BƏSTİ BƏRDƏLİ

BƏSTİ BƏRDƏLİBəsti Bərdəli
(Abdullayeva Bəsti Alı qızı)
Bərdə rayonunun
Buəhmədli kəndində
dünyaya göz açıb.
Orta təhsillidir.
AYB-nin, İrak Türkmən Ədəbyatçılar Birliyinin və "Aşıq Pəri" məclisinin üzvüdür.
4 kitab müəllifidir.
3 övlad anasıdır.

Biz də Bəsti xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az



CƏHDİM AZADLIQDI,
HƏDƏFİM TURAN


Xainin, xəbisin könül yasıyam,
Mən söz dəryasının akulasıyam.
Takdir Allahındır, güc mələklərin,
Səbirlə ərz edim qoy sərin, sərin.
Ürəyim komutan, qələmim əsgər,
Bu ana vətənim, məmləkətim zər.
Kutsal diləyimdi and yerim Quran.
Cəhdim azadlıqdı, hədəfim Turan.
Gərəyim torpağım, çörəyim, duzum,
Türk səsim, bayrağım, ayım, ulduzum.
Sabahım minillik kökümün üstə,
Zamanı yaşa ki, tarixi istə.
Gücüm tükənməsin, qolum itməsin,
Yürüyüm azmayım yolum itməsin.
Vüqarım dağ olsun, duruşum Murov,
Arzumun üstünə düşməsin qırov.
Sənə səslənirəm ey əziz Şuşam,
Başının üstündə çırpınan quşam.
Gəlməsin hər yoldan ötən yerimə,
Tarixəm, möhürəm vətən yerimə.
30.09.2021.


QARABAĞ TÜRKÜNDÜ,
TÜRKÜN OLACAQ


Zəfərlə, hünərlə çıxıb savaşdan,
Günəşlə gəlirəm qalxıb o başdan.
Türkün əqidəsi qayadan, daşdan,
Qarabağ türkündü, türkün olacaq.

Uğurum tarixə fəxri ad olsun,
Bayrağım göylərdə qoy azad olsun.
Bütün şəhidlərin, ruhu şad olsun,
Qarabağ türkündü, türkün olacaq.

Basılmaz, bölünməz bu ulu yurdum,
Mən onu zəhmətlə, şərəflə qurdum.
Oxuyur ucadan müzəffər ordum,
Qarabaq türkündü, türkün olacaq.

Əzimli, qürurlu yaşam deyir ki,
Polat iradəli Paşam deyir ki.
Laçınım deyir ki, Şuşam deyir ki,
Qarabağ türkündü, türkün olacaq.

Alovun, ocağın, közün məkanı,
Şeirin, sənətin, sözün məkanı.
Haqqın, ədalətin, düzün məkanı,
Qarabağ türkündü, türkün olacaq.
30.10.2020.


MÜSƏLLƏH ƏSGƏRDİ MƏNİM QƏLƏMİM

Hünərlə yol açır söz dağımıza,
Atır imzasını bu çağımıza.
Sarılır üç rəngli bayrağımıza,
Müsəlləh əsgərdi mənim qələmim.

Deyir torpaq ölər, deyir su ölər.
Gözündə gecənin yuxusu ölər.
Qəlbində ölümün qorxusu ölər,
Müsəlləh əsgərdi mənim qələmim.

İncidən yaradır dağılmaz qala,
Mərtdi, əyilməzdi çəkilməz dala.
Döyüşür ruhumdan güc ala-ala,
Müsəlləh əsgərdi, mənim qələmim.

Oylağı Kəlbəcər, Şuşa, Zəngilan,
Səmada günəşdi, səngərdə ilan.
Zalımdan, yağıdan qisasın alan,
Müsəlləh əsgərdi, mənim qələmim.

Düşmən hiyləsinə söz savaşı var,
Yazır tarixini, ağlı, başı var.
Zalımın başına ağır daşı var,
Müsəlləh əsgərdi, mənim qələmim.

Həlimdi, kövrəkdi, dəlidi, sərtdi,
Yağıya zülümdü, ağrıdı,dərtdi.
Döyüşə yollanan könüllü mərtdi,
Müsəlləh əsgərdi mənim qələmim.

Silir qayalara alın tərini,
Verməz dığalara incə zərini.
Oxuyur döyüşçü nəğmələrini,
Müsəlləh əsgərdi, mənim qələmim.


MƏNİM ORDUM

Qardan keçdi,qışdan keçdi,
Candan keçdi, başdan keçdi.
Dağdan keçdi, daşdan keçdi,
Mənim ordum!

Kərəmidi, telli sazdı,
Qış üstünə gələn yazdı.
Qüdrətiylə tarix yazdı,
Mənim ordum!

Ağ günümdü, taleyimdi,
Dinlə məni deyim kimdi.
Baş tacımdı, şərəfimdi,
Mənim ordum.

Gecələrin oyağıdır,
Bayrağımın boyağıdır.
Vətənimin dayağıdır,
Mənim ordum!

Günəşimdir, al zərimdir,
Zirvələrə səfərimdir.
Uğurumdur, zəfərimdir,
Mənim ordum!

Harayımdır, gur səsimdir,
Həyatımdır, nəfəsimdir,
Eşqim, ruhum, həvəsimdir,
Mənim ordum!
Mənim ordum!
20.10.2020.


TÜRKÜN ƏSGƏRI

İgidim savaşda dayandım deməz
Əyilməz düşmənə, o yandım deməz.
Boyayar qanıyla usandım deməz
Türkün bayrağını, türkün əsgəri.

Başlasa hünərin çağı dinməyə,
Tab etməz önündə yağı dinməyə.
Əngin səmalardan qoymaz enməyə,
Türkün bayrağını, türkün əsgəri.

Doğar günəş kimi sübhün danından
Qalxar qılınc kimi çıxar qınından.
Bükər şəhidinə keçər canından,
Türkün bayrağını, türkün əsgəri.

Qaldırsan hər daşı o daşdan çıxar
Əzmlə, hünərlə savaşdan çıxar.
Öpər, salamlıyar zirvəyə taxar..
Türkün bayrağını, türkün əsgəri.

Rəbbim hər çətində yetər dadına,
Türkün tarixini salar yadına.
Qoruyur o şanlı turan adına,
Türkün bayrağını, türkün əsgəri.

O qəhraman olur, o huzur tapır
Süzüb damcı-damcı qanından yapır.
Kəsib parça-parça canından yapır,
Türkün bayrağını, türkün əsgəri.
İSTANBUL.


GÖZÜN AYDIN, ULU TURAN
GÖZÜN AYDIN, AZƏRBAYCAN

Sinəmizin otuz illik dağı getdi.
Nətərisən, nə var, nə yox ay Qarabağ?
Gözün aydın, yağı getdi.
Getdi, alçaq, üzü qara.
Söz verirəm, daha birdə,
Səsi gəlməz, izi düşməz buralara.
Bu həsrətin yaxasını cırıb Türküm.
Düşməninin belini ta qırıb Türküm.
Mübarəkdi bu günümüz!
Mübarəkdi qələbəmiz!
Haqq üstündə zəfər çaldıq,
Yenə də biz.
Azad yurdum, incim, zərim,
Axı sənə söz vermişdi igidlərim.
Söz vermişdi bu bayrağın qarşısında.
Demişdi ki, qılıncımız qalmaz qında.
Bu vətən ruh, bu vətən qan, bu vətən can.
Gözün aydın ulu Turan!
Gözün aydın Azərbaycan!
04.10.2020.


AĞLINA, HUŞUNA GƏLİM

Bəzənmişəm şeir ilə,
Gəlim gör, xoşuna gəlim.
Bir dilək tut, dilə məni,
Dolanım başına gəlim.

Hanı o güc, hanı o səs?
Odun közün nə oldu bəs?
Pəncərəndə donub nəfəs,
Yığışım qışına gəlim.

Gözü yaşlı, kipriyi nəm,
Eşq əzabı etdiyinəm.
Darda qoyub getdiyinəm,
Ağlına, huşuna gəlim.

Haqqı yalan ürəyimin,
Haray salan ürəyimin,
Səndə qalan ürəyimin,
Gül alım yaşına gəlim.


GÜLƏSƏR

Təcnis

Atam mənə ad qoymuşdu Güləsər,
Diləyirdi gülə ağıl, gülə sər.
Dedim ata gül üşüyər, gül əsər,
Dedi qızım al yaylığı, gülə sər.

Bağrım yandı, yenə atdı oxu yar,
Oxu yarsız, oxu dərtli, oxu yar.
Bülbül ahu fəğan edər oxuyar,
Külək bağda haray salar, gül əsər.

Mən atmaram hədəfimə oxu yan,
Nadan atar oxu əyri, oxu yan.
Bərdəlini sevən, duyan, oxuyan,
Alın sizə bir şah əsər, gül əsər.


ÜRƏK NƏDİ, NƏFƏS NƏDİ, SİNƏ NƏ

Təcnis

Xəzan oldu bahar mənə, yaz mənə,
Gün görmədim, saç qğardı, sinə nə.
Arifsənsə əyan eylə, yaz mənə,
Ürək nədi, nəfəs nədi, sinə nə?

O qalanı dələm, deşəm, yaram az,
Şəfa tapa, sayalana yaram az.
Kömək olmaz, çarə qılmaz, yaramaz,
İgid demə, hədə görüb sinənə.

Ürək kefsiz, zədəlidi, yaradı,
Söz məlhəmdi, çox yaraya yaradı.
Əsmə, coşma çəkiləndə yar adı,
Car eləmə dərdini sıx sinənə.
26.11.2021.


MƏNİ DƏ SÜRGÜN EDİN

Hürür nazlı ölkəmə,
Vicdanı kor, kar dinir.
Dinir şairin sözü,
Polad silahlar dinir.
Daynsın tərəfimdə,
Kimin ürəyi varsa.
Siz ey xainlər məni,
Satın rusa, farsa.
Satın əqidənizi,
Satın mənliyinizi.
Biz Qaraca çobanıq,
Yaxşı tanıyın bizi.
Mənim anam vətəndir,
Mənim igidlərim ər.
Mənim ruhum mübariz,
Mənim qələmim əsgər.
Turanla qoşa durur,
Sözüm sıldırım kimi.
Məni də sürgün edin,
Almas İldırım kimi.

Torpağıma kəm baxan,
Qan sulayan, can yaxan.
Arxada iş çevirən,
Sülhə dayaqsan güya.
Məni bu qış günündə,
Atın köpüklü suya.
İyrənc əməlinizi,
Yer üzünə duyurun.
Türkün ər meydanında,
Əzilməyə buyurun.
Mən yaxşı bilirəm ki,
Öldürüm, qırım kimi,
Məni də sürgün edin,
Almas İldırım kimi.

Bu gün TURAN çağıdır,
TÜRK çağıdır çağımız.
Bölünməzdir, bütövdür,
Dağlıq QARABAĞIMIZ.
Moskva çaynağına,
İlişməz Kırım kimi.
Məni də sürgün edin,
Almas İldırım kimi.


AĞACLAR YARPAQ AĞLIYIR

Soyuq gəlir,
Başa keçir.
Sonra dünya,
Qışa keçir.
Kim yaşayır?
Kim əriyir?
Sükut çökür,
Yol kiriyir.
Payız gəlir,
Fağır-fağır.
Günəş yatır,
Yağış yağır.
Duman olur,
Solun, sağın.
Dünya tökür,
Qaşqabağın.
Düz ağlıyır,
Dağ ağlıyır.
Ağaclar,
Yarpaq ağlıyır.
22.11.2019.


GÖTÜRÜR

Söz mənimlə yaşadı,
Söz ali tamaşadı.
Söz bəzən də maşadı,
Sinəmdən köz götürür.

Dərt qoşunla gələndə,
Nə qalır ki, böləndə.
Şair ölməz öləndə,
Şairi söz götürür.

İllər ömürü gizlər,
İtməz saldığım izlər.
Sevməz əyrini düzlər,
Əyrilər düz götürür.

Yaz açılmır yaşımda,
Sərt gəlir hər qışım da.
Ağıl donur başımda,
Kipriyim buz götürür.

Biri qazanc, biri nəf,
Biri qaval, biri dəf.
Biri nəşə, biri kef,
Bəsti də duz götürür.


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: