QƏZET SIRADAN ÇIXIR...

QƏZET SIRADAN ÇIXIR...HƏYACAN TƏBİLİ!..

Onun yerini nə tutur və hansı fəsadlar yaranır



Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam oldu və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu möhtəşəm tarixi gün yubiley şəklində qeyd edildi.
XX əsrin əvvəllərində bizə müstəqilliyin dadını ilk dəfə daddıran demokratik respublikamızın özü cəmi 23 ay ömür sürdü.
Ulu öndər Heydər Əliyevin qüdrət və qətiyyəti sayəsində əsrin sonlarında qazanılan dövlət müstəqilliyimiz isə artıq 27 ildir yaşayır və inanırıq ki, əbədi var olacaqdır.


Həm Azərbaycan Xalq Cümhuriyyətini quranlar, həm də bugünkü müstəqil dövlətimizi qoruyanlar və yaşadanlar, ona ləyaqətlə xidmət edənlər böyük vətənpərvərlər, zəngin mənəviyyatlı insanlar, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sahib və sadiq vətəndaşlardır. Belələri üçün vətənə məhəbbət, xalqa sədaqət və millətə xidmət həmişə və hər zaman hər şeydən ucada dayanıb!
Həm də bu xidmətdən şərəf duyublar, təmənnasız olublar!
Dövlətin və xalqın maraqlarını daim yüksəkdə tutmağı da bacarıblar!
Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin şəxsiyyətləri və geniş dünyagörüşləri, zəngin bilikləri və vətənə xidmət naminə hər bir çətinliyə və əziyyətə qatlaşmaq qabiliyyətləri adamda sonsuz qibtə və heyrət doğurur!
Həm də müsbət mənada təəccübləndirir:
* Vətənə məhəbbət hissi Avropada təhsil alaraq geriyə dönmüş bu insanların canına və qanına haçan hopmuşdur?!
* Hələ cavan yaşlarından müasir dünyagörüşünə, qabaqcıl fikir və düşüncələrə harada və necə yiyələnmişlər?!
* Kitabxanaların və internetin olmadığı bir dövrdə bu qədər bilgini hansı mənbədən öyrənərək mənimsəmişlər?!
* Ən nəhayət, rahat yolla çoxlu pul qazanmaq imkanları olduğu halda niyə xalqa xidmətin çətin, əziyyətli, riskli və təhlükəli üsulunu seçmişlər?!
Hələ bu sualların cavabını özüm üçün qaneedici şəkildə aydınlaşdıra bilməmişəm...
Hamısı işıqlı zəka sahibi idi!
Hamısı bir neçə dil bilirdi!
Hamısı jurnalistlik məharətinə yiyələnmişdi!
Hamısı ictimai-siyasi xadim kimi yetişmişdi!
Hamısı müxtəlif qəzetlərdə çalışır və ya daim mətbuatla sıx əməkdaşlıq edirdi!
Bəli, həmin dövrdə qəzetlər, redaksiyalar bir məktəb idi:
Vətənpərvərlik məktəbi!
Mənəviyyat məktəbi!
Öyrənmək və öyrətmək məktəbi!
Millətə təmənnasız xidmət məktəbi!


Baş qəzetçimiz Həsən bəy Zərdabidən tutmuş maarifçi-demokratlara, müəllim, yazıçı, şair və aktyorlara, Xalq Cümhuriyyətinin liderlərinə və onların silahdaşlarına qədər hamı xalqı savadlandırmağa, maarifləndirməyə, dünyagörüşünü genişləndirməyə, mədəni səviyyəsini yüksəltməyə - bir sözlə, yeni dövrün insanlarına çevirməyə çalışırdılar!
Bir daha vurğulayırıq: başlıca tribunaları qəzet və jurnallar, sonralar isə məktəblər idi!
Bəli, bu gün hörmətdən düşən, hamının son nəfəsinin nə vaxt çıxacağını gözlədiyi qəzetlər!..
Ola bilər ki, kimlərsə millətin inkişafında qəzetlərin xidmətini lazımınca dərk edə bilməsin və ya unutsun!
Adətən hər şey “qocalanda” dəyərdən düşür - bu da həyatın yazılmamış qanunlarındandır!
Amma gəlin görək dəfninə hazırlaşdığımız qəzetlə birlikdə daha nələri basdırmaqdayıq...



ƏQİDƏ, İDEYA, MƏNƏVİYYAT, TƏRBİYƏ...


Jurnalistika cəmiyyətin həyatına çox-çox sonralar daxil olub!
Jurnalistlik peşə kimi xeyli gec yaranıb!
İlk dəfə qəzeti yaradanlar və redaksiyada çalışanlar nə jurnalist olublar, nə də jurnalistika ilə bağlı təhsil alıblar!
Amma məhz belələrinin fəaliyyətləri əsasında jurnalistikanın qayda, tələb və prinsipləri formalaşıb.
Qəzet sırf pul qazanmaq vasitəsi, redaksiya yalnız biznes obyekti deyil! (Hərçənd ki, bunun belə olduğunu sübut etməyə çalışanlar çoxdur).
Burada paradan öncə əqidə, məslək, ideya, mənəviyyat, tərbiyə və mədəniyyət amilləri də var!
Əslində, qəzetin sahibi ilə onu buraxan redaktoru başqa adamlar olur!
Biri pul qoyub pul qazanır, digəri isə pula satılan “mənəvi məhsul” istehsal edir!
Bu iki vacib məqamı ayırmadan nə əsl qəzet buraxmaq mümkündür, nə də qəzeti itirəndən sonra nələrin də itiriləcəyini dərindən anlamaq!
Məni qorxudan bir qəzetçi kimi işimi itirəcəyim deyil! - Hələ ona xeyli var!
Qəzetlə birlikdə itiriləcək dəyərlərin ağrısıdır!
Artıq onun əlamətləri özünü qabarıq göstərməkdədir!



“BOLLUQ”DAN YOX, TƏMƏNNALIQDAN GÖZDƏN DÜŞƏNLƏR

SSRİ-nin yetmiş il ömür sürməsinə kömək göstərən ən mühüm amillərdən biri ideoloji işə - təbliğat və təşviqata hər zaman yüksək qiymət verilməsi və kifayət qədər vəsait ayrılması idi. Qəzeti “kollektiv təbliğatçı, kollektiv təşviqatçı və kollektiv təşkilatçı” hesab edən Sovet İttifaqı Kommunist Partiyası onu öz fəaliyyətinin tərkib hissəsi kimi daim diqqət mərkəzində saxlayırdı.
Pionerlərin qəzeti ayrı idi...
Komsomolçuların qəzeti ayrı idi...
Partiya üzvlərinin qəzeti ayrı idi...
Yazıçıların, müəllimlərin, həkimlərin, fəhlələrin, kolxozçuların... qəzet və jurnalları ayrı-ayrı idi!..

Amma hamısı təbliğat vasitəsilə bir məqsədə xidmət edirdi:
* SSRİ orada yaşayan bütün xalqların və millətlərin vətənidir, vətən isə doğulduğun komadan (evdən, kənddən və s.) yox, dövlətin sərhədlərindən başlayır;
* Hamınız bu böyük vətəni sevməlisiniz, ona xidmət göstərməlisiniz və hər an yolunda ölümə belə hazır olmalısınız;
* SSRİ-dən güclü dövlət, kommunizmdən yüksəkdə dayanan ideya, Lenindən böyük dahi yoxdur;
* İmperializm bizim düşmənimizdir, ABŞ təcavüzkar dövlətdir, biz sülh istəyirik, müharibəyə isə daim hazır olmalıyıq;
* Sovet adamı fiziki cəhətdən sağlam, mənən zəngin, vətənpərvər, savadlı və dünyagörüşlü, partiyaya sədaqətli, insanpərvər və s. olmalıdır...
Siyahını uzatmırıq.
Bütün bunlar fasiləsiz surətdə insanların beyninə yeridilirdi!
Hərçənd ki, həyatda gördüklərimizin bir qismi başqa mətləblərdən xəbər verirdi.
Amma belə tərbiyənin ciddi təsiri və nəticələri də olurdu.
Bütün hallarda mənəviyyat, dövlətə və xalqa sədaqət məsələləri, insanpərvərlik daim diqqət mərkəzində saxlanılırdı!
Məsələn, hamını inandırırdılar ki, SSRİ-də mətbuat və söz azadlığı, vicdan və düşüncə azadlığı var.
Amma mətbuata “qlavlit” və partiya təşkilatları vasitəsilə ikiqat senzura qoyulmuşdu.
İnsanlara seçim imkanı vermədən Allahsızlıq təbliğ edilirdi!
Sovet İttifaqı Kommunist Partiyasından başqa partiya yox idi və ola da bilməzdi!
Nədənsə “söz və vicdan azadlığının mövcud olduğu” ölkədə heç kəs qəzet, jurnal, telekanal, informasiya agentliyi açaraq jurnalistika ilə sərbəst və müstəqil şəkildə məşğul ola bilməzdi!
Amma dövlətin və partiyanın sayəsində mətbuat və jurnalist cəmiyyətdə hörmət və nüfuz sahibinə çevrilmişdi.

***
Azərbaycan ikinci dəfə dövlət müstəqilliyi qazandıqdan, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni Konstitusiyanın qəbulundan və mətbuata senzura nəzarətinin ləğvindən sonra hər şey əsaslı şəkildə dəyişdi!
Həm də çox qısa vaxtda!
* Həqiqi mətbuat və söz azadlığı bərqərar oldu;
* Ürəyi istəyən özünə partiya yaratdı;
* Vətəndaş cəmiyyəti formalaşdı;
* Könlündən keçən qəzet açaraq “jurnalistliyə” başladı;
* Elə bir qəzet bolluğu yarandı ki, gəl görəsən!


Amma hansı qəzetlərin bolluğu?

Sualı başqa cür də qoymaq olar: əsasən nədən yazan və nələri unudan qəzetlərin bolluğu?!
Mətbuata senzura nəzarəti ləğv ediləndən, KİV haqqında qanun kifayət qədər loyallaşdırılandan və beləliklə, qəzet açmaq, mətbu söz “istehsal etmək” son dərəcə asanlaşdırılaraq hamıya əlçatan edildikdən sonra bu sahəyə güclü axın başladı.
Bunun bir neçə səbəbi vardı:
Əvvəla, sovet dövründə jurnalist peşəsi çox hörmətli idi və bu sahədə çalışanlar cəmiyyətdə daha tez tanınaraq məşhurlaşırdılar.
İkincisi, jurnalistlər əməkhaqqı ilə bərabər qonorar da alırdılar və digərlərindən yaxşı dolanırdılar. Bu məqam da insanların psixologiyasında özünə yer etmişdi.
Üçüncüsü, “gəlirli iş” sayılırdı. Azərbaycan xalqı qonaqpərvər olduğundan ezamiyyətə gələn müxbiri hörmətlə qarşılayır, hər gün yedirib-içirir, qayıdanda pay-puşla yola salır, hətta cibinə xərclik də qoyurdular.
Dördüncüsü, jurnalist üçün “bağlı qapı” olmurdu. (“Qəzet bolluğu” dövründə “xanım jurnalistlər” bu məqamdan istifadə etməyə başladılar). Müxbir rəhbər işçilərdən nəsə şəxsi xahiş edəndə eşidilər və əməl olunardı.
Beşincisi, redaksiyalarda işləyənlər dövlət hesabına daha tez mənzillə təmin olunurdular və s.
“Yeni dövr” jurnalist olmaq arzusu ilə yaşayanların və qəzetdə işləməkdən ötrü sinov gedənlərin işini görünməmiş dərəcədə asanlaşdırdı.
Artıq aylarla redaksiyalara ayaq döyərək bir yazını güclə çıxaranlar çox asanlıqla özləri “baş redaktor”a çevrilə, üstəlik, “pullu yazılar” bazarı aça bilirdilər.
Peşəsinə və ixtisasına uyğun iş tapa bilməyənlər, maskalanaraq müxtəlif növ dələduzluqla məşğul olanlar da jurnalistikaya gələrək qəzetlərdə (sonralar isə internet saytlarında) özlərinə isti yuva qurdular.
Bu tip insanların doxsan doqquz faizinin jurnalist ixtisası və sahə ilə bağlı adi bilikləri belə olmurdu. İndi də redaksiyalarda müxbirlik edənlər (“vəzifə” tutanlar) özlərini “jurnalist” adlandırırlar. Halbuki jurnalist olmaq üçün ən azından müvafiq universitetlərdə bəlli müddətdə oxumaq, dövlət imtahan komissiyasına imtahan verdikdən sonra onun qərarı ilə bu ada sahiblənmək mümkündür!
Əslində, məsələ heç adda da deyil, əməldədir!
Yeni dövrün yeni “qəzetçiləri” Azərbaycan milli mətbuatının bütün qayda və prinsiplərini pozdular (əslində, həmin ənənə və prinsiplərdən xəbərsiz idilər).
Mətbu sözün məsuliyyətini dərk etməyərək ondan sui-istifadəyə (həm də şəxsi maraqları naminə) başladılar.
“Qəzet reketçiliyi”nə qurşanaraq öz aralarında xüsusi şəbəkələr yaratdılar (Bir nəfərin bir neçə qəzetə rəhbərlik etməsi adi hala çevrildi).
Şantaj yolu ilə, insanlara şər-böhtan atmaqla sonradan “silsilə tənqidi yazıların” dayandırılması üçün pul qoparmağa başladılar (Məmurlar arasında onların bu xidmətlərindən bəhrələnərək belələrinə havadarlıq edənlər də tapıldı).
Son nəticədə qəzet də, qəzetçilik də, jurnalistika da gözdən-nəzərdən düşdü, hörmətsiz peşəyə çevrildi!
Oxucular belə qəzetlərdən də, orada çalışanlardan da iyrəndilər!
Jurnalist peşəkarlığı və məsuliyyəti yoxa çıxdı!
Qurunun oduna yaş da yandı:
“Köhnə oxucular” qəzetlərdən “küsdülər”!
“Yeni oxucular” qəzetlərə yaxın gəlmədilər, saytlara üz tutdular!
Ən pisi isə bu oldu ki, gənc nəsil təkcə qəzetdən yox, kitabdan da uzaq düşdü...
Bu itkinin yerini isə heç nə ilə doldurmaq mümkün deyil!
İnsana dünyagörüşü, həyat bilgisi, mədəni hisslər aşılayan, ana dilini dərindən öyrənməsinə kömək göstərən, milli-mənəvi dəyərlərin mənimsənilməsində ən yaxın köməkçi sayılan kitablardan da!



NƏTİCƏ ÖZÜNÜ GÖSTƏRMƏKDƏDİR

Kino çıxanda dedilər ki, teatr öləcək, ölmədi!
Televiziya çıxanda dedilər ki, kino öləcək, ölmədi!

İndi dünyanın hər yerində böyük tamaşaçı auditoriyası olan teatrlar da var, hər il milyonlarla dollar “kassa verən” kinolar da çəkilir!
Ölən teatrlar da, filmlər də, hətta televiziya kanalları da oldu. Bunlar isə səviyyəsizlikdən və vəsaitsizlikdən baş verdi!
Açığını söyləyək: əgər Azərbaycan Prezidenti cənab İlham Əliyev KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını hazırlatdıraraq müstəqil qəzetlərə qrantlı layihələr formasında maliyyə yardımı göstərməsəydi, indi qəzetlərin 80-90 faizi çoxdan bağlanmışdı.
Qəzet satışının pis günə qoyulması, dövlətin maliyyəsi ilə yenidən hazırlanaraq paytaxtın ən gur yerlərində qoyulan yaraşıqlı “qəzet köşkləri”nin (Press köşk) yenə əvvəlki kimi “mini bazar” şəklində fəaliyyət göstərməsi hər gün seyr etdiyimiz acı mənzərələrdəndir!
Qəzetlər üçün “reklam bazarı”nı formalaşdırmaq heç cürə mümkün olmadı! Hazırkı “bazar”dakı reklam vəsaitləri isə düzgün və ədalətli bölüşdürülmür!
Bütün ciddi-cəhdlərinə baxmayaraq, sərbəst qəzet satışı və “reklam bazarı”nın formalaşdırılması sahəsindəki nöqsan və problemləri Mətbuat Şurası da aradan qaldıra bilmədi!
Yaxşı, qəzetləri də verək arxivə, bəs sonra, onların yerini nə tutacaq?!
Sosial şəbəkə?
Hələ bir sosial şəbəkəsinin boyunu sevərək bəziləri ona “sosial media” da deyirlər!
Heç orada medialıqdan əsər-əlamət var?!
Nə qanuna tabedir, nə sivil qaydası yaradılıb, nə də burada yazışanların bir qismi ədəb-ərkan tanıyır!
Özəl televiziya kanalları qəzetləri əvəz edə bilmədi: əksinə, hər şeyi şoulaşdıraraq, bayağılaşdıraraq təkcə Azərbaycan dilinə yox, milli-mənəvi dəyərlərimizə də ciddi zərər yetirirlər. Belə kanalların çəkdikləri yeni seriallar isə lap “gül vurub”lar!
İnternet saytlarında da bir-birini təkrar edən xəbərlərdən və hər informasiyadan sensasiya düzəltmək cəhdindən başqa heç nə görmürük!
Nə milli-mənəvi dəyər qalıb, nə də jurnalistikanın janrları!
Bunu nə bilənlər var, nə də öyrənmək istəyənlər!
Bircə gün kifayətdir ki, televiziya kanallarını və internet saytlarını müşahidə edəsən, onda hər şeyi açıq-aşkar görəcəksən! Görəcəksən ki:
* Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları mütəmadi şəkildə pozulur;
* Milli-mənəvi dəyərlərin qorunmasına əhəmiyyət verilmir;
* Azərbaycan mətbuatının ənənələri yada düşmür;
* Azərbaycan ədəbi dilini “çayxana” və “qeybət” dili əvəz edib;
*Vətənpərvərlik təbliğatı aparılmır;
* Bütün informasiyaların, hadisələrin və verilişlərin mərkəzində “mənfi qəhrəman” durur: bu televiziyada da belədir, saytlarda da, yeni seriallarda da!
Kriminal xəbərlərə nə qədər aludəçilik olar?
İnsanları mənəviyyatsızlığa, millətin adına yaraşmayan hərəkətlərə, biabırçılığa alışdıran, belə halları geniş təbliğ edərək adiləşdirən informasiyalara haçanacan gen-bol yer veriləcək?
Mənəviyyatdan yazanda və danışanda mənfi halların qınanması, tənqidi nə vaxtadək “unudulacaq”?!
Daha ictimai rəy də kəsərdən düşüb!
Axı bu xalq belə deyildi: böyük bilirdi, ağsaqqal-qarasaqqal tanıyırdı, ana-bacıdan həya edirdi, söz deyəndə öz mənliyini də nəzərə alırdı...

Bütün bunların acı nəticəsini vaxtaşırı görüb-eşidirik:
* oğul anasını və ya atasını öldürür;
* qardaş qardaşının qarnına bıçaq soxur;
* həddi-büluğa çatmayan qız evli kişiyə qoşulub qaçır;
* ana uşağını ataraq feysbukda tapışdığı birisinin yanına gedir;
* doğmalar bir-birinin evinə oğru gətirərək əmlakını ələ keçirməyə çalışır və s.
Bu gün qəzetdə kimisə söymək, təhqir etmək, aşağılamaq mümkün deyil! Dərhal qanunun gücü işə düşür, günahkarlar məhkəmə qaydasında cəzalandırılır!
Üstəlik, bütün mətbuat cameəsi və ictimai rəy düşür həmin qəzetin üstünə, təkləyir, yaramaz əməli tərgitdirir.
Baxın, əgər jurnalistlərlə bərabər ziyalıların, tanınmış insanların, bütövlükdə xalqın təpkisi olmasaydı “qəzet reketçiliyi”nin qarşısını almaq mümkün olardımı?!
Bəs sosial şəbəkələrdəki özbaşınalıqlara, təhqir və söyüşlərə qarşı ağıllı, abırlı və ziyalı insanların niyə belə birliyi yoxdur?!
Kimi və ya nəyi gözləyirlər?!
Söyüş, təhqir eşitmək insana xoş gələ bilərmi?!
Axı yüzlərin oxuduğu, yaxud eşitdiyi söz mətbu söz (ictimai şəkildə səsləndirilən və ya eşidilən) sayılır.
Elə isə belə hallara qarşı niyə qanuni yolla mübarizə təşkil edilməsin?
Nəyə əsasən və nə vaxtadək söyüş və təhqiri mətbuat və söz azadlığının təzahür forması kimi qəbul edəcəyik?! (Yaxud bizə qəbul etdiriləcəkdir?)
Bəs insanın şərəf və ləyaqəti?
Axı bunlar heç də söz azadlığından aşağıda dayanmır!
Bəlkə də əksidir!

Ola bilsin ki, söyüş söyən öz şərəf və ləyaqətini dəyərincə qiymətləndirməsin! Bu onun öz işidir!
Bəs biz, onu eşidənlər və ya oxuyanlar?
Belə yanaşmanı bəyənib dayanmalıyıqmı?!
Qınaq və hüquq birlikdə işləməlidir!
Milli mətbuatın, qəzetçiliyin ənənəsi yaşadılmalı, ictimai sözün mövcud olduğu bütün sferalarda bərqərar olunmalıdır!
Hətta qəzetin özü ölüb, sıradan çıxsa da belə!
Bütün bunları biz etməliyik!
Biz hamımız!
Həm də birlikdə!..



Bəxtiyar SADIQOV,
Millət vəkili,
"Azərbaycan" qəzetinin
Baş redaktoru


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Xalqın sözçüsünün dörd yaşı tamam oldu

Xalqın sözçüsünün dörd yaşı tamam oldu

Təbriklər
Polad QASIMOV: “Kirpi” çıxır, o çıxınca canımız da çıxır”

Polad QASIMOV: “Kirpi” çıxır, o çıxınca canımız da çıxır”

MEDİA, Köşə yazılar
Təklif edirəm ki, Azərbaycan mətbuat taiximizi - “Tiflis əxbari” qəzeti ilə ...

Təklif edirəm ki, Azərbaycan mətbuat taiximizi - “Tiflis əxbari” qəzeti ilə ...

MEDİA, Müşfiq Borçalı
Tələbə jurnalistlərin qonorar sevinci

Tələbə jurnalistlərin qonorar sevinci

BDU, Hüquq
Əflatun Amaşov: “Jurnalistika günün tarixini yaradır”

Əflatun Amaşov: “Jurnalistika günün tarixini yaradır”

MEDİA
Əflatun Amaşov: “Saytların 15 faizinin rekvizitləri göstərilmir”

Əflatun Amaşov: “Saytların 15 faizinin rekvizitləri göstərilmir”

MEDİA, "Şərqin səsi"
“Azərbaycan” qəzetinin  yenidən fəaliyyətə başlamasının  25 illik Yubiley t ...

“Azərbaycan” qəzetinin yenidən fəaliyyətə başlamasının 25 illik Yubiley t ...

MEDİA, "Şərqin səsi", Müşfiq Borçalı, Köşə yazılar
Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzet “İlin ən tolerant qəzeti”  ...

Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzet “İlin ən tolerant qəzeti” ...

"Gürcüstan", Tiflis
Ulu öndər Heydər Əliyevin Müdrik fikirləri

Ulu öndər Heydər Əliyevin Müdrik fikirləri

Azərbaycan
Gürcüstanda medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantı ...

Gürcüstanda medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantı ...

MEDİA, Gürcüstan
Həm pandemiya, həm də müharibə sınağından uğurla çıxan AZƏRBAYCAN MƏTBUATI

Həm pandemiya, həm də müharibə sınağından uğurla çıxan AZƏRBAYCAN MƏTBUATI

Elm, Elmi Məqalələr, Müsabiqə
KİTAB RƏFİ: Müşfiq Çobanlı. “Ziya”dan “Çənlibel”ədək. Bakı, 2000.

KİTAB RƏFİ: Müşfiq Çobanlı. “Ziya”dan “Çənlibel”ədək. Bakı, 2000.

Yeni nəşrlər, MEDİA, Gürcüstan, Darvaz, Müşfiq Borçalı
Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

MEDİA, Gürcüstan

"Ziyayi-Qafqaziyyə" qəzetində milli-mənəvi dəyərlərimizə münasibət

MEDİA
Şərq” qəzeti Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib

Şərq” qəzeti Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib

MEDİA
Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı

Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı

Azərbaycan, MEDİA
Azərbaycanın “reket jurnalistikası” – reketlik yoxsa vətənə xəyanət?

Azərbaycanın “reket jurnalistikası” – reketlik yoxsa vətənə xəyanət?

Köşə yazılar

"Mən informasiya təhlükəsizliyi ilə bağlı da ayrıca dövlət sənədinin qəbul ...

Milli Məclis, MEDİA

"Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövz ...

MEDİA
Türk dilində ilk mətbuat orqanı «Təkvimi-vəkayi»- 185

Türk dilində ilk mətbuat orqanı «Təkvimi-vəkayi»- 185

MEDİA, BDU
Rəy yazın: