SEVİNC MƏMMƏDOVA (1965): BİR ZAMAN MƏNİM DƏ BİR EVİM VARDI...

SEVİNC MƏMMƏDOVA (1965): BİR ZAMAN MƏNİM DƏ BİR EVİM VARDI... Sevinc Həzrətqulu qızı Məmmədova -
AJB-nin üzvü,
şairə-publisist.


1965-ci ildə oktyabrın 27-də Quba şəhərində anadan olub.

İxtisasca hüquqşünasdır.
Uzun illərdir mətbuatda çalışır.

Quba Radio Verilişləri redaksiyasında ədəbi işçi və diktor, rayonda nəşr olunan “Birlik-Edinstvo” qəzeti redaksiyasında korrektor-müxbir kimi
fəaliyyət göstərib.

Hazırda ZiM.Az-ın bölgə müxbiridir.

Publisistik məqalələri və müxtəlif səpkili yazıları respublikanın müxtəlif mətbu orqanlarında, məcmulərdə dərc olunur.

“Sükutun səsi” adlı şeirlər kitabının müəllifidir.

Şeirləri "Zirvə" (2017,2018) poeziya antologiyasında dərc olunub.


ZiM.Az


SƏNİ BİR GÜN ARZULADIM

Səni bir gün arzuladım,
Tək bircə gün söhbət edək.
Bir az keçmişə qayıdaq,
Bir az da sabaha gedək.

Təzadlarla ötən ömür,
Qoy arzulardan boylansın!
Yadlaşmayaq özümüzə,
Ürək bizi qınamasın.


BƏLKƏ XATİRƏLƏR ELƏ ÖMÜRDÜR

Yenə bir axşamın şəri qarışır,
Gecə bardaş qurur köhnə taxtına,
Gəzib yorğun düşür göylərdə səhər,
Çatır sevdalılar vüsal vaxtına.

Köz düşür göylərin ulduz payından,
Gözümdə ocaqlar çatılır yenə.
Gündüzlər sınmayan məğrur qürurum,
Gecə xatirənə “satılır” yenə.

Adına bir nağıl başlayır göylər,
Yorğun xəyalımı qovur sübhədək.
Son ulduz sönuncə çəkib aparır,
Zaman ötüşdükcə üzülür ürək.

Sevincim, kədərim qarışıq düşüb,
Gerçəyim, nağlım – var olan nədir?
Bəlkə xatirələr elə ömürdür,
Bəlkə ömür özü bir xatirədir?!


BİR ZAMAN MƏNİM DƏ BİR EVİM VARDI

Bir zaman mənim də bir evim vardı...
Arzuyla doluydu bağçası, bağı.
Düzüb bəzəmişdim xəyallarımla,
Günəşə baxırdı qonaq otağı.

Ay, ulduz qonardı pəncərəsinə,
Gecələr sevgiylə aşıb-daşardı,
Diləklər döyərdi hər gün qapısın,
Bu evdə arzular qoşalaşardı.

Bir zaman mənim də bir evim vardı.
Sərsəri küləklər tapmazdı yolun,
Kandarı gül-çiçək açardı hər gün,
Fələk qurmamışdı hələ min oyun.

Hələ də bilmirdim zalım dünyanın,
Zər daşı altında əqrəblər yatır.
Bəzən ən səmimi, saf arzular da,
Ünvanın səhv salıb günaha batır.

Mən hardan biləydim illər ötəcək,
Dönüb bu xoşbəxtlik xəyal olacaq.
Dönəcək ün yetməz xatirələrə,
Yolunda, izində mamır bitəcək.


BİZİ KİM ANLAR Kİ

Bir ömür boyunca gözlərəm səni,
Bir günah ucundan gəlməsən, nə qəm?!.
Bizi kim anlar ki, bir-birimiz tək?
Kim olar qəlbinə mənim tək həmdəm?

Nə deyim bəlkə də xoşbəxtsən ayrı,
Könlünə yad idi bu vaxtsız qonaq.
Oxşasın ruhunu yeni bir həvəs,
Uçurub gəzdirsin qoy budaq-budaq.

Yəqin ki, bilirsən bu ürək sənin,
Gurlayıb göylər tək çaxmaram daha.
Qıymaram qürurun əyilə, sına,
Günahkar gözünə baxmaram daha.

Yollardı yoldaşı günahkar kəsin,
Çəkər ürəyini torpağa, daşa,
Sınayar sevənin səbrini dünya,
İki sevən qəlbi yarıtmaz qoşa.


BU İZ

Düşüb yarpaq üstə, düşüb gül üstə,
Bəlkə səadətə aparır bu iz.
Arayıb gəzirik bir ömür boyu,
Onu tapmaq üçün dolaşırıq biz.

Gedəsən eləcə bu izlə düşüb,
Biləsən sonunda gözləyənin var.
Qoxlayıb bir zərif çiçək tək səni
Gözünün içində gizləyənin var.

Gedəsən qəlbində bir arzu tutub,
Çəkə bu dünyadan apara səni,
Çıxarıb atasan qəm köynəyini,
Bu iz məngənədən qopara səni.


ÇƏKDİN

Sən idin ilkim, eşqim,
Həsrəti başa çəkdin.
Özün böyümədin ki,
Zamanı yaşa çəkdin.

El qurmadı taxtımı,
Puç eylədim vaxtımı.
Ovxarlayıb baxtımı,
Bir qırıq daşa çəkdin.

Qəmi bitməz üzümün,
Gülü açmaz sözümün.
Süpürləyib izimi,
Bir qarlı qışa çəkdin.

Nə qalan var, nə gedən,
Günlər ötür ömürdən.
Sülhlə dinmədin ki, sən,
Sözü savaşa çəkdin.


QADIN

Gözəllik tacısan bu yer üzünün,
Zəriflik daşıdın adınla, Qadın.
Bu qədər işıqlı olmazdı bəlkə,
Dünya isinməsə odunla, Qadın.

Günəşə bənzədib, aya bənzədib,
Sevənlər şəninə nəğmələr qoşub.
Göylərə ucaldıb səni hər zaman,
Vəsf edən könüllər ümman tək coşub.

Anasan, ucasan məhəbbətinlə,
Adına göylər də səcdəyə gələr.
Ey əsgər Anası, Şəhid Anası,
Qəzəbin düşmənin bağrını dələr.

Yaşat bu dünyanı gözəlliyinlə,
Adına bağlıdır açılan sabah!
Tək sənə bəxş edib bu gözəlliyi,
Səninçün yaradıb cənnəti Allah.


VAR HƏLƏ

Hələ bu sevgiyə umudluyuq biz,
Üz-üzə gəlməyə güman var hələ.
Birgə keçdiyimiz bu şad yolları
Kəsməyə şaxta var, duman var hələ.

Ayrılıq qoxulu sərxoş dünyanın,
Başı ayılmamış meydən, məzədən,
Bizi yad eyləyib gəzib təzədən,
Peşiman etməyə zaman var hələ.

Düşüb sevgimizin ürkək izinə,
Fürsət də verməyib yorğun dizinə.
Yıxıb evimizi böhtan üzünə,
Deməyə bir ağız yalan var hələ.

Gül əkib-becərir bu sevda hələ,
Hələ arzu doğur açılan danı.
Kaş ki, bu yollardan yetişib gələ
Vüsalı, bir az da aman var hələ.


YAZ GECƏSİ

Bir dəli sevdanın yaz gecəsiydi,
Ulduzu işıqlı, ayı işıqlı.
Göylər də hökmünü vermişdi əldən -
Yerlər cənnət kimi yar-yaraşıqlı.

Bir dəli sevdanın naz gecəsiydi,
Ağzı bal dadırdı bu teşnə eşqin,
Sığmırdı dünyaya bəxtəvərliyi,
Bəxti yol gedirdi özündən yeyin.

Zaman unutmuşdu öz məkanını,
Yetişən arzular dil, dodaq üstə.
İki can bir idi, bərabər idi,
Quş tək uyumuşdu bir budaq üstə.


SEVMƏ MƏNi

Sevmə məni bunca daha,
Qoy yaşayım özüm üçün.
Sənə qaçan yollarımı,
Qoy qatlayım dizim üçün.

Gözüm gözündən aralı,
Sözlərim küsüb dayansın.
Zənglər, görüşlər, məktublar,
Zamanı üzüb dayansın.

Ara verib sevgimizə
Bir də çəkək, gəl sınağa.
Aldatmayaq bu sevdanı
Aləm çəkməsin qınağa.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: