Teymur İSMAYIL (1982)

Teymur İSMAYIL (1982) Teymur Bəkir oğlu İSMAYILOV - 1982-ci ildə
qədim Borçalı mahalının Başkeçid
(indiki Gürcüstanın Dmanisi) rayonundakı
Qızılkilsə kəndində anadan olub.
Bakıda təhsil alıb.
Hazırda Moskvada yaşayır.
Şeirləri "Ziya", Şərqin səsi",
"Elm və təhsil"
qəzetlərində,
ZiM.AzZirve.İnfo saytlarında,
"Sazlı-Sözlü Başkeçid" (2015)
və s. kitablarda dərc olunub.



Gəyliyən

Bir yanın meşədir, bir yanın tala,
Nə gözəl yaradıb Allah-taala.
Yenilməz-möhtəşəm qalasan-qala,
Mənim doğma yurdum-elim Gəyliyən!

Getmişəm-gəlmişəm, aşmışam bələn,
Zəmzəmə bənzəyir, sanki Hölələn.
Durub qulluğunda mən olan kölən,
Çəmənim-çiçəyim, gülüm Gəyliyən!

Dədə-baba yurdum – gözəl məkanım.
Teymuram, qurbandı sənə bu canım.
Harada olsam da sənsən hayanım,
Səndən heç üzmərəm əlim, Gəyliyən,
Ey mənim ağzımda dilim, Gəyliyən!

Ata

Sən köçəndə altı yaşım yox idi,
Arzularım, istəklərim çox idi.
Ata, hər yan xəncər-bıçaq, ox idi,
Gözlərimdən getməyirsən bircə an sən.

Qışa döndü bahar vaxtı ömrümün,
Qəm kədərlə keçdi sənin hər günün.
El bilirdi saf insansan, yox kini9on,
Heç bir zaman danışmırdın yalan sən.

Duman oldun, çiskin oldun, çən oldun,
Çox qismətsiz, bəxt-iqbal, kəm oldun.
Namərd güllə atdı, hədəf sən oldun,
Teymur qəlbin dərdə salıb qıran sən!

Babam

Babam Mustafadır, eyləyim tanış,
Gəzibdi sibiri o, qarış-qarış.
Qoçaq adam olub, alıbdı alqış,
Türkün tarixindən, keçmişdən deyib.

Sevibdi aşığı, həm dastanları,
Yadda saxlayıbdı qəhrəmanları.
Tənqid eyləyibdi çox nadanları,
Çəkdiyi məsəllər min cana dəyib.

Hər vaxt tutub gedib Dədə yolunu,
Kasıbın-məzlumun alıb qolunu.
Saya da saymayıb qoluzorlunu,
Təkcə Tanrısına başını əyib.

Həyatı bir zaman olsa da zindan,
Çalışıb-vuruşub, etməyib fəğan.
Heç vaxt danışmayıb bəy atasından,
Yalnız vətənini – dağları öyüb.

Durmayıb, həmişə çəkibdi zəhmət,
Saldığı bağ-bağça, sanki bir cənnət.
Nəvəsi Teymur da söylənib rəhmət,
O, gəzən yerlərə çox ayaq döyüb.


Dağlardı

Çox seyr etmişəm çəmən-çölləri,
Görmüşəm çağlayıb axan selləri.
Gəzib dolanmışam qürbət elləri,
Dünyada ən gözəl bizim dağlardı.

Dağlarda böyüyüb, başa çatmışam,
Yamacdan gül dərib, şehə batmışam.
Dəyədə-binədə hərdən yatmışam,
Mənim hər söhbətim-sözüm dağlardı.

Fələk ayrı saldı dağlardan məni,
Görmürəm çoxdandı dumanı-çəni.
Teymuram sevirəm doğma Vətəni,
Bu canım-ciyərim, gözüm dağlardı.


Qaçaq Səməd babam mənim

Adı bəlli qaçaq olub,
Yaman gözə bıçaq olub,
Ağla gəlməz qoçaq olub,
Qaçaq Səməd babam mənim.

Kəsilməyib ağır izi,
Dəyməyibdi yerə dizi.
Qırpmayıbdır heç vaxt gözü,
Qaçaq Səməd babam mənim.

Olubdur Sibir dustağı,
Yerindən tərpədib dağı.
Qırıb-töküb bəndi-bağı,
Qaçaq Səməd babam mənim.

Yol gəlibdi altı aya,
Bənzəyibdir coşğun çaya.
Salmayıbdır rusu saya,
Qaçaq Səməd babam mənim.

Teymur heyran qalıb ona,
O torpağı bilib ana.
Üz tutubdu Alosmana,
Qaçaq Səməd babam mənim.


Vətən torpağına

Gündüz Günəş, gecə Ayam,
Yerdə dəniz, coşqun çayam.
Tək canıma bir alayam,
Vətən, sənin torpağına.

Təpəmdə tək gözüm, Vətən,
Yerə dəyməz dizim, Vətən.
Yansan deyər közüm, Vətən,
Bükülə idim bayrağına.

Çoxdur sənin ərənlərin,
Düşmən bağrın dərənlərin.
Teymur, vətən sevənlərin,
Daş dəyməsin dırnağına.


Əziz anam, Səringülüm

Həm anasan, həm dost-yoldaş,
Oldun mənə sanki qardaş.
Sən vədəsiz ağartdın baş,
Əziz anam, Səringülüm,

Körpəlikdən etdim heyrət,
Qismət oldu sənə qürbət.
Ömrüboyu gördün zillət,
Əziz anam, Səringülüm,

Çox istədin qardaş-bacı,
Neyləsən də gördün acı.
Ey göz nurum, başım tacı,
Əziz anam, Səringülüm,

Eylədinsə nəyi dilək,
Çatdırmadı zalım fələk.
Dərd-qəm verdi ətək-ətək,
Əziz anam, Səringülüm,

Üz tutsan da hansı yönə,
Səxavəti çəkdin önə,
Pay payladın dönə-dönə,
Əziz anam, Səringülüm,

İşin-gücün oldu çətin,
Sən böyütdün bizi mətin.
El içində var hörmətin,
Əziz anam, Səringülüm,

Bu Teymurun həyanısan,
Bil ki, onun qəlb-canısan.
İlhamlı söz kanısan,
Əziz anam, Səringülüm,

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: