Nuranə İbadova: "Məişət zorakılığı insan hüquqlarının pozuntusu kimi"

Nuranə İbadova: "Məişət zorakılığı insan hüquqlarının pozuntusu kimi"Nuranə Akif qızı İbadova
Ədliyyə Akademiyasının baş müəllimi,
Bakı Dövlət Universitetinin dissertantı
I dərəcəli ədliyyə qulluqçusu

nurane-ibadova@mail.ru

 

Məişət zorakılığı insan hüquqlarının pozuntusu kimi.  
Məişət zorakılığı ilə əlaqədar dövlətin pozitiv öhdəlikləri və məişət zorakılığının qarşısının alınması ilə əlaqədar şəxsin azadlıq hüququnun məhdudlaşdırılması.


 
Açar sözlər: insan hüquqları, qadınların insan hüquqları, məişət zorakılığı,  pozitiv öhdəliklər, azadlıq hüququnun məhsdudlaşdırılması

Keywords: human rights, women's human rights, domestic violence, positive obligations, restriction of the right to freedom

 
Xülasə

İrqindən, rəngindən, cinsindən, dinindən və siyasi əqidəsindən asılı olmaya­raq bütün insanların eyni statusa malik olması  və hər kəsin insan hüquqlarından bərabər faydalanması müasir demokratik cəmiyyətin əsas dəyərlərindən birini təşkil edir.  Lakin uzun müddət ərzində insan hüquqlarının həmişə kişilərə aid olduğu düşünülmüş və bəşər övladının yarısını təşkil edən qadınların hüquqları kişilərlə müqayisədə daha çox pozulmuşdur. Son bir neçə onillikdə qadınların hüquqlarının daha yaxşı müdafiəsi istiqamətində beynəlxalq, regional və milli səviyyədə gerçəkləşdirimiş mühüm hüquqi islahatlara dair çoxlu nümunələr olsa da bu istiqamətdə problemlər hələ də qalmaqdadır. Məqalədə bununla əlaqədar olaraq  insan hüquqlarının universallığı prinsipindən, qadınlara qarşı zorakılığın ən geniş yayılmış formalarından biri olan məişət zorakılığı ilə bağlı dövlətin pozitiv öhdəliklərindən bəhs edilir və məişət zorakılığının qarşısının alınması ilə əlaqədar şəxsin azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı məsələlər Avropa İnsan Hüquqları Konvensiyasının  və onun nəzarət orqanı olan Avropa İnsan Hüquqları Məhkəməsinin rolu və təsiri çərçivəsində müzakirə edilir.




Summary


Domestic violence as a violation of human rights. Positive obligations of the state in connection with domestic violence and restriction of the right to freedom of the person in connection with the prevention of domestic violence.

One of the main values of modern democratic society is that all people, regardless of their race, color, gender, religion, or political beliefs, have the same status and everyone benefits equally from human rights. But for a long time, human rights were thought to always belong to men, and the rights of women, who make up half of the human race, were violated more than men. Although there are many examples of important legal reforms implemented at the interna­tional, regional, and national levels in the last few decades to better protect wo­men's rights, problems in this direction still remain. In this regard, the article talks about the principle of universality of human rights, the positive obligations of the state regarding domestic violence, which is one of the most widespread forms of violence against women, and the issues related to the restriction of a person's right to freedom in connection with the prevention of domestic violence that are covered by the European Convention on Human Rights and its supervisory body. It is discussed within the framework of the role and influence of the European Court of Human Rights.



GİRİŞ

Bütün dünyada qadınlara qarşı hər gün müxtəlif formalarda törədilən və bə­zən hətta ölümlə nəticələnən zorakılıq hallarına dair məlumatlar fonunda zorakı­lıq təhlükəsi ilə üz-üzə qalan qadınların müdafiəsi və bu cür zorakılıq hadisə­lə­rinin törədilməsində təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar təcili tədbirlərin həyata keçirilməsi zərurəti yaranır. Ümumilikdə qadınlara qarşı zorakılıq və xüsusilə də qadınlara qarşı məişət zorakılığı dominant gender stereo­tiplərindən qaynaqlanan və onları davam etdirməyə xidmət edən, qadınları sıxış­dırmaq üçün istifadə edilən bir vasitədir.(1) Məişət zorakılığı da daxil ol­maqla qa­­dınlara qarşı zorakılıq halları, Avropada insan hüquqları ilə bağlı hələ də sus­qun­luqla yanaşılan gender əsaslı zorakılıqların ən ciddi formalarından biridir. Di­gər qurbanlara, məsələn, uşaqlar, kişilər və yaşlılara qarşı məişət zorakılığı da giz­­lədilən anlayışdır, bu isə olduqca çox ailəyə diqqət yetirilməməsi ilə nəticələ­nir. Avropa üzrə yayılma dərəcələri məlum deyildir, lakin bir çox üzv dövlətlər mil­­li səviyyədə qadınlara qarşı zorakılığın dərəcəsini ölçmək məqsədilə getdikcə daha çox sorğu aparmışdır. Metodologiyaların fərqlənməsinə baxmaya­raq, bu sor­­­ğuların icmalı onu göstərir ki, ölkələr boyu bütün qadınların beşdə-birindən başlayaraq, dördə-birinə qədəri yetkin həyatı boyunca ən azı bir dəfə fiziki zo­ra­kı­lığa məruz qalmışdır, onda-birindən çoxu isə cinsi zorakılıqdan, o cümlə­dən güc tətbiqindən istifadədən əziyyət çəkmişdir. Zorakılığın bütün formaları, o cüm­lədən psixoloji təzyiq üzrə göstəricilər 45%-ə qədər yüksək olmuşdur. Belə zo­rakılıq aktlarının böyük əksəriyyəti onlara bilavasitə yaxın olan sosial mühitdə kişilər, əksər hallarda isə partnyorlar və ya keçmiş partnyorlar tərəfindən törədilir (2).

Təcrübə göstərir ki, fundamental insan hüquqlarının məhdudlaşdırılması və pozulması halları, zorakılıq, o cümlədən cinsi mənsubiyyətə görə zorakılıq halları cəmiyyətin aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, habelə son illərdə Azərbaycan Respublikasının həyata keçirdiyi təsirli tədbirlərə baxmaya­raq, dünyanın bir çox ölkələrində olduğu kimi, ölkəmizdə də problem olaraq qalmaqdadır.

Məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi bazanın bey­nəlxalq təcrübəyə uyğunlaşdırılması, məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində məlumatlandırma və maarifləndirmə tədbirlərinin təşviqi, məişət zorakılığından zərər çəkmiş şəxslərin aşkarlanması və erkən identifikasiyası, məişət zorakılığından zərər çəkmiş şəxslərin müasir standart­lara uyğun yardım xidmətləri ilə təmin olunması, məişət zorakılığından zərər çəkmiş şəxslərin səmərəli müdafiəsi sisteminin formalaşdırılması “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın əsas istiqamətlərini təşkil edir (3).

Dövlət bu sahədə qəbul edilmiş Milli Fəaliyyət Planında həm qadınlara qarşı zorakılıqla mübarizə üzrə rəhbər tutulmalı əsas prinsipləri, prioritetləri müəyyən etmiş, həm də bu istiqamətdə həyata keçirilməli tədbirlər planını  işləyib hazırlamışdır.

Qadınların hüquqlarının səmərəli müdafiəsi cəmiyyətin sosial strukturunda onların öz hüquqlarından istifadə etmək qabiliyyətinə mənfi təsir edən və onların ayrı-seçkiliyə məruz qalması ilə nəticələnən bir sıra anlayışların hərtə­rəfli başa düşülməsini tələb edir. Bununla əlaqədar olaraq aşağıda insan hüquq­larının universallığı prinsipindən, qadınlara qarşı zorakılığın ən geniş yayılmış formalarından biri olan məişət zorakılığı ilə bağlı dövlətin pozitiv öhdəliklə­rindən bəhs edilir və məişət zorakılığının qarşısının alınması ilə əlaqədar şəxsin azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı məsələlər Avropa İnsan Hüquqları Konvensiyasının və onun nəzarət orqanı olan Avropa İnsan Hüquq­ları Məhkəməsinin rolu və təsiri çərçivəsində müzakirə edilir.


Qadın hüquqları insan hüquqlarıdır.

“Qadın hüquqları insan hüquqlarıdır” fikri bir neçə əsri əhatə edən uzun tarixə malik feminist hərəkat kontekstində yaranmışdır. İfadənin dəqiq mənşəyini müəyyən etmək çətindir. Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması və qadınlar və kişilər arasında bərabərliyin təmin edilməsi müasir demokratik cəmiyyətlərin əsas dəyərlərindən birini təşkil etsə də bu dəyərlərin istər beynəlxalq hüquqi aktlarda, istərsə də dövlətdaxili qanunvericilik səviyyəsində  təsbit edilməsi heç də həmişə prioritet hesab edilməyib və bütün dünyada qadınlar həyatları boyu mütəmadi olaraq kişilərdən daha çox insan hüquqlarının pozulmasından əziyyət çəkirlər.

Qadınlara münasibətdə ayrı-seçkiliyin ləğv edilməsi və qadınlar və kişilər arasında bərabərliyin təmin edilməsi ideyasının beynəlxalq insan hüquqları sə­nədlərində təsbit edilməsində böyük rol oynamış hüquq müdafiəçiləri olmuşdur. Xüsusilə 1947-1948-ci illərdə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komissiyasının qadın nümayəndəsi Hindistanlı feminist Hansa Mehta qadınların “Ümumdünya İnsan Haqları Bəyannaməsi”ndə nəzərdə tutulan hüquqların kişi­lərlə bərabər bərabərhüquqlu iştifadəçisinə çevrilməsində mühüm rol oyna­mış­dır. O, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin layihəsində 1-ci mad­dədə “Bütün kişilər azad və bərabər doğulur” ("All men are born free and equal")  ifadəsini “Bütün insanlar azad və bərabər doğulur” ("All human beings are born free and equal") ifadəsinə dəyişdirilməsinə nail oldu (4).

“Qadın hüquqları insan hüquqlarıdır” ifadəsi 1980-ci illərdə populyarlıq qazandı. Fəallar bu ifadədən beynəlxalq hüquqi standartların genderə həssas tətbiqinə çağıran kampaniyalarında istifadə ediblər (5).

1993-cü ildə insan hüquqları mexanizmlərinin vəziyyətinə yenidən baxmaq məqsədi ilə Vyanada  İnsan Hüquqları üzrə Ümumdünya Konfransı keçirildi. Qadınların rastlaşdıları, qadın olduqları üçün məruz qaldıqları zorakılıqların bütün aspektlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün səyləri səfərbər etməyə çalışan hüquq müdafiəçiləri “Qadın hüquqları insan hüquqları­dır” şüarı altında kampaniya aparmağa başladılar. Qadınlara qarşı zorakılıq problemi ilə maraqlanan vətəndaş cəmiyyəti fəalları bu kompaniya çərçivəsində diqqəti ilk növbədə qadın hüquqlarının pozulmasına cəlb etdilər. Konfrans qadınların və qızların insan hüquqlarının ümumbəşəri insan hüquqla­rının bölün­məz və ayrılmaz hissəsi olduğunu və gender əsaslı zorakılığın bütün formalarının aradan qaldırılmasının vacibliyini vurğulayan Vyana Bəyannaməsi və Fəaliyyət Proqramının qəbulu ilə yekunlaşdı (6).

Müasir hüquq elmində və hüquq praktikasında “qadın hüquqları” ifadəsin­dən tez-tez istifadə olunmasına baxmayaraq, bu termin bir qayda olaraq beynəl­xalq konvensiyalarda birbaşa işlədilmir. Bunun əvəzinə beynəlxalq konvensi­yalar adətən gender bərabərliyi prinsipləri və cinsi ayrı-seçkiliyin qarşısının alın­ması ilə bağlı daha konkret və hüquqi cəhətdən dəqiq terminlərdən istifadə edir.

Mövzu ilə bağlı diqqət çəkən əsas məqamlardan biri “qadın hüquqları” və “qadınların insan hüquqları” ifadələri arasındakı fərqdir. Bu terminlər bəzən eyni anlamda işlədilsə də  daşıdıqları məna baxımından  nüanslı fərqlərə malikdir.

Müasir dövrdə qadın hüquqları 2 aspektdə nəzərdən keçirilə bilər: 1) ümumi insan və vətəndaş hüquqları aspektində; 2) yalnız qadınlara aid olan əlavə hüquq və azadlıqlar aspektində (7).

Qadın hüquqları termini bir qayda olaraq qadınların bioloji xüsusiyyətləri ilə əlaqədar olan  və  qadınların sosial rolundan irəli gələn problemlərinin həllinə yönəlmiş hüquqları ifadə etmək üçün işlədilir. “Qadın hüquqları” bəzən qadın­ların həyatına xas olan hüquqlar, məsələn, reproduktiv seçim və doğuşla bağlı hüquqlar kimi başa düşülür (8).

Qadının və ya qızın öz bədəni və reproduktiv funksiyaları ilə bağlı müstəqil qərarlar qəbul etmək hüququ onun fiziki və psixoloji toxunulmazlığın intim mə­sələləri ilə bağlı bərabərlik və şəxsi toxunulmazlıq hüququnun əsasını təşkil edir. Hamiləliyin davam etdirilməsi və ya ona son verilməsi ilə bağlı qərar, əsas və ilk növbədə qadının qərarıdır, çünki bu, onun bütün gələcək şəxsi həyatını, eləcə də ailə həyatını formalaşdıra bilər və qadınların digər insan hüquqlarından istifadə etməsinə mühüm təsir göstərir. Bundan əlavə, ən yüksək standartlara cavab verən tibbi xidmət almaqda bərabərlik hüququ və cinsi və reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı olanlar da daxil olmaqla, səhiyyə xidmətlərinə çıxışda ayrı-seçkiliyə yol verilməməsi hüququ xüsusi müdafiə tələb edir (9).

Göründüyü kimi “qadın hüquqları” terrmini bu yanaşmalarda daha çox  qa­dınların bioloji xüsusiyyətləri və xüsusi sosial rolu kontekstində nəzərdən keçirilir.

“Qadının insan hüquqları” termini isə qadın hüquqlarının universal insan hüquqlarının tərkib hissəsi olduğunu vurğulayır. O, qadınların bir qrup olaraq daha geniş insan hüquqları sisteminin tam istifadəçisi kimi tanınmalı, qəbul edil­məli olması fikrinə diqqəti yönəldir. Başqa sözlə, o vurğulayır ki, qadın hü­quqları insan hüquqlarından ayrı və ya fərqli deyil və onun ayrılmaz tərkib hissəsi kimi qəbul edilməlidir. Bu cür mövqe qadınlara qarşı gender əsaslı ayrı-seçkiliyin və zorakılığın əsas insan hüquqlarının pozulması kimi qəbul etməyə yönəlmişdir.

Mövzu ilə bağlı araşdırılmalı əsas məsələ qadın hüquqları və ya qadının insan hüquqları ifadəsinin beynəlxalq hüquqi sənədlərdə və dövlətdaxili qanunvericilikdə işlədilməsinin yol verilənliyi ilə bağlıdır.

“Qadınların insan hüquqları” termini ilk baxışda çaşqınlıq yaradır. Axı tərifinə görə insan hüquqları bütün insanlara aiddir: qocadan gəncə, zəngindən kasıba, xeyriyyəçidən korrupsionerə, qadın, kişi və digər cinsi kimliklərə. İnsan hüquqlarının tətbiqinin universallığı həqiqətən də onların ən radikal xüsusiyyəti­dir (10).

İnsan hüquqları ideyası ilk növbədə bu hüquqların universal olması prin­sipinə əsaslanır - onlar cinsindən, sinfindən, dinindən və hər hansı digər fərq­lər­dən asılı olmayaraq hər kəsə şamil edilir. Məhz hüquqların universallığı onları bu qədər qüdrətli edir və çox vaxt mübahisələrə səbəb olan da məhz budur. Universallıq sərhədləri aşır, hüquqi statusu nəzərə almır, insanlara qeyri-bərabər münasibətdə adət-ənənələrin və mədəniyyətlərin rolunu təkzib edir (11).

Fikrimizcə qadınların hüquqlarının insan hüquqlarının xüsusi kateqoriyası kimi qəbul edilməsi universallıq prinsipini sarsıda bilər və qadının daha əlverişsiz vəziyyətə düşməsi ilə nəticələnə bilər.

Qadın hüquqlarının insan hüquqları çərçivəsindən ayrı düşünülməsi qlobal miqyasda qadınlara ikinci dərəcəli insan kimi münasibəti davam etdirir (12).

Bəşəriyyətin yarısının qadın olduğunu nəzərə alsaq, insan hüquqları ilə qadın hüquqları arasında konkret əlaqənin qurulması zərurəti ironikdir (13).

Terminologiyanın seçimi insan hüquqları hərəkatları daxilində müxtəlif strateji yanaşmaları əks etdirə bilər. Əsas məqsəd qadınların üzləşdiyi unikal problemlərin həllinə diqqət yetirilməsi və qadınların insan hüquqlarının tam spektrindən yararlanmasının təmin edilməsi olmaldır.

Hillari Klintonun 1995-ci ildə Pekində keçirilən Dördüncü Ümumdünya Qadınlar Konfransında dediyi kimi “insan hüquqları qadın hüquqlarıdır, qadın hüquqları isə insan hüquqlarıdır”


Qadınlara qarşı məişət zorakılığı insan hüquqlarının pozuntusudur.
Məişət zorakılığının qarşısının alınması ilə əlaqədar dövlətin pozitiv öhdə­likləri.


 Ənənəvi olaraq qadınlara qarşı məişət zorakılığı insan hüquqlarının pozun­tusu hesab edilmirdi və bu problem yalnız bu sahədə çalışan hüquq müdafiəçi­lərinin və qadın hərəkatları fəallarının və alimlərin fədakar əməyinin nəticəsi kimi həm milli, həm də benəlxalq səviyyədə insan hüquqlarının pozuntusu kimi qəbul edildi. Məişət zorakılığına dair yanaşmada qadınların sistemli şəkildə zorakılığa, ayrı-seçkilik və təzyiqlərə məruz qalması və onların həyat reallıqları nəzərə alınmırdı. Buna görə də, uzun müddət ərzində qadınların məruz qaldıqları məişət zorakılından irəli gələn həqiqi vəziyyəti insan hüquqlarına aid normalar siste­mində adekvat şəkildə əks olunmamışdır. Dövlətin insan hüquqlarına hörmət etmək vəzifəsi,  dövlətin özünün bu hüquqları pozan hər hansı bir hərəkətdən çə­kinmək vəzifəsi kimi başa düşüldüyündən hakimiyyət nümayəndələrinin birbaşa müdaxiləsi olmadan özəl sahədə edilən hər hansı bir qanunsuz hərəkət, o cüm­lədən məişət zorakılığı insan hüquqlarının pozulması sayılmırdı. Bu cür yanaşma isə insan hüquqları müdafiəçilərinin haqlı tənqidi ilə üzləşirdi. Çünki qadınlara münasibətdə törədilən hüquq pozuntuları daha çox dövlət nümayəndə­ləri tərəfindən deyil, üçüncü şəxslər tərəfindən törədilirdi. Ona görə də məişət zora­kılığı­na məruz qalan qadınların qorunması istiqamətində dövlətin pozitiv öh­dəliklərinin müəyyən edilməsi zəruri idi.

Bu baxımdan ən böyük addım Avropa İnsan Hüquqları Məhkəməsi tərə­findən atıldı. Məhkəmənin bir sıra qərarları zorakılığa məruz qalan qadınlara münasibətdə dövlətin pozitiv öhdəliklərinin müəyyən edilməsinə öz töhvəsini vermiş, məişət zorakılğının qarşısının alınması, zorakılıq qurbanlarının müdafiəsi və zorakılığa yol vermiş şəxslərin adekvat cəzalandırılması istiqamətində döv­lətlərin rəhbər tutmalı olduqları əsas standartları müəyyənləşdirmişdir.  Pre­se­dent hüququ təhlil edildiyində məişət zorakılığı ilə bağlı işlərə ba­xar­kən Avropa Məhkəməsi tərəfindən daha çox Avropa İnsan Hüquqları Konven­si­ya­sı­nın  şəxsin yaşamaq hüququnu tənzimləyən 2-ci maddəsi, şəxsin fiziki və əqli bü­tövlüyünü qoruyan 3-cü maddəsi (işgəncələrin qadağan edilməsi), şəxsi və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddəsi, fərdin səmərəli hüquqi va­si­tələrdən istifadə hüququnu tənzimləyən 13-cü maddəsi, ayrı-seçkiliyin qadağan edilmə­si­ni tənzimləyən 14-cü maddəsinin pozuntusunu müəyyən etdiyi müşahidə edi­lir.

Xüsusilə Opuz Türkiyəyə qarşı (Opuz v. Turkey, No. 33401/02) işi üzrə Av­ropa Məhkəməsinin 9 sentyabr 2009-cu il tarixli qərarı məişət zorakılığı xüsusi əhəmiyyət kəsb edən işlərdən biridir.

Həmin işdə  ərizəçi və onun anası mütəmadi olaraq ərizəçinin əri tərəfindən məişət zorakılığına məruz qalmış və dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etsələr də dövlət orqanları ərin yaratdığı təhlükəni qiymətləndirməmiş və mövcud şəraitdə onun həbsinin qeyri-mütənasib tədbir olduğu qənaətinə gəlmiş və ümumiyyətlə məsələnin həlli ilə məşğul olmamışdılar. Məhkəmə vurğuladı ki, ailədaxili zorakılığa aid işlərdə hüquq pozucularının hüquqları qurbanların insan hüquqlarını – yaşamaq hüququnu və fiziki və psixi toxunul­mazlıq hüququnu üstələyə bilməz. Məhkəmə bildirir ki, bəzi hallarda digər şəxslərin sağlamlığını və hüquqlarını müdafiə etmək və ya cinayət əməllərinin törədilməsinin qarşısını almaq üçün dövlət orqanlarının fərdlərin şəxsi və ya ailə həyatına müdaxiləsi zəruri ola bilər (14).

Avropa Şurasının Nazirlər Komitəsi qadınların zorakılıqdan müdafiəsi ilə bağlı 30 aprel 2002-ci il tarixli tövsiyəsində digər məsələlərlə yanaşı bildirmişdir ki, üzv dövlətlər qurbanların maksimum təhlükəsizliyinə və müdafiəsinə, onlara dəstək və yardıma əsaslanan zorakılığa qarşı milli siyasətlər hazırlamalı və tək­milləşdirməli, cinayət və mülki qanunvericiliyə zəruri dəyişikliklərin edilməsi, ictimaiyyətin maarifləndirilməsi, qadınlara qarşı zorakılıqla məşğul olan mütə­xəssislərin hazırlanması istiqamətində tədbirlər həyata keçirməlidirlər.

Nazirlər Komitəsi üzv dövlətlərə məişət zorakılığının bütün formalarını cinayət kimi təsnif etməyi tövsiyə edir və bildirilir ki, məhkəmələrə qurbanların müdafiəsinə yönəlmiş müvəqqəti tədbirlər görməyə imkan verən və cinayət törətməsi iddia edilən şəxsin zərərçəkmiş şəxslə təmasda olmasını, onunla ün­siy­yətdə olmasını və ya ona yaxınlaşmasını qadağan edən tədbirlərin görülməsi im­kanları nəzərdən keçirilməlidir.


Məişət zorakılığının qarşısının alınması ilə əlaqədar şəxsin azadlıq hüququnun məhdudlaşdırılması.

Məişət zorakılığının baş verdiyi hallarda şəxsin azadlıq hüququnun məhdud­laşdırılmasına dair Avropa Məhkəməsinin mövqeyini müəyyən edən əsas qə­rarlardan biri Kurt Avstiyaya qarşı işdir.

Həmin işdə  məhkəmədə boşanma iddiası qaldıran qadın eyni gündə ərini zorlama və öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla  hədələməklə ittiham edən ərizə ilə polisə müraciət etdi. O, polisə ərinin bəzən iki uşağına şillə vurdu­ğunu da bildirdi; azyaşlı oğlu və qızı sorğu-sual zamanı həm özlərinin, həm də analarının döyüldüyünü təsdiqləyiblər. Həmin gün ərin öz mənzilinə, ərizəçinin valideynlərinin mənzilinə və ətraf ərazilərə qayıtmasını qadağan edən yeni qada­ğa və mühafizə qərarı çıxarıldı. Ər dindirilməyə aparılıb və evin açarları ondan götürülüb. Dövlət Prokurorluğu da onun barəsində cinayət işi açıb. Üç gün sonra o, onların oğlunu məktəbdə güllələyib və özünü güllələyərək intihar edib. Uşaq daha sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. Ərizəçi ərinin istintaq təcrid­xa­nasında saxlanmalı olduğunu iddia edərək, dövlətin yaşamaq hüququnun təmin edilməsi ilə bağlı pozitiv öhdəliyinin pozulması ilə bağlı müraciət etdi.

4 iyul 2019-cu il tarixli qərarında Avropa Məhkəməsinin Palatası yekdilliklə 2-ci maddənin mahiyyət baxımından heç bir pozuntusunu aşkar etmədi (15). Palatanın bu işdə cavabladırmalı olduğu sual ondan ibarət idi ki, o zaman mövcud olan məlumatlar əsasında hakimiyyət orqanları ərizəçinin ərinin oğlunun həyatı üçün qadağa qərarının çıxarıldığı yerlərdən kənarda real və bilavasitə təhlükə törətdiyini bilə bilərdimi və ya bilməli idimi, hansı ki, bunun qarşısını ancaq onu həbs etməklə almaq mümkün idi.

Bu sualı cavablandırmaq üçün Məhkəmə Osman Birləşmiş Krallığa qarşı işdə müəyən etdiyi prinsiplərə istinad edi. Həmin işdə Məhkəmə vurğulamışdı ki, müasir cəmiyyətlərdə asayişi qorumağın çətinliklərini, insanın davranışını öncədən görməyin mümkünsüzlüyünü və əməliyyat seçimlərinin prioritetlər və resurslar baxımından edilməli olduğunu nəzərə alsaq, bu sahədəki pozitiv öhdəlik dövlət orqanlarının üzərinə qeyri-mümkün və ya qeyri-mütənasib vəzifə qoya biləcək tərzdə şərh olunmamalıdır. Buna görə də, heç də insan həyatına qarşı iddia edilən hər bir təhlükə onun reallaşmasının qarşısını almaq üçün Konven­siyanın tələbinə əsasən dövlət orqanlarının operativ tədbirlər görmək vəzifəsini doğurmur. Pozitiv öhdəliyin yaranması üçün sübut edilməlidir ki, dövlət or­qanları üçüncü tərəfin cinayətkar hərəkətləri nəticəsində məlum şəxsin həyatına qarşı real və birbaşa təhlükənin mövcudluğunu bilirdilər və ya bilməli idilər və həmin təhlükədən yaxa qurtarmaq üçün məntiqə uyğun düşüncə əsasında onlar­dan gözlənilə bilən, səlahiyyətləri çərçivəsində olan tədbirləri görməyiblər. Əhə­miyyət daşıyan digər mülahizə onu təmin etməkdən ibarətdir ki, polis cinayət­kar­ları nəzarətdə saxlamaq və cinayətlərin qarşısını almaq səlahiyyətlərini həyata keçirərkən prosesin qanuniliyinə tam riayət etsin və onun cinayətlərin araşdı­rılmasına və hüquq pozucularının ədalət mühakiməsinə cəlb olunmasına yönələn hərəkətlərinin hüdudlarına qanuni məhdudiyyətlər qoyan digər təminatlara, o cümlədən Konvensiyanın 5-ci və 8-ci maddələrində yer alan təminatlara tam hörmət etsin (16).

Palata göstərdi ki, şübhəli şəxsə qarşı qadağa qərarı çıxarmaq və ya hətta onu həbs etmək barədə qərar qəbul edərkən, bir tərəfdən təhlükə yaradan şəxsin hüquqlarını, digər tərəfdən isə qurbanların hüquqlarını diqqətlə balanslaşdırmaq­da yerli hakimiyyət orqanlarının qarşılaşdığı çətinlikləri tam dərk edir.

Məhkəmə razılaşdı ki, bu için konkret hallarında ərin həbs edilməsi və istintaq təcridxanasına salınması mütənasib olmazdı və Palata bu işdə yaşamaq hüquqnun pozulmadığı qənaətinə gəldi

Palatanın həmin qərarı ilə bağlı xüsusi rəy yazan Avropa Məhkəməsinin azərbaycanlı hakimi Lətif Hüseynov yaşamaq hüququnun pozulmaması ilə bağlı Palatanın ümumi qənaəti ilə razılaşsa da, vurğuladı ki, Məhkəmə öz qərarında məişət zorakılığı işinə Osman testi adlanan testi qəti şəkildə tətbiq edib. Bununla da, Məhkəmə məişət zorakılığının fərqli sosial fenomen kimi özünəməxsuslu­ğunu nəzərdən qaçırmışdır.

Osman Böyük Britaniyaya qarşı iş üzrə Məhkəmə tərəfindən hazırlanmış Osman testinə əsasən, pozitiv öhdəliyin yerinə yetirilməməsi o halda baş verir ki, üçüncü şəxslərin hərəkətləri nəticəsində məlum şəxsin həyatına qarşı real və birbaşa risk mövcud olduğu vaxt dövlət orqanları bunu bildikləri və ya bilməyə borclu olduqları halda öz səlahiyyətləri çərçivəsində riskin qarşısını almaq üçün onlardan haqlı olaraq gözlənilən tədbirləri həyata keçirmirlər.

O vaxtdan bəri Məhkəmə cavabdeh Dövlətin həyatı təhlükə altında olan şəxsi başqa bir şəxsin cinayət əməllərindən qorumaq üçün müsbət öhdəliyinə əməl edib-etmədiyinə dair qərar verərkən həmişə Osman testindən istifadə etsə də Lətif Hüseynovun  haqlı olaraq  qeyd etdiyi kimi, bu testin aktuallığı məişət zorakılığının konkret kontekstində, yəni məişət zorakılığının ölümcül nəticələr verdiyi hallarda şübhə doğurur.

Məişət zorakılığının çox vaxt tək bir hadisə deyil, davamlı hədə-qorxu və sui-istifadə praktikası olduğu geniş şəkildə qəbul edilir. Buna görə də, dövlət orqanları məişət zorakılığının hər bir aktına lazımi səylə reaksiya verməli və bu cür hərəkətlərin daha ciddi nəticələrə gətirib çıxarmaması üçün bütün zəruri tədbirləri görməlidirlər.

Məlum olduğu kimi müasir dünyada məişət zorakılığının qaşısının alınması ilə bağlı dövlətlər tərəfibndən müxtəlif xarakterli tədbirlər həyata keçirilisə də şəxsin cinayət törətməsinin qarşısının alınması üçün onun azadlıq hüququ məhdudlaşdırılmaqla həbsə alınması bu tədbirlər arasında ən yaxşı nəticəyə nail olmaq vasitəsi kimi öz aktuallığını qoruyur.

Lakin yuxarıda sözügedən Kurt Avstiyaya qarşı işdə ərizəçinin xahişi ilə Böyük Palataya göndərilmiş şikayətlə əlaqədar çıxarılmış 15 iyun 2021-ci il tarixli qərarda Avropa Məhkəməsinin də qeyd etdiyi kimi Konvensiyanın 5-ci maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmənin tətbiq edilməsi üçün belə bir tədbir həm dövlətin milli qanunvericiliyinə, həm də 5-ci maddənin 1-ci bəndində nəzərdə tutulmuş həbsdə saxlama üçün əsasların qapalı siyahısına uyğun olmalıdır.

Məlum olduğu kimi, 5-ci maddə insanın azadlıq və şəxsi toxunulmazlıq hüququnu qoruyur. Burada istifadə edilən azadlıq anlayış fərdin fiziki azadlığını əhatə edir və məhkəmə 5-ci maddə ilə müəyyən edilən bu hüququ Konvensiyanın 2,3 və 4-cü maddələrində nəzərdə tutulan hüquqlarla yanaşı fərdin fiziki toxunulmazlığını qoruyan birinci dərəcəli əsas hüquqlar siyahısına aid olduğunu müəyyən etmişdir. Avropa Məhkəməsinin yurisprindensiyası demokratik cəmiyyətdə azadlıq hüququnun, onun hüquqi müəyyənlik və qanunun aliliyi ilə əlaqəsinin böyük əhəmiyyətini vurğulayır və müəyyən edir ki, 5-ci maddənin ümumi məqsədi ondan ibarətdir ki, heş kəs, heç bir zaman qanunsuz azadlıqdan məhrum edilməyə məruz qala bilməz (17).

Müvafiq olaraq həbs edilmənin konkret əsasları müəyyən edən 5-ci maddənin 1-ci bəndinin a-f yarımbəndlərinə əsasən, heç kəs aşağıdakı hallardan və qanunla müəyyən olunmuş qaydadan başqa azadlıqdan məhrum edilə bilməz:

(a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması;

(b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədi ilə şəxsin qanuni tutulması və ya həbsə alınması;

(c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısına gətirilməsi məqsədi ilə və ya onun tərə­findən törədilən hüquq pozuntusunun, yaxud pozuntunu törətdikdən sonra giz­lənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;

(d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli orqana verilməsi üçün qanuni həbsə alınması;

(e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların və ya səfillərin qanuni həbsə alınması;

(f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə və ya barəsində deportasiya yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması;

Aksoy Türkiyəyə qarşı işdə Məhkəmə bildirir ki, 5-ci maddə təməl insan hü­ququnu, yəni şəxsin azadlıq hüququna dövlətin əsassız müdaxiləsinə qarşı şəxsin müdafiəsini təsbit edir.

Saadi Birləşmiş Krallığa qarsı işdə isə Məhkəmə vurğulayır ki, 5-ci mad­dənin 1-ci bəndinin (a)-(1) yarımbəndlərində şəxsin azadlıqdan məhrum edil­mə­sinə imkan verən əsasların tam siyahısı verilir və bu əsasların siyahısına düşmə­yən azadlıqdan məhrumetmə qanuni deyil.

Məişət zorakılığı ilə bağlı şəxsin cinayət törətməsinin qarşısının alınması üçün onun azadlıq hüququnun məhdudlaşdırılması daha çox bu siyahının b), c) və e) yarımbəndlərində nəzərdə tutulmuş əsaslara uyğun gəlir.

5-ci maddənin 1-ci bəndinin b) yarımbəndinin tətbiqi ilə bağlı Ostendorf Almaniyaya qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, yalnız qaçılmaz cinayətin törədiləcəyi vaxt və yer, mümkün qurbanlar yetəri qədər dəqiq müəy­yənləşdirilə bildikdə, cinayət törətməmək öhdəliyi "dəqiq və konkret" hesab oluna bilər. Konkret fəaliyyətin yerinə yetirilməsi öhdəliyindən fərqli olaraq, nədənsə çəkinmək öhdəliyi kontekstində hər hansı şəxsin sözügedən öhdəliyini yerinə yetirmədiyi barədə qənaətə varmamışdan əvvəl sözügedən şəxsin yol verməməli olduğu bu konkret fəaliyyətdən xəbərdar edilib-edilmədiyi və bu hərə­kətdən çəkinmək istəyini nümayiş etdirib-etdirmədiyi nəzərə alınmalıdır (18).

Məhkəmə, həmçinin, yerinə yetirilməmiş konkret tədbirlər təyin olunana qədər yaxın gələcəkdə cinayət törətməmək öhdəliyinin kifayət qədər spesifik və konkret hesab edilə bilməyəcəyini bildirir.

Məişət zorakılığının qarşısının alınması məqsədi ilə 5-ci maddənin 1 (c) yarımbəndinin ikinci hissəsi (şəxsin cinayət törətməsinin qarşısını almaq üçün zəruri olan həbs)  ilə bağlı Avropa Məhkəməsi hesab edir ki, bu norma səlahiy­yətli dövlət orqanlarının təhlükəli və ya cinayət törətməyə meylli hesab etdikləri şəxslərə qarşı yönəlmiş ümumi profilaktik tədbir kimi istifadə edilməsinə imkan vermir. Həbs üçün bu əsas iştirakçı dövlətlər üçün konkret və dəqiq müəyyən edilmiş cinayətlərin törədilmə vaxtı və yeri və qurbanların şəxsiyyəti məlum olduqda qarşısını almaq üçün bir vasitədən başqa bir şey deyildir. Saxlanmanın əsaslandırılması üçün, Konvensiyanın 1-ci maddəsinin 5-ci bəndinin "C" yarım­bəndinə əsasən, dövlət inandırıcı şəkildə sübut etməlidir ki, əgər bu cinayətin törədilməsinin qarşısı alınmasaydı, konkret şəxs, çox güman ki, konkret və dəqiq müəyyən edilmiş cinayətin törədilməsində iştirak edərdi.

Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin “c” bəndinə əsasən həbs qə­timkan tədbiri haqqında qərarlara gəldikdə, Məhkəmə qeyd edir ki, həbs qə­tim­kan tədbiri heç vaxt sırf qabaqlayıcı tədbir kimi istifadə edilə bilməsə də, hər han­sı risk qiymətləndirməsinin faktları və nəticələri qabaqlayıcı əməliyyat təd­bir­ləri­nə mümkün zərurət nəzərə alınmaqla, sonrakı cinayətlər riskinin qiy­mət­ləndiril­məsi (keçmiş tarix və ölüm riskinin proqnozu) kontekstində nəzərə alına bilər. Bundan əlavə, artıq qeyd edildiyi kimi, bu əsasda azadlıqdan məhrum et­mələr həmişə daxili qanunvericilikdə adekvat əsas tələb edir. İstənilən halda, məhkə­məyəqədər həbslə bağlı milli standartın təmin edilməməsi dövlət orqan­la­rı­nı öz səlahiyyətləri daxilində müəyyən edilmiş risk səviyyəsinə adekvat cavab ve­rən başqa, daha az müdaxiləedici tədbirlər görmək məsuliyyətindən azad etmir (19).

 

Yekun

Deyilənləri ümumiləşdirməklə bu nəticəyə gəlmək mümkündür ki, insan hüquqları ilə bağlı son dövrlərdə qəbul edilmiş qaydalara və həyata keçirilən tənzimləmələrə bütövlükdə baxdıqda onlarda qadınlarla bağlı standartların yüksəldiyini müəyyən etmək olar.  İstər milli, istərsə də beynəlxalq səviyyədə qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və aradan qaldırılması üçün bir çox addımların atıldığı aydındır. Ancaq bu da bir həqiqətdir ki, bütün dünyada qadınlara qarşı daimi təzyiq vasitəsi kimi istifadə edilən zorakılıq hadisələri təəssüf ki, davam edir və bu əməlləri törədənlər çox vaxt cəzasız qalırlar. Qadınların real vəziyyətinə nəzər saldıqda məlum olur ki, qadınlar və kişilər qanun qarşısında bərabər olsalar da,  faktiki bərabərsizlik davam edir. Qadının cəmiyyətdəki ikinci dərəcəli rolu ilə bağlı formalaşmış stereotipləri  tam aradan qaldırmaq mümkün olmayıb.

Hədəf məqsəd  kimi nəzərə almaq lazımdır ki, kişi və qadın bərabərliyinə nail olunması və qadınlara qarşı onların qadın olmasından irəli gələn ayrı-seçkiliyin aradan qaldırılması təkcə qadın problemi deyil, bütövlükdə insan hüquqları məsələsidir.

Eyni zamanda zorakılıq qurbanı olan qadınlara verilən institusional dəstək və zorakılığın qarşısının alınması və bərabərsizliklərin aradan qaldırılması istiqamətində görülən işlər yetərli hesab edilə bilməz. Bu vəziyyətdən belə nəticəyə gəlmək olar ki, qadınlara qarşı zorakılığın və onun ən geniş yayılmış forması olan məişət zorakılığının qarşısının alınması və gələcək hədəf kimi tamamilə aradan qaldırılması üçün atılması lazım olan bir çox addımlar var.  Avropa Məhkəməsinin qeyd etdiyi kimi, məişət zorakılığı ilə bağlı iddialara  səlahiyyətli dövlət orqanları orqanları tərəfindən sürətli reaksiya göstərilməli, məişət zorakılığının bir və ya bir neçə qurbanının həyatı üçün real və qaçılmaz təhlükənin olub-olmadığını müəyyən etmək üçün müstəqil, fəal və hərtərəfli risk təhlili aparılmalı, təhlükənin reallığı və yaxınlığı məişət zorakılığı hallarının kon­kret konteksti nəzərə alınmaqla qiymətləndirilməli və risk təhlilinin nəticə­sində həyat üçün real və qaçılmaz təhlükə olduqda onun aradan qaldırılması üçün təh­lükə səviyyəsinə adekvat və mütənasib  tədbirlər həyata keçirililməlidir.


         İstifadə edilmiş ədəbiyyat:

1. ARSLAN ÖNCÜ G. Avrupa İnsan Hakları Sözleşmesi sisteminde kadına karşı aile içi şiddet olgusu ve bununla mücadele araçları (https://dergi­park.org.tr/tr/down­load/article-file/411025)
2. Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə haqqında Avropa Şurası Konvensiyasına İzahat Məruzəsi, səh.24. https://rm.coe.­int/ic-explanatory-ic-aze-web/16808e9a39
3. “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” (https://e-qanun.az/fra­me­work/46358)
4. WOMEN WHO SHAPED THE UNIVERSAL DECLARATION, səh1 https://www.un.org/en/observances/human-rights-day/women-who-shaped-the-universal-declaration
5. Дюбан Э. Учебное руководство для судей и прокуроров по обес­печению доступа женщин к правосудию, səh 20 (https://rm.coe.int/trai­ning-manual-final-russian/16807626a5)
6. ПРАВА ЖЕНЩИН – ЭТО ПРАВА ЧЕЛОВЕКА, səh12 https://www.oh­chr.org/­sites/default/files/Documents/Publications/HR-PUB-14-2_ru.pdf
7. QADIN HÜQUQLARININ MÜDAFİƏSİ: BEYNƏLXALQ VƏ MİLLİ ASPEKTLƏR.http://scfwca.gov.az/store/media/NewFolder/Kitab%20Son%20.pdf səh.12)
(Noreen Burrows, “International Law and Human Rights: The Case of Women’s Rights” in Tom Campbell, David Goldberg, Sheila McLean and Tom Mullen (eds),
8. Human Rights: From Rhetoric to Reality (New York: Basil Blackwell, 1986), p.85 (https://open­research-reposi­tory.anu.edu.au/bit­stream­/1885/39503/2/01_Charlesworth_Two_steps_forward%2C_one_step_2014.pdf ,səh1).
9. Women's Autonomy, Equality and Reproductive Health in International Human Rights: Between Recognition, Backlash and Regressive Trends Working www.ohc­hr.org/sites/default/files/Documents/Issues/Women/WG/WomensAutonomyEqualityReproductiveHealth.pdf. səh1-2)
10. Charlesworth H. Two Steps Forward, One Step Back?: The Field of Wo­men’s Human Rights, səh.1 (https://openresearch-reposi­tory.anu.edu.au/bit­stream/1885/­39503/2­/01_Char­les­worth_Two_steps_forward%2C_one_step_2014.pdf)
11. Афхами М. Айзенберг Э. За гранью Равенства. Пособие для Право­защитников _Russian.pdf səh. 22/ learningpartners­hip.org/si­tes/default/fi­les/re­sources/pdfs/Be­yond_Equa­lity)
12. ÇELİK Ö. Gazi Üniversitesi İktisadi ve İdari Bilimler Fakültesi Dergisi 14/1 (2012). 149-170 KADINLARIN İNSAN HAKLARI HAREKETİ * səh.10 /dergi­park.org.tr/tr­/download/article-file/287304)
13. Hawkins C. Women’s human rights: The global intersection of gender equality, se­xual and reproductive justice, and healthcare səh1 (file:///C:/Users­/Ehti­ram/Downloads/Women_s_human_rights_The_global_intersec.pdf)
14. Opuz v. Turkey, No. 33401/02, 144-cü bənd (https://hu­doc.echr.coe.­int­/fre#{%22itemid%22:[%22001-92945%22]} )
15. CASE OF KURT v. AUSTRIA (Application no. 62903/15)
16. CASE OF OSMAN v. THE UNITED KINGDOM (87/1997/871/1083)
17. Д. Харрис, М. О'Бойл и К. Уорбрик. ПРАВО ЕВРОПЕЙСКОЙ КОНВЕНЦИИ ПО ПРАВАМ ЧЕЛОВЕКА, səh.383
18. CASE OF OSTENDORF v. GERMANY (Application no. 15598/08)
19. CASE OF KURT v. AUSTRIA (Application no. 62903/15)


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Çingiz Qənizadə:

Çingiz Qənizadə: "Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da olmalıdır!"

Siyasət
Çingiz Qənizadə: İnsanlara xidmət və qayğı dövlət qulluqçusunun əsas vəzifə ...

Çingiz Qənizadə: İnsanlara xidmət və qayğı dövlət qulluqçusunun əsas vəzifə ...

Siyasət
Nazir müavini Fərid Əhmədov BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü seçili ...

Nazir müavini Fərid Əhmədov BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü seçili ...

Rəsmi Xəbərlər, Zirvə.info
İNSAN İNKİŞAFI VƏ GENDER

İNSAN İNKİŞAFI VƏ GENDER

Elmi Məqalələr, "Elm və Təhsil"
Nuranə İBADOVA:

Nuranə İBADOVA: "Nizami Gəncəvinin əsərlərində demokratik ideyaların tərən ...

Elmi Məqalələr, Müsabiqə
Azərbaycanlı bioloq alim Gülnarə Balakişiyeva Avropa Şurasının Bioetika Kom ...

Azərbaycanlı bioloq alim Gülnarə Balakişiyeva Avropa Şurasının Bioetika Kom ...

Biologiya və tibb elmləri
İlkin Əsgər:

İlkin Əsgər: "Dövlət Proqramının linqvistik əhəmiyyəti"

Elmi Məqalələr, ADPU
Ramin Quluzadə: “Əqli mülkiyyət hüquqlarının qorunması sahibkarlığın inkişa ...

Ramin Quluzadə: “Əqli mülkiyyət hüquqlarının qorunması sahibkarlığın inkişa ...

Hüquq
İnsan hüquqlarının təşviqi ilə bağlı təlimlər başlayıb

İnsan hüquqlarının təşviqi ilə bağlı təlimlər başlayıb

Hüquq
Cinayət prosesində dindirmə

Cinayət prosesində dindirmə

Elmi Məqalələr, Digər ali məktəblər, Hüquq
Cinayət prosesində dindirmə

Cinayət prosesində dindirmə

Elmi Məqalələr, Hüquq
XARİCDƏ YAŞAYAN HƏMVƏTƏNLƏR VƏ DİASPOR TƏŞKİLATLARI HAQQINDA GÜRCÜSTAN QANU ...

XARİCDƏ YAŞAYAN HƏMVƏTƏNLƏR VƏ DİASPOR TƏŞKİLATLARI HAQQINDA GÜRCÜSTAN QANU ...

Gürcüstan, Hüquq
Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikir ...

Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikir ...

Siyasət, Köşə yazılar
MDB PAA DİMBİ Bakı filialı “Azərbaycanın ictimai-siyasi həyatında qadınları ...

MDB PAA DİMBİ Bakı filialı “Azərbaycanın ictimai-siyasi həyatında qadınları ...

Milli Məclis, Siyasət
Rövşən Rzayev geniş iclas keçirib, tapşırıqlar verib

Rövşən Rzayev geniş iclas keçirib, tapşırıqlar verib

Qarabağ
AzTU ilə MDB PAA DİMBİ Bakı filialı arasında memorandum imzalanıb

AzTU ilə MDB PAA DİMBİ Bakı filialı arasında memorandum imzalanıb

Milli Məclis, AzTU
Azərbaycanlı bioloq alim Fransada ezamiyyətdə olub

Azərbaycanlı bioloq alim Fransada ezamiyyətdə olub

Biologiya və tibb elmləri, Avropa
AMEA Polimer Materialları İnstitutu tərəfindən     AÇIQLAMA

AMEA Polimer Materialları İnstitutu tərəfindən AÇIQLAMA

Digər bölmələr
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR MƏHƏBBƏT XANIM DƏMİRÇİYEVA!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR MƏHƏBBƏT XANIM DƏMİRÇİYEVA!..

BDU, Hüquq, Təbriklər
BDU Hüquq fakültəsinin müəllimlərinin nəzərinə!!!

BDU Hüquq fakültəsinin müəllimlərinin nəzərinə!!!

Hüquq, Elanlar
Marneulili Gənclər üçün Treninq

Marneulili Gənclər üçün Treninq

Borçalı
Bolnisidə “Seçkilərdə qadınların rolu və onların ehtiyacı” mövzusunda müzak ...

Bolnisidə “Seçkilərdə qadınların rolu və onların ehtiyacı” mövzusunda müzak ...

Bolus
Biz onlardan hər hansı söz yığınından ibarət bəyanat deyil, konkret fakt üz ...

Biz onlardan hər hansı söz yığınından ibarət bəyanat deyil, konkret fakt üz ...

QHT, Dünya
Yeni Azərbaycan Partiyası dünya ictimaiyyətini erməni vəhşiliyinə son qoyma ...

Yeni Azərbaycan Partiyası dünya ictimaiyyətini erməni vəhşiliyinə son qoyma ...

YAP
Cəbhə xəttində vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları nəticə ...

Cəbhə xəttində vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları nəticə ...

QHT
Böyüməyən arzular...

Böyüməyən arzular...

Regionlar, Publisistika, Müsabiqə, Köşə yazılar
AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyevi ...

AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyevi ...

Digər bölmələr
Əflatun AMAŞOV: «İşsizlikdən sığorta haqqında» qanun ölkəmizin əmək, ümumən ...

Əflatun AMAŞOV: «İşsizlikdən sığorta haqqında» qanun ölkəmizin əmək, ümumən ...

Milli Məclis, MEDİA
Qeyri-rəsmi məşğulluğa qarşı böyük mübarizə elan edilib

Qeyri-rəsmi məşğulluğa qarşı böyük mübarizə elan edilib

YAP, Siyasət, İqtisadiyyat
Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Rusiya, Diaspora
XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımların müasi ...

XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımların müasi ...

Humanitar elmlər
ƏFLATUN AMAŞOV:

ƏFLATUN AMAŞOV: "...dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssü ...

Milli Məclis, MEDİA
Şəffaflıq təmin olunmalıdır

Şəffaflıq təmin olunmalıdır

Qarabağ, Köşə yazılar
Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında  AZƏRBAYCA ...

Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında AZƏRBAYCA ...

Azərbaycan, Rəsmi Xəbərlər, Milli Məclis, Gürcüstan, Hüquq, Diaspora
“Məişət zorakılığına qarşı mübarizə təşəbbüslərinə dəstək” layihəsinin icra ...

“Məişət zorakılığına qarşı mübarizə təşəbbüslərinə dəstək” layihəsinin icra ...

QHT
Riçard Kozlariç nə üçün Azərbaycanı seçib?

Riçard Kozlariç nə üçün Azərbaycanı seçib?

MEDİA, Siyasət
Reallıqdan doğan dəyişikliklər

Reallıqdan doğan dəyişikliklər

Azərbaycan, Naxçıvan, Elm, "Zirvə", Siyasət
Qadin dedikdə nə basa düsürük?

Qadin dedikdə nə basa düsürük?

"Şərqin səsi", Publisistika, Borçalı
İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

Əsas xəbər, "Zirvə"
BDU-nun Hüquq fakültəsində beynəlxalq elmi-praktiki konfrans

BDU-nun Hüquq fakültəsində beynəlxalq elmi-praktiki konfrans

BDU, Hüquq
Əflatun AMAŞOVun Milli Məclisin iclasındakı çıxışı:

Əflatun AMAŞOVun Milli Məclisin iclasındakı çıxışı:

Milli Məclis, MEDİA
TƏBRİK EDİRİK, HÖRMƏTLİ ƏMİR MÜƏLLİM!..

TƏBRİK EDİRİK, HÖRMƏTLİ ƏMİR MÜƏLLİM!..

BDU, Hüquq, Təbriklər
Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

---
Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

Köşə yazılar
ƏZİZ XANIMLAR, BAYRAMINIZ MÜBARƏK!...

ƏZİZ XANIMLAR, BAYRAMINIZ MÜBARƏK!...

Təbriklər
TƏBRİK EDİRİK, HÖRMƏTLİ PROFESSOR M.DƏMİRÇİYEVA!..

TƏBRİK EDİRİK, HÖRMƏTLİ PROFESSOR M.DƏMİRÇİYEVA!..

BDU, Hüquq
Azərbaycanda ABŞ əleyhinə qanun layihəsi hazırlandı – TAM MƏTN

Azərbaycanda ABŞ əleyhinə qanun layihəsi hazırlandı – TAM MƏTN

Siyasət
BDU-da BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS

BDU-da BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS

BDU, "Elm və Təhsil", Hüquq
Dövlət Rəmzləri və Prezident hakimiyyəti

Dövlət Rəmzləri və Prezident hakimiyyəti

Prezident
Hüquqşünas Şirxan Əfəndiyev (1984)

Hüquqşünas Şirxan Əfəndiyev (1984)

Darvaz, Hüquq
Konstitusiya dövlətin ali qanunudur!..

Konstitusiya dövlətin ali qanunudur!..

Azərbaycan, Hüquq
DİN-in Kollegiya iclası keçirilib: Azərbaycanın beynəlxalq axtarışa verdiyi ...

DİN-in Kollegiya iclası keçirilib: Azərbaycanın beynəlxalq axtarışa verdiyi ...

Azərbaycan
Çoxunu kor etdi şanın-şöhrətin...

Çoxunu kor etdi şanın-şöhrətin...

Poeziya, Borçalı, Darvaz, Təbriklər, Arxiv, Mədəd Çobanov
Rəy yazın: