Azərbaycan ədəbiyyatında Nəsimi yaradıcılığının əks olunması və Nəsiminin bədii obrazının yaradılmasının əsas özəllikləri

Azərbaycan ədəbiyyatında Nəsimi yaradıcılığının əks olunması və Nəsiminin bədii obrazının yaradılmasının əsas özəllikləri
Salidə Şərifova,
filologiya elmləri doktoru,
AMEA-nın professoru


İmadəddin Nəsimi (1369-1417) yaradıcılığı və şəxsiyyəti Azərbaycan elmi və sosial-siyasi dairələrin daimi marağındadır. Nəsiminin dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi poetik irsinin və həyatının tədqiq edilməsi Salman Mümtazın “Seyid İmadəddin Nəsimi”, Mirzağa Quluzadənin “Böyük ideallar şairi Nəsimi”, Həmid Araslının “İmaməddin Nəsimi: həyat və yaradıcılığı”, Bəkir Nəbiyevin “Nəsimi kəlamının işığında”, Qəzənfər Paşayevin “Nəsimi haqqında araşdırmalar”, Cahangir Qəhrəmanovun “Nəsimi divanının leksikası” kimi digər müəlliflərin kitab və tədqiqatlarında özünü göstərmişdir. Nəsimi ruhuna hörmət olaraq, bir çox tədbirlər həyata keçirilmiş və keçirilməsi davam etməkdədir. Məsələn, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin UNESKO-nun tədbirlər siyahısına daxil edilməsi, 1973-cü ildə Nəsiminin anadan olmasının 600 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi ənənəsinin davamı kimi qəbul edilməli olan Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşmış “Nəsimi - şeir, sənət və mənəviyyat” festivalının təşkili fikrimizə əyani sübutdur. Azərbaycan şairi İmaməddin Nəsiminin doğumunun 650 illiyini nəzərə alan Prezident İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 2019-cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan etməsi də məhz dahi şairimizin zəngin irsinə qayğı və diqqətin təzahürüdür.
Azərbaycan bədii qələm ustaları da İmadəddin Nəsimi yaradıcılığı və şəxsiyyətinə də daimi maraq göstərirlər. Azərbaycan ədəbiyyatında Nəsimiyə maraq özünü iki aspektdən göstərmişdir. Birincisi, Nəsiminin əsərləri Azərbaycan ədəbiyyatının inkişafına təsir etmişdir. İkincisi, Nəsimi tarixi şəxsiyyət kimi Azərbaycan ədəbiyyatında bir bədii obraz kimi öz əksini tapmışdır.
Nəsiminin Azərbaycan ədəbiyyatına təsiri ədibin sətirlərinin epiqraf kimi bədii əsərlərə daxil edilməsi və yazarların Nəsiminin davamçısı kimi özlərini təqdim etməsi formasında geniş yayılmışdır. Nəsiminin Azərbaycan bədii dilinin formalaşması və inkişafına təsiri də müasir ədəbiyyatımızda xüsusi vurğulanır.
Azərbaycan poeziyasında, həmçinin bədii nəsrində Nəsimi kəlamlarının fikir, ideya baxımından bədii nümunələrin başlığında və yaxud başlıqlarında işlədilməsi faktı, yəni epiqrafların verilməsi özünü göstərməkdədir. Bu ədibin yaradıcılığının yüksək dəyərləndirilməsi və ədibin yaradıcılığına xas olan hikmətli kəlamlarının söz xiridarları tərəfindən qəbul edilməsinin göstəricisidir. Əli Kərimin “Şəhidliyin zirvəsi” şeirində altı əsr əvvəl yaşamış böyük şair İmadəddin Nəsiminin şeirindən epiqrafın verilməsi məhz ədibin hikmətli kəlamlarının ədəbiyyatda qəbul edilməsinin və təbliğinin göstəricisidir: “Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar, Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz!” Ümumiyyətlə, Nəsimi kəlamlarına ədiblərimiz daim müraciət edir, epiqraf kimi istifadə edirlər. Nəsimidən epiqrafların verilməsi yalnız Azərbaycan poeziya nümunələrində deyil, həmçinin nəsrdə də özünü göstərmişdir. Məsələn, Xalq yazıçısı Mövlud Süleymanlının “Yel Əhmədin bəyliyi” povestinin proloqunda Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin qurucusu olmuş Nəsiminin qəzəlindən epiqraf verməsi fikrimizə əyani sübutdur: “Dünya duracaq yer deyil, ey can, səfər eylə...”
Azərbaycan poeziyasında özünü Nəsimi davamçıları kimi təqdim edən söz sahibləri çox olmuşdur. Məsələn, Rəsul Rzanın qələmə aldığı şeir nümunəsində özünü Nəsimi davamçısı elan etməsi fikri orijinallığı ilə diqqəti cəlb edir. Şairin yaratmış olduğu Nəsimi obrazında həqiqi insanın zaman kəsiyində əzəmətliyilə yanaşı, iztirablarının da əksini tapması maraq kəsb edir. Rəsul Rza “Allaha məktub” şeirində məhz çətinliklərə, iztirablara sinə gəlməyin rəmzinə çevrilmiş şair Nəsiminin “nəvəsi mən” deyərək, özünün dahi şairin davamçısı hesab etmişdir:

Mənim imkan qanadımı
qırıb kəsən,
qadir,
adil,
ya hər nəsən!
Xəstəlikdən,
Yorğunluqdan
bir sədd çəkdin
niyə yazmaq həvəsimə.
Yoxsa, qorxdun
bir gün gələr,
hamı bilər,
sənsən qadir, adil,
yoxsa
Nəsiminin nəvəsi
mən.

Azərbaycan poeziyasında Nəsiminin ana dilində yazıb-yaratması faktı da əksini tapmışdır. Çağdaş Azərbaycan poeziya məktəbinin nümayəndələrindən olmuş Qabilin (Q. İmamverdiyev) “Nəsimi” əsərində şairin xalqın dilinə yaxın tərzdə, yəni öz ana dilində yazıb-yaratmasını, həmçinin ana dilindən ustalıqla istifadə etməsini xüsusilə qabartmağa nail ola bilmişdir:

O uzaq, o qədim lisana bir bax!
Büllur bulaq kimi süzülər, çağlar.
Əsər var yazılıb otuz il qabaq,
Otuz cür lüğətə ehtiyacı var...

Xüsusi vurğulamaq istərdim ki, Qabilin janr baxımından mübahisələr yaratmış “Nəsimi” əsəri Azərbaycan ədəbiyyatşünaslığında poema, mənzum-roman kimi təqdim edilmişdir. Qeyd etməliyik ki, Qabilin janr xüsusiyyətləri baxımından maraq doğurmuş “Nəsimi” mənzum romanı ədəbiyyatımızda Nəsimiyə həsr olunmuş ilk mənzum roman kimi diqqəti cəlb etməkdədir. Roman başlanğıcının şeir formasına daxil edilməsi və lirik başlanğıca üstünlük verilməsi ilə diqqəti cəlb edən mənzum roman yalnız orta əsrlərdə yaşayıb-yaratmış İmadəddin Nəsiminin acı tale və faciəsini deyil, həmçinin folklor və adət-ənənələri əks etdirməsi ilə diqqət mərkəzindədir. Qeyd etməliyik ki, Qabilin (Q. İmamverdiyev) irihəcmli nəzm nümunəsi olan, xronikalara, qədim əlyazmalara, ədəbi mənbələrə, eləcə də Nəsiminin öz əsərlərinə söykənən «Nəsimi» əsəri roman və epik başlanğıcın tam açılması ilə fərqlənir.
Nəsimi dövrünün ideya-fəlsəfi konsepsiyaları açıqlanan «Nəsimi» mənzum romanını tarixi-dramatik poema kimi səciyyələndirilməsi faktları da mövcuddur. Əsərdəki dramatizm öz əqidə və baxışları uğrunda qətlə yetirilmiş şairin taleyinin ağırlığından irəli gəlir. Təsadüfi deyil ki, üç hissədən ibarət olan «Nəsimi» mənzum romanında tərcümeyi-hal, faciə və tədqiqat əsərin ayrı-ayrı hissələrindən asılı olaraq fərqlənsələr də, roman və poema elementlərinin qarışıqlığı əsər boyu özünü qabarıq şəkildə göstərir. Qeyd etməliyik ki, bu zaman qarışıqlığının məhz bu forması təhkiyənin xarakterini, hadisələrin fabula-süjet xüsusiyyətlərini müəyyən edir.
Nəsiminin bədii obrazı şifahi və yazılı Azərbaycan ədəbiyyatında öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, aşıq yaradıcılığı Nəsiminin kamil bədii obrazını yarada bilmişdir. Nəsimi bədii obrazının yaradılması zamanı ədibin dəhşətlə qətlə yetirilməsi və öz əqidəsindən dönməməsi tarixi faktların işıqlandırılmasına aparıcı yer verilmişdir. Ədibin məzarının Azərbaycana gətirilməsinin arzuları da bədii əsərlərdə əks etdirilmişdir.
Aşıq ədəbiyyatında doğum və ölüm tarixi dəqiq məlum olmayan, XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın yaradıcılığında Nəsiminin yad edilməsi böyük ədibin ədəbiyyata təsirinin nəticəsidir. Sarı Aşığın yaradıcılığında inandığı həqiqətlər uğrunda canından keçməyi bacarmış Nəsimi obrazına müraciət aşığın “bayatı-təcnis”ində özünü göstərmişdir. Qeyd etməliyik ki, Sarı Aşığın qafiyələri səslənişcə eyni, məzmunca fərqli sözlərdən ibarət olan cinas bayatısında Nəsiminin əyilməzlik simvolu kimi təqdimini müşahidə etməklə yanaşı, özünü mütəfəkkir şairlə müqayisə etməklə həyatındakı sıxıntılardan şikayətini bildirməyə qadir olur:

Gözəllik soy iləndir,
Şahmar da soy ilandır.
Nəsimi tək bu aşıq
Yolunda soyulandır.

İmaməddin Nəsiminin diri-diri soyulması kimi fakt tədqiqatçılar tərəfindən mübahisə obyektinə çevrilmişdir. Mərhum akademik Ziya Bünyadov orta əsrlərin böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin edam olunmağı və dərisinin diri-diri soyulmağı barədə məlumatları təkzib etmişdir. Lakin bir çox tədqiqatçılarımız isə Nəsiminin diri-diri soyulması faktına toxunmuşdular. Həmid Araslı, Teymur Kərimli və digər ədəbiyyat tədqiqatçılarımız bu faktı qəbul etmişlər. Nəsiminin diri-diri dərisinin soyulmasının sonralar xalq tərəfindən yaranmış bir əfsanə olması faktına rəğmən ədəbiyyatımızda bu amil şair və yazarlarımız tərəfindən qələmə aldıqları bədii nümunələrdə əks etdirilmişdir. Məsələn, Rəsul Rzanın “İnsan şəkli” şeirində biz məhz Nəsiminin “dabanından soyulması” faktı ilə üzləşirik:

Mənə bir sərgi salonu verin!
Orda bir insan şəkli asacağam
- adi bir insan.
Nə elə kiçik ki, məhəl qoyan olmaya,
nə elə böyük ki, baxanda qorxasan.
Orda bir insan şəkli asacağam,
görünsün dünyanın hər yerindən;
zamanın keçmişindən,
dövranın indisindən,
əsrin gələcəyindən.
Bir insan şəkli asacağam;
bir yanında Nəsimi

- dabanından soyulandan sonra İmaməddin Nəsiminin edam edilməsi və diri-diri soyulması faktının ədəbiyyatda əks olunması yalnız müasir dövr Azərbaycan poeziyasında deyil, həmçinin Özbək ədəbiyyatında Əlişir Nəvainin 750 sufi şeyx haqqında yazdığı “Nəsaim ül-məhəbbət” və Sultan Hüseyn Bayqaranın tapşırığı ilə yazılan “Məcalis ül – üşşaq” əsərlərində Nəsimi yaradıcılığı ilə bərabər onun obrazının yaradılması, həmçinin faciəli ölümü əksini tapmışdır. Əlişir Nəvaidə Nəsiminin dərisinin soyulması belə təqdim edilmişdir:

Ey Nəsimi, çün müyəssər boldi iqbali - vüsal,
Qoy dərini soysa soysun bu nəlid qəssablar.

Cabir Novruzun “Nəsimi” şeirində Nəsiminin faciəsini şairin şəxsi faciəsi kimi əks etdirməmiş, məhz şairin faciəsini örnək həyat yaşamaq üçün bir stimul, amil olması səviyyəsinə yüksəldilməsi ilk növbədə diqqəti cəlb edir:

Nəsimi taleyi gərəkdir mənə,
Adımı vüqarla daşımaq üçün.
Nəsimi taleyi gərəkdir mənə,
Həyatda mərdanə yaşamaq üçün.

C.Novruz İmaməddin Nəsiminin keçmiş olduğu tale yolunun faciəli olmasına rəğmən, ləyaqətli şair yolu olması amilini qabartmış, əqidəsi uğrunda canını qurban vermiş şairi özü üçün həyat amalı seçərək Nəsiminin obrazını yarada bilmişdir:

Nəsimi taleyi gərəkdir mənə
Şeirimin sözümün qüdrəti üçün.
Nəsimi taleyi gərəkdir mənə
Şairlə düzlüyün birliyi üçün,
Şairlə mərdliyin vəhdəti üçün.

“Kaş millətdə ruh yaşasın...” adlı şeirində isə millətdə ruhun yaşamasının vacibliyini duyan C. Novruz bu yolda Babəklər, Nəsimilər kimi tarixi şəxsiyyətlərin olmasını və onlar kimi Vətən üçün qəlbi döyünən insanların tükənməməsini tərənnüm etmişdir:

Millət əzər-əzilər də,
Kaş millətdə ruh yaşasın.
Əyri qəddi düzələr də
Kaş millətdə ruh yaşasın.
Zaman-zaman, nəsil-nəsil,
Babəklərin gəlir səsi.
Nəsimilər tükənməsin,
Kaş millətdə ruh yaşasın...

Azərbaycan poeziyasında Nəsiminin əqidəsindən dönməyən şair obrazı kimi təqdim edilməsi ilə diqqəti cəlb edir. Xəlil Rza Ulutürkün “Nəsimi kimi” şeirində bizi Nəsimi kimi mübarizə aparmağa səsləyişi duyulmaqla bərabər, həyat həqiqətləri ilə bağlı düşüncələrinin ifadə edilməsinin şahidinə çevrilirik:

Biz nəyik?
İldırım!
Torpaq!
Su!
Külək!
Əsək yer üzünün nəsimi kimi.
Yaşayaq,
Yaradaq!
Ölsək də ölək
Bir ömrə sığmayan Nəsimi kimi!

Əli Kərim də Xəlil Rza Ulutürk kimi əqidəsindən, inamından dönməyən Nəsimini tərənnüm etməyə nail ola bilmişdir. Ə. Kərim “Azərbaycan” şeirində Şərqin dahi şair və mütəfəkkirlərindən biri olmuş İmaməddin Nəsiminin həqiqət şəhidi olması faktını təsvir etmişdir:

Azərbaycan!
Odlar yurdu! –
Ürəklərin odundan
Yaranmış bir diyar.
Dostuyla hər dərdi-məlalı,
Sevinci bir duyar.
Azərbaycan –
Tarixlər şahidi,
Nizamisi sərhədsiz təfəkkürü,
Nəsimisi həqiqət şəhidi.

Əli Kərim yaradıcılığının məna qüvvəsi və kəsərli səmimiliyi ilə diqqət mərkəzində olmağı bacarmış, dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər qələmə almış Nəsiminin kamil obrazını oxucunun gözü qarşısında canlandırmağa nail ola bilmişdir:

Altı yüz ildir idrak
çırpınır pələng kimi,
Nərə çəkir,
ağlayır,
tapa bilmir ki, bilmir –
o bir sirr-xudanı.
Təpədən dırnağadək
soyalar bir adamı;
Necə ola dinməsin,
Böyük əqidəsindən
Bir misralıq enməsin.
Gözündən bir nöqtə yaş
sinəsinə düşməsin.
Qaşları çatılmasın
bir xırda vergül qədər,
Diri-diri soyulsun,
əqidədən keçməsin.

Əli Kərim oxucusunu ədibin sirri qarşısında fikrə dalmağa, qəlbin ən dərin qatlarına nüfuz etməyə vadar etməyə nail olmaqla yanaşı, yüksək amal uğrunda mübarizə aparan bir insanın əzmkarlığını göstərməyə nail ola bilir:

Altı yüz ildir bəşər
ağrılardan inildər.
Altı yüz ildir bəşər
düşünər, çatmaz yenə
Məşəqqətli ölümün
Nəsimi zirvəsinə.
Altı yüz ildir, altı,
Nəsimini soyurlar,
Qanlı yaralarına
Hələ duz da qoyurlar.
“Uf” da demir Nəsimi.

Əli Kərim “Şəhidliyin zirvəsi” şeirində sona kimi dərk olunmamış Nəsimi ilə dialoq qurur, ona müraciət etməklə, şairin mənən məğlubedilməzliyini, hətta güclü düşmənlə öz əqidəsi uğrunda mübarizədə canını belə qurban verməsini ifadə etməyə qadir olur:

Bir qəzəbli baxışın
ucunda tir-tir əsən
Adam görsən, Nəsimi,
əlbət, heç nə deməzsən
Ləkələməzsən əsla
Yazmaq istedadını,
ölmək istedadını,
Dinməzsən ucalardan,
Enməzsən ucalardan.

Rəsul Rzanın Nəsiminin ölüm qabağı gecəsinin müəyyən məqamlarının təsvirindən ibarət olan “Son gecə” poeması Nəsiminin kamil obrazının təsvir edilməsi ilə poeziyamızda iz qoymuşdur. Əsərdə Nəsiminin dustaq yoldaşı olan qoca ilə söhbəti vasitəsilə R. Rza şairin əqidəsindən dönməzliyini əks etdirməyə nail olmuşdur:

İmadəddin gülümsəyir
acı-acı.
Deyir:
“Sağ ol, nəcib qoca!
Ölümdən qorxmayanın
bu tədbirə nə ehtiyacı?
Onlar öldürəcəklər
mənim bədənimi.
Gerçək eşqim, doğru sözüm yaşayacaq.
Ölümə baş əyərmi
idrak, həqiqət,
ülvi eşq, təmiz məhəbbət?!
İnan, möhtərəm qoca, inan!
Ölümsüzdür yaradan insan!”

Qabilin “Rüşvət” şeirində də biz dahi Nəsiminin əqidəsindən dönməzliyinin bir daha şahidinə çevrilirik. Qabil oxucunun gözündə şairin əqidəsindən dönməz olması faktını canlandırmağa nail ola bilir.
Nəsimiyə
– Hələbin valisi ol! – dedilər.
Təki “ənəlhəq” demə!
Onda Şamaxıya dön,
Dön, yaxşı yol! – dedilər,
Təki “ənəlhəq” demə.
Xurcunlara dolduraq
Ləl-cəvahir, ziba-zər,
Üstəlik bağışlayaq
Sənə sütül kənizlər,
Təki “ənəlhəq” demə.

Maraqlı məqam odur ki, Qabil bir şair kimi qısa şəkildə qələmə aldığı “Rüşvət” şeirində dialoq qurmağa nail ola bilmişdir. Nəsiminin cavabını əks etdirən Qabil kiçik şeir parçasında dialoq yaratmaqla yanaşı, məhz Nəsiminin möhtəşəm obrazını yaratmağa nail olur. Şeirdə Nəsiminin cavabı ilə bir daha əqidəsindən, məsləkindən dönməməsi amili qabardılır:

Nəsimi:
– Həqq mənəm, həqq məndədir,
Həq söylərəm.
Bulmuşam həqqi,
“Ənəlhəq” söylərəm
Azərbaycan poeziyasında Nəsiminin əqidəsindən dönməməzliyi tərənnüm edilmiş, həmçinin şairin mərdlik, qorxmazlıq rəmzi olması faktı da vurğulanmışdır. Nəsiminin bu xüsusiyyətlərə malik olması bütün ştrixlərilə Əliağa Kürçaylının Nəsimiyə ithaf etdiyi “Nəsimi” şeirində Xalq rəssamı Mikayıl Abdullayevə etdiyi müraciətdə də əksini tapa bilmişdir. Xalq rəssamı Mikayıl Abdullayev Nəsiminin anadan olmasının 600 illik yubileyi ərəfəsində ədibin portretini yaradarkən Əliağa Kürçaylının üz cizgilərindən yararlanmışdır. Bu səbəbdən də, Əliağa Kürçaylı Mikayıl Abdullayevə mərdlik, qorxmazlıq rəmzi hesab etdiyi Nəsiminin portretində həmin ştrixlərin əks etdirməsini tövsiyə etməsi şairə olan böyük sevgidən doğmuşdur:

Qardaşım, bircə ricam var ancaq:
Sən Nəsimini çəkərkən elə çək
Baxışından səpələnsin şimşək.
Günəşin nurunu doldur gözünə,
Kişilik nəqş elə dönməz üzünə.

İstər Azərbaycan poeziyasında, istərsə də nəsrində Nəsiminin məzarının Azərbaycana gətirilməsi aktuallıq kəsb etmiş, bu haqda istək və arzular bədii nümunələrdə əksini tapmışdır. Bu haqda ilk dəfə Xalq şairi Rəsul Rza 1968-ci ildə Suriyaya ezamiyyətindən qayıdandan sonra “Ədəbiyyat və incəsənət” qəzetində dərc etdirdiyi “Cahana sığmayan şairin qərib məzar” adlı məqaləsində bəhs etmişdir. Şair Nüsrət Kəsəmənlinin “Oğru olmaq istəyirəm” şeirində də Nəsiminin qəbrinin doğma vətənə gətirilməsi istəyi əksini tapmışdır. Qeyd etdiyimiz kimi, Nəsiminin qəbrinin Suriyanın Hələb şəhərindən Azərbaycana gətirilməsi məsələsi daim diqqət mərkəzində olmuşdur. Nüsrət Kəsəmənlinin qələmə almış olduğu “Oğru olmaq istəyirəm” şeirində də Nəsiminin qəbrinin Azərbaycana gətirilməsi istəyini qabartmaqla, yalnız öz istəyi kimi deyil, ictimaiyyətin istəyi kimi verməyə nail olmuşdur:

İndi necə dövlətlərdən
Məzlumların ah-zarını,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Füzulinin,
Hələbdənsə Nəsiminin məzarını
Oğurlamaq istəyirəm!

Azərbaycan ədəbiyyatının təhlili Nəsimi yaradıcılığının və Nəsiminin bir tarixi şəxsiyyət kimi rolunun getdikcə artmasını açıqlamağa imkan verir. Cağdaş Azərbaycan dövründə Nəsiminin tarixi rolu barədə fikirlər yeniləşdirilmişdir. Uzun illər Nəsimi marksizm prizmasından təqdim edilirdi – kasıbların zülmətə qarşı çıxış edən şairi. Nəsimi sosial ədalətin prinsiplərini öz əsərlərində təbliğ edirdi. Lakin, Nəsiminin yalnız bu prizmadan işıqlandırılması kifayət deyil. Nəsiminin dini və milli görüşləri xalqımız üçün önəmlidir. Bu baxımdan, Nəsimi mirasına ədəbiyyatda marağın artması təqdirəlayiq tendensiyadır.

ZiM.AZ


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələl ...

“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələl ...

Humanitar elmlər
Akademik Möhsün Nağısoylunun yeni kitabı çıxıb

Akademik Möhsün Nağısoylunun yeni kitabı çıxıb

Yeni nəşrlər, Humanitar elmlər
İmadəddin Nəsiminin iki əlyazma divanının surəti əldə edilib

İmadəddin Nəsiminin iki əlyazma divanının surəti əldə edilib

Humanitar elmlər

"İmadəddin Nəsimi dili və üslubu"

Yeni nəşrlər, Humanitar elmlər
“Nəsimi ili”nə daha bir töhfə

“Nəsimi ili”nə daha bir töhfə

Yeni nəşrlər, Humanitar elmlər
AzTU-da dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik  ...

AzTU-da dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik ...

AzTU
“Cahana sığmayan Düha”

“Cahana sığmayan Düha”

Məktəblər
“Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə böyük maraqla və alq ...

“Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə böyük maraqla və alq ...

Mədəniyyət
Professor MƏDƏD ÇOBANOV:

Professor MƏDƏD ÇOBANOV: "Dahi şairin bə­dii por­­­­­­­­­tireti"

Elmi Məqalələr, Mədəd Çobanov
AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

"Zirvə", Mədəd Çobanov
Şamaxıda Nəsimi Festivalı keçirilib

Şamaxıda Nəsimi Festivalı keçirilib

Mədəniyyət, QHT
İmadəddin Nəsimi “Son səfər”də

İmadəddin Nəsimi “Son səfər”də

Humanitar elmlər, Elmi Məqalələr, Ədəbi tənqid
Dünyadan gileyli getdi Nəsimi...

Dünyadan gileyli getdi Nəsimi...

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Rusiya, Diaspora
Professor MƏDƏD ÇOBANOV:

Professor MƏDƏD ÇOBANOV: "NƏSİMİ və FOLKLOR"

Elmi Məqalələr, Mədəd Çobanov
Balaqusar kənd məktəbi də

Balaqusar kənd məktəbi də "650 min ağac əkək!" təşəbbüsünə qoşlub

Regionlar, Məktəblər
Milli Kitabxanada “Qəzənfər Paşayev. Biblioqrafiya” kitabının təqdimatı olu ...

Milli Kitabxanada “Qəzənfər Paşayev. Biblioqrafiya” kitabının təqdimatı olu ...

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə"
Xalq Şairi Qabilin “Nəsimi”si

Xalq Şairi Qabilin “Nəsimi”si

Humanitar elmlər, Elmi Məqalələr
AZƏRBAYCAN ƏDƏBİYYAT TARİXÇİLİYİ (2019-cu il materialları əsasında) - II Hİ ...

AZƏRBAYCAN ƏDƏBİYYAT TARİXÇİLİYİ (2019-cu il materialları əsasında) - II Hİ ...

"SAZLI-SÖZLÜ BORÇALI"
“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq elmi simpozium

“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq elmi simpozium

Elm
AZƏRBAYCAN ƏDƏBİYYAT TARİXÇİLİYİ (2019-cu il materialları əsasında) - I HİS ...

AZƏRBAYCAN ƏDƏBİYYAT TARİXÇİLİYİ (2019-cu il materialları əsasında) - I HİS ...

TDPİ-nin Azərbaycan bölməsi, Humanitar elmlər, Ədəbiyyatşunaslıq
Rəy yazın: