AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbrikiHörmətli həmkarlar!

Sizi İslam dünyasının müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.


Müqəddəs Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayında insanlar tutduqları oruc ilə Allaha etiqad edir, nəfslərinə hakim olmağa çalışır, xeyir əməllər üçün səy göstərir, başqalarının dərdlərinə şərik olub şəfqət göstərirlər. Məhz Ramazan ayının aşıladığı bu yüksək dini, əxlaqi-mənəvi ideya və əməllər əsrlər boyu ölkəmizdə həmrəyliyin, humanizmin insanlarımızın gündəlik həyat tərzinə çevrilməsində xüsusi əhəmiyyət daşıyıb. Bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyada digər dinlərin nümayəndələrinin birgə mehriban yaşadığı, dini etiqad azadlığı olan, multikultural dəyərlərə hörmətlə yanaşan, tolerantlığı başqalarına nümunə olan dövlət kimi tanınır.

Ölkəmizin bu ali statusa yüksəlməsində xalqımızın Ümummilli Lideri, milli-mənəvi dəyərlərimizin qoruyucusu, bütün dinlərə və insanların inanclarına hörmətlə yanaşan, onlara dəstək olan görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu Öndər İslam dininə və onun dəyərlərinə olan yüksək hörmətini 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri zamanı belə qiymətləndirirdi: “Müqəddəs İslam abidələrini ziyarət edərkən dinimizin elmi, fəlsəfi dərinliyini hiss edirsən və bu dini yaradanlara, əsrlər boyu belə abidələr yaradıb bugünkü nəsillərə çatdıranlara səcdə edirsən. Çox əzəmətlidir, hər bir müsəlmanda, o cümlədən məndə də böyük iftixar hissi oyadır. Demək, bizim mənsub olduğumuz din qüdrətlidir, böyükdür, dünyada öz yerini tutub. Burada yaradılmış abidələr İslam dininin bütün digər vəsaitləri, yəni müqəddəs kitabımız Qurani-Şərif, Həzrəti Məhəmməd peyğəmbərin qoyduğu yol ilə bərabər dinimizi yaşadacaqdır”.

Ulu Öndərin açdığı yollarda inamla irəliləyən müstəqil Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, dini dəyərlərimizə də hörmətlə yanaşır, bütün dinlərin nümayəndələrinin ibadətlərini azad şəkildə yerinə yetirmələrinə təminat verir.

Ötən illər ərzində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda bir çox məscidlər, dini komplekslər yenidən qurulub, əzəmətli yeni məscidlər inşa edilib. Hazırda bu proses 30 il ərzində Ermənistanın təcavüzünə məruz qalmış Qarabağda və Şərqi Zəngəzurda da davam etdirilir, dağıdılmış tarixi məscidlərimiz bərpa olunur, öz görkəmlərinə qayıtması üçün zəruri tədbirlər görülür.

Dəyərli Akademiya əməkdaşları, Sizi bir daha Ramazan bayramı münasibətilə təbrik edir, ailə səadəti, cansağlığı və elmi-tədqiqat işlərinizdə uğurlar arzulayıram.

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,
akademik


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: