Bizi dünyaya tanıdan Bayraq

Bizi dünyaya tanıdan Bayraq Noyabrın 9-u Azərbaycanda
Dövlət Bayrağı Günüdür.


Ölkəmizin üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

1920-ci ilin 28 aprelində Xalq Cümhuriyyəti süqut edəndən və Azərbaycan Azərbaycan öz müstəqilliyini itirib sovetləşəndən sonra respublikanın üçrəngli bayrağı da dəyişdirilərək qırmızı sovet bayrağı ilə əvəzlənib.

1991-ci il fevralın 5-də respublika Ali Sovetinin qərarı ilə üçrəngli və ay-ulduzlu bayraq yenidən Azərbaycanın dövlət bayrağı elan edilib.
Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib və dəyişikliyə əsasən Dövlət Bayrağı Günü qeyri-iş günü hesab olunur.

2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Meydanda inşa olunmuş bayraq dayağının hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Bütün bunlar qürurverici və ruhumuzu şadlandıran olaydır. Bayraq hər bir ölkənin müstəqilliyinin daşıyıcısı, dövlətin, dövlətçiliyin varlığını dünyaya elan edən səbəbkardır. Bayraq ölkənin şərəfi, namusu, gözbəbəyidir. Biz hamılıqla necə ki, gözlərimizi sevirik, bizə işıqlı dünya bəxş edir, eləcə də bayrağımızı sevməli, ona səcdə etməliyik. Çünki o bizi dünyaya tanıtdırır, ölkəmizin kimliyinin timsalıdır. Cənab prezident İlham Əliyev kimliyimizin daşıyıcısı olan bayrağımıza çox önəm verdi, onu Bakımızın ən uca yerində şan-şöhrətlə dalğalandırdı!

Bizi dünyaya tanıdan Bayraq Bayrağımız haqqında bilgilər də çox maraqlıdır:

 Üçrəngli bayrağımızın simvolları fikirimizcə hamımızın maraq dairəsindədir:
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir.
Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir.
Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng, həm də simvolik məna daşıyır. Göy rəng XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirirdi.

Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir. XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrildi. 

Yaşıl rəng – İslam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir.

Tarixdə səkkizguşəli ulduzun mənası belə açıqlanır: türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir. Azərbaycan bayrağında ulduz Azərbaycan memarlıq üslubunda geniş istifadə olunub və səkkiz guşə-səkkiz türk xalqının simvoludur.
Hər dəfə görkəmli yerlərdə bayrağımızın dalğalandığını görəndə, ürəyimizdə necə təlatümlər yaranır, sanki, bizi müstəqilliyimizi ruhumuzla, canımıla, varlığımızla qorumağa səsləyir.
Azərbaycan bayrağına hörmətsizlik cinayət sayılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 324-cü maddəsində Dövlət Bayrağı və Dövlət Gerbinin təhqir edilməsi yolverilməz hesab olunur. Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər — iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ona görə də bayrağımıza sayğısızlıq göstərən heç bir kəs cəzadan kənarda qala bilməz. Bayrağımıza sevgi, öncə ailədə, sonra tədris müəssələrində aşılanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir :
  “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına!”

Bizi dünyaya tanıdan Bayraq Gözümüzün nuru olan bayrağmız, sənin Bayrağ günün mübarək olsun!
Sən öz şərəfinlə qüdrətinlə ölkəmizin başı üstə daim dalğalan, qoy düşmənlərimizin, yağılarımızın gözü tökülsün, dostarımız, qardaşlarımız, sevincimizə şərik olanlar isə min budaq olsun!
Ey sevimli Vətən, Bayraq günün şərəfvericidir, diləyimiz budur ki, işğal olunmuş torpaqlarından murdar düşmənlərin ilim-ilim itsin, sabahların şadlıq və sevincə açılsın.
Bayraq Gününə xoş gəldin, Vətən...

Ceyhun Ağabəyov,
Azərbaycan Jurnaslistlər Birliyinin üzvü.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: