Gürcüstanda yaşayıb-yaradan şair TAPDIQ YOLÇU vəfat edib

Gürcüstanda yaşayıb-yaradan şair TAPDIQ YOLÇU vəfat edib
ALLAH RƏHMƏT ELƏSİN!..

Böyük Borçalı mahalına, qədim Qarayazı elinə və Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Gürcüstanda yaşayıb-yaradan dəyərli soydaşımız, tanınmış ziyalı, 80-ci illər ədəbi nəslinin istedadlı nümayəndəsi, oxuculara “Taleyə sual” adlı şeirlər toplusu ilə tanış olan şair-publisist TAPDIQ YOLÇU bu gün - 21 fevral 2024-cil ildə dünyasını dəyişib.

Biz də bütün redaksiyamız adından, eləcə də, Bakıda yaşayan dostlar adından, tanınmış şair-publisist Tapdıq Yolçunun vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, doğmalarına, qo­hum-əqrabasına, yaxınlarına, bir sözlə, bütün Tapdıqsevərlərə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin, Məkanı cənnət, Ruhu olsun! – deyirik və aşağıda şairin bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik!..


Natiq HÜMBƏTOV,
Müşfiq BORÇALI,
ZiM.Az




DÜNYA – AYRILIQ YERİ

Üstümə dərd-qəm yağır,
Daha yağan yağışla.
Buz tək soyuq görünür,
Hər baxan od-baxışlar.

Işıq salmır üzümə,
Gün doğur, gendən gedir.
Gün gündən ötməyir ki,
Nə gedir məndən gedir.

Dünya – ayrılıq yeri,
Bilmirdim...
Bildim indi;
Yaşlanıb yalın qalan,
Yaşıma gəldim indi...


MƏN AĞLAMAQ BİLMİRDİM

Mən ağlamaq bilmirdim,
Səndən ötrü ağladım.
Göz yaşımı gözümdə,
Bu dəm üçün saxladım.

Gəzirdim bir dağ kimi,
Mən baş əyən deyildim.
Hardan çıxdın qarşıma?!
Səni gördüm...əyildim.

Nə vaxtdı dünyadayam,
Günüm,kəhərim, yolda.
Səni niyə görmürdüm,
Səni,ey...dünya boyda?!

Bu gün keçdin qarşımdan,
Gördüm,ayaq saxladım.
...Mən ağlamaq bilmirdim,
Səndən ötrü ağladım...


AYRILIQDAN AYRILIB...

Ayrılıqdan ayrılıb,
Gedə bilmək olurmu?
Üfüqdə göz-qulaqdan,
Itə bilmək olurmu?

Dost olub dərd-sər ilə,
Dövranla, dörd yer ilə,
Dərdləri dərd əliylə,
Didə bilmək olurmu?

Günə bir gün ağlayıb,
Bu dağları dağlayıb,
Gül-çiçəyə bağlanıb,
Bitə bilmək olurmu?

Ayrılıqdan ayrılıb,
Gedə bilmək olurmu?..


YOLMU VAR…

Bir ömürdü yol gedirəm,
Yolmu var yoldan savayı?!
Nə görür, nə eşidirəm,
Olacaq, oldan savayı?!

Tanrı yaxşı-pismi seçir,
Əkir, bir yandan da biçir.
Kim bilir, gedən nə çəkir,
Ölümdən, öldən savayı?!

Düpdüzüymüş, dünya – yalan,
Yalandı parlayan, solan.
Qiyamətə nədir qalan,
Torpaqdan, küldən savayı?!


DURNALAR GEDƏN YERƏ


Bu güz qaça biləydim,
Burdan köçə biləydim,
Mən də uça biləydim,
Durnalar gedən yerə.

Gedəm üzüm sürtməyə,
Həsrətimi örtməyə.
Dəm gedə, qəm getməyə,
Durnalar gedən yerə.

O yer bura uyarmı,
Məni tutar, sayarmı,
Anam bilsə, qoyarmı,
Durnalar gedən yerə?

Bir üzdən üz görmədim,
O üzdən üz döndərdim.
Getmədim, söz göndərdim,
Durnalar gedən yerə...


NƏYİM QALIB...

Nəyim ötdü – bilirsən,
Bilmirsən – nəyim qalıb?
On ilim, on beş ilim,
Bəlkə bir ayım qalıb?

Nə qədər istəyirsən,
Yenə çəkim nazını?
Çoxunu ki, çəkmişəm,
Çəkim qalan azını?

Həsrətindən saralıb,
Sinəmin yaşıl donu.
Qorxuram – birdən olar
Bu payız ömrün sonu...

Tərs əsir dərd küləyi,
Çatmır sənə sözlərim.
Getdiyin izi görmür,
Heydən düşür gözlərim.

Çöküb ömür divarım,
Gəl, bir gör nəyim qalıb?
Sənsiz ölüb getməyə,
Bəlkə bir ayım qalıb...


BAXAN YOXDU İÇİMƏ...

Hər gün içim ağlayır,
Gəlirmi heç vecinə?!
Sən üzümə baxırsan,
Baxmayırsan içimə.

Gülüşündə gözümün,
Gülüm, yaşdı, gül deyil.
Sına bilmirəm, neynim,
Qürurum hey – gül, - deyir.

Bir Haqq bilir qəlbimdən,
Axan qara qanları.
(Mən çəkən dərdə düşsün,
Başıma qarayanları.)

Yol yorub, yaş sayıram,
Düşüb karvan köçünə.
Hamı baxır üzümə,
Baxan yoxdu içimə...


YENƏ...

Mən səni xatırladım,
Yenə bu axşam, bu gün.
Qəlbim sevginlə yandı,
Oldu bir ağ şam bu gün.

Yenə doldu başıma,
Həsrətin boz dumanı.
Gedib sənə çatmadı,
Yenə andım-amanım.

Yenə nahaq gözlədim,
Gəlmədin sən bu axşam.
Yenə həmdəmim oldu,
Dəftər-qələm, bir ağ şam...


YURD YERİNDƏDİR

Sən burdan ayrılıb getsən də, gözəl,
Yolunu gözləyən yurd yerindədir.
Demə həsrətini daha çəkmirəm,
Qəlbimə qoyduğun dərd yerindədir.

Bilmirəm, səndənmi, Haqdanmı gəlib,
Ömrüm qəm əlində zəlildi, qalıb.
Nə sağım sağalıb, nə solum gülüb,
Canımı gəmirən qurd yerindədir.

Yolçu yol gəzməyir, yol keçib gedir,
Enir dərələrdən, yal keçib gedir.
Yaşanıb tükənir, il keçib gedir,
Əcəl günlərimin dörd yerindədir...


KİMSƏ YOXDU...

Kimsə varmı bu kimsəsiz dünyada,
Ağız açam, deyəm, tökəm dərdimi?!
Tək bircə kəs arxa ola, yan dura,
Qamarlayam, əzəm, bükəm dərdimi.

Arzum vardı...
Arzu bağı hardadı?
Bağ deyilən bir əlçatmaz dağdadı!
Vaxtmı çatır, ömür-mənzil yarıdı,
Qoyacaqmı yığam, çəkəm dərdimi?!

Ay beyqafıl, sən nə gendən güdürsən,
Kefindəsən, nə qanır, nə bilirsən?
Sevinc sanıb bölməyəmi gəlirsən,
Qoysan özüm çözəm, sökəm dərdimi.

Qış günüydü mən göz açıb gələndə,
Nə Gün gördüm, nə gülmədim gülənlə.
Nə qazandım, əyləyim nə - gedəndə,
Son pay kimi səpəm, əkəm dərdimi?!

...Kimsə yoxdu, deyəm, tökəm dərdimi...

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: