AZƏRBAYCANIN ZƏFƏR BAYRAMI BÖYÜK FƏRƏH VƏ COŞQU İLƏ QEYD OLUNUR

AZƏRBAYCANIN ZƏFƏR BAYRAMI  BÖYÜK FƏRƏH VƏ COŞQU İLƏ QEYD OLUNURAkademik İRADƏ HÜSEYNOVA
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti



Artıq üçüncü ildir ki, müstəqil dövlətçiliyimizin təntənəsi, ərazi bütövlüyümüzün bərpası və milli qürurumuzun təsdiqi olan, Azərbaycan dövlətinin və xalqının əbədi qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış Zəfər bayramı fərəh hissi və coşqu ilə qeyd olunur. Düşmən dövlətlərlə savaşlarda qazanılmış tarixi qələbələrin, xüsusən bu döyüşlərdə ölkə torpaqlarının yad tapdağı altından azad edilməsinin hər hansı xalqın özünüdərkinin və özünəinamının artmasına, siyasi, iqtisadi və milli-mənəvi yüksəlişinə doğru atılmış ən böyük, inqilabi bir addım olduğu şəksizdir.
Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti sayəsində, şəhid və qazilərimizin qanı, canı bahasına qazanılmış böyük Zəfərin, Azərbaycan bayrağının bütün Qarabağda, xüsusən də Şuşada, Laçında, Xocalıda, Xankəndi şəhərində dalğalanmasının sevinci ilə yaşayır. Əminəm ki, bu sevinci bir dəfə hiss etmiş xalqla artıq heç kəs güc dili ilə danışa, torpağına, şərəfinə, müstəqilliyinə, təhlükəsizliyinə göz dikə bilməz!


Builki bayram, həmçinin xüsusi bir özəlliyə malikdir. Azərbaycan dövləti son 3 ildə ardıcıl olaraq yaxınlaşdığı daha bir məqsədinə çatıb. 23 saatlıq antiterror tədbirlərində dövlət suverenliyi bütün ərazilərimizdə tam şəkildə bərpa edilib, düşmən qüvvələr tərksilah edilib, torpaqlarımızı tərk ediblər. Antiterror tədbirlərinə hazırlıq da böyük siyasət və iradənin göstəricisidir: proseslər ötən ilin dekabrında Laçın yolunda ekoloqların çıxışları və dövlət sərhədində buraxılış məntəqəsinin qurulması ilə intensivləşib, düşmənin hərbi təchizatının qarşısı qətiyyətlə alınıb.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin sarsılmaz iradə və qətiyyətlə davam və inkişaf etdirdiyi, milli dövlətçiliyin və tam müstəqilliyin təmin olunmasına, iqtisadiyyatının möhkəmləndirilməsinə, regionda ən güclü ordunun qurulmasına, silahlı qüvvələrin mödernləşdirilməsinə istiqamətlənmiş strateji siyasi kurs Böyük Zəfərin və suverenliyin tam bərpasının həlledici bazisi olub. Buraya dövlət başçımızın yüksək ustalıq və zərgər dəqiqliyi ilə həyata keçirdiyi diplomatiya və informasiya siyasətini, beynəlxalq təşkilatların, xüsusən BMT-nin, Avropa strukturlarının, Türk Dövlətləri Təşkilatının, Qoşulmama Hərəkatının, İslam birliyinin tribunalarında əldə etdiyi ciddi uğurları da əlavə etmək lazımdır. Prezident İlham Əliyevin bu sözləri həmin tribunalardan səsləndirdiyi fikirlərin başlıca tezisi kimi qəbul edilə bilər: “... Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa etdik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra etdik”.
Müzəffər Ali Baş Komandan bu və digər müstəvilərdə Fransa kimi ermənipərəst dövlətlərdən, siyasi və hərbi mərkəzlərdən ölkəmizə yönələn təhdidləri bu gün də zərərsizləşdirməkdə davam edir. Bu gün Azərbaycan Respublikası yerləşdiyi coğrafiyada tarixən mövcud olmuş bütün dövlətlər və dövlət qurumları sırasında öz gücü, intensiv iqtisadi və mədəni inkişafı, siyasi mühitdə demokratik sistem quruculuğu, insan indekslərinin yüksək kəmiyyətlərinin təmin edilməsi ilə seçilir. Dövlətimiz birmənalı olaraq xalqın iradəsinin nəzərə alınması ilə, sarsılmaz xalq-iqtidar birliyi və əmin-amanlıq şəraitində idarə olunur. Bütün bunlar, eləcə də işğaldan azad edilmiş ərazilərdə bir an belə dayanmayan irimiqyaslı quruculuq işləri, regiona “Böyük Qayıdış” Azərbaycan Prezidentinin böyük siyasi, iqtisadi, mədəni, dövlətçilik, elm və təhsil strategiyasının həyata keçirilməsi sayəsində gerçəkləşdirilib və daha da intensivləşdirilməkdədir.
Qələbədən ötən dövr ərzində həm Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun üzvü kimi, həm də AMEA Biologiya və Tibb Elmləri Bölməsi tərəfindən keçirilmiş tədbirlərin təşkilatçısı kimi mən Ağdam, Laçın, Zəngilan, Şuşa, Füzuli, Tərtər və digər rayonlara dəfələrlə səfər edib, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini böyük fərəhlə müşahidə etmişəm. Füzuli şəhərində ilk yaşayış massivinin istifadəyə verilməsi ilə məskunlaşmaya başlanılması, keçmiş qaçqınların Laçına, Zəngilana və digər ərazilərə axınla qayıdışı, bu ərazilərdə elektrik stansiyalarının, fabrik və sexlərin, kənd təsərrüfatı müəssisələrinin işə düşməsi sevindirici hadısələrdir. Ötən 3 il ərzində Azərbaycanın müvafiq elmi-tədqiqat müəssisələri və alimləri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun, eləcə də müxtəlif səviyyələrdə yaradılmış digər işçi qrupların işində, müvafiq fəaliyyət proqramlarının icrasında, region üzrə bioloji və radioekoloji monitorinqlərin həyata keçirilməsində, Ermənistanın Qarabağda törətdiyi ekoloji terrorun miqyasının qiymətləndirilməsində fəal şəkildə iştirak ediblər.
AMEA-nın vitse-prezidenti qeyd edib ki, alimlər tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yeraltı və yerüstü, canlı və cansız, təbii və mədəni sərvətlərinin, mövcud bioloji və ekoloji durumunun, ərazilərin inkişaf perspektivlərinin öyrənilməsi üzrə multidisiplinar tədqiqatlar aparılmaqdadır.
Bildiyimiz kimi, 2023-cü ildə Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın III nəşri işıq üzü görüb. Bu nəşr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, AMEA-nın və Elm və Təhsil Nazirliyinin tabeliyində olan müvafiq institutların, bütün yaradıcı kollektivinin Ulu Öndərin 100 illik yubileyinə töhfəsidir. II nəşrdən fərqli olaraq, bu dəfə nadir və itmək təhlükəsində olan flora və fauna növlərinin tədqiqi və beynəlxalq meyar və kateqoriyalarla qiymətləndirmə və “Qırmızı kitab”a daxil edilmə prosesinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əraziləri də cəlb edilib.
“Prezident İlham Əliyev suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizə də daxil olmaqla, bütün taleyüklü məsələlərdə Azərbaycan xalqına arxalanır, xalq isə son 20 il ərzində onun apardığı siyasəti tam şəkildə dəstəkləməklə öz liderinə güvənir. Yenə də ehtiyac olarsa, məhz onun rəhbərliyi dövründə vətənpərvərlik ruhunda tərbiyə edilmiş fədakar Azərbaycan oğulları dövlət başçımızın çağırışı ilə Vətənin şərəfi və namusu, müstəqil dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunması uğrunda mübarizəyə qalxa bilərlər. Lakin əminəm ki, bundan sonra daha Vətən yolunda ölmək deyil, yaşamaq və yaratmağa, gənclərimizin qüvvə, elmi bilik və intellektlərini xalqımızın və dövlətimizin inkişafı yolunda sərf etməyə ehtiyac olacaq. İşğaldan azad edilmiş ərazilərimizdə Prezidentin rəhbərliyi ilə yeni-yeni infrastruktur layihələri həyata keçiriləcək, müasir, abad, “ağıllı” yaşayış məntəqələri insanların istifadəsinə veriləcək, müxtəlif təsərrüfat sahələri bərpa və inkişaf etdiriləcək, yeniləri yaradılacaq. Prezident İlham Əliyev sözünə hər zaman sadiqdir. Onun “Biz Zəngəzura da qayıdacağıq, amma bu, hərb yolu ilə deyil, dinc yolla baş verəcək” - sözləri də, şübhəsiz ki, gerçəkləşdiriləcək.

Əminəm ki, siyasi, iqtisadi, sosial-mədəni, milli-mənəvi inkişaf yolunda dövlətimizi və xalqımızı yeni-yeni zirvələr, daha böyük uğurlar gözləyir. Çünki dünya “siyasi okeanı”nda uğurla öz məqsədlərinə doğru üzən Azərbaycan adlı gəminin sükanı böyük Liderin güclü əllərindədir!”

ZiM.Az

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: