK

Ey Türk oğlu!
Qalx ayağa de sözünü,
Qoyma yaxın düşmənini, ov gözünü, tök gözünü.
Sən qəhrəman, sən ərənsən,
Bunu tarix özü deyir,
Ululardan gələn səssən, ləpirinin izi deyir.
Heç bir zaman qorxmadın sən
nə ölümdən, nə təhdiddən,
Zaman-zaman əzab gördün ,
haqq sözündən dönmədin sən.
Gecə-gündüz məşəl olub alovlandın, sönmədin sən.
Bu gün Türkəm deyiriksə,bu torpağa borcluyuq biz.
Bu Vətənin övladıyııq, bu torpağın oğluyuq biz.
Dünya bilir, aləm bilir
Türk kökümüz, soyumuzdur,
Altay, Orxan ulu babam, Dədə Qorqud boyumuzdur.
Istəyirəm bu gün yenə Türklüyümü bəyan edəm,
Düşmənlərim duysun bunu, kimliyimi əyan edəm.
Qoy qalmasın ürəyimdə, nəğmə olsun el dilində.
İstəyirəm bu gün yenə
dik dayanaq, məğrur duraq,
Möhkəm olaq, birlik olaq
Böyük Turan eli quraq.
Bunun üçün söyləyirəm,
Ey Türk oğlu, qalx ayağa,
Hər kəs bizi görsün gərək,
Hər birimiz uca səslə:
Türkəm deyək, Türkəm deyək!


MÜBARIZ

Sən ucaldın tariximin qəhrəmanlıq zirvəsinə,
Günəş özü heyran qaldı işığının zərrəsinə.
Özün kimi oğulları qoşdun ərən cərgəsinə,
Qürurumuz, fəxrimizsən, səni qəlbən sevirik biz,
Yaşayacaq ruhun hər an ürəyimmizdə, MÜBARIZ.

Məkanını dəyişsən də ölmədin sən, yaşayırsan,
Comərdliyin rəmzi olan şəhidliyi daşıyırsan.
Sən səmada aya döndün, ulduz kimi parlayırsan,
Işığından kor olubdur, düşmənlərin bilirik biz,
Sən bizim and yerimizsən, şərəfimizsın MÜBARIZ!

Səni heç vaxt unutmarıq, Vətən deyir,
Millət sənə səcdə edir, "şəhid balam"sağ ol deyir.
Göz yaşımız sevinc olub, kədərinə boğul deyir,
Sənin kimi qəhrəmanı daim sevəcək elimiz,
Əbədidir sənin adın, Azərbaycanla MÜBARIZ!


KÜSƏN QADIN

Bəxt ulduzum heç gülmədi üzümə,
Kədər, qüssə, nəm süzüldü gözümə,
Acı həsrət, qəm düzüldü sözümə,
Bu dünyadan küsüb, gedən qadınam.

Taleyim xoş yazılmadı ayıma,
Qışım hər il soyuq əsdi yayıma,
Sevinc sanki səhv düşübdür payıma,
Bu dünyadan küsüb, gedən qadınam.

Fələk niyə oyun qurdu mənimlə?
Dünya işi tərsə burdu mənimlə,
Keçən keçdi, olan oldu mənimlə,
Bu dünyadan küsüb gedən qadınam.

Həyatımdan yaman bezdim, usandım,
Nalə çəkdim kimsə bilər, utandım.
Ömürboyu hey alışdım, hey yandım ,
Bu dünyadan küsüb gedən qadınam.

Mən Pəriyəm,yerim göydür, səmadır,
Ürəyimdə qəm çağlayır, yamandır.
Bu nə bəxtdir, nə tale, nə zamandır?
Bu dünyadan küsüb gedən qadınam.


GEDIRƏM

Sənli xəyallara sarılıb yenə,
Kədəri içimə büküb, gedirəm.
Sənsizlik dərdini çəkməmək üçün,
Sevgimə bələnib, küsüb gedirəm.

Bu sevgi bir həsrət nağılı oldu,
Soyduqca yaramı doymadı, soydu.
Sonunda tənhalıq nişanı qoydu,
Əlimi əlindən üzüb, gedirəm.

Bir kimsə bilməsin hardadır yerim,
Nə bir söz eşidim, nə xəbər bilim.
Öləndə sevənlər içində ölüm,
Əlvida şərbətin içib, gedirəm.

Pəriyəm, nə qədər çəkəcəm ahı,
Bilirəm eşqdir yerin Allahı.
Gəl göstər mənim tək talesiz hanı?
Vəfasız dünyadan bezib, gedirəm.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: