Füzuli dünyasından dünyaya baxış

Füzuli dünyasından dünyaya baxış Bəşər tarixi insan mənəviyyatının, qəlbin mürəkkəb, zəngin, həyatının bu dərəcə əyani, dürüst, zərif və tam bir şəkildə ifadəsini verən tək-tək sənətkarlar tanıyır ki, Füzuli bunların birincilərindəndir. Məhəmməd Füzuli yalnız Azərbaycan xalqının, yalnız öz əsrinin deyil, bütün bəşəriyyətin, böyük sənətin böyük oğludur. Əsrlərdir ki, mədəniyyət dünyasında şeir, sənət anlaşılan, sevilən hər bir ölkədə və cəmiyyətdə bu böyük dahinin adı iftixarla yad edilir və əbədi olaraq yad ediləcəkdir. Bu böyük şeir dühasının əsərlərilə dərindən tanış olanda heyrət bizi götürür. Biz bu nadir və qadir “şeir ustadının”, “qəlblər mühəndisinin”, “könül mülkünün sultanının” hətta ayrıayrı lirik əsərlərinə səcdə etməkdən özümüzü saxlaya bilmirik. Yüksək zövq sahibi, sənətin xarüqələrini duyub dərk edən adamlar Füzulinin şeir gülüstanında özlərini vəcd və heyrətdən xilas edə bilmir, Füzuli misralarından tükənməz mənəvi, estetik zövq alırlar. Füzulinin "təkəllüm" etdiyi yerdə nəinki daş-divar, şəkillər, surətlər dilə gəlir, əksinə, ən mahir və qadir natiqlər də susmalı olur. Füzuli sənətinin qüdrətini, miqyasını, məziyyətlərini təhlil və təyin etmək bir nəfərin, bir elmi məktəbin, hətta bəlkə də bir elmi nəslin işi deyildir. Bu böyük və şərəfli vəzifə ədəbiyyat, sənət, dil, fəlsəfə elmlərinin qarşısında durmaqda və həllini gözləməkdədir.

Belinski sənətkarların yaradıcılıq ilhamını təbiət hadisələrilə müqayisə edərək bəzisini yaşıl kənarlı arxlardan gələrək axan duru suya, bəzisini isə kükrək dalğalarla aşıb-daşan Niaqara şəlaləsinə, bir qismini də sahilləri və dibi görünməyən, yerigöyü əks etdirən mühit dənizlərinə bənzədir. Füzulinin sənəti, şübhəsiz ki, axırıncılardandır.
Buna görə də uşaq kitabxanalara təqdim edilən bu vəsaitin yazılmasında əsas məqsəd Füzuli sənəti, şeir qüdrəti haqqında müasirlərimizlə edilən maraqlı bir müsahibə, onun zəngin yaradıcılığını oxucularımıza çatdırmaqdır.

Həyat və yaradıcılığı

Məhəmməd Füzuli Аzərbаycаn ədəbiyyаtının inkişаfındа əsаslı yеr tutаn, Şərq хаlqlаrı ədəbiyyаtınа güclü təsir göstərən, zəngin ədəbi irsə mаlik оlаn, оrtа əsrlər ədəbiyyаtımızdа аnа dilində yаrаnаn şеirin, lirik pоеziyаnın ən böyük yаrаdıcılаrındаn biri оlmuşdur. О, öz bədii yаrаdıcılığı ilə gənc nəslin tərbiyəsində əsаslı хidmət göstərmişdir.
Füzuli sənəti, zəngin şeir yaradıcılığı öz xalqının malik olduğu böyük ədəbi-bədii mirasa əsaslanır. Füzuli lirikasının əsil qüvvət və qüdrət mənbəyi xalqdır, həyatdır. Lakin aydındır ki, söz sənətinin ən böyük nailiyyətlərindən biri olan Füzuli şeiri yalnız yüksək mədəni inkişaf nəticəsində yarana bilərdi. Füzuli üç dili mükəmməl bilməsi sayəsində türkdilli xalqların mədəniyyətini, fars və ərəb dillərində yaradılmış elmi, ədəbi abidələri əsaslı sürətdə öyrənmiş mütəfəkkir bir sənətkardır. Onun çoxcəhətli, zəngin yaradıcılığında əsas, həlledici yer tutan lirikası Azərbaycan ədəbi-tarixi inkişafının qanunauyğun bir yekunu kimi bir tərəfdən doğma xalqın gözəl bədii ənənələri, digər tərəfdən də qədim mədəniyyətə malik olan Yaxın Şərqin mədəni nailiyyətləri əsasında təşəkkül tapmışdır. O, Nəsimidən sonra ana dilimizdə Azərbaycan şeirinin ən gözəl nümunələrini yaratmışdı. Onun çoxcəhətli, zəngin yaradıcılığında əsas, həlledici yer tutan lirikası Azərbaycan ədəbi-tarixi inkişafının qanunauyğun bir yekunu kimi bir tərəfdən doğma xalqın gözəl bədii ənənələri, digər tərəfdən də qədim mədəniyyətə malik olan
Yaxın Şərqin mədəni nailiyyətləri əsasında təşəkkül tapmışdır. Füzulinin Azərbaycan bədii fikir tarixinə, eləcə də türkdilli xalqların ədəbiyyatına gətirdiyi ən gözəl keyfiyyətlərdən biri müasirlikdir. Şair öz qəsidələrində xalqın təcrübəsinə arxalanan müdrik həyat müəllimi, elmin nailiyyətləri ilə silahlanmış bir alim, kütlələrin ağır həyatını dərindən duyan və onların mənafeyini müdafiə edən həssas, humanist şair kimi qarşımızda canlanır. Öz dahi müəllimi və ustadı kimi Nizami Gəncəvinin əsərlərini davam etdirən Füzuli qəsidələrində birinci növbədə xalqın qayğısına qalan insanpərvər hökmdar, ədalətli ictimai quruluş haqqında düşünür. Hökmdarlara, valilərə yazdığı mədhiyyələrdə, əsasən, nəsihət xarakteri daşımaqla bərabər, bu ideya ilə ruhlanmaqdadır.
Məhəmməd Süleyman oğlu Füzuli 1494-cü ildə Bağdad yaxınlığındakı Kərbəla qəsəbəsində anadan olmuşdur. Bu dəqiq məlumаt оnun fаrscа divаnındаkı qitədə özünü əyаni şəkildə büruzə vеrir: Еy Füzuli, məskənim çün Kərbəlаdır, şеirimin Hörməti hər yеrdə vаrdır, хəlq оnun müştаğıdır.
Nə qızıldır, nə gümüş, nə ləlü, nə mirvаridir, Sаdə tоrpаqdırsа, lаkin Kərbəlа tоrpаğıdır.
Şairin mənsub olduğu ailə XV əsrin axırlarında Azərbaycandan İraqa köçmüş minlərlə ailələrdən biri idi. Atası Süleyman dövrünün qabaqcıl, ayıq şəxslərindən olduğundan oğlunun təlim-tərbiyəsinə xüsusi diqqət yetirir. Füzuli artıq məktəbdə oxuduğu vaxtlarda aşiqanə qəzəllər yazır. Yaşa dolduqca elmləri öyrənməyin zərurətini anlayır, humanitar və dəqiq elmləri öyrənir. Doğma Azərbaycan dilinə üstünlük verən ən mühüm əsərlərini bu dildə yazan şair üç dildə yüksək sənət nümunələri yaratmışdır. Onun ədəbi irsindən azərbaycanca, farsca “Divan”ı, azərbaycanca, farsca, ərəbcə qəsidələrdən ibarət “Divan”ı, “Leyli və Məcnun” aşiqanə romantik poeması, “Bəngü Badə”, “Həft cam”(Yeddi cam) alleqorik poemaları, “Şikayətnamə”də daxil olmaqla məktubları, “Səhhət və Mərəz”, “Rindü Zahid” adlı farsca yazılmış alleqorik, ictimai-fəlsəfi nəsr əsərləri, “Hədiqətüs-sühəda” kimi türkcə nəsr əsəri, “Hədisiərbəin” tərcüməsi, “Mətləül-etiqad” kimi ərəbcə yazılmış elmifəlsəfi əsəri daxildir. Bu əsərlər təkcə Azərbaycanın deyil, bütün Yaxın və Orta Şərqin dünyanı heyrətə salmağa qadir olan dühasının, ağlının, adi insan idrakının qavramayacağı duyğular aləminin ölməzlik və əbədiyyət heykəlidir. Füzuli çoxcəhətli yaradıcılığında tamamilə şüurlu olaraq böyük bir üstünlüyü lirikaya vermişdir. Şairin bizə çatan əsərlərinin çoxunu lirika təşkil edir. Bu əlbəttə səbəbsiz deyildir. Böyük sənətkar öz bədii yaradıcılığının əsas məqsədini və mənasını məhəbbətin qüdrətini, insanın gözəlliyini, onun eşq və həyat iztirablarını tərənnüm etməkdə görmüşdür. Şair azərbaycanca divanının müqəddiməsində nəzmə məhəbbətindən və fitri şeir istedadından danışaraq bu istedadını məktəb mühitində elmi təhsili ilə birlikdə inkişaf edib ətirli güllər yetirdiyini söyləyir. Bu müqəddimədən məlum olur ki, Füzulinin ilham mənbəyi, onun şeirinin əsas mövzusu insan, günəş camallı gözəllər, həyat və məhəbbət olmuşdur. Şairin bu etirafı aydın göstərir ki, o, öz istedadının lirik xassəyə malik olduğunu, söz sənəti meydanına məhəbbət nəğməkarı kimi gəldiyini çox gözəl dərk etmişdir. Füzulinin lirik şeirləri çox gənc yaşlarından böyük şöhrət qazanmış, cürətlə geniş sahələrə yayılmışdır. Qəzəl Azərbaycan, ərəb və fars-tacik ədəbiyyatlarında meydana çıxdığı ilk dövrlərdə olduğu kimi Füzulinin yaşayıb yaratdığı XVI əsrdə də xalq şeiri və xalq musiqisi ilə üzvi sürətdə bağlı olmuşdur. Füzulinin ən böyük xidmətlərindən biri də söz sənətini xalqa çatdırmaqdır. Biz bilirik ki, şair məsnəviyə də, bədii nəsrə də, lirikanın qəsidə və sair növlərinə də öz yaradıcılığında əhəmiyyətli dərəcədə yer vermişdir. Lakin eyni zamanda o, çox gözəl bilirdi ki, xalqın rəğbətini, kütlələrin məhəbbətini qazanan, onun ürəyinə ən çox yol tapan şeir qəzəldir. Şairin fikrincə, başqa əsərlərdə rəmz, müəmma olduğu üçün onlar yalnız ziyalılar və alimlər tərəfindən yaxşı anlaşılır. Eşqməhəbbət tərənnüm edən qəzəl isə gözəllərin ruhunu oxşayır. Füzulinin lirikası əsil məhəbbət və həyat poeziyasıdır. Onun ideya və bədii qüdrəti insan qəlbinin duyğu və həyəcanlarını, azadlıq və səadət həsrətini, insan gözəlliyini böyük sənətkarlıqla tərənnüm etməsdindədir. İstər ideya məzmunu, istərsə də forma etibarilə çox zəngin və rəngarəng olan Füzuli lirikasında insan məhəbbətinin tərənnümü əsas yer tutur. Böyük sənətkarın əsərlərində məhəbbət dərin ictimai-bəşəri mahiyyət daşıyır. Füzulinin anlayışında məhəbbət insanın gözəlliyinə və kamalına pərəstiş, coşğun həyat sevgisi, insanpərvərlik, dostluq, vəfa və sədaqət deməkdr.
Füzulinin lirikasında insan, onun əzəmətli, parlaq camalı təbiətdə olan bütün varlıqlardan üstün, qiymətli göstərilmişdir. Şair öz əsərlərində bədii sözün qüdrəti ilə bir-birindən cazibəli, əlvan, gözəl surətləri yaratmışdır. Bir qəzəlində o yazır ki, qüdrətin çəkdiyi hər bir rəsm gözəldir, lakin sevgilinin rəsmi hamısından cazibəli çıxmışdır. Füzuli yaradıcılığında xəlqilik birinci növbədə onun lirikasının əsas mövzusundan biri və hətta birincisi olan məhəbbətin tərənnümündə daha qüvvətli təzahür edir. Şair “Məni candan usandırdı, cəfadan yar usanmazmı?”, “Pərişan xəlqi-aləm ahu əfqan etdiyimdəndir”, “Tutuşdu ğəm oduna şad gördüyüm könlüm”, “Yarəb, bəlayi-eşq ilə qıl aşina məni” və başqa insan məhəbbəti, sevgili həsrəti, eşq və ayrılıq iztirabları tərənnüm edən bir çox qəzəlləri xalqın dilində əsrlərcə ona görə əzbər olmuşdur ki, Füzuli bu şeirlərdə sadə insanların ruhuna, qəlbinə dərindən nüfuz edə bilmiş, onların canlı hisslərini, kədər və iztirablarını həyat həqiqəti kimi yüksək bədii ümumiləşdirmələrlə, əsil sənətkarlıq ehtirası ilə sadə, təbii və aydın formada ifadə etmişdir.
Tutuşdu qəm oduna şad gördüyüm könlüm,
Müqəyyəd oldu ol azad gördüyüm könlüm.
Diyari-hicrdə seyli-sitəmdən oldu xərab,
Fəzayi-eşqdə abad gördüyüm könlüm.
Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556- cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmiş, orada da dəfn olunmuşdur.
Füzulinin qəbir daşında məşhur beyti həkk olunmuşdur.
“Nə yanar kimsə mənə atəşi-dildən özgə,
Nə açar kimsə qapım, badi-səbadan qeyri”.

Söz sənətinin mahir rəssamı

Dahi şairin çoxcəhətli zəngin yaradıcılığında lirika mühüm yer tutur. Füzuli klassik şerin, demək olar ki, bütün növlərində əsərlər yazmış, fəlsəfi-ictimai tutumuyla yanaşı poetik dəyəri ilə də ölməz sənət nümunələrinin müəllifi kimi tanınmışdır. Şairin xüsusən ana dilində yaratmış olduğu “Divan” türk dili anlaşılan ölkələrdə yayılmış, məhəbbətlə oxunaraq türk xalqlarının ədəbiyyatlarına qüvvətli təsir göstərmişdir. Füzuli özünün qəlb aləmindən xəbər verən lirik şeirləri, xüsusilə qəzəllərində saf, təmiz bir qəlbin incə, kövrək duyğuları, ülvi bir məhəbbətin həyəcanlarını ifadə edir, oxucusunu bədii sözün qüdrətilə sehirləyib düşünməyə, öz mənliyini, kainatı, həyat gözəlliklərini dərk etməyə çağrır, dostluğa, məhəbbətə səsləyir. Füzuli bütün dünyaya aşiq nəzəri ilə baxır, məhəbbəti kainatın yaranmasının əsası sanır. Səhərin açılmasında, günəşin doğmasında, baharın gəlişində, bülbülün naləsində bir məhəbbət duyur, bütün bunları məhəbbət dili ilə izah edir. Füzuli qəzəlləri həm də fəlsəfi-irfani səciyyə daşıyır. İlahi bir ənginlik duyulan bu qəzəllərdə əhli-həqqin Tanrıya məhəbbəti də zaman-zaman öz əksini tapır. Bütövlükdə isə ümumi ruhu ilə Füzuli şerində məhəbbət insanları bir-birinə yaxınlaşdıran, dostluq, mehribanlıq, fədakarlıq, səmimiyyət yaradan müqəddəs bir qüvvədir. O, insana gözəlliyi duymaq, dərk etməyi öyrədir, daxilən təmizliyə, şəxsi varlığından belə keçməyə, qorxmazlığa sövq edir. Bu cəhət Füzuli qəzəllərində o qədər bədii, səmimi və aydın ifadə olunmuşdur ki, xalq hikməti və xalq zəkasının qüdrəti ilə aşılanmış bu könül nəğmələrini oxuyan və ya dinləyən hər kəs qəlbində bir saflıq, xeyirxahlıq, həyata məhəbbət, insana və onun maddi və mənəvi gözəlliyinə hörmət duyğularının qüvvətləndiyini hiss edir…
Şair şeirin, qəzəlin qədrini bilməyənləri mərifətdən uzaq və cahil adlandırır. Füzuli şeir janrları içərisində ən üstün tutduğu qəzəli "hünər bağının gülü" adlandırır. Qəzəli belə yüksək qiymətləndirməsi, şairin lirikanı, qəlb şeirini, insanın mənəvi aləmini tərənnüm edən şeiri daha artıq sevdiyindəndlr:
Qəzəldir səfabəxşi-əhli-nəzər,
Qəzəldir güll-bustani-hünər.
Gəzali-ğəzəl seydi asan deyil,
Gəzəl münkiri-əhli-irfan deyil.
Füzuli bütün mənzum əsərlərini, eləcə də lirik əsərlərini əruz vəznində yazmışdır. Füzuli yüksək şeir mədəniyyətinə malik bir sənətkar olduğu və şair üçün bir zərurət olan əruz vəznini ərəb, fars şairlərindən az bilmədiyi üçün heç bir yerdə ilhamını zorlamamışdır. Azərbaycan dilində əruz vəzni ilə də olsa, "nəzmi nazik" yaratmaq uğrunda fədakarlığa getmiş, böyük xarüqələr yaratmışdır. Füzuli müasir əruzun məşhur bəhrlərinin hamısını sınamışdır. Füzuli şeirinin gözəl xüsusiyətlərindən biri də mükəmməl, az sözlü, dolğun olmasıdır.
Füzuli lirikdir, qəlb şairidir. Qəzəl janrı Azərbaycan ədəbiyyatında Füzuliyə qədər uzun bir dövr keçmisdir. Böyük Nizaminin, Xaqaninin, Nəsiminin, Xətainin qəzəlləri bu sahədə görkəmli nümunələrdir. Ancaq nə Füzuliyə qədərki şairlərimizdən, nə də ondan sonra gələn Vaqif, Vidadi,
Zakir, Seyid Əzim, Bahar Şirvani, Hadi və başqa şairlərdən heç kəs Füzuli səviyyəsində, Füzuli qədər incəlikldə, yüksək bədii keyfiyyətdə qəzəl yazmamışdır. Füzuli zamanının eyni zamanda böyük alimi idi. Həyatı və müasir mədəniyyəti mükəmməl bilirdi. Onun müstəsna həssaslığı, dəqiq müşahidə bacarığı, hər bir hadisənin mahiyyətini qavramağa, obyekti mükəmməl əhatə etməyə imkan verir. Bu cəhətdəndir ki, o, eyni bir əşya, bir söz əsasında bir-birindən fərqli, müxtəlif surətlər, səhnələr yaradır.
Füzuli lirikasının sənətkarlıq və bədii xüsusiyyətlərinin öyrənilməsi və izahı, bizim demək olar ki, bütün klassik şeirimizin bədii sanballarını təyin məsələsidir.
Çünki Şərq poetikasında elə forma, üsul, janr, qayda yoxdur ki, Füzuli ona toxunmamış, onun parlaq nümunəsini yaratmamış, öz münasibətini birləşdirmiş olsun. Böyük şair özündən əvvəlki bədii irsə kor-koranə, passiv münasibət bəsləməmişdir. Azərbaycan şerinin ölməz nümunələrini yaradaraq türk dilinin nəyə qadir оlduğunu göstərən, beləcə tarix içində mənəvi mənliyimizə – dilimizin, mənəviyyatımızın əbədi və canlı heykəlinə çevrilən Füzuli eyni zamanda ərəb və fars dillərinə biganə qalmamış, bu dillərdə də ərəb, fars şairlərinin yaratdığı və nümunələr səviyyəsində dayanan müxtəlif janrlı əsərlər meydana gətirmişdir. Ana dilində bağladığı “Divan” həcmində həmçinin farsca “Divan” yazan şair özünün qəlb aləmindən xəbər verən bu lirik şeirlərdə də оxucusunu bədii sözün qüdrətilə sehrləyib düşünməyə, öz mənliyini, varlıq aləmini, həyat gözəlliklərini dərk etməyə çağırır. Xalq hikməti və xalq zəkasının qüdrətilə aşılanmış bu sоn dərəcə bədii, səmimi, misilsiz könül nəğmələrini оxuyan və ya dinləyən hər kəs ürəyində bir saflıq, xeyirxahlıq, həyata məhəbbət, insana ehtiram duyğularının qüvvətləndiyini hiss edir. Burada aşiq Füzuli ilə mütəfəkkir Füzuli yenə bir vəhdət halındadır. Böyük fikirlər burada yenə Füzulinin aşiqanə deyilmiş sözlərindədir...
Sözə xor baxmaq olmaz, hər bir söz
Ərşdəndir gəlib hədiyyə bizə,
Qəlbimiz meyl edir həmişə ona,
Çünki söz nazil oldu qəlbimizə.
Söz ilahi qüdrətin yaratdığı bir nemətdir, “ərşdən yerə enmişdir”. Onun şeir, söz sənəti haqqındakı təsəvvürü olduqca genişdir. O, şeiri həyatın, varlığın ən yüksək formada şairanə inkası kimi alır. Söz-gözəl, bədii, hakimanə söz, Füzuli şeirinin canıdır. Füzuli şeirin, sənətin yüksəkliyindən danışdığı zaman sənətkarın qarşısında mühüm vəzifələr durduğunu da qeyd edir. Füzulinin ümumiyyətlə bədiilik tələbi və meyarı çox yüksəkdir.
Onun seir, söz sənəti haqqındakı təsəvvürü olduqca genişdir. O, şeiri həyatın, varlığın ən yüksək formada şairanə inikası kimi alır. Bu haqda olan fikirlərini, sözüın əhəmiyyətini qeydlə başlayır. Söz - özəl, bədii, həkimanə söz, Füzuli şeirinin canıdır və qanıdır:
Can sözdür əgər bilirsə insan,
Sözdür ki, deyirlər özgədir can…
M.Füzulinin bütün əsərlərində təlim-tərbiyə məsələsi özünü qаbаrıq şəkildə göstərir. Şаir bu məsələlərin həlli yоlundа аllеqоrik оbrаzlаrı hərəkətə gətirir, həyаt məsələlərinə nüfuz еdir, böyük əhəmiyyət dаşıyаn еlmi-fəlsəfi, didаktik-nəsihətаmiz fikirlər irəli sürür, yеni nəslin mənəviəхlаqi kеyfiyyətlərini, оnlаrа məlum оlаn bu və yа digər аnlаyışlаrın səciyyəvi хüsusiyyətlərini ön plаnа çəkməklə, хаrаktеrik cəhətlərini fоrmаlаşdırır. M.Füzuli gənclik illərində yаzdığı “Bəngü Bаdə” əsərində dövrünün ictimаi-siyаsi məsələlərini iki hökmdаrın timsаlındа təsvir еtmişdir. Əsаs tənqid hədəfləri Bəng ilə Bаdədir. Bu təkəbbürlü və lоvğа fеоdаl оbrаzlаrı özlərindən оlduqcа rаzıdırlаr. Hər iki sаrаyın təsvirində sаrаy əyаnlаrı, bununlа yаnаşı хеyirхаh qüvvələr, öz ictimаi-əхlаqi хаrаktеrləri ilə vəhdətdə təsvir оlunurlаr. Bаdənin məclisində sаrаy əyаnlаrı əyyаşlıqlа məşğuldurlаr və оnlаrın mühаribəyə bаşlаmаq fikri də еlə burаdаn dоğur. Əsərin sоnrаkı məclisi Bəngin sаrаyındа vаqе оlur. Lаkin Bаdədən fərqli оlаrаq Bəngin məclisi еlmdən, şеirdən və hikmətdən ibаrətdir. Bununlа bеlə, hər iki hökmdаrın sаrаyındа еtibаrsızlıq və sədаqətsizlik hökm sürməkdədir. Hökmdаrlаrın ikisi də öz qızğın hisslərinin əsirinə çеvrilmiş, qəzəbdən qızаrmış gözləri аyаqlаrının аltını görmür. Öz аllаdıcı hisslərini cilоvlаyа bilməyən Bаdə ilə Bəng ən nəhаyət qаrşı-qаrşıyа gəlirlər və bаş vеrən bu qаnlı mübаrizədə Bаdə rəqibi üzərində qələbə çаlır. Lаkin, bütün bunlаrlа bərаbər, şаir göstərir ki, şərаb və bəng (tiryək) insаn həyаtınа böyük bəlаlаr gətirir. Bir-birinin еyiblərini аçаn bu оbrаzlаr – Bаdə və Bəng- sərхоşluğun və tiryəkə mübtəlа оlmаğın insаn həyаtınа böyük fаciələr gətirəcəyini özləri izhаr еdirlər. Əlbəttə, bu, şаirin özünün gəldiyi qənаətdən irəli gəlirdi. Öz bədii yаrаdıcılığı ilə yеni nəslin əхlаqi-mənəvi hisslərini qоruyаn müəllifin bu nəticəyə gəlməsi təbii görünür.
Nizaminin Azərbaycan ədəbiyyatında şagirdləri dedikdə, ilk dəfə böyük Füzuli yada düşür. Ədəbiyyat tariximizdə Füzuli qədər Nizami ilə bağlı olan ikinci bir şair təsəvvür etmək çətindir. Bu bağlılıq və yaxınlıq hər iki şairin demək olar ki, əsas üslubunda, həyata şairanə, yüksək münasibətində, bir sıra əsərlərində həm məzmun, həm də forma cəhətdən özünü göstərir. Özündən əvvəl yazıb yaratmış sənətkarlardan Füzuli böyük şair olaraq öz sələflərinə çox hörmət bəsləyir. Üç nəfərin adını xüsusi hörmətlə xatırlayır, onların sənətinə daha yüksək qiymət verir. Bunlardan biri ərəb şairi Əbu Nəvas, biri özbək ədəbiyyatının banisi Əlişir Nəvai, üçüncüsü isə, Şeyx Nizami Gəncəvidir. Füzuli bunların hər üçünə "müəzzəm" şair deyirdi. Ancaq Nizaminin o birilərdən ayırır. Divanında onun adını çəkir. Füzuli Nizamidən sonra ilk nəhəng və cahanşul şairdir ki, insan qəlbinin, mənəvi həyatın bəşər hiss və fikirlərinin geniş aləminə bu qədər yaxından və dərindən bəllidir. O, bu aləmin bütün hadisələrini öz əsərində ifadəyə çalışmışdır. Füzulinin faydalandığı bədii vasitələr, təsvir və ifadə vasitələri olduqca çox və müxtəlifdir. Onda klassik ədəbiyyatın üsullarını gördüyümüz kimi, tamam yeni və ilk dəfə işlənən üsullar da görürük. Eyni dərəcədə xalq ədəbiyyatı və xalq canlı dilinin zəngin mənbəyindən alınan xüsussiyyətləri gorürük. Füzuli dilində Şərqin üç məşhur və yayılmış dilinin tarixi mirası tamamilə nəzərə və hesaba alınmışdır. Füzuli həm ərəbcə, həm farsca, həm azərbaycanca yazmışdır. Özü də bir maraq, rəsmiyyət üçün yox, məhz yüksək sənət nümunələri yarada bilmişdir. Hətta üç dildə divan bağlamışdır. Bu fakt isə onun sənətkarlıqda, hətta ən incə, ən xırda mətləbləri də işləməyə, saf-çürük etməyə, yaxşısını seçməyə vadar etmişdir. Cəsarətlə demək olar ki, Şərqdə Füzuliyə qədər elə bədii üsul, şeir forması yoxdur ki, Füzuli onu bilməsin və hesaba almasın.
İlk mənbələri eramızdan əvvəl icma quruluşuna gedib çatan zəngin şifahi xalq ədəbiyyatından başqa X-XII əsrlərdə Qətran Təbrizi, Xəqani, Nizami, XIII_XIV əsrlərdə Əvhədi, Əssar, Arif Ərdəbilli kimi elm aləminə məlum əsərlərini fars dilində yazmış sənətkarlar yetişdirmiş olan Azərbaycan öz ana dilində əsərlər yazıb Yaxın Şərqdə şöhrət qazanmış şairlər də böyütmüşdür. Bəli, Azərbaycan klassik ədəbiyyatı yüksək bəşəri ideallar, təmiz, müqəddəs və xeyirxah hissilər xəzinəsidir. Bu xəzinənin sakinlərindən olan Məhəmməd Füzulinin bu il Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş Azərbaycan, şərq və dünya elmi – nəzəri fikri tarixində “könüllər fatehi”, “qəlb şairi”, “eşq və məhəbbət nəğməkarı” kimi etiraf olunan Füzulinin 530 yaşı tamam olur. Məhəmməd Füzuli Аzərbаycаn ədəbiyyаtının inkişаfındа əsаslı yеr tutаn, Şərq хаlqlаrı ədəbiyyаtınа güclü təsir göstərən, zəngin ədəbi irsə mаlik оlаn, оrtа əsrlər ədəbiyyаtımızdа аnа dilində yаrаnаn şеirin, lirik pоеziyаnın ən böyük yаrаdıcılаrındаn biri оlmuşdur. О, öz bədii yаrаdıcılığı ilə gənc nəslin tərbiyəsində əsаslı хidmət göstərmişdir. Klassik poeziyamızın sərrafı, böyük sənətkar Məhəmməd Füzuli Azərbaycan milli mədəniyyətinə böyük və dəyərli irs bəxş etmişdir. Füzuli özünü “bütün dövrlərin ən böyük Aşiqi”, “eşq elminin müdərrisi” sayır, başqa aşiqlər hamısı bu külldən, “şərarədən” bir zərrədir söyləyir. Füzuli bədii sifarişi də şahlardan almayıb və heç zaman “Şahnamə” yazmayıb. Fərmanı və hökmü o, yalnız məşuqədən alıb və bütün əsərlərini vahid bir “Eşqnamə” kimi yazıb. Füzuli salamına da cavab verməyən məmurlara qarşı Füzuli öz məşhur “Şikayətnamə”sini yazır: “Salam verdim, rüşvət deyil, - deyə almadılar”. Bəli, yaşadığı zəmanə şairin salamını almamışdır. İndi şair XX əsrə bir də salam verir və artıq dünya şairin salamını rüşvət kimi yox, ən ali bədii dəyər və mənəvi sərvət kimi qəbul edir!
Bu gün dünya poeziyasında Füzuli öz mərtəbəsində, öz şöhrət taxtında bərqərardır. Günəş istisinə ehtiyacı olan insanların mənəvi istisi, kolorisi və ehtiyacını ödəyən, onları sözün qüdrəti ilə saflaşdıran, yaşadan dühalar sırasında M.Füzulinin də adının çəkilməsi əbəs deyil. Özünü “aşiqi-sadiq” adlandıran şairin aşiqanə sözə üstünlük verməsinə, tərif və tənqiddən uzaq olmaq istəyinə baxmayaraq, humanist, incə qəlbli şair kimi baş alıb gedən bəlalara, ədalətsizliyə də biganə qala bilməzdi. Odur ki, çoxşaxəli, zəngin ədəbi irsində lirika ilə bahəm ictimai motivlərə də diqqət ayıran şairin “qəm karvanı”, “dərd çox, həmdərd olmayan” mühitdə şeirin “dərd –qiyməti”, “türk-azəri dilinin nüfuzu bilinmədiyi bir məmləkətin yükünü də daşımağa məcbur idi. Buna baxmayaraq, nədən yazırsa yazsın,
Füzuli hər şeydən əvvəl bir şair kimi bu poetic andına sadiq qalırdı:
Məndən, Füzuli, istəmə əşari-mədhü zəmm,
Mən aşiqəm, həmişə sözüm aşiqanədir.
Füzuli yaradıcılığı ölməzdir. Əsrlər boyu bu yaradıcılıq yüksək keyfiyyətli sənət əsərləri yaratmaq üçün sənətkarlarımıza ilham və qüvvət vermışdir. Heç şübhə yoxdur ki bu gün və sabah da bu zəngin xəzinə şair, ədib və dramaturqlarımıza çox incilər bəxş edəcək, ölməz sənət əsərlərinin yazılmasında öz qüvvətli təsirini göstərəcəkdir. Biz nəhayət onunla fəxr edirik ki, bəşəriyyəti zülmdən, məhkumiyyətdən və göz yaşlarından əbədi xilas etmək uğrunda aparılan tarixi mübarizələrin ön sırasında gedən və ictimai inqilab bayrağını ilk dəfə qaldıran xalqlar sırasında böyük şairin mənsub olduğu qəhrəman Azərbaycan xalqı da vardır. İndi böyük şairin əsərləri on min nüsxələrlə, bir neçə dildə nəşr olunur, məktəb proqramlarında, dərsliklərdə tədris olunur, musiqiyə salınır, səhnələşdirilir, göylərə səs salan radiolarla dünyaya yayılır. Böyük şairin heykəli Bakının görkəmli yerlərindən birində qürur və iftixarla dayanmışdır. Onun adı ilə küçələr, məktəblər, kitabxanalar, mədəniyyət evləri və sairə adlandırılmışdır. Azərbaycan şeirinin qabaqcıl nümayəndələri dahi şairə, bir doğma övlad məhəbbətilə, xələf şagird sədaqətilə bağlanaraq onun möcüzəvi sənətkarlıq sirrlərini öyrənir, sənətlərini təkmilləşdirirlər. Füzulinin ölməz sənəti onu öz xalqına və eləcə də tərəqqipərvər bəşəriyyətə elə möhkəm bağlamışdır ki, nə zaman, nə məkan, nə din, nə dil fərqi onu müasir qabaqcıl insanlardan ayıra bilməz: Gör nə sultanəm məni-dərviş kim feyzi-söxən, Eyləmiş iqbalimiasari-nüsrət məzhəri.
Hər sözüm bir pəhləvandır kim bulub təyidi-həqq,
Əzm qıldıqda dutar tədric ilə bəhrü bəri,
Qanda kim əzm etsə mərsumu məvacib istəməz,
Qansı mülkü tutsa, dəyməz kimsəyə şuru şəri...!
Doğrudan da, Füzuli şeirinin fəth etdiyi "mülk"' hədsiz, hesabsızdır. Bu şeir milyonlarla qəlbləri fəth etmişdir. Kimsəyə nəinki şüur-şəri dəyməmiş, əksinə, qəlblərə münəvvərlik, saf məhəbbət, təmiz, pak hisslər, yüksək mənəvi zövq və iıısani ləyaqət gətirmişdir. bu şeirin "fəth" etdiyi qəlblərə yabançı hisslər və fıkirlər çətin yol tapa bilər. Füzuli dühasının mənəvi nuru müasir şairlərimizin hər birinin zehnində cilvələnə bilər və cilvələnir. Çünki şeir günəşi zamanından, məkanından və dərəcəsindən asılı olmayaraq, hər bir yerdə qəlbləri işıqlandırmaq məqsədi daşıyır... Həqiqi sənətin və şeirin zəngin, əlvan məna şüaları qəlblərin ən dərin guşəsini də işıqlandırır. Belə bir qüdrət və şərəf hər kəsdən əvvəl dahi Füzulinin ecazkar şeir sənətinə aiddir. Məhəmməd Füzulinin yaratdığı əsərlər bundan sonra gələn nəsilləri də xalqa, millətə, torpağa, vətənə sədaqət ruhunda tərbiyyə edəcək, hazırlayacaqdır.

Füzuli dahi şair kimi Azərbaycanda həmişə hamının qəlbindədir. Bu da ona görədir ki, Füzuli doğurdan da azərbaycanlıdır və Azərbaycana mənsubdur. Füzuli yalnız öz doğma vətəni
Azərbaycanda deyil, bütün Yaxın Şərqdə, Avropada və Rusiyada tədqiq edilib, öyrənilmiş, yüksək qiymətləndirilmişdir. O, Azərbaycan xalqının yetişdirdiyi ölməz sənətkarlardandır, bu gün xalqımız şairin zəngin irsindən bəhrələnir və hər zaman bəhrələnəcəkdir.


Füzuli dünyasından dünyaya baxış

Abdulla Əsgərov,
Naxçıvan şəhəri,
16 saylı məktəbin direktoru


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ƏSƏRLƏRİNİ ÖZ CANI VƏ QANI İLƏ SUVARAN MƏHƏMMƏD FÜZULİ

ƏSƏRLƏRİNİ ÖZ CANI VƏ QANI İLƏ SUVARAN MƏHƏMMƏD FÜZULİ

Naxçıvan, Elmi Məqalələr
Professor Mir Cəlal Paşayevin ruh dünyası

Professor Mir Cəlal Paşayevin ruh dünyası

Elmi Məqalələr, "Elm və Təhsil"
Nizami Gəncəvinin dünya ədəbiyyatı tarixində rolu

Nizami Gəncəvinin dünya ədəbiyyatı tarixində rolu

Elmi Məqalələr, "Elm və Təhsil"
Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında

Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında

Humanitar elmlər, "Zirvə", Ədəbi əlaqələr
AzTU-nun əcnəbi tələbələri Cəbrayıl və Füzuli rayonlarına səfər edib

AzTU-nun əcnəbi tələbələri Cəbrayıl və Füzuli rayonlarına səfər edib

AzTU
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

Yeni nəşrlər, Humanitar elmlər
“Cahana sığmayan Düha”

“Cahana sığmayan Düha”

Məktəblər
Dünyadan gileyli getdi Nəsimi...

Dünyadan gileyli getdi Nəsimi...

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Rusiya, Diaspora
Professor MƏDƏD ÇOBANOV:

Professor MƏDƏD ÇOBANOV: "NƏSİMİ və FOLKLOR"

Elmi Məqalələr, Mədəd Çobanov
Akademik Elizbar Cavelidze və Azərbaycan

Akademik Elizbar Cavelidze və Azərbaycan

Ədəbi əlaqələr

"Hüseyn Cavid yaradıcılığında ideallar və müasir dövr" mövzusunda beynəlx ...

Humanitar elmlər, "Zirvə"
MÜDAFİƏSİZ ELMLƏR NAMİZƏDİ ELMİ DƏRƏCƏSİNƏ LAYİQ GÖRÜLƏN ALİMİN XATİRƏ GECƏ ...

MÜDAFİƏSİZ ELMLƏR NAMİZƏDİ ELMİ DƏRƏCƏSİNƏ LAYİQ GÖRÜLƏN ALİMİN XATİRƏ GECƏ ...

Bakı, UNUTSAQ, UNUDULARIQ!....
İmadəddin Nəsiminin iki əlyazma divanının surəti əldə edilib

İmadəddin Nəsiminin iki əlyazma divanının surəti əldə edilib

Humanitar elmlər
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Füzuli İsmayılova “Əməkdar jurnalist” fəxri adı verilib

Füzuli İsmayılova “Əməkdar jurnalist” fəxri adı verilib

MEDİA, Təbriklər
Əziz ŞƏRİF:

Əziz ŞƏRİF: "Orta əsrlərdə Azərbaycanın ən populyar lirik şairi Molla Pəna ...

Ədəbi əlaqələr, Bədii Tərcümə
Molla Pənah olan şair

Molla Pənah olan şair

Humanitar elmlər, Elmi Məqalələr, "Zirvə"
Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

"Şərqin səsi"
Rəy yazın: