Elmi tədqiqatlar (2016)

Elmi tədqiqatlar (2016) Salidə Şərifova
filologiya üzrə elmlər doktoru

GİRİŞ
2016-cı ildə 72 dissertasiya müdafiə edilmişdir. Say etibarı ilə xüsusi maraq Azərbaycan ədəbiyyatı (23 elmi iş), Folklorşünaslıq (15 elmi iş), Türk xalqları ədəbiyyatı (8 elmi iş) Dünya ədəbiyyatı (30 elmi iş) ixtisaslarına göstərilmişdir. İki ixtisas ilə müdafiə geniş yayılmamışdır. Bu fonda mətnşünaslıq və ədəbiyyat nəzəriyyəsi ixtisasları üzrə müəyyən böhran özünü büruzə verir. Mətnşünaslıq üzrə iki elmi iş müdafiə edilmişdirsə, ədəbiyyat nəzəriyyəsi üzrə təqdim edilmiş dissertasiyalar arasında 6 elmi iş müdafiə edilmişdir (onlardan 3 elmi işdə - ikinci ixtisas kimi).
Maraqlı məqamdır ki, Azərbaycanda fəaliyyət göstərən müxtəlif institutlar arasında müəyyən ixtisaslaşma özünü büruzə vermişdir. Belə ki, Dünya ədəbiyyatı ixtisası ilə elmi işlər AMEA-nın Şərqşünaslıq İnstitutunun (8 elmi iş), Bakı Slavyan Universitetinin (9 elmi iş) və Azərbaycan Dillər Universitetinin (3 elmi iş) nəzdində fəaliyyət göstərən elmi şuralarda müdafiə edilmişdir. AMEA-nın Ədəbiyyat İnstitutu və Bakı Dövlət Universiteti Azərbaycan ədəbiyyatı ixtisası üzrə dissertasiya işlərin müdafiəsində aparıcı rol oynamışdır. Bu ixtisasla Ədəbiyyat institutunda 15 elmi iş, BDU-da isə 8 elmi iş müdafiə edilmişdir. Folklorşünaslıq üzrə elmi işlər yalnız AMEA-nın Folklor İnstitutunun müdafiə şurasında müdafiə edilmişdir. Türk xalqları ədəbiyyatı ixtisası Elmlər Akademiyasının Şərqşünaslıq və Ədəbiyyat İnstitutlarında fəaliyyət göstərən şuralarda müdafiə edilmişdir – 6 və 4 elmi iş. Ədəbiyyat nəzəriyyəsi ixtisası ilə bir iş AMEA-nın Ədəbiyyat İnstitutu və iki iş Bakı Slavyan Universitetində müdafiə edilmişdir.
ƏDƏBİYYAT NƏZƏRİYYƏSİ
Ədəbiyyat nəzəriyyəsi üzrə müdafiə edilmiş işlərin sayı az olması ilə əlaqədar – bu işlər xüsusi maraq kəsb edir, elmi mühitin diqqət mərkəzində olur. Lakin, ədəbiyyat nəzəriyyəsi ixtisası ilə müdafiə edilmiş işlərdə istifadə edilən elmi aparatın nöqsanlı olması xüsusi narahatçılıq doğurur. Belə ki, Pərvanə Bəkir qızı İsayevanın “XX əsr Azərbaycan ədəbiyyatının bədii strukturu və mifopoetik təfəkkür (nəsr və dramaturgiya əsasında) filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın adı və başlığı mübahisə doğurur. “Ədəbiyyatın bədii strukturu” bölüm başlığına Rusiya alimi Kremenstov Leonid Pavloviçin «Ədəbiyyat nəzəriyyəsi. Mütaliə incəsənət kimi» (“Теория литературы. Чтение как творчество», 2005) və “Rus ədəbiyyatı XX əsrdə. Nailiyyətlər və itkilər” (“Русская литература в ХХ веке. Обретения и утраты”, 2008) dərs vəsaitində rast gəlirik. Maraqlıdır ki, Leonid Pavloviç “ədəbiyyatın bədii strukturu” söz ifadəsini dərs vəsaitlərinin mətnində bir daha istifadə etmir. Sovet ədəbiyyatı ixtisası ilə doktorluq dissertasiyasını müdafiə etmiş Kremenstov Leonid Pavloviç ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə tədqiqat işləri aparmamış, əsasən rus ədəbiyyat tarixi üzrə elmi araşdırmalara fikir yetirmişdir. Ədəbiyyatşünaslıqda, o cümlədən ədəbiyyat nəzəriyyəsində, “ədəbiyyatın bədii strukturu” anlayışı istifadə edilmir.
Oxşar problemə Azərbaycan ədəbiyyatı ixtisası ilə yanaşı ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə müdafiə edilən Qaragözova Elnarə Elxan qızının “XXI əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında arxetipin yeni formaları” elmi işində rast gəlirik. Müəllifin gündəliyin “əlyazma” arxetipinin təzahürlərindən biri kimi təqdim etməsi mübahisəli xarakter daşıyır, arxetip anlayışının elmdə qəbul edilmiş məzmununu inkar edir. Nəzəri anlayışların qarışdırılması “intertekstuallıq” və “hipermətn” anlayışların istifadə edilməsi zamanı da özünü büruzə verir.
Bu fonda Hüseyn Muzafferoğlu Karahanın “XIX əsrin II yarısında Azərbaycan və Türkiyə ədəbiyyatlarında maarifçi-ədəbi hərəkatın tarixi-müqayisəli tədqiqi” adlı elmi işi müsbət baxımdan seçilir. Tədqiqat işinin obyekti XIX əsrin II yarısında Azərbaycan və Türkiyədə maarifçi-ədəbi hərəkatı və bu hərəkatın nümayəndələri, “Əkinçi” və “Sərvət-i-Fünun” jurnallarının olması maraq doğurur. Dissertasiyada maarifçi-ədəbi hərəkatın mahiyyəti və inkişaf mərhələlərinə aydınlıq gətirilir, XIX əsrin II yarısında Azərbaycan və Türkiyədə maarifçi-ədəbi hərəkatı və onu yaradan səbəbləri araşdırılır.
AZƏRBAYCAN ƏDƏBİYYATI
Azərbaycan ədəbiyyatı üzrə müdafiə edilmiş dissertasiya işlərində Azərbaycan yazarların fəlsəfi, sosial, dini və siyasi konsepsiyaların təhlilinə üstünlük verilmişdir. Belə ki,
- Əhmədova İlhamə “İsa Hüseynovun (Muğanna) nəsrində milli koloritin inikası problemi” elmi işində İsa Mustafa oğlu Hüseynovun (Muğanna) tarixi və dini görüşlərin bədii yaradıcılığında əksini tədqiqat obyektinə çevirmişdir.
- Rəhimova Esmira “Azərbaycan nəsri ədəbi-nəzəri fikirdə (1990 - 2010-cu illər)” adlı dissertasiyasında XX əsrin sonu - XXI əsrin əvvəlləri Azərbaycan bədii nəsrinin problematikasının ədəbi tənqiddə əks olunma xüsusiyyətlərini tədqiq edir. Qarabağ müharibəsinin bədii problematikaya çevrilməsinə xüsusi diqqət yetirmişdir.
- Əfəndiyeva Xəyalə “Seyran Səxavətin bədii nəsrində sosial-psixoloji və mənəvi-əxlaqi axtarışlar” dissertasiyasında Seyran Səxavətin “Qızıl teşt”, “Daş evlər”, “Dar köynək”, “Palıd toxumu”, “Nekroloq”, “Yəhudi əlifbası”, “Bəhanə”, “Qaçhaqaç” və başqa bədii əsərlərində sosial-psixoloji problemlərin açıqlanmasına nəzər salmışdır.
- Qəmbərova Gülnarın “Müstəqillik illəri Azərbaycan nəsrində milli tarix konsepti” dissertasiyasında müasir yazarların tarixi görüşlərin bədii əsərlərdə əksinin təhlininə həsr edilmişdir. Lakin dissertasiyada tarixi konsept anlayışında tarixçilik və sənədlilik açıqlanmamışdır. Əsasən bu ondan irəli gəlir ki, tarixi konsept anlayışı politologiya və ya tarix elminin predmetidir. Təəssüf ki, dissertasiyada ədəbiyyatda geniş yayılmış “alternativ tarix” anlayışı əksini tapmamışdır. Müəllif tərəfindən bir Azərbaycan romanlarının janr mənsubiyyətinin müəyyənləşdirməsi, postmodernist üslubda qələmə alınmış nəsr əsərlərini iki qrupa bölgüsü (peşəkar yanaşma ilə hasilə gələn postmodernist nəsr əsərləri və tarixə sərbəst yanaşma tərzində yazılmış postmodern nümunələr) müəyyən etirazlar doğurur.
- Aslanova Nigar “Müstəqillik dövrü Azərbaycan nəsrində tarixi yaddaş problemi (1990-2010 - cu illər)” adlı dissertasiyanın da politologiya və ya tarix elminin predmetinə aid anlayış ətrafında tədqiqatın aparmasını qeyd etmək olar;
- Lalə Nadir qızı Məmmədovanın “Çağdaş Azərbaycan bədii nəsrində Füzuli təsirləri” dissertasiyasında bir tərəfdən Füzulinin görüşlərinin müasir məhəbbət poeziyasına təsiri, digər tərəfdən isə Çağdaş Azərbaycan ədəbiyyatında nəsr obrazlarına Füzuli təsirinin xüsusiyyətləri tədqiq edilir.
- İbrahim Nəsir oğlu Quliyevin “Nizami yaradıcılığında zərdüştilik” dissertasiyası Nizami Gəncəvinin əsərlərində dini görüşlərin tədqiqi əsas yer tutur. İbrahim Quliyevin Nizami yaradıcılığında zərdüştiliyin xüsusi təsiri haqqında tezisləri mübahisəli xarakter daşıyır. Təəssüf ki, təqdim olunmuş elmi işdə Nizaminin zərdüştiliyə müraciət etməsi haqqında orta əsr mənbələri gətirilməmişdir.
- Samirə Xaqani qızı Məmmədova “Şeyx Mahmud Şəbüstərinin “Səadətnamə” Məsnəvisinin təsəvvüf ədəbiyyatında yeri” dissertasiyasında Şeyx Mahmud Şəbüstərinin yaradıcılığında ikinci nəzm əsəri tədqiqat obyektinə çevrilir, Şəbüstərinin dini görüşləri və sufi ədəbiyyatının xüsusiyyətləri tədqiq edilir.
- Hayri İbrahim oğlu Ataşın “Səlim Rəfiq Rəfioğlunun ədəbi-elmi irsi” dissertasiyasında Аzərbаycаnın mühаcirət ədəbiyyat nümayəndəsi Səlim Rəfiq Rəfioğlunun ədəbi-elmi irsi tədqiq edilir.
- Cahangirzadə Səadət “Hüseyn Cavidin yaradıcılığında insan konsepsiyası 20-ci illərə qədərki dövr” dissertasiyasında Cavidin sosial və siyasi görüşləri tədqiq edilir.
- Tural Elmi oğlu Mirzəliyevin “Azərbaycan-Avropa ədəbi əlaqələrinin inkişafında Əhməd bəy Ağaoğlunun rolu” elmi işində Avropaya meylliliyi ilə seçilmiş Ə. Ağaoğlunun dini, siyasi və fəlsəfi fikirləri işıqlandırılır.
Azərbaycan ədəbiyyatı ixtisası üzrə müdafiə edilmiş bir sıra elmi işlərdə nəzəri problemlərin qaldırılması xüsusi maraq doğurur:
- Cəmilə Cənub qızı Abbasovanın “Azərbaycan ədəbiyyatında detektiv janrı” adlı dissertasiyası;
- Günay İlham qızı Maqsudovanın “Müasir Azərbaycan povesti: mövzu, janr və üslub problemləri (2001 - 2010-cu illər)” adlı dissertasiyası;
- Nazim Rzayevin “Azərbaycan meyxanalarının janr xüsusiyyətləri” adlı dissertasiyası;
- Əfsanə Habil qızı Nağıyevanın “Həmid Nitqinin poeziyası” adlı dissertasiyası.
Bu tip dissertasiyalarda janr nəzəriyyəsinin müvafiq problematikasına aid problemlər tədqiqat obyektinə çevrilmişdir: detektiv, povest və meyxana janrlarına aid problemlər qaldırılmışdır. Məsələn, Əfsanə Habil qızı Nağıyevanın “Həmid Nitqinin poeziyası” elmi işində Güney Azərbaycanın türkoloq-şairi və ədəbiyyatşünası, dünyagörüşü etibarı ilə uzun illər qürbətdə yaşamış Həmid Nitqinin poeziyasının üslub və janr xüsusiyyətlərinə toxunulması diqqət cəlb edir.
Azərbaycan ədəbiyyatı üzrə müdafiə edilmiş dissertasiyalar sırasında Müşviq Mədəd oğlu Çobanovun “Gürcüstanda Azərbaycan ədəbiyyatının inkişaf meylləri (1960-2010)” elmi işi öz problematikası ilə seçilir. Dissertasiyanın obyekti və predmeti Gürcüstanda yaşayıb-yaradan yaradıcı soydaşlarımızın müxtəlif illərdə çap olunmuş aşıq şeiri, poeziya, nəsr, dramaturgiya, ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə nümunələridir. Dissertant Gürcüstandakı anadilli ədəbi mühit və yaranan bədii düşüncə Azərbaycan ədəbiyyatının bir qolu olaraq onu mövzu, problematika, obraz, dil, üslub baxımından daha da zənginləşdirməsi amilinə toxunmuşdur.
FOLKLORŞÜNASLIQ
Folklorşünaslıq üzrə müdafiə edilmiş işləri şərti olaraq üç qrupa bölmək olar: birinci qrup elmi işlər Azərbaycan yazılı ədəbiyyatında folklor irsinin təsirinin tədqiqinə həsr edilmişdir, ikinci qrup isə ayrı-ayrı elm və ictimai xadimlərin folklorşünas fəaliyyətinin tədqiqinə aid edilmişdir, üçüncü qrup – folklor nümunələrini tədqiq edir.
Birinci qrup elmi işlər arasında Gülsümxanım Atabala qızı Hasilovanın “Əzizə Cəfərzadə və folklor” dissertasiyası xüsusi maraq kəsb edir.
İkinci qrup elmi işlər arasında Elxan Qadir oğlu Məmmədov “Eynəli bəy Sultanovun folklorşünaslıq irsi”, Vüsal Arif qızı Səfiyevanın “Həmid Araslının folklorşünaslıq irsi” adlı dissertasiyaları maraq kəsb edir.
Üçüncü qrup elmi işlərə aşağıdakıları aid etmək olar:
- Şəfəq Fəxrəddin qızı Əliyevanın “Azərbaycan folklorunda Şah Abbas obrazı” elmi işi;
- Avtandil İsrafil oğlu Məmmədovun “Azərbaycan aşıq yaradıcılığının regional xüsusiyyətləri” (Ağbaba – Cıldır aşıq mühiti) elmi işi;
- Nuridə Zabit qızı Muxtarzadənin “İnanc folkloru kontekstində ocaqlar və pirlər” (Masallı örnəkləri əsasında) elmi işi;
- Əfzələddin Dağbəyi oğlu Əsgərovun “Ümumtürk folkloru tarixində Oğuznamə yaradıcılığı” elmi işi;
- Tahir İsgəndər oğlu Nəsibin “Türk epik ənənəsi və “Qeser” dastanı” elmi işi.
Tahir İsgəndər oğlu Nəsibin “Türk epik ənənəsi və “Qeser” dastanı” dissertasiyası xüsusi maraq kəsb edir. Qədim mədəniyyət abidələrindən sayılan “Qeser” dastanı Azərbaycan folklorşünaslığında ilk dəfə tədqiq olunur. Dissertant Ural-altay xalqlarından monqollara, türklərə aid qədim ortaq inancların, kultların “Qeser”də müəyyənləşdirilməsinə cəhd göstərmişdir. Dissertasiyada diqqəti cəlb edən amillərdən biri də “Qeser” və “Koroğlu” dastanlarının müqayisəsidir.
TÜRK XALQLARI ƏDƏBİYYATI
Türk xalqları ədəbiyyatı ixtisası ilə müdafiə olunan işlər əsasən türk xalqlarının müasir ədəbiyyatına həsr olunmuşdur. Məsələn, Nərmin Azad qızı Azadgil “XX əsr qazax nəsrində mifologizm (O. Bukeyevin nəsri əsasında)”, Günel Kamil qızı Yunusovanın “Tənzimat poeziyasında ənənə və novatorluq”, Aytən Şahid qızı Abbasovanın “Cengiz Dağcı yaradıcılığında tarixi-siyasi proseslərin təcəssümü” dissertasiyaları.
Türk xalqları ədəbiyyatı və Azərbaycan ədəbiyyatı arasında olan əlaqələr də tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Məsələn, Ümit Yusuf oğlu Pektaş “XX əsrin әvvәllәri Türkiyә vә Azərbaycan uşaq ədəbiyyatındakı bədii nümunәlәrin ideya-mövzu rәngarәngliyi (“Cocuq dünyası” (1913-1918) və “Mәktәb” (1911-1920) jurnalları əsasında), Səbuhi Sahib oğlu Bayramovun “Müasir Azərbaycan-Türk ədəbi əlaqələri (Zəlimxan Yaqub və Məmməd Aslanın yaradıcılığı əsasında)”, Vüqar İsmət oğlu Teymurxanlının “Cəlaləddin Rumi və Azərbaycan ədəbiyyatı” dissertasiyaları. Bu qrup elmi işlər çox vaxt iki ixtisasla müdafiə edilir.
Vüqar İsmət oğlu Teymurxanlının “Cəlaləddin Rumi və Azərbaycan ədəbiyyatı” dissertasiyanın iki ixtisasla müdafiəsi (Türk xalqları ədəbiyyatı və Azərbaycan ədəbiyyatı) təqdirə layiq haldır. Türk xalqları ədəbiyyatı, 5716.01 - Azərbaycan ədəbiyyatı orta əsrlər Şərqinin türk şairi və mütəfəkkiri Mövlana Cəlaləddin Ruminin (1207-1273) yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığında istər tarixi, istərsə də müasir dövrdə maraq dairəsində olması vurğulanmışdır. Azərbaycan ədəbi tənqidində M.F. Axundzadənin “Mollayi Ruminin və onun təsnifinin babında” məqaləsində, İ. İbrahimovanın “Mövlana Cəlaləddin Ruminin “Məsnəvi-ye mənəvi” əsəri islam təsəvvüfünün əsas qaynaqlarından biri kimi”, S. Əsgərinin “Cəlaləddin Ruminin “Məsnəvi”sində yumor” tədqiqat işləri və s. şairin yaradıcılığına yeni baxış bucağından yanaşılaraq ideya-estetik prinsiplərinin formalaşmasında Azərbaycan faktoru müəyyənləşdirilir.
Bununla yanaşı bir sıra işlər qədim və orta əsr türk bədii nümunələri tədqiqinə aiddir. Bu baxımdan İsmixan Məhəmməd oğlu Osmanlı “«Oğuz Kağan Dastanı»nda ədəbi – mifoloji motivlər” adlı elmi işini xüsusi vurğulamaq olar. Dissertasiya dastanda mövcud motivlərin spektrini tam açıqlamış, lakin elmi işdə istifadə olunan elmi aparat acıqlanmamış və bədii motivlərin elmi təsnifatı verilməmişdir.
DÜNYA ƏDƏBİYYATI
Dünya ədəbiyyatı ixtisası üzrə müdafiə edilmiş işlər iki qrupa bölmək olar. Bir tərəfdən xarici ədəbiyyata həsr olunmuş tədqiqatlar mövcuddur, digər tərəfdən xarici və Azərbaycan ədəbiyyatı arasında bədii əlaqələr araşdırılır.
Birinci qrupa İbrahimli Səbinənin “L.N. Tolstoyun və E. Bazenin yaradıcılığında ailə problemi” («Семейная проблематика в творчестве Л.Н. Толстого и Э. Иазена»), Səfərli Leylanın “Don Kixot surəti və onun rus ədəbiyyatında modifikasiyası” («Образ Дон Кихота и его модификация в русской литературе»), Cəlil Fərəhin “Türk və skandinav eposlarının müqayisəli tipologiyası”, Naseri Sis Roşanakın “İngilis ədəbiyyatında postkolonial parodiyaların tematik-bədii xüsusiyyətləri”, Əlizadə Afərin “Müasir rus və ingilis yazıçı qadınlarının nəsrində qadın mövzusunun ideya-bədii diapazonu”, Bünyadova Nigarın “Y. Polyakovun yaradıcılığı müasir rus ədəbiyyatı kontekstində (realizmdən postmodernizmə)”(«Творчество Ю. Полякова в контексте современной русской литературы (от реализма к постмодернизму)»), Xuraman Əliağa qızı Əliyevanın “Aida İmanquliyeva Şərq-Qərb ədəbi əlaqələrinin tədqiqatçısı kimi (Ərəb Məhcər ədəbiyyatı əsasında)” dissertasiyaları aid etmək olar.
Xuraman Əliağa qızı Əliyevanın “Aida İmanquliyeva Şərq-Qərb ədəbi əlaqələrinin tədqiqatçısı kimi (Ərəb Məhcər ədəbiyyatı əsasında)” adlı elmi işi Ərəb ədəbiyyatının Amerika qitəsində fəaliyyət göstərən məhcər qolu sayılan “Suriya-Amerika məktəbi”nin tədqiqinə həsr olunmuş, Mixail Nüaymə, Cübran Xəlil Cübran, Əmin Ər-Reyhan kimi dahilərin yaradıcılıqları tədqiq olunmuşdur.
Dünya ədəbiyyatı ixtisası üzrə müdafiə edilmiş işlər arasında xarici ədəbiyyatın Azərbaycan ədəbiyyatına qarşılıqlı təsirinin tədqiqinə həsr olunmuş elmi işlər arasında Nərgiz Tacəddin qızı Rəhimovanın “Sergey Borodin və İsa Hüseynovun tarixi romanlarında obrazların tipologiyası”, Nərgiz Rəfail qızı İsmayılovanın “XIX - XX əsrlər Naxçıvan ədəbi mühitində şərq və qərb meylləri” və Nigar Ramiz qızı Əliyevanın “Q.Q Markes yaradıcılığı və 1960 - 80- ci illər Azərbaycan nəsrində poetika məsələləri” adlı dissertasiyaları maraq kəsb edir.
Nigar Ramiz qızı Əliyevanın “Q.Q Markes yaradıcılığı və 1960-80-ci illər Azərbaycan nəsrində poetika məsələləri” adlı dissertasiyası iki ixtisas üzrə müdafiə edilmişdir - Azərbaycan ədəbiyyatı və Dünya ədəbiyyatı (Kolumbiya ədəbiyyatı) ixtisası üzrə. Dissertasiyada Q.Q. Markes yaradıcılığının 1960-80-ci illər Azərbaycan nəsri ədəbi-estetik dəyərlər baxımından müqayisə edilməsi, ədibin müasir Azərbaycan nəsrinə təsiri nəzərdən keçirilmiş, yazıçının yaradıcılığındakı folklor-mif qaynaqları, süjet və kompozisiya rəngarəngliyi, magik realizm cərəyanı araşdırılmışdır. Q.Q. Markes yaradıcılığının Anarın, Y.Səmədoğlunun, Ə.Əylislinin, Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarının, Elçinin, İ. Məlikzadənin, M. Süleymanlının, daha sonrakı nəsil nasirləri A. Məsudun, S. Budaqlının, M. Orucun və b. yaradıcılığına təsiri tədqiq edilmişdir.
Dünya ədəbiyyatı ixtisası üzrə müdafiə edilmiş işlər arasında Ülviyyə Baxşəliyevanın “XX əsrin sonu rus ədəbiyyatında postrealizm” və  Almaz Ələkbərzadənın “Postmodernizm müasir ədəbi prosesdə (rus və azərbaycan ədəbiyyatı nümunələri əsasında)” adlı dissertasiyalarını xüsusi qeyd etmək lazımdır. Sadalanan elmi işlərdə xarici xalqların ədəbiyyatının təhlili ilə yanaşı ədəbiyyat nəzəriyyəsinə aid problemlər qaldırılır.
Azərbaycan ədəbiyyatında tərcümə problemləri də tədqiq edilmişdir. Bu istiqamətdə olan elmi işlər arasında Məmmədova Aytən Pərviz qızının “M.F.Axundovun yaradıcılığı rus tədqiqatlarında və tərcümələrində” və Məmmədli Aytənin “İlyas Əfəndiyevin pyeslərinin Azərbaycan dilindən rus dilinə tərcüməsi problemləri” («Проблемы перевода пьес Ильяса Эфендиева с азербайджанского языка на русский») adlı dissertasiyalara diqqət yetirmək olar.
NƏTİCƏ
2016-cı ildə əsasən Azərbaycan ədəbiyyatı və folklorşünaslıq ixtisası üzrə müdafiə edilmiş elmi işlər Azərbaycan ədəbiyyatşünaslığının inkişafına önəmli təsir göstərmişdir. Azərbaycan ədəbiyyatı ixtisası ilə müdafiə olunan bir qrup işlərdə yazarların sosial və siyasi görüşlərin təhlilinə geniş yer ayrılmış, lakin bədii yaradıcılığının janr xüsusiyyətlərinə və istifadə edilmiş bədii təsvir üsullarının tədqiqinə zəruri diqqət yetirilməmişdir. Ədəbiyyat nəzəriyyəsi və mətnşünaslıq ixtisasları üzrə passivlik narahatçılıq doğurur. Dissertasiyalarda elmi aparatın açıqlanmaması və problematika baxımdan ixtisaslar arasında qeyri-müəyyənlik özünü büruzə vermişdir. Sonuncu amil əsasən folklorşünaslıq və türk xalqları ədəbiyyatı ixtisasları üzrə müdafiə edilən işlərə aid etmək olar. Dünya ədəbiyyat problematikasına həsr olunan işlərin Azərbaycan ədəbiyyatı ixtisası ilə müdafiə olunması faktları da mövcuddur. Tərcümə problematikasına həsr olunmuş elmi işlərin mətnşünaslıq ixtisası əvəzinə digər ixtisasla müdafiəsini də qeyd etmək olar.
Elmi tədqiqatlar (2016)
ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın professoru Salidə Şərifova “İstinadda rekord” diplomu ilə təltif e ...

AMEA-nın professoru Salidə Şərifova “İstinadda rekord” diplomu ilə təltif e ...

Humanitar elmlər, Tiflis, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər
Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında 18 dissertsiya mövzusu t ...

Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında 18 dissertsiya mövzusu t ...

Humanitar elmlər
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Professor Asif Hacıyevin Rusiyada  yeni dərs vəsaitləri dərc edilib

Professor Asif Hacıyevin Rusiyada yeni dərs vəsaitləri dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
Yeni dövrləşdirmə konsepsiyası

Yeni dövrləşdirmə konsepsiyası

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı”

Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı”

Elm, Humanitar elmlər, "Zirvə"
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

Yeni nəşrlər, Humanitar elmlər
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
Gülnar Səma “İlin gənc alimi” seçilib

Gülnar Səma “İlin gənc alimi” seçilib

Humanitar elmlər
Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib

Humanitar elmlər
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MAHİRƏ XANIM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MAHİRƏ XANIM!..

"Zirvə", Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

BDU, Təbriklər
Saytımızın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK EDİRİK! ...

Saytımızın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK EDİRİK! ...

Naxçıvan, Təbriklər
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
Salidə Şərifova: Azərbaycan ədəbiyyatşünaslığı: əsas tədqiq obyektləri və t ...

Salidə Şərifova: Azərbaycan ədəbiyyatşünaslığı: əsas tədqiq obyektləri və t ...

Ədəbiyyat, Ədəbiyyatşunaslıq
Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

"Zirvə"
ZiM.Az-ın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK EDİRİK!. ...

ZiM.Az-ın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK EDİRİK!. ...

Naxçıvan, Təbriklər
Rəy yazın: