Səadət NUR NOVRUZLU: "Vəfalı bir Türk qızıyam!.."

Səadət NUR NOVRUZLU: "Vəfalı bir Türk qızıyam!.."TÜRK QIZIYAM

Əlində hey qələm, varaq,
Cunalı bir Türk qızıyam.
Soyu-kökü Qarapapaq,
Borçalı, bir Türk qızıyam.

Xəyalları dağlar aşan,
Ruhu ayla qoşalaşan,
Arzuları coşob-daşan,
Havalı bir Türk qızıyam.

Tək millətli cüt ölkəmlə,
Bir dünyayam bu görkəmlə,
Torpağıma göz dikənlə,
Davalı bir Türk qızıyam.

Salam olsun uzaqlara,
Bu diyardan o diyara.
Hər bir zaman dosta-yara,
Vəfalı bir Türk qızıyam.

Vətən oğlu bil, doğmanam,
Bir dərdinə min dərmanam,
Gah təbibəm, gah loğmanam,
Şəfalı bir Türk qızıyam.

Nə axırı, nə əvvəli,
Yerdə dizi, göydə əli-
Sabah üçün hər an dili,
Dualı bir Türk qızıyam,
Borçalıyam - Türk qızıyam.


A DÜNYA

Çox istəmədim ki, azdanda olum,
Azdan da azımı aldın, a dünya.
Yaxşı nəyim vardı, dağıldı getdi,
Mənə dərdlərinlə qaldın, a dünya.

Vüsaldan aralı dolan, gəz, -dedin,
Anda bir dəyişib, ayrı söz dedin.
Alnına yazılan budur,döz, - dedin,
Yağışdan yağmura saldın, a dünya.

Daş- kəsək eylədin dilsiz cığrımı,
Dağlara döndərdin azar, ağrımı,
Möhnətin buzunda şişən bağrımı,
Hicranın oxuyla dəldin, dəldin, a dünya.

Söylə Səadətə nə desin bu dəm,
Səndən baş açmırsa bu küllü- aləm.
Mənə bir söz qaldı, bir də ki, qələm,
Ayrı nəyim vardı çaldın, a dünya.


ZƏLİMXANI İTİRDİK

Quru bir can itirmədik, ay ellər,
Bir can üstə neçə canı itirdik.
Qara düşdü bu çığırlar, bu yollar,
Zirvə adlı bir ünvanı itirdik.

Bu acıya yerdi, göydü ağlayan,
Ah - amandı sinəmizi dağlayan.
Sükutu da bulaq kimi çağlayan,
Bir dəryanı - bir ümmanı itirdik.

Sazlar o gün qara geydi deyirlər,
Qələmini yerə qoydu şairlər,
Hələ neçə yazılası şeirlər,
Qoşma, təcnis, baş divani itirdik.

Səadətəm, hara çatar harayım,
Ha çağırım, ha səfsləyim, arayım,
Tərpənibdir Şeir - sənət sarayım, -
Dağdan ağır Zəlimxanı itirdik.


GƏTİR, NƏ OLAR

Elə yorulmuşam, elə bezmişəm,
Dünya gəl şələmdən götür nə olar,
Qat qara yelinə, qat ağ yelinə,
Qəmin karvanını ötür nə olar.

Kədər baxışımın kökünə keçib,
Tale köynəyimi dardan dar biçib,
Daha yar demirəm...eh, yardan keçib,
Balamı gülləndir bitir, nə olar.

Derddən itirmişəm günü, ayımı,
Qoy güdaz yeməsin haqqı- sayımı.
Ən şirin neməti - nəvə payımı,
Quşun qanadında gətir, nə olur.

Şükürlər eyləyim cani- könüldən,
Laylala səslənsin susqun dilimdən.
"Qu" desən qulaqlar tutulan yerdən,
Dumanı, çiskini itir, nə olar.

Səadət bilmədi nəfəs eşqi nə,
Dözdü, yaşamadı həvəs eşqinə.
Sabaha səsləyən bu səs eşqinə,
Tutsun nəvələrim çətir nə olar,
Mənidə muraza yetir, nə olar.


AĞLATMA, DÜNYA

Analar iz salsın beşik başına,
Ana yalvarmasın mezar daşına.
İnanıb güvənsin yar- yoldaşına,
Ağlatma qadını, ağlatma, dünya.

Unudub özünü yanar analar,
Sənəndər quşuna dönər analar,
Gözünün yaşında donar analar,
Ağlatma qadını, ağlatma dünya.

Yaradıb, yaşadan, can verən də o,
Arzular göyərdib, kam verən də o,
Ovcunda yaşını al görən də o,
Ağlatma qadını, ağlatma dünya.

Ayrılıq bəxş edib, tayından seçib,
Yoxsulluq içində sınağa çəkib,
Gördüyü xoş günü gözündən töküb,
Ağlatma qadını, ağlatma dünya.

Yaraşır hər şərəf ana adına,
Heç nəyi tay tutmaz bala dadına.
Səadət dözərmi qəm, fəryadına,
Ağlatma qadını, ağlatma dünya,
Ağlatma ananı, ağlatma dünya.


QOÇAQDIR

Özünü çox öymə bəxti gətirən,
Alnına yazılan yazın qoçaqdı.
Ömrü tükənmişdi qarlı qışların,
Sanma kı, baharın, yazın qoçaqdır.

Nə gözə girirsən "mənəm, mən" deyə,
Nə rixşənd edirsən dərdli kimsəyə?
Bəxtinin qapısı bağlı - gileyə,
Düşünmə dünyaya nazın qoçaqdır.

Elə dərd taparsan- tapılmaz əlac,
Qalarsan qırdığın qəlblərə möhtac,
Tanrıya hər zaman şükr elə, əl aç,
Çoxun çoxlardadır, azın qoçaqdır.

Səadət, çox olub acın, həsrətin,
Həmişə olmusan dözümlü, mətin,
Qalsan da əlində qəmin, möhnətin,
Sənin həqiqətin, düzün qoçaqdır.


DAHA

Mən ki, bulməz idim hicran nə demək,
Budur ayrılıqdan yazıram daha.
Demə ki, hirsindən torpağı didir,
Sevginin qəbrini qazıram daha.

Atdığın oxların önünə qaçdım,
Özümə sədd qurub özüm savaşdım,
Sinəmə çəkdiyin dağları aşdım,
Bütün döyüşlərə hazıram daha.

Səadət baxmadı hər yol ötənə,
"Keşgə" söyləyərmi olub - bitənə?!
Yanlışa bir daha düşməyib yenə,
Səni ürəyimdən pozuram daha.


YAZIQ CANIMIN

Önünə sədd çəkib, divar hördürüb,
İçində qalmışam yaxıq canımın.
Bir çimir etmədən, bir an yatmadan,
Gözünə dolmuşam yazıq canımın.

Bitib tükənməyən qayğılarımla,
İçimdə boğduğum duyğularımla,
Qəlbimə saplanan ağrılarımla,
Mehmanı olmuşam yazıq canımın.

Zamanı əridib "nə", "nece"lərdə,
İzlər itirərək dar küçələrdə,
Yuxusu ərş olan lal gecelerdə,
Laylasın çalmışam yazıq canımın.

İnləyən, sızlayan ah-avazınla,
Kədərə yüklənmiş qəmli sazımla,
Üzümə gülməyən bahar-yazımla,
Qadasın almışam yazıq canımın.

Qəbahət sanaraq dəcəlliyini,
Səadət yox edib gözəlliyini,
Gözə pərdə edib özəlliyini,
Yolunu bulmuşam yazıq canımın.


MƏNİM ÖMÜR NAĞILIM

Uşaqlığı körpə kimi qoynunda,
Çox əzizdi mənim ömür nağılım.
Sədaqətin, mərhəmətin yolunda,
Dağdır, düzdür mənim ömür nağılım.

Hərdən şirin layla çalıb yatıran,
Zaman-zaman derdə, qəmə batıran,
Hayqıraraq qayalara çırpılan,
Bir dənizdi mənim ömür nağılım.

Səadətəm, günü-günə caladım,
Kirpiyimlə od götürüb qaladım...
Çox şükür ki, ayaq altda qalmadım,
Tər-təmizdi mənim ömür nağılım.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: