Sahib ÖMƏROV: "Yurdumun quruca adı qalıbdı..."

Sahib ÖMƏROV: "Yurdumun quruca adı qalıbdı..." Sahib İlyas oğlu Ömərov 1960-cı il
iyun ayının 14-də Qərbi Azərbaycanın
itirilmiş torpaqlarından olan, rəsmi şəkildə
Ermənistan Respublikasının ərazi vahidinə
qatılan Kalinino rayonundakı Qızıldaş kəndində anadan olub.
Həmin kənddəki səkkizillik məktəbində, daha sonra isə həmin rayonun Evli kənd orta məktəbində oxuyub.
1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunun riyaziyyat fakultəsinə daxil olub və 1982-ci ildə oranı müvəffəqiyyətlə bitirib.
Bir müddət Qazaxıstan Respublikasında, daha sonra isə Ermənistan Respublikasında müəllimlik edib. 1988-ci ildə məlum səbəblərə görə Bakıda məskunlaşaraq burada müəllimlik fəaliyyətini davam etdirir.
Hal-hazırda Bakı şəhərindəki 100 №-li orta məktəbdə müəllim işləyir.
Ailəlidir, üç övladı var.

Sahib müəllim poeziya yaradıcılığına şoxdan başlasa da, təvazökarlıqdan çap olunmağa tələsməyib. Şeirləri ilk dəfə dərc olunur.
Aşağıda Sahib müəllimin bir neçə şeirini
ZiM.Az-ın dəyərli oxucularına təqdim edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

ZiM.Az



Bağışla məni, gözəl Qızıldaşım...


Bir inci qoymuşam dağlar arası,
Cənnətin oxşarı, ürək parası,
Sağalmır qəlbimdə həsrət-yarası,
Örüş yerim, gülzarım bağça-barım,
-Göydağ, Arpadərəm, Leylək uçanım.
Bağışla məni, gözəl Qızıldaşım.

İstərəm bir balaca tarixi anım,
Şəhidlik zirvəsi şöhrətim-şanım,
Yolunda ölənlər, mənim də canım,
Sən dastan yazmısan mərd vuruşanım,
-Balayal, Gölyeri, Çayqarışanım.
Bağışla məni, gözəl Qızıldaşım.

Yazda yer bellədik əkini əkdik,
Yayda çırmanaraq kərənti çəkdik,
Çeşmələr olmasa deyin biz nəydik,
Can dərmanım, görüş yerim, sorağım,
-Həmiydəm, Sümüklüm, Soyuqbulağım,
Bağışla məni, gözəl Qızıldaşım.

Kirmişcə-kirmişcə qoruğa dolduq,
Qaruqçu gələndə pələsəng olduq,
Yesək-yeməsək də qoltuğa vurduq,
Yemliyim, türpəyim, quzuqulağım,
-Bayramkoxam, Keşdərəm, Daşçıxanım,
Bağışla məni, gözəl Qızıldaşım.

Günün çox vaxtın meşəsindəydik,
Almasını yeyib, armudnu dərdik,
Qışı sərt olsa da heç üşümədik,
Evimdə, fıstığım, odun-ocağım,
-Arısenən, Daşbaşı, bir də Almalım.
Bağışla məni, gözəl Qızıldaşım.

Qurulan binələr qatar-qatardı,
Dəyədə hər şeyin nizamı vardı,
Nənə üşəncində hər gün artardı,
Qurudum, qatığım, yağım-qaymağım,
-Qaranlıqdərə, Armudlu yaylağım.
Bağışla məni gözəl Qızıldaşım.

Nələrdən olmuşam, təkəm meydanda,
Düşmənim şərəfsiz, fürsət şeytanda,
Yox oldu umudum, son imkanım da,
Nə qoruya bildim, nə də savaşdım,
Qıraqdan boylandım, axdı göz yaşım,
Bağışla məni, gözəl Qızıldaşım.


Həsrətindəyəm

Sümüklünün yan-yörəsinin,
Beldə sənəyi-kuzəsinin,
Gözəllərin gül çöhrəsinin,
Həsrətindəyəm.


Cahan anamın cəhrəsinin,
Həsnə arvadın nəhrəsinin,
Bərəkətinin, bəhrəsinin,
Həsrətindəyəm.


Ölü Vəlinin qayasının,
Dayım Əhmədin zurnasının,
Qız-gəlinlərin həyasının,
Həsrətindəyəm.


Kərəntinin işıltısının,
Laylarının xışıltısının,
Bildirçinin pırıltısının,
Həsrətindəyəm.


Bığlı Məcidin tək atının,
Ağgöz Mərizin şahmatının,
Bij Rəhimin zarafatının,
Həsrətindəyəm.


Bayatılar

Əzizim Qızıldaşdı,
Yolu çamırdı, daşdı,
Bizə qonaq olanın,
Yeri yuxarı başdı.

Əzizim Qızıldaşa,
Sən də gəl Qızıldaşa,
Qapımızı açan kəs,
Girmə biznən savaşa.

Əzizim Qızıldaşdandı,
Söhbət Qızıldaşdandı,
Yerişindən bildim ki,
Gələn Qızıldaşdandı.

Əzizim Qızldaşlıdılar,
Söz yiyəsi Qızıldaşlıdılar,
Bulaq üstə keyf gedir,
Bildim, Qızıldaşlıdılar.

Əzizim Qızıldaşdıdı,
Baxma, cavan-yaşdıdı,
Biznən höcətə düşən,
Demək, iki başdıdı.

Mən aşıq Qızıldaşdan,
Gah o yandan, gah bu yandan,
Özüm yaddan çıxıram,
Söz düşəndə Qızıldaşdan.

Mən aşıq Qızıldaşımsan,
Söz-söhbətim sirdaşımsan,
Sənə həsrət qalmışam,
Qurumayan göz yaşımsan.


Həsrət

Mən dönük çıxmışam, gedə bilmirəm,
İndi çovğun düşüb, qar ələnibdi.
Dostumu düşməndən seçə bilmirəm,
Bir həsrət, bir nisgil qəhərlənibdi.

Baxıram yollara, yollar həməndi,
Kəsib bənd-bərəni, atıb kəməndi,
Yiyəsi başqadı, yiyə düşməndi,
Qarğışlar içində lənətlənibdi.

Yurdumda yaşanan o keçən günlər,
Xoş xatirələrdir, bala dönübdü.
Bir yana çəkilsin, toylar düyünlər,
Ağrılar, açılar şəkərlənibdi.

Baxmadı, arada olan həsrətə,
Dözüb ayrılığa, dözüb möhnətə,
Vətənin torpağı dönüb cənnətə,
Sinəmin altında çiçəklənibdi.


Kimidir

Uzaqdan əl edir mənə zirvələr,
Həsrətlə boylanır dağlar, dərələr,
Qismətim nisgildir, qəmdir, kədərdir,
Qapısı bağlanmış, bağlar kimidir.

Yurdumun quruca adı qalıbdı,
Baharı söylənir, barı söylənir.
Doğması perikib, yadı qalıbdı,
Meyvəsi talanmış, tağlar kimidir.

Bir boşluq hökm edir, ruhuma hərdən,
İçində gör nələr, nələr gizlədir.
Dolaraq kükrəyir, çağlayır birdən,
Göz yaşı tökəcək, ağlar kimidir.

Vicdanın qapısı azca aralı,
Gözləyən, saxlayan haqqın səsidir.
Sahibi ölməyib, hələ yaralı,
Umudla gözləyən, sağlar kimidir.


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: