Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi Dövlətin və xalqın
böyük qiymət verdiyi
ustad aşıq


Prezident təqaüdçüsü
aşıq Mahmud Məmmədovun
80 illik yubileyindən...


«Sağlığında qiymət verin insanlara» - deyirdi xalq şairi Cabir Novruz. Böyük həqiqətə, insani dəyərlərə verilən qədir-qiymətə söykənib bu kəlam. Aşıq Mahmud Məmmədova sağlığında qiymət verilməsi, ustadın qədir-qiymətinin bilinməsi olduqca müsbət bir haldır, dəyərli işdir. Azərbaycan aşıq sənətinin görkəmli təmsilçisi, Göyçə aşıq mühitinin qüdrətli nümayəndəsi, aşıq İmran Həsənov məktəbinin layiqli davamçısı aşıq Mahmud Məmmədovun 80 yaşı tamam oldu.
Azərbaycan dövlətinin sayıb-seçdiyi, dəyər verdiyi ustad aşıq əməkdar mədəniyyət işçisi fəxri adını alıb, saysız orden-medal, mükafatlar qazanıb, Prezident təqaüdçüsüdür.

Aprelin 28-də Azərbaycan aşıq sənətinin tanınan nümayəndəsi, Azərbaycanın qocaman aşıqlarından olan Mahmud Məmmədovun 80 illik yubiley tədbiri Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında qeyd edildi.
Məlumat üçün deyək ki, Mahmud Qasım oğlu Məmmədov 1935-ci ildə Göyçə mahalının Ağbulaq kəndində dünyaya göz açıb. 1946-cı ildə ailəsilə birlikdə Tovuz rayonunun Bozalqanlı kəndinə köçüb və sonrakı həyat fəaliyyəti bu diyarla bağlı olub. Onu da bildirək ki, 1957-ci ildən başlayaraq ustadı İmran Həsənov, Əkbər Cəfərov, balaban ustası Abbas İsmayılovla birlikdə dövlət tədbirlərində iştirak etməyə başlayıb, tez-tez tədbirlərə, yığıncaqlara dəvət olunub. Elə həmin ildə gənc aşıq Bakıda keçirilən folklor festivalında birinci dərəcəli diploma layiq görülüb. Bir müddət sonra isə ümumittifaq və beynəlxalq festivallarında laureat adını qazanıb. Ustad aşıq Mahmud Məmmədovun Azərbaycan teleradiosundakı mütəmadi çıxış və konsertləri, xüsusən də Azərbaycan Telefilm Birliyinin tamaşaçılara təqdim etdiyi «Abbas-Gülgəz» dastanı ona böyük şöhrət qazandırıb. O, eyni zamanda, bir müddət AMEA-nın Folklor İnstitutunda çalışıb, burada aşıq sənətinin tədqiq olunmasında böyük əmək sərf edib.
Məlumatımıza görə, Aşıq Mahmud 1992-ci ildə Türkiyənin Konya şəhərində keçirilən folklor festivalında Atatürk qızıl medalına layiq görülüb. Prezident təqaüdçüsüdür, Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin üzvüdür.
Aşıq Mahmudun poetik yaradıcılığı da çox dəyərlidir. Ustad aşığın 2007-ci ildə «Hörmət olan yerdə, məhəbbət olar», 2011-ci ildə isə «Allah qəlbə görə verir» adlı şeirlər kitabları çap olunub. Bu kitablarda aşığın müxtəlif illərdə qələmə aldığı divanilər, gəraylılar, qoşmalar, deyişmələr, müxəmməslər, xatirə-rəvayətlər və aşığa həsr olunan şeirlər toplanıb.

Aşıq Mahmud Məmmədovun Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilən 80 illik yubileyi Mədəniyyət və Turizm Nazirliyi və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Aşıq Mahmudun yubileyi deyərdim ki, son illər keçirilən maraqlı tədbirlər silsiləsinə aiddir. Əvvəlcədən onu qeyd edək ki, Mahnı Teatrının konsert salonu tam olaraq dolmuşdu və hətta mərasimi ayaq üstə izləyənlər də vardı. Əlbəttə, bu, ustad aşığa verilən böyük dəyər olmaqla yanaşı, həm də Azərbaycan aşıq sənətinə göstərilən ehtiram və hörmətin əlaməti idi. Aşıq Mahmud Məmmədovun 80 illik yubiley tədbirində görkəmli ziyalılar, folklorşünas alimlər, ustadın sənət dostları və yetirmələri ilə yanaşı, Cənubi Azərbaycandan gələn aşıqlar iştirak edirdi.

Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub ölkəmizdə sənətə və sənətkara göstərilən diqqət və qayğıdan, aşıq sənətinin inkişafı naminə həyata keçirilən məqsədyönlü işlərdən, həmçinin yubilyarın həyat və yaradıcılığından söz açaraq bildirdi ki, dövlətimizin aşıq sənətinə qayğısı aşıqlarımızı ruhlandırır: «Azərbaycan dövləti aşıq sənətinə, aşıqların yaradıcılığına yüksək qiymət verir. Təsadüfi deyil ki, bu müqəddəs sənət Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səyi nəticəsində UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Bu olduqca təqdirəlayiq bir işdir. Bu həm də sənətə və sənətkara verilən qiymətin bariz nümunəsidir».
Ustad aşığın sənətindən, şəxsiyyətindən, yüksək keyfiyyətlərindən danışan Z.Yaqub bildirdi ki, sənətkar üçün 80 yaşında öz yubileyində iştirak etməkdən böyük xoşbəxtlik yoxdur:»Səksən yaşın var və sən də əyləşibsən məclisin başında, sənin yubileyini keçirirlər. Bundan böyük xoşbəxtlik yoxdur aşıq üçün, sənətkar üçün. Aşıq Mahmud Məmmədov canlı klassikdir, görkəmli aşıqdır, ustaddır. Onu mən çox böyük aşıqlarla, ustadlarla-aşıq İmran Həsənovla, Azaflı Mikayılla, aşıq Əkbər Cəfərovla bir yerdə görmüşəm. O, Göyçədə doğulub, Tovuzda yaşayıb. Saz havalarını, söz sənətini, dastanlarımızı gözəl bilir. Yaxşı adamdır, gözəl kişidir, böyük sənətkardır. Həm Göyçə mahalı, həm Tovuz eli Azərbaycan aşıq sənətinə uca insanlar bəxş edib. Onlar da aşıq sənətinin korifeyləridir. Bayaq Məhərrəm Qasımlı ilə danışıb deyirik ki, aşıq Mahmud yaxşı kişidir, qeybətdən, söz-söhbətdən uzaqdır, onunla söhbət edəndə adam yüngülləşir. Bu gün onun səhnədə belə əzəmətlə dayanmasına heyran qalıram. 80 yaşında səsi də, yaddaşı da, barmaqları da nizamdır, yerindədir. Aşıq Mahmud Dədə Qorqud yaşındadır, 80 yaşında öz yubileyini gördü».
Z.Yaqub ustada 80 illik yubileyi münasibətilə Azərbaycan Aşıqlar Birliyinin diplomunu təqdim etdi.

Sonra Zəlimxan Yaqub səhnədə öz yerini tutmaq üçün aşıq Mahmud Məmmədovu, tədbiri aparmaq üçün isə professor Qəzənfər Paşayevi səhnəyə dəvət etdi.

Professor Qəzənfər Paşayev bildirdi ki, ustad aşığın bənzərsiz sənət dünyası, zəngin yaradıcılıq axtarışları, Azərbaycan aşıq sənətinin inkişafı naminə gördüyü işlər kifayət qədərdir: «Bir neçə il əvvələ qədər aşıq sənətinə, aşıqlara o qədər də dəyər verilmirdi. Ancaq bu gün Azərbaycan hökuməti aşıq sənətinə, ustadlara böyük qiymət verir, aşıqlar müxtəlif fəxri adlara, Prezident təqaüdünə layiq görülür. Bir neçə il əvvəl xalq şairi Zəlimxan Yaqubun Aşıqlar Birliyinə sədr seçilməsi aşıq sənətinin taleyində böyük rol oynadı. İçəri Şəhərdə keçirilən Novruz bayramında Zəlimxan Yaqub möhtərəm Prezidentimiz İlham Əliyevin qarşısına müxtəlif aşıq mühitlərindən olan aşıqlarla çıxdı. Ölkə başçımızın qarşısında çıxış edən aşıqların sırasında ustad aşıq Mahmud Məmmədov da var idi. Aşıq Mahmud böyük sənətkar olmaqla yanaşı, həm də bütöv şəxsiyyətdir. Şəxsiyyətinin bütöv olması onu xalqa, elə sevdirib. Görün bu məclisə nə qədər adam gəlib, zal doludur».
Professor Məhərrəm Qasımlı isə bildirdi ki, Mahmud Məmmədov böyük aşıqdır və onun saysız yetirmələri, şəyirdləri var: «Aşıq Mahmuda bütün yüksək keyfiyyətlərdən Tanrı səxavətlə pay verib. Belə sənətkarlar yüz illərdən bir yetişir. Biz onun timsalında böyük bir dastançı aşığı görürük. Aşıq Hüseyn Saraclı, aşıq Məhəmməd Çovdaroğlu kimi dastançı aşıqlarımızı itirdik, qədirlərini bilmədik. Aşıq Mahmud «Abbas və Gülgəz» dastanını danışmaqla da tarixdə qaldı. O vaxt bu dastan-film çəkiləndə çox fikir mübadiləsi aparıldı və aşıq Mahmudun üzərində dayanıldı. Baxmayaraq həmin vaxt aşıq Murad Niyazlı sağ idi, amma səhhəti ilə bağlı problemi vardı. O da məsləhət gördü ki, bu dastanı aşıq Mahmud danışsın».

Tədbirdə ustadın ifasında «Abbas və Gülgəz» dastanından parçalar təqdim edildi. Aşıq Gülarə Azaflı, aşıq Nəbi Nağıyev və aşıq Nazim Quliyev, aşıq Qələndər Zeynalov və aşıq Altay Məmmədli (qoşa çıxış edirdi aşıqlar), aşıq Ulduz Sönməz, aşıq Solmaz Kosayeva, ustadın şəyirdi aşıq Cahangir Quliyev, aşıq Şəhriyar Kərimov və aşıq Elməddin Məmmədli, Aşıq Səlcuq Şahbazi, aşıq Elçin Xaliqoğlu və başqaları ustadın yubileyini saz-sözlə təbrik etdilər.
Sonda ustad aşıq sazının zilini zil, bəmini bəm, sinəsi üstə müstəkəm eləyib səhnədə gərdiş etdi. 80 yaşlı ustad aşıq tamaşaçıları qarşısında möhtəşəm çıxış etdi və «Aşıq Ələsgər və Dəli Alı» dastançasını söylədi. İnanın, səs də o səs idi, barmaqlar da həminki idi... Heç nə dəyişməyib, sadəcə yaşının üstünə yaş gəlib ustadın.
Uca zirvələrə qar yağar ustad! Həmişə zirvə olmusunuz, o zirvədə yaşamaq, məskən salmaq yaraşır sizə! Yüz illiyinizdə görüşmək ümidi ilə. 80 yaşınız mübarək!


İradə SARIYEVA
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Folklor, Borçalı, Bolus, Elanlar
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Folklor, Borçalı, Nekroloqlar
Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalı
Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Folklor, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Aşıq Hüseyn Saraclının 100 illik yubiley gecəsi

Aşıq Hüseyn Saraclının 100 illik yubiley gecəsi "Mədəniyyət" kanalında ya ...

Tv, Elanlar
Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qarayazı
Aşıq Tərmeyxana və  Aşıq Telliyə BAŞSAĞLIĞI

Aşıq Tərmeyxana və Aşıq Telliyə BAŞSAĞLIĞI

Borçalı, Nekroloqlar
Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konser ...

Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konser ...

Borçalı
Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi

Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi

Mədəniyyət, Folklor, Bolus
HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

Folklor, Bolus
Aşıq Qurbanəli (1893 - 1979)

Aşıq Qurbanəli (1893 - 1979)

Müşfiq Borçalı
Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Folklor
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
AŞIQ ƏMİR SARALLAR (1923-1992)

AŞIQ ƏMİR SARALLAR (1923-1992)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Aşıq Samir CAMALOĞLU (1980)

Aşıq Samir CAMALOĞLU (1980)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Folklor, Bolus
Ustad aşıq Sadıq Sultanovun ifasında bir neçə mahnı

Ustad aşıq Sadıq Sultanovun ifasında bir neçə mahnı

Tv, Folklor, Borçalı
Borçalıda aşıqlarla görüş keçirilib

Borçalıda aşıqlarla görüş keçirilib

Borçalı
Azərbaycan Aşıqlar Birliyi VI Qurultayını keçirib

Azərbaycan Aşıqlar Birliyi VI Qurultayını keçirib

Folklor
Rəy yazın: