ŞƏHƏRƏ GƏLDİYİM O GÜNDƏN BƏRİi...

ŞƏHƏRƏ GƏLDİYİM O GÜNDƏN BƏRİi... Ülvi duyğularım qırıldı bənd-bənd,
Çapdı xəyalımı ağ at, göy səmənd.
Yolumu gözlədi getmədiyim kənd,
Şəhərə gəldiyim o gündən bəri.

Başımda yüz yana əsdi küləklər
Yapışdı yaxamdan həzin qəm-kədər,
Yatanda kənd gördüm,duranda şəhər,
Şəhərə gəldiyim o gündən bəri.

Gah yelə,gah qara, sazağa düşdüm
Yeridim tələyə, tuzağa düşdüm.
Sevginin ilkindən uzağa düşdüm
Şəhərə gəldiyim o gündən bəri.

Buludlar boşaldı,kükrədi caylar
İlləri seyrəltdi həftələr, aylar
İçimdə bir ana "oğul" haraylar
Şəhərə gəldiyim o gündən bəri.

Arzular cığırın daşında qaldı
Vədələr bulağın başında qaldı,
Bir oğlan 17 yaşında qaldı
Şəhərə gəldiyim o gündən bəri.

İLQAR HƏKİM (YUSUBOV),
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: