Şamil QURBANOV (1934-2004)

REDAKSİYAMIZIN ARXİVİNDƏN: Şamil QURBANOV (1934-2004)

UNUTSAQ, UNUDULARIQ!..

Şamil Dünyamalı oğlu Qurbanov 1934-cü il may ayının 10-da
qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı
Faxralı kəndində anadan olmuşdur. 1955-ci ildə orta məktəbi bitirmiş və həmin ildə ADU-nun (indiki BDU-nun) jurnalistika şöbəsinə daxil olmuşdur. Universiteti 1960-cı ildə fərqlənmə diplomu ildə bitirmiş və "Azərbaycan məktəbi" jurnalında ədəbi işçi kimi fəaliyyətə başlamışdır. 1961-ci ildə universitetin jurnalistika fakültəsində baş laborant işləmişdir.
1962-ci ildə Şamil Qurbanov Azərbaycan ədəbiyyatı tarixi kaefdrası üzrə aspiranturaya qəbul olmuş və 1965-ci ildə "Zaqafqaziya rus dilli mətbuatında Azərbaycan ədəbiyyatı (1905-1917)" mövzusunda dissertasiyanı vaxtından əvvəl müdafiə etmiş və filologiya elmləri namizədi elmi dərəcəsi almışdır.
Müdafiədən sonra o, "Bakı" "Baku" qəzetlərində ədəbiyyat şö’bəsinin müdiri işləmişdir. 1968-ci ildə yenidən universitetə qayıtmış və "Azərbaycan dili və onun tədrisi metodikası" kafedrasında dosent işləmiş, Azərbaycan dilindən dərs demişdir. 1971-ci ildə Rus ədəbiyyatı tarixi kafedrasına keçmiş və rus ədəbiyyatından mühazirə oxumağa başlamışdır. 1973-cü ildən Türk və Şərqi slavyan xalqları ədəbiyyatı kafedrasına (o zaman "SSRİ xalqları ədəbiyyatı" kafedrası adlanırdı) keçmiş və həmin kafedrada dosent, professor işləmişdir. 1989-cu ildə həmin kafedranın müdiri seçilmişdir.
1975-ci ildə "XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan-rus ədəbi əlaqələri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.

1978-ci ildən 1992-ci ilə qədər doktorluq elmi dərəcəsi verən Elmi şuranın elmi katibi işləmişdir. 1981-1992-ci illərdə filologiya fakültəsinin qiyabi və axşam şö’bəsinin dekanı olmuşdur. Şamil Qurbanov 10-dan çox beynəlxalq simpozium və konfranslarda (Ankara, Bursa, Tehran,. Bağdad, İsfahan, Moskva, Tbilisi, Daşkənd və Düşənbə) iştirak etmiş, Daşkənd və Tbilisi ali məktəblərində Azərbaycan ədəbiyyatından dərs demişdir.
Şamil Qurbanov 1980-cu ildən ömrünün sonuna - 2004-cü ilədək BDU-nun professoru olmuşdur.
22 kitabın, 300-dən çox məqalənin, o cümlədən, “Azərbaycan-rus ədəbi əlaqələri” (1970), “Açıl-mamış səhifələr” (1974), “Ədəbi dostluq” (1980), “Klassik rus poeziyası Azərbaycanda” (1985), “Ömrün fikir dünyası” (1991), “Ömər Faiq Nemanzadə” (1992), “Nəriman Nərimanov dünyası” (2001), “Nəriman Nərimanov: ömrünün son illəri” (2003) və s. kimi qiymətli əsərlərin müəllifidir.
Əsərləri İran, İraq, Türkiyə, Rusiya, Gürcüstan və s. ölkələrdə çap olunmuşdur.

Mühacirət ədəbiyyatı, represiya qurbanları, ədəbi əlaqələr, haqsız yerə unudulmuş Azərbaycan ziyalıları və s. Şamil Qurbanovun əsas tədqiqat sahələridir. O, Azərbaycan ədəbiyyatında yeni səhifələr açmış, indiyə qədər mə’lum olmayan və ya az mə’lum olan şəxsiyyətləri üzə çıxarmışdır. Şeyx Cəmaləddin Əfqani, Ömər Faiq Ne’manzadə, Hüseyn Minasazov, Rəhimbəy Məlikov, Məmməd Qarayev, Həmzətbəy Qəbulov, Şirvanski, Sona xanım Axundova, Kərim Yaycılı. Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, M.Ə.Rəsulzadə, Nəriman Nərimanov və b. haqqında dəyərli tədqiqat əsərləri vardır.

1995 və 2000-ci ildə majoritar yolla Bakı şəhərinin Nizami rayonundakı 12 saylı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisideputat seçilmişdir.
O, Bakı Dövlət Universitetinin "Türk və Şərqi slavyan xalqları ədəbiyyatı" kafedrasının müdiri olmuş və millət vəkili kimi respublika Parlamentində fəal iştirak etmiş, istər dəyərli alim-pedaqoq, istərsə də ləyaqətli Millət vəkili kimi böyük hörmət və nüfuz qazanmışdır.

Professor Şamil Qurbanov 2004-cü ilin yanvar ayında Bakı şəhərində vəfat etmiş
və II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Allah rəhmət eləsin...



AZƏRBAYCAN-RUS ƏDƏBİ ƏLAQƏLƏRİ

Keçmiş SSRİ xalqlarının dostluğu və xalqlar arasındakı ədəbi-mədəni əlaqələrin inkişafı XX əsrin II yarısında özünün ən yüksək zirvəsinə qalxmışdır. Xalqlar arasındakı ədəbi əlaqələrin, xüsusilə Azərbaycan-rus ədəbi əlaqələrinin tədqiqi baxımından Şamil Qurbanovun 1970-ci ildə nəşr edilmiş "Azərbaycan-rus ədəbi əlaqələri" kitabı (tərtib edəni X.Qurbanova, redaktoru K.Talıbzadə) çox əhəmiyyətlidir.

Çoxmillətli sovet ədəbiyyatı arasındakı qarşılıqlı ədəbi əlaqə-yə həsr edilmiş olan bu kitab on dörd ayrı-ayrı oçerkdən ibarət-dir. Oçerklərin hər birində ədəbi əlaqələrlə bağlı olan müəyyən məsələlər öz elmi-nəzəri tədqiqini tapmışdır. Bu da kitabın elmi dəyərini artırır.
Oçerklər xronologiya üzrə verildiyindən kitabda ədəbi əlaqə-lərlə bağlı olan məsələlərin ardıcıllığı gözlənilməmişdir. Bu da kitab haqqında ardıcıl rəy söyləməyə imkan vermir. Odur ki, bu məqalədə ədəbi əlaqələrlə bağlı olan oçerklər qruplaşdırılacaq və onlar haqqında rəy söyləniləcəkdir.
Müəllif "Ədəbi əlaqələrin tədqiqində yeni vəzifələr"in birinci oçerkində Azərbaycan-rus, qismən də Azərbaycan-gürcü ədəbi əlaqələrinin tarixinə nəzər salmışdır. Nizami ilə Rustaveli, S.Ə.Şirvani ilə A.Sereteli, N.V.Qoqol ilə C.Məmmədquluzadə-nin yaradıcılığındakı əlaqə və təsirdən bəhs olunmuşdur. İkinci oçerkdə isə bədii tərcümə problemlərindən, rus-Azərbaycan və Azərbaycan-erməni ədəbi əlaqələrinin müqayisəli öyrənilməsin-dən, Azərbaycan-Ukrayna ədəbi əlaqələri tarixindən, həmçinin, ədəbiyyatımızın xarici ölkələrin ədəbiyyatı ilə əlaqəsinin tədqiqə ehtiyacı olmasından elmi şəkildə bəhs edilmişdir.
"XIX əsr "Rus-Azərbaycan ədəbi əlaqələrinin yeni mərhələsi" oçerkində isə iki qardaş xalqın dostluğu tarixində çox mühüm əhəmiyyətə malik olan ədəbi əlaqələrin inkişafı, bu dövr ədəbi əlaqələrinin əsası M.F.Axundovun adı ilə bağlı olması, A.S.Qri-boyedovun "Ağıldan bəla" və Ə.Haqverdiyevin "Bəxtsiz cavan" faciəsinin ideya yaxınlığının qarşılıqlı müqayisəsi ilə yaxından tanış oluruq.
"Yeni Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafında qa-baqcıl rus ədəbiyatının rolu" oçerki də nəzər-diqqəti cəlb edir. Müəllif burada M.F.Axundovun rus tənqidi realizmi ilə tanışlı-ğını və ona olan müsbət təsirini aydınlaşdırır. XIX əsr ədəbiyya-tımızda "Əsil novator" olmuş M.F.Axundovun orijinal klassik komediyalarının rus dilinə ilk tərcümə olunub səhnəyə qoyulma-sı tarixi, rus mətbuatında ("Biblioteka dlya çteniya", "Kafkaz" qəzeti) M.F.Axundovun "Həyat ensiklopediyası" olan komedi-yalarının yüksək dərəcədə qiymətləndirilməsi də oxucu kütləsi-nə çatdırılır.
Kitabın maraqlı səhifələrindən biri də "Ədəbiyyatda xalqlar dostluğu mövzusu"dur. Müəllif bu oçerkdə Azərbaycan və rus xalqlarının tarixi dostluğuna nəzər salmış, Nizaminin "Yeddi gö-zəl" poemasında rus qızının, "İsgəndərnamə" poemasında isə rus döyüşçülərinin mərdlik və rəşadətini; M.F.Axundov, S.Ə.Şirvani, H.Vəzirov, Ə.Haqverdiyev, N.Nə-rimanov, M.Ə.Sabir, S.Vurğun və başqa qabaqcıl Azərbaycan mədəniyyəti və ictimai fikri xadimlərinin yaradıcılığındakı bey-nəlmiləlçilik ideyasını dərindən təhlil etmişdir. Bu da kitabın ən yaxşı məziyyətlərindəndir.
Ədəbi əlaqələrin güclənməsində bədii tərcümənin rolunu yüksək dərəcədə qiymətləndirən müəllif Azərbaycan klassikləri-nin əsərlərinin rus dilinə edilmiş tərcümələri üzərində də tədqi-qat aparmış və "Şərq poemasının tarixi", "M.Ə.Sabir rus dilində" təqnidi oçerklərini yazmışdır. Birinci oçerkdə dahi dramaturq, materialist filosof M.F.Axundovun "Şərq poeması"nın yazılması və rus dilinə tərcümə edilmə tarixi ilə tanış oluruq.
Müəllifin qeyd etdiyi kimi, "dövrünü, mühitini öz yarıdıcılı-ğında güzgü kimi əks etdirən Sabir xalq içərisində geniş yayıl-mış, ürəklərdə yaşayan, dillərdə dolaşan bir sənətkardır". Odur ki, Sabir tezliklə rus ədəbi ictimaiyyətinin diqqətini özünə cəlb etmişdir.
Heç təsadüfi deyil ki, ikinci oçerk böyük inqilabçı-satirik şair Sabirin əsərlərinin rus dilinə edilmiş tərcümələrinə həsr olunmuş-dur.
Oçerkdə şair-tərcüməçi P.Pançenkonun 1937-ci ildən başlaya-raq Sabirin 130-a qədər şer və qəzəlini, 3 bəhri-təvilini, 20-yə qədər təmsilini və uşaqlar üçün yazılmış şerlərini öz ana dilinə tərcümə etməsi və həmin tərcümələrin 1939, 1945, 1949, 1954 və 1960-cı illərdə çap edilməsi ilə yaxından tanış oluruq.
Ş. Qurbanov rus dilindən tərcümə edilmiş əsərlərin tədqiqatı ilə də məşğul olmuş və özünün "A.S.Puşkin Azərbaycan dilin-də" tənqidi oçerkini yazmışdır. Bu oçerkdə rus ədəbiyyatının fəxri sayılan A.S.Puşkinin yaradıcılığının F.Köçərli, A.Səhhət, S.Vurğun, R.Rza, M.Rahim, M.Seyidzadə tərəfindən Azərbay-can dilinə tərcümə edilməsi, onun əsərlərinin Azərbaycanda öy-rənilməsi və nəşri tarixi geniş işıqlandırılmışdır. Müəllif burada S.Vurğun tərəfindən "Yevgeni Onegin" əsərinin Azərbaycan dilinə edilmiş tərcüməsi üzərində daha çox dayanmışdır. Bu be-lə də olmalı idi. Çünki Ş.Qurbanovun qeyd etdiyi kimi: "Yevge-ni Onegin" Azərbaycan dilində bir tərcümə əsəri olmaqdan daha çox orijinal bir əsər kimi səslənir".
"A.İ.Kertsen və M.F.Axundov" oçerki də maraqlıdır. Oxucu burada "müxtəlif ədəbiyyatlar və onların ayı-ayrı nümayəndələri arasında"kı əlaqələr; A.İ.Kertsen və M.F.Axundov kimi böyük simaların yaradıcılığındakı oxşarlıqla tanış olur. Bu da ədəbi əla-qələr və "İki nəhəng simanın yaradıcılının müqayisəli öyrənilmə-si" nöqteyi-nəzərdən çox qiymətlidir.
Kitabda, həmçinin, "rus ədəbiyyatında yeni ədəbi-tənqidi məktəbin banisi" V.Q.Belinskinin ədəbi-tənqidi fəaliyyəti ("Hə-qiqət çarçısı"), "rubabını xalqın xidmətinə vermiş, ictimai quru-luşu aramsız qırmaclayan" N.A.Nekrasovun ("Böyük xalq şairi") poeziyası ilə, "rus ədəbiyyatına yeni ruh, yeni rövnəq gətirən" M.Y.Lermontovun ("Rus şerinin ölməz ustadı") ədəbi fəaliyyəti və əsərlərinin Azərbaycan dilinə tərcüməsi ilə tanış oluruq.
"V.Mayakovski yaradıcılığının tədrisinə dair", "Ədəbiyyat dərslərində rus və Azərbaycan yazıçılarının əlaqəli tədrisi haq-qında" oçerkləri də maraqlı təhlil edilmişdir.
Ş.Qurbanovun bu əsəri ədəbi əlaqələr sahəsində olan bir boş-luğu doldurmaq və bu əlaqələrin genişlənməsi və möhkəmlən-məsi nöqteyi-nəzərdən çox əhəmiyyətlidir. Şübhəsiz ki, bu əsər müəllimlərimiz üçün də qiymətli bir vəsait kimi dəyərlidir.

(Bax: M. ÇOBANOV (Azərbaycan SSR EA Dilçilik İnstitutunun dissertantı). Azərbaycan-rus ədəbi əlaqələri. «Azərbaycan müəllimi» qəzeti, 1970, Bakı; «Sovet Gürcüstanı» qəzeti, № 141 (5321), 26 noyabr 1970, Tiflis.)


PROFESSOR ŞAMİL QURBANOVUN İKİ YENİ KİTABI ÇIXIB

TƏBRİK EDİRİK!..


Professor Şamil Qurbanovun 1997-ci ildə Azərbaycan Dövlət Nəşriyyatı (“Azərnəşr”) tərəfindən
daha iki kitabı işıqüzü görmüşdür .
Birinci kitabı “Cəmaləddin Əfqani və türk dünyası” (Bakı, “Azərnəşr”, 1997, 220 səh., II nəşr) adlanır.

Türk xalqının böyük oğlu Cəmaləddin Əfqani Azərbaycanda az tanınmış, əsərlərinin çapı uzun illər boyu qadağan olunmuş şəxsiyyətlərdəndir. O, Əfqanıstanda dövrü mətbuatın, Misirdə satirik mətbuatın banisi, İranda milli azadlıq hərəkatının ideya rəhbəri, zülmün və istibdadın, Şərqi soyub-talayan Avropa müstəmləkəçiliyinin düşməni idi. Fikirlərini həyata keçirmək üçün dünyanı gəzib dolaşmışdı. Əsərlərini əsasən ərəb və fars dillərində yazsa da, bir çox dillərə də yaxın bələd idi. O, İstanbul universitetinin tələbələr qarşısında Anadolu türkcəsində, Bakıda Azərbaycan türkcəsində, Peterburqda rusca, Parisdə fransızca danışırdı...
Professor Ş.Qurbanov ilk dəfə C.Əfqaninin (1833-1897) həyat və yaradıcılığını araşdırmış, onu öz xalqına tanıtmaq kimi nəcib bir iş görmüşdür. Kitabda C.Əfqaninin M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.Cavad kimi ziyalılara təsiri də geniş şəkildə açıqlanmışdır. Kitabın sonunda C.Əfqaninin bir neçə dəyərli əsəri verilmişdir.
Professor Ş.Qurbanovun “Yaxın və uzaq dünyamız” (Bakı, “Azərnəşr”, 1997, 316 səh.) adlandırdığı digər kitabında isə müəllifin ayrı-ayrı vaxtlarda respublikamızda ictimai-siyasi vəziyyətin təhlilinə həsr olunmuş publisist yazıları, səfər təəssüratları və elmi məqalələri daxil edilmişdir.

Nəhayət, professor Ş.Qurbanovu yeni kitablarının işıqüzü görməsi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!

(Bax: Müşfiq Çobanlı. Təbrik edirik!.. “Təhsil” qəzeti, N: 99, 25 noyabr, 1997.)


Professor Şamil Qurbanovun 2001-ci ildə “Azərnəşr” tərə-findən çapdan çıxmış “Nəriman Nərimanov dünyası” adlı kitabı təqdirəlayiqdir.


Nəriman Nərimanov irsini təftiş edən səbatsızlara professor Şamil Qurbanovun LAYİQLİ CAVABI

Şamil QURBANOV (1934-2004) Sovet idealogiyası tərəfindən ictimai-siyasi fəaliyyətləri
və ədəbi-bədii yaradıcılıqları qadağan olunan,
unudulmaları və yaddaşlardan silinmələri üçün
qəsdən kölgələrdə və arxivlərin qaranlıq künclərində
gizlədilən, neçə-neçə görkəmli Azərbaycan övladının
üzə çıxarılmasında, yenidən xalqımıza qaytarılmasında,
tanınmış ədəbiyyatşünas alim - filologiya elmləri doktoru,
professor, Azərbaycan Respublikasının I və II çağırış
Milli Məclisinin deputatı olmuş çox hörmətli Millət vəkili
Şamil Dünyamalıoğlu Qurbanovun əməyi böyükdür.


O, Azərbaycan ədəbiyyatında yeni səhifələr açmış,
indiyə qədər mə’lum olmayan və ya az mə’lum olan
şəxsiyyətləri üzə çıxarmışdır.

Hüseyn Minasazov, Ömər Faiq Ne’manzadə, Rəhimbəy Məlikov, Məmməd Qarayev, Həmzətbəy Qəbulov, Şirvanski, Sona xanım Axundova, Kərim Yaycılı,
eləcə də, Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə
və başqaları kimi dəyərli ziyalılarımız haqqında bir-birindən qiymətli tədqiqat əsərlərinin müəllifi olan professor Şamil Qurbanovun ən böyük ədəbi-elmi və ictimai xidməti Şeyx Cəmaləddin Əfqani Nərman Nərimanov haqqında tədqiqatlarıdır.

Əslində isə biz, bu günlərdə bəzi "siyasətçi"lər tərəfindən yenidən yersiz hücumlara məruz qaldığını nəzərə alaraq, xüsusi olaraq vurğulamaq istəyirik ki, Azərbaycanın böyük dövlət xadimi, görkəmli yazıçı və dramaturq, tanın­mış publisist və həkim Nəriman Nərimanovun irsinin tədqiqinə həsr etdiyi əsərləri professor Şamil Qurbanovun elmi yaradıcılığının zirvəsi hesab edirik.

Şamil Qurbanov 1991-2001-ci illərdə dövri mətbuatda dərc etdirdiyi məqalə və müsahibələrini toplayıb “Nəriman Nərimanov dünyası” (2001) kitabında toplu halda nəşr etdirmişdir. Bu kitab N.Nərimanov irsini təftiş edən səbatsızların tənqid və ifşasına həsr olunmuşdur.


Şamil QURBANOV (1934-2004) Şamil QURBANOV (1934-2004) Ədəbiyyatşünas alim Şamil Qurbanovun bu mövzuda “Nəriman Nərimanov: ömrünün son illəri” adlı ikinci kitabı 2003-cü ildə işıq üzü görmüşdür.
Müəllif “Azərbaycan” nəşriyyatında kütləvi tirajla buraxılan bu kitabında Nəriman Nərimanovun siyasi xadim kimi böhranlı illərdə keçirdiyi iztirab və faciənin mahiyyətini açmağa çalışmış və öz istəyinə nail olmuşdır.

Xalqımızın görkəmli siyasi xadimi, ədibi, maarifçisi, millətinin gələcəyini işıqlı görmək istəyən Nəriman Nərimanovun əvəzsiz xidmətlərinin geniş kütləyə doğru-düzgün çatdırılmasında böyük əhəmiyyət kəsb edən kitabda Leninə, Stalinə, Orconikidzeyə və başqa şəxslərə yazdığı məktubların verilməsi Nəriman Nərimanovun mübarizliyini, böyüklüyünü, vətəndaşlığını olduqca aydın şəkildə göstərir.

Kitaba “Nərman Nərimanovun son vuruşu və qəti qələbəsi”, “Atatürk və Nərimanov”, “Nəriman Nərimanov və Məmmədəmin Rəsulzadə”, “Heydər Əliyev və Nəriman Nərimanov” kimi bölmələr, müsahibələr, radio və televiziya verilişləri əlavə edilmişdir.

Əsərin sonunda verilmiş əlavələr Nərimanovun ömrünün sonlarında apardığı mübarizənin nə qədər ciddi olduğunu əyani səkildə göstərir və oxucuların gözləri qarşısında canlandırır.

Kitaba həmçinin müəllifin 2001-ci ildə işıqüzü görmüş və oxucular tərəfindən böyük maraqla qarşılanmış "Nəriman Nərimanovun dünyası" kitabı haqqında respublika daxilində və xaricində müxtəlif mətbuat orqanlarında dərc olunmuş rəylərin bir neçəsi də daxil edilmişdir.

Təvazökarlıqdan uzaq olsa da, böyük fərəh və qürur hissi ilə qeyd etmək istəyirik ki, bizim ”Şərqin səsi” qəzetində (N 15-16(55-56), sentyabr, 2001) dərc olunmuş rəyimiz də məhz həmin rəylərin arasında yer almışdır. Aşağıda həmin rəyi bir daha dəyərli oxucularımıza təqdim edirik.

Şamil QURBANOV (1934-2004)
Şamil QURBANOV (1934-2004)


















LAYİQLİ CAVAB Şamil QURBANOV (1934-2004)

Böyük dövlət xadimi, görkəmli yazıçı və dramaturq, tanın­mış publisist və həkim Nəriman Nərimanov Azərbaycan xalqının mənəvi dayağı, gücü və qüv­vətidir. O, Azərbaycan xalqı üçün çox böyük işlər görmüşdür.
Nəriman Nərimanov sadəcə bir siyasətçi, sadəcə Azərbaycan İnqilab Komitəsinin sədri, yaxud Komissarlar Sovetinin rəhbəri, yaxud da SSRİ Nazirlər Sovetinin 4 sədrindən biri deyildi.
O, həm də böyük mütəffəkkir, görkəmli ədib, istedadlı yazıçı, savadlı həkim və ən əsası, xalqını və millətini sonsuz dərəcədə sevən böyük vətəndaş idi!..
Nəriman Nərimanov kimi böyük, daha doğrusu, dahi şəxsiyyətlər hər yüz ildə bir yox, heç min ildə də bir döğulmurlar!..
Biz həmişə və hər zaman onu belə tanımışıq, belə tanıyırıq və gənc nəsillərə də məhz belə tanıtmalıyıq!..
Zaman-zaman N.Nəri­manovun seçil­miş əsərləri çap olunmuş, tədqiqatçıların diqqətini cəlb etmiş, onun haqqında çoxlu əsərlər, qalın-qalın kitablar yazılmış, filmlər çəkilmiş, əbədi yaşayacaq tunc heykəli Bakının mərkəzində ucaldılmış və bu gün də onun heykəli bütün şəhərə nur çiləyir...
Sözsüz ki, dahi Nəriman Nərimanovun ən böyük heykəli bizlərin - bütün Azərbaycan xalqının - qədirbilən insanların qəlbindədir!..


Şamil QURBANOV (1934-2004) Şamil QURBANOV (1934-2004) Təəssüflər olsun ki, son zamanlar bəzi “demokratik ziyal­lılar” insafsız­casına Nəriman Nərimanova “hücumlar” edir, ona böhtanlar atır və bu günkü gəncləri çaşdırmağa çalışırlar. Lakin nə yaxşı ki, belə "demok­ratlar"a tutarlı cavab verən alim­ləri­miz də var! Bu mənada tanınmış alim və ictimai xadim, Millət vəkili, BDU-nun professoru, filologiya elmləri doktoru Şamil Qurba­novun təzəcə “Azərnəşr” tərəfindən çapdan çıxmış “Nəriman Nərimanov dünyası” adlı kitabı təqdirəlayiqdir.

Kitabda son vaxtlar Nəriman Nərimanovu haqsız yerə təftiş və tənqid edənlərin fikirləri təkzib olunur, “həmin demok­ratların” səhv olduqları faktlar əsasında sübut olunur.

Kitab müəllifin ön sözü ilə açılır.
İlk məqalə “Nəriman Nərimanovu təftiş etmək heç kəsə baş ucalığı gətirməz” adlanır. Burada müəllif öz fikirlərini “N.Nərimanov: Mən millətimi sevi­rəm, çünki anamı sevirəm”, “N.Nərimanov mən bircə gün də qoymaram Qarabağ erməni tapdağı altında qalsın”, “Nərimanovun şəxsiyyəti ziddiyyətli olmayıb”, “N.Nərimanov “kommunizm ilə islamiyyəti barışdırmaq istəyirdi” sərlövhəli başlıqlar altında aydın və ətraflı açıqlayır.

Bəli, həyatda səhvsiz adam olmamamışdır. N.Nərimanovun səhvləri özündən doğmurdu, mühitdən, şəraitdən və təklikdən irəli gəlirdi. Müəllif “N.Nərimanov zəmanəsinin övladı idi” sərlövhəli məqaləsində bu fikirləri bir daha təsdiq edir və Aydın Balayevə, Həmid Əliyə, Nəsiman Yaqubluya və başqalarına layiqli cavab verir: N.Nərimanovun ünvanına deyilən hər bir əsassız söz xalqın üstünə tökülən çirkab, qara ləkə əsası olmayan bir iftira kimi qəbul olunmalıdır.
“N.Nərimanov Borçalını heç kəsə hədiyyə etməmişdir”adlı məqalə isə kitabının məziyyətlərini daha da artırır.
Kitabda oxuyuruq:

“...Borçalı Azərbaycanın ən müqəddəs və sağlam yerlərin­dən biridir. Burada böyük və görkəmli yazıçılar, dövlət xadim­ləri yetişmişdir. 1918-ci ildən 1988-ilə qədər, 70 ildə Borçalı Azərbaycana dörd dövlət rəhbəri ver­mişdir. Bunlar son dərəcə möhkəm əqidəli, beynəlmiləlçi və alovlu vətən­pərvər idilər. Bun­ların haqqında nə qədər ürək açıqlığı ilə danışmaq və yaz­maq olar! Heç biri haqqında zərrə qədər fakt tapmaq olmaz ki, onların barəsində sabitləşmiş fikri dəyişsin. Bunlar Əlimər­dan bəy Top­çubaşov, Nəriman Nərimanov, Həsən Se­yi­dov, Həsən Həsənov kimi xas poladdan tökülmüş insanlardır. Xas polad­dan tökülmüş ona görə deyirəm ki, şəxsiy­yətləri və ideyaları ilə ən sağlam adam­lardır, üstəlik “Aza qayıl, çoxda gözü olmayan” liderlərdir. Xalqına, vətə­ninə min bir tellə bağlı olan şəxsiy­yətlərdir.
Bəzən Nərimanovu tənqid edənlər Bor­çalını da onun ayağına yazır, qeyri-elmi fikir söyləyirlər. Onlara elə gəlir ki, arxiv materiallarını heç kəs oxumayıb və heç kəsin də bu işlərdən xəbəri yoxdur!...

Şamil QURBANOV (1934-2004) ...Borçalı vaxtı ilə Nadir şah tərəfindən gürcü knyazlığına verilmişdir. O vaxtdan çox keçmişdir. Borçalı məsələsi ilk dəfə 1918-ci ildə qaldı­rıl­dı. Bu məsələ o vaxt pıçıltı ilə deyilirdi. Mübahisəli zona adla­nırdı. Mən 80-ci illərdə Ömər Faiq Nemanzadə haqqında tədqiqat apa­randa Borçalı haqqındakı dövlət qərarını tapıb həm monoqrafiyaya, həm də rusca və azərbaycanca onun əsərlərinin tam külliyatına daxil etdim ki, gələcək tədqiqatçılar ondan öyrən­sinlər. Axı Ömər Faiq Gürcüstan İnqilab Komitəsinin üzvü idi. “Ba­kinskiy ra­bo­çi” qəzetinin 1921-ci il 21 fevral tarixli nömrəsində Ömər Faiq daxil olmaq­la Gürcüs­tan İnqilab Komitə­sinin 10 nəfər üzvünün imzaladığı bəyannamədə deyilirdi: “Azərbaycan, Abxaziyanın və Osetiyanın qardaş xalqları öz talelərini özləri həll edə­cəkdir. Amma üsyana qalxmış Borçalının zəhmətkeş insanları 3 res­pub­likadan birinə - Azərbaycana, Gürcüsta­na, Ermənistana birləşdir­məklə məsələni öz istədikləri kimi həll edəcəklər.”
Borçalının əhalisi hiss etdi ki, qardaşlıq dünyası qurulur, onlara mərkəz lazımdır, buradan 500 kilometr Bakıya getmək­dənsə, Tiflis qulağının di­bindədir. Ona görə də qaldı Gürcüs­tanın tərkibində. Bu, bəyəm hədiyyə­dir? Axı, danışanda bir gərək insafla danışasan. Digər tərəfdən o vaxtı elə ha­disələr vardı ki, onları mütləq nəzərə almaq lazımdır. Borçalının Dağ Borçalısı vardır. Ermənistanın bir hissəsini tuturdu. Dağın o üzündə Çavaxe­tiyada Axısqa türkləri idi, bunları nəzərə almadan danışmaq düzgün olmaz...”

Kitaba müəllifin 1991-ci ildən 2001-ci ilədək Nəriman Nərimanovu müdafiə edən məqalə və müsahibələri də daxil etmişdir.

Nəhayət, biz də Millət vəkili, çox hörmətli professor Şamil Qurbanovu yeni, həm də olduqca dəyərli, vaxtında yazılmış bir kitabının işıq üzü görməsi münasibəti ilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!

Müşfiq BORÇALI.

Bax:
”Şərqin səsi” qəzeti,
N: 15-16 (55-56), sentyabr, 2001.

“Borçalı ensiklopediyası”, 4-cü cild,
Bakı, "Azərbaycan" nəşriyyatı, 2002, səh. 17-20.



P.S:... P.S :
Əziz və unudulmaz Şamil müəllim!
Öz xalqını, millətini və müəllimlərini sevən və bu barədə nəinki məqa­lələr, hətta, ayrıca və bir-birindən sanballı kitablar yazan bir şəxsi - görkəmli alimi və ictimai xadimi və sözün əsl mənasında,
Müəllimlər Müəllimini unutmaq olarmı?
Əsla yox!!!
Hörmətli Şamil müəllim!
Siz bütün Sizi sevənlərin - bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqsınız!
Ruhunuz şad olsun!..


Həmişə, hər vaxt, hər zaman özünü
daima Sizin tələbəniz hesab edən
Müşfiq BORÇALI,
"Şərqin səsi" qəzeti,

10.02.2004.




ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: