QƏDİM QIZIL-KİLSƏ KƏNDİNDƏN BAŞLANAN ŞƏRƏFLİ ALİM-PEDAQOQ ÖMRÜ...VİDADİ ORUCOV (1956) Kolleclər, Başkeçid 19 января 2017 Vidadi Ömər oğlu Orucov 1956-cı il may ayının 12-də Ulu Borçalı mahalının qədim Başkeçid (indiki Dmanisi) rayonundakı Qızıl-kilsə kəndində anadan olmuşdur. O, gözünü açıb ətrafda bir-birinin ardınca sıralanmış dağlar, güllü-çiçəkli yamaclar görmüşdür. Dağlardan axıb gələn çayların şırıltısını, səhər tezdən oxuyan quşların nəğməsini dinləyə-dinləyə meylini saza salmışdır. Sonralar isə kamal saz ifaçısı olmuşdur.Vidadi Orucov 1973-cü ildə Qızılkilsə orta məktəbinin bitirmiş, təhsilini artırmaq üçün Bakıya yollanmışdır. O, ADU-nin Fizika fakültəsinə qəbul olmuş, 1982-ci ildə oranı bitirmişdir. Vidadi də atası Ömər müəllim kimi müəllimlik yolunu tutmuşdur.Orucov Vidadi Az-Gəyliyən kəndindən olan Bayram dayının qızı Xanımla ailə qurmuşdur. İnstitutu bitirdikdən sonra Bakıda yaşamışdır. 1998-ci ildə Orucov Vidadi namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. O, əvvəllər Bakıda Nizami rayonunda “Bilik” Cəmiyyətinin məsul katibi işləmişdir.1992-1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili idarəsində mütəxəssis vəzifəsində çalışmışdır. 1997-ci ildən Bakı Sənaye-Pedaqoji Texnikumunun direktoru vəzifəsində çalışıb.2016-cı ildən Bakı Dövlət Sosial-İqtisadi Kollecinin direktorudur.Vidadi müəllim həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı Xanım Bayram qızı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Bakı Qida Sənayesi kollecində çalışır. 2010-cu ildə Filologiya üzrə alimlik dərəcəsi (Fəlsəfə doktoru) alıb. * * *Hələ qədim dövrlərdə insanlar təbiət hadisələrinin nə üçün baş verdiyini dərk edə bilmirdi. İnsanlar ətraf aləmdə baş verən möcüzəli hadisələri aydınlaşdırmağa cəhd göstərirdi. Milyon illər keçdikcə, insan zəkası onu narahat edən suallara cavab tapdı. Yeni bir elm - fizika yarandı. O sadə qanunları, əldə edilən bilikləri, elmi kəşfləri, ixtiraları ilə insanları öz ətrafına topladı. Fizika-təbiət hadisələrinin ümumi qanunauyğunluqlarını, materiyanın hərəkət qanunlarını, xassələrini, quruluşunu öyrənən elm kimi aşkar olundu.İndi elmi biliklərin tərəqqisi dövründə fizika elmi yeni nailiyyətləri ilə seçilir. "Ağlın təntənəsi" kimi tarixə dönən XX əsrin elmi kəşfləri ilə yanaşı XXI əsrdə də insan zəkasının ixtiraları fizikanın sürətli inkişafını göstərir.İstedadlı alim, tanınmış pedaqoq, fizika-riyaziyyat elmləri namizədi Vidadi Orucovun bu yaxınlarda işıqüzü görmüş "Fizikanın öyrədilməsi ilə bağlı elmi fikirlərin inkişafı" kitabını bu baxımdan alimin böyük uğuru adlandırmaq olar. Kitabın redaktoru və elmi məsləhətçisi Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Zahid Qaralovdur. Kitaba "Ön söz əvəzi" yazan professor, Rusiya Təhsil Akademiyasının akademiki Abdulla Mehrabov monoqrafik xarakter daşıyan əsəri təhsil sistemində fizikanın öyrənilməsi ilə bağlı elmi biliklərin inkişafına dair sistemləşdirilmiş və elmi cəhətdən əsaslandırılmış ilk tədqiqat işi kimi qiymətləndirmişdi.Müasir dövrümüzdə fizikanı elmin ayrılmaz hissəsi adlandırmaq olar. Müəllifin müraciət etdiyi texniki elmlər içərisində əsas sahə olan fizikanın öyrədilməsi ilə bağlı fikirlər kitabın oxucuları üçün maraqlıdır. 2 fəsildən və 8 bölmədən ibarət olan əsərdə qədim dövrlərdən başlayaraq, bu günümüzə qədər olan fizika elminin inkişaf tarixi əhatə olunub.İlk fəsil "Qədim dövrlərdə və orta əsrlərdə təbiəti öyrənməyin tendensiyaları" adlanır. Burada insanların öyrənmək marağı, orta əsrlərdə elmi ideyaların yaranması, Avropada intibah dövründə bu sahəyə olan diqqət öz əksini tapır.Məlumdur ki, qədim insanların təbiət hadisələri qarşısında acizliyi Allah haqqında ilkin təsəvvürləri yaratdı. İnsanlardakı bu acizlik nəticəsində çoxallahlılıq, yeni dinlər yarandı. İnsanların Yer, Günəş, səma cisimləri haqqında ilkin fikirlərə malik olması, Günəş və Ay təqvimlərinin yaranması tədricən qədim Hindistanda, Misirdə, Babilistanda baş verdi. Müəllif qədim Yunanıstandakı Milet məktəbinin nümayəndələri Fales, Diogen, Anaksimandr və Anaksimenin fəlsəfi, elmi biliklərini də qeyd edir. Əsərdə təbiət sirləri eləcə də, Heraklit, Parmenid, Zenon, Ksenofon, Anaksador, Sokrat, Platon kimi dahi alimlərin müxtəlif elmi fikirləri aydın izah olunur. Dünyanın quruluşu, səma cisimləri haqqında elmi izahları Vidadi Orucov antik dövrdəki alimlərin əsərlərinə istinadən göstərir. Bütün dinlərdə - Zərdüşt, Buddizm, Yəhudi, Xristianlıq və İslamda astronomiya elmi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Müəllif IX əsrdə astronomiya elminin inkişafında, ərəb alimlərinin "Quran" ayələrindəki elmi fikirlərini araşdıraraq şərh edir. Vidadi Orucov "Fizikanın öyrədilməsi ilə bağlı elmi fikirlərin inkişafı" əsərində yazır: "Bağdad məktəbinin elmi təlimlərinin bir çoxu Avropaya Ərəb İspaniyasından keçmişdir. Müasir elm tarixində orta əsrlər dövründə 116-dan çox müsəlman müəlliflərinin və başqalarının astronomiyaya giriş və buna bənzər onlarla əsərləri mövcuddur". Müsəlman Şərqində səma cisimlərinin mexanikası elmi əsaslarla öyrənildiyinə görə fizika elmi astronomiya ilə bərabər inkişaf etmişdi. Kitabda Avropada İntibah dövrünün başlanması, onun əsas tələbləri, elmi ideyaların məzmunu ilə bağlı fikirlər də diqqəti cəlb edir. Burada XV-XVI əsrlərdə Avropanın İntibah dövründə L.Vinçi, İ.Kardan, F.Mavrolik, Hiber, Kopernik, İ.Kepler, Q.Qaliley, X.Huydenc, İ.Nyuton kimi alimlərin ixtiraları fizikanın qazandığı elmi nailiyyətlərin inkişafı kimi xarakterizə olunur. X əsrdən başlayaraq, Azərbaycanda riyaziyyat, fizika, insan haqqında biliklər inkişaf etdi, dünyəvi məktəblər yarandı. Ərəb xilafəti dövründə Gəncə, Bərdə, Marağa, Şamaxı, Dərbənd, Təbriz, Ərdəbil və başqa şəhərlərdə mükəmməl təhsil verən mədrəsələr yaradılması sonrakı dövrlərdə elmin inkişafına təkan verdi. İlk dəfə olaraq, fizika sözünü filosof alim Əbülhəsən Bəhmənyar Azərbaycan dilinə gətirdi. O "Təhsil" əsərində materiyanın quruluşu, mexaniki hərəkət, məkan, zaman, işıq, səs hadisələri ilə bağlı müxtəlif fikirlər göstərmişdi. Təbiət elmlərinin, fizikanın öyrədilməsində ensiklopedik biliyə malik olan N.Tusinin adı XIII əsrin dahi alimlərin sırasında xüsusi yer tutur. N.Tusi təlim və tərbiyədə insanın hərtərəfli inkişafı üçün müəllim haqqında yazmışdı: "Müəllim cismani ata, ruhani atadır. Nəfs fəzilətdə cismə nisbətən nə qədər yüksəkdirsə, müəllimin də haqqı atanın haqqından o qədər çoxdur". Qeyd edək ki, "Fizikanın öyrədilməsi ilə bağlı elmi fikirlərin inkişafı" kitabı respublikamızda fizikaçı alimlər, bu fənni tədris edən müəllimlər, eləcə də tələbələr, şagirdlər və digər elm sahələrinin mütəxəssisləri üçün dəyərli tədqiqat əsəri hesab oluna bilər.Tanınmış təhsil işçisi, dəyərli ziyalımız, çox hörmətli soydaşımız Vidadi Orucovu bu yeni uğuru münasibəti ilə oxucular adından ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyətlər arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.AzBax: Müşfiq Borçаlı, Təranə Cəbiyeva. Alimin yeni uğuru. «Şərqin səsi» və «Təhsil» qəzetləri, №10 (302), Sentyabr 2007-ci il.Müşfiq BORÇALI. Sazlı-Sözlü BAŞKEÇİD. I cild, Bakı, 2016.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.