Siyavuş Uyğuna Başsağlığı

Siyavuş Uyğuna Başsağlığı
Əziz və hörmətli qələm dostumuz
Siyavuş Uyğuna əziz bacısı,
Ulu Borçalımızın Marneuli rayonundakı
Seydiqocalı məktəbinin direktoru,
Araplı orta məktəbinin direktor müavini
Alməmməd Əliyevin həyat yoldaşı, üç övlad anası
Zübeydə xanım Dilman qızının qəfildən
dünyasını dəyişmasindən kədərləndiyimizi bildirir,
mərhuməyə Allahdan rəhmət diləyir və bütün yaxınlarına,
doqmalarına, əzizlərinə dərin hüznlə başsağlığı verir
və aşağıda Siyavuş Uyğunun bacısına həsr etdiyi
şeirlərini və ürək sözlərini dərc edirik.


ZiM.Az - ın bütün yaradıcı heyəti adından

Müşfiq BORÇALI.


HƏYATDAN CAVAN GETMİŞ ZÜBEYDƏ BAÇIM

Mən onu çox istəyirdim, çünki 2010-cu ildə
anam haqqın dərgahına qovuşandan sonra,
o bizə həm bacı, həm də ana olmuşdu...


Siyavuş Uyğuna BaşsağlığıNə bilmisən bu dünyanı,
Gözü yaşlı qalan da var.
Həm gənc ikən, cavan ikən,
Tez saralıb solan da var.

Ömründən yarımadı,
Şərəfliydi soyu-adı,
Vermədi ona nicatı,
Bu dünyada yalan da var.

Kəsir insan səsini,
Aparar gözəl kəsini,
Qarət edir bəndəsini
Tanrımızda talan da var.


Siyavuş Uyğuna BaşsağlığıBir bacı itirdik ana əvəzi

2010-cu ildə 6 oğul, 2 qız böyüdüb ərəsəyə çatdıran və hamısına ali təshsil verən rəhmətlik anam Gülzar Mürsəl qızı haqqın dərgahına qovuşandan sonra mən böyük bacım Zübeydə xanıma dedim:
- Ay bacı, bu gündən sən bizə həm bacısan, həm də ana oldun. Bu işin öhdəsindən gələ biləcəksənmi?
Dedi:- Çalışaram qardaş, görüm onu əvəz edə biləcəmmi?
Etdi, anamızı əvəz edə bildi. Mən elə bilirdim ki, atam-anam gedəndən sonra biz kimsəsiz qalacağıq, ancaq belə olmadı, Zübeydə bacım hər şeyin öhdəsindən gələ bildi. Bizim əsl məsləhət yerimiz, yol göstərənimiz oldu.
O, 1955-ci ildə ərənlər məkanı Qasımlıda dünyaya göz açmışdır. Orta məktəbi bitirib Bakıya oxumağa getmişdi. Sonra kəndə qayıdıb əmək fəaliyyətinə başlamışdır. 1976-cı ildə Seydiqocalı məktəbinin direktoru Alməmməd Əliyevlə ailə həyatı qurmuş, bir oğul və iki qız övladları olmuşdur. Onlar hər üç övladına gözəl toy edərək evləndirmişdir. Zübeydənin 5 nəvəsi var.
2013-cü ildə qəfildən xəstələndi. Bu xəstəlik bacımı əldən-dildən saldı. Ağrılar ona olmazın əziyyətlər verməyə başladı.
Kiçik qardaşım Cavanir müəllim onu İran İslam Respublikasına müalicəyə apardı. Ancaq heç bir köməyi olmadı. Sonra dəfələrlə Bakıda, Tbilisidə müalicə olundu.
Ancaq təəssüflər olsun ki, bunların heç bir xeyiri olmadı. Görünür qismətin belə imiş. Sənin bu gedişin şəxsən məni, bacın Tahirəni, qardaşların Firdovsini, Cavanşiri, İsmayılı, Arslanı, Rəşadı, Nailəni, Sevili, körpə nəvələrin İlkini, Gülçini, o biri nəvələrini, bütün yaxın qöhumlarını, əzizlərini göyüm-göyüm göynətdi, qəmə-kədərə qərq etdi.
Sonda demək istəyirəm, rahat yat əziz bacım, sən getdin əbədi mənzilindəsən. Bizsə hələlik bu dünyada qonağıq. Bu da allahın işidir, yaranan bir gün getməlidir. Ancaq və ancaq bu da vaxtında olsun deyirəm.
Əlvida, əziz bacı əlvida! Qara torpaqda görüşənə qədər...

Zübeydə
Bizə ana əvəzi olan, uzun
müddət xəstə yatan və qəfildən
haqqın dərgahına qovuşan sevimli
baçım Zübeydənin əziz xatirəsinə


Kİm sənə qarğadı, ey əziz bacı,
Düşdün belə qeyli-qala, Zübeydə.
Kimdi bu bədniyyət bil-bilmədim,
Saldı bizi bu münvala, Zübeydə.

Necə zülm eyləyir, bizə il-ildən,
Gətirir bəd işi bizə qəfildən,
Tanrı nə istəyir bizim nəsildən,
Saldı səni belə hala, Zübeydə.

Bu gün qara gəldi nurlu səhərin,
Doldu ürəklərə qəmin kədərin,
Böyüdü qayğınla gül nəvələrin,
Baxmadın nə dövlət-mala, Zübeydə.

Dolmadı sinənə Tanrı işığı,
Qəm çaldı evində ellər aşığı,
Daha olammazsan toy yaraşığı.
Qaldın ei-obadan dala, Zübeydə.

Qoydun sən Rəşadı boynu bükülü,
Soldu taleyinin açılmış gülü.
Sönməsin yurdunun ocağı külü,
Səndən əl çəkmədi bəla, Zübeydə.

Olmadı başında Tanrının əli,
Nicatın olmadı onun əməli,
Gəzəl yaradıbsan ailə təməli,
Həmişə beləcə ola, Zübeydə.

Alməmməd götürdü hər bir ağrını,
Oldu iki ildə yollar yorğunu,
Qoydun əziz bacı şair Uyğunu,
Dərdlərin içində qala, Zübeydə

Qardaşın: Səyavuş Uyğun
9 aprel 2015-ci il.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: