ƏLÖVSƏT VİLƏŞ (1956)

ƏLÖVSƏT VİLƏŞ (1956)TƏBRİK EDİRİK!..

Əlövsət Viləş (Sadıqov) - 1956-cı il iyulun 7-də Yardımlı rayonunun Horonu kəndində dünyaya gəlib. Yolocaq kənd orta məktəbini bitirib. 1973-1975-ci illərdə hərbi xidmətdə olub. 1982-ci ildə Sumqayıt Politexnik Texnikumunun energetika fakultəsinə qəbul olub və 3 il təhsil alıb. 1985-ci ildən Yardımlı rayon kənd könüllü idman cəmiyyətində çalışıb. 1988-ci ildən Yardımlı rayon yol istismar idarəsində asvalt beton zavodunda operator işləyib. 2021-ci ildən təqaüdçüdür.
Şeirləri müxtəlif mətbuat orqanlarında, “Azərbaycan Bayrağı”, “Vətən”, “Heydər zirvəsi”, “İlham çeşməsi”, “Xarıbülbül”, “Zirvə”, “Zirvəyə ucalanlar”, “Poeziya çələngi” və s. ədəbi məcmuələrdə və poeziya antologiyalarında çap olunub.
Bu günlərdə isə şairin "Dağların harayı" adlı ilk şeirlər kitabı "Borçalı" nəşriyyatında nəfis şəkildə işıqüzü görüb.

Biz də fürsətdən istifadə edərək, sevimli şairimiz Əlövsət Viləşi həm ilk kitabının işıqüzü görməsi, həm də doğum günü münasibətilə ürəkdən təbrik edirik, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az



ƏLÖVSƏT VİLƏŞ (1956)ZƏFƏRİN MÜBARƏK,
VƏTƏN!

İgidlərin cihad etdi,
Düşmənlərin qanın tökdü,
Otuz illik həsrət bitdi,
Zəfərin mübarək, Vətən!

Mərd oğullar qisas aldı,
Haqq yolunda şəhid oldu,
Görülməyən zəfər çaldı,
Zəfərin mübarək, Vətən!


AY VƏTƏN

Əsrlərdən gözün-könlün tox olub,
Zaman-zaman düşmənlərin çoxalıb,
Bədənindən hissə-hissə qoparıb,
Paralandın, yaralandın, ay vətən.

Günəş kimi hər tərəfə nur saçdın,
Ürəklərdən-ürəklərə yol açdın,
Hər gələnə qucaq açıb ucaltdın,
Paralandın, yaralandın, ay vətən.

İgidlərin haray çəkdi, savaşdı,
Hər tərəfin od, alovdan alışdı,
Dost- düşmənin bir-birinə qarışdı,
Paralandın, yaralandın, ay vətən.

Gözlədiyin bir sərkərdən doğuldu,
Millətini bütövlüyə çağırdı,
Qovuşmağa arzuların yarıdı,
Bütövləşmək vaxtı çatıb, ay vətən.


EY MƏNİM VÜQARIM AZƏRBAYCANIM

Cənnətdir hər yerin, şəfadır havan,
Haqqın ədalətin yoludur davan.
Yolunda can verib neçə min cavan.
Çəkilir üstündən yox olur duman.
Ey mənim vüqarım can Azərbaycan.

Bayrağın ucalır hər qarışında,
Çatıb bütövlüyün yetişib zaman,
Zəfər qazanırsan hərb yarışında,
Vətən-vətən olur töküləndə qan,
Ey mənim vüqarım can Azərbaycan.

Azadlıq gətirdi ulu öndərim,
Düşmənə heç zaman vermədi aman.
Tapılmaz bu yoldan bizi döndərən
Bunu bəxş eləyib bizlərə zaman,
Ey mənim vüqarım can Azərbaycan.

Böyük sərkərdən var,ucadır başın,
Şəhidlər bu yolda töküblər qanın.
Hər gün abadlaşır torpağın,daşın,
Hazıram uğrunda alışım, yanım,
Ey mənim vüqarım Azərbaycanım.
16.10.2022


YARDIMLI

Dağların qoynunda salmısan məskan,
Sən mənim söhbətim sözüm, Yardımlı.
Havan da suyun da verir bizə can,
Şairlər yurdusan gözüm, Yardımlı.

Qalaların çəkir sənin keşiyin,
Viləş çayı layla deyən beşiyin,
Məhəbbətin eldən - elə daşıyım,
Yanan ocağımsan közüm, Yardımlı.

Bitkilərin dərman olur dərdlərə,
Qapıların açıq olur mərdlərə,
Yol göstərən özgələrə, yadlara,
Heyranam mən sənə özüm,Yardımlı.

Bu dağlarda, bu torpağda doğuldum,
Çətinlikdə hak yolunda yoğruldum,
Cavanlıqdan sevdim sənə bağlandım,
Hüsnünə söz qoşum yazım, Yardımlı.

Əlövsətəm bu torpağa bağlıyam,
Odlar yurdu Azərbaycan oğluyam.
Bu dağların, bu daşların nağlıyam,
Nazını qoy çəkim özüm, Yardımlı.


YARDIMLIMIZDAN DANIŞ

Bu dünyanın sevinci var, dərdi var.
İnsanların namərdi var, mərdi var.
Hərəmizin öz sevimli yurdu var.
Harda olsan yurd həsrətiylə alış.
Arada bir Yardımlımızdan danış.

Gəz cahanı şirin-şirin ömür sür,
Hər qarışı olsun sənə ocaq, pir.
Dağlar görsən ayaq saxla, bir an dur.
Sual eylǝ, bizim dağları soruş.
Arada bir Yardımlımızdan danış.

İnsan sevir doğulduğu torpağın.
Sirri vardır hər tökülən yarpağın.
Qoymayın yurd olsun yadlar tapdağı.
Sev vətən torpağın,gəz qarış - qarış.
Arada bir Yardımlımızdan danış.

Üzü Savalana baxan dağları,
Qoymayın qırılsın doğma bağları.
O taylı,bu taylı ötən çağları,
Əlövsət,yorulma yazmağa çalış.
Arada bir Yardımlımızdan danış.
20.06.2023


SORUŞ

Deyirəm dünyanın şirin laylasın,
Həzin göz yaşların anadan soruş.
Dağların, daşların ahunaləsin,
Sızlayan dərdini atadan soruş.

Gözü toxluğunu, şirin tikəsin,
Payından pay verən anadan soruş.
Yolunu kəsəndə şərin, nakasın,
Önündə durmağı atadan soruş.

Nəyin var, nəyin yox anayla bölüş,
Atanın məqamın anadan soruş.
Məqama çatmaqçün atayla görüş,
Tanrı məqamını atadan soruş.

Həm ana, həm torpaq, həmdə ki vətən,
Müqəddəs varlığı anadan soruş.
Mərd olub namərdlər önündə bitən,
Küllü dəyanəti atadan soruş.
15.08.2023


SƏN GÖTÜR APAR

Ömürdən pay olmaz, ay ömrüm günüm,
Məhəbbət payını sən götür apar.
Məni yaşadandır imanım,dinim,
Özgə nəyim varsa sən götür apar.

Yaşamaq gözəldir, yaşadan olsun,
Sevincdən gözlərin yaşarıb dolsun,
Ülvi məhəbbətin qəlbimdə qalsın,
Özgə nəyim varsa sən götür apar.

Dəymə ürəyimin sevən telinǝ,
Ömrümün çağlayan sevgi selinǝ,
Toxunma ömrümün sənli ilinə,
Özgə nəyim varsa sən götür apar.

Allaha məhəbbət,qoy mənim olsun.
Ürəkdə mərhəmət, həmdəmim olsun.
Qoyma tənhalığı canımı alsın.
Özgə nəyim varsa sən götür apar.
22.06.2023


QOYMAZDIM BİR DƏRDİ
DƏRMANSIZ OLA

Alsaydım dünyanın dərd ələyini,
Açardım fələyin hər kələyini,
Tapardım insanın,bəxt mələyini,
Qoymazdım bir dərdi dərmansız ola.

Alsaydım dünyanın sevinc payını,
İnsana əbədi sevinc verərdim.
Silib yox edərdim kədər sayını,
Qoymazdım bir dərdi dərmansız ola.

İlahi, səndədir küllü ixtiyar,
Qıyma əzab çəksin dərddən yaxşılar.
Qəbul eyləsəydin bircə duam var,
Qoyma bircə dərddə dərmansız ola.

Mən də bu dünyanın dərd ölçüsüyəm,
Kədərlə sevincin yol - yolçusuyam,
Bilsəydim Allahın sevimlisiyəm,
Qoymazdım bir dərdi dərmansız ola.
06.08.2023


DƏRD YAĞIR

Bu dünyanın dərdi ağır,
Həm sevinc, həm kədər yağır.
Kimi sağdan, kimi soldan.
Kimi dağdan, kimi bağdan.

Yenə sonunda dərd yağır.
Bu dünyanın yükü ağır,
Yük altında dərdli fağır.
Beli bükük, pencək sökük.

Dərd tökülür dərddən ağır,
Yenə sonunda dərd yağır.
Aman Allah bu nə sirdir,
Yollar çətin, yükü ağır.

Yollar dönür, ömür sönür.
Yenə sonunda dərd yağır.
Bu dünyanın yükü ağır,
Dərdlə yatır, qəmə batır.
Düz yol tutur.
Əziyyətlə haqqa çatır,
Yenə sonunda dərd yağır.
08.08.2023


ƏBƏDİ DÜNYA

Gəlmədim dünyaya, təkcə qocalım,
Gəldim bu dünyayla görüşüm gedim.
Tanrıdan özümə bircə tac alım,
Əbədi dünyada yaşamaq üçün.

Yaxşını, yamanı seçib gedərəm,
Əcəl şərbətini içib gedərəm,
Bu fani dünyadan köçüb gedərəm,
Əbədi dünyada yaşamaq üçün.

Gəlmədim dünyanı söküm, talayım,
Günahlar qazanım, bir od qalayım,
İnsanlıq sirrini açım, arayım,
Əbədi dünyada yaşamaq üçün.

Gəldim bu dünyanın qonağı olum,
Yaxşı əməllərin çırağı olum,
Uca yaradandan razılıq alım,
Əbədi dünyada yaşamaq üçün.

Əlövsət, baxça sal qoy saçsın ətir,
Nə etsən elə et, Allaha xatir,
Hazır ol sorğuya yaxşını götür,
Əbədi dünyada yaşamaq üçün.


NEYLƏYİM

Çox çalışdım düz olmağa dünyada ,
Əyri yollar düz olmadı ,neyləyim .
Ömrüm keçdi haqq yolunda harayda,
Astar oldu üz olmadı, neyləyim.

Yalvardım Tanrıya mənə yol göstər,
Məni ayıltmadı həyatda dərslər,
Çıxdılar yoluma yaxşılar, pislər,
Danışmağa söz olmadı, neyləyim .

Sevindim həyatda yaxşı tapanda ,
Peşimandır alanlar da, satan da,
Gedən getdi, atıldılar sapandda ,
Qalanlara göz olmadı, neyləyim.

Əcəl gəmisiylə çıxmışam yola,
Hələ yol gedirəm üzü Allaha ,
Əlövsət ,illərin qayıtmaz daha ,
İstədiyin yüz olmadı ,neyləyim .
13.03.2023


YOL YORULMADI

Oldum bu cahanda yollar yolçusu ,
Əzəldən məqsədim düz qurulmadı .
Unutdum gəzdiyim yolun ölçüsün ,
Yollar məni yordu, yol yorulmadı .

İstədim səhranın Məcnunu olum ,
Leylisiz ,,Məcnun" da, gərək olmadı .
Tükəndi taqətim, uzandı yolum,
Yollar məni yordu, yol yorulmadı.

Bu yollar necə də uzundur qardaş,
Axtardım yol boyu özümə sirdaş.
Uzandı yollarım qalmadı yaddaş,
Yollar məni yordu, yol yorulmadı.

Əlövsətəm, istəmirəm yorulam,
Tapam haq yolunu baxıb durulam,
Doğru yola yoldaş olam, sarılam,
Yollar məni yordu, yol yorulmadı.
04.05.2023


GÖTÜRÜM GEDİM

Bir dünya gəzirəm dünya içində ,
Tapıram hərəsi ayrı biçimdə.
Soruşuram öz -özümə içimdə ,
Hansını özümlə götürüm ,gedim .

Bir dünya gəzirəm sözü bir olsun .
Günahı ,savabı ,yüzü bir olsun .
İblisi olmasın ,üzü bir olsun .
Dostları özümlə götürüm ,gedim .

Bir dünya gəzirəm öz dünyam olsun .
Yazıb, yaratmağa söz dünyam olsun .
Fitnəsiz, yalansız, düz dünyam olsun,
Düzləri özümlə götürüm gedim.
25.05 2023


QALMISAN DAŞ İLƏ BAŞ ARASINDA

Şairlər mülkündən söz oğurladım
Çaşmışam yamanca söz arasında.
Gözün gördüyünü qaş ağırladı
Qalmışam göz ilə qaş arasında.

Bu nə sevda idi gəldi başıma,
Dedim mən də, yazım eşq həvəsində.
Bilə bilə zəhər qatdım aşıma,
Qalmışam eşq ilə, yaş arasında.

Əlövsətəm,Viləş adı qoşmadı,
Gözdən axıtdığın damcı yaş, nədir
Tutmusan əlində dəmir daş nədir
Qalmısan daş ilə baş arasında.


QOCALIQ

Elə bil görüşə vaxtsız gəlmisən,
Gəl mənim qəddimi əymə,qocalıq.
Yadından çıxarıb taxtsız gəlmisən
Sən mənim qapımı döymə,qocalıq.

Sənin gəlişində de ,yaxşı nə var?
Dünyanı gözündə eyləyirsən dar .
Gözlərin görməyir ,qulaqlarsa kar .
İçində özünü öymə ,qocalıq .

Vaxtında gələrsən görüşməy üçün,
Keçən gəncliyimlə barışmaq üçün,
Bir yerdə oturub danışmaq üçün,
Baxıb gözlərini döymə, qocalıq.

Qocalıq müdrüklüy olsa da inan,
Bu gündən sabaha qalmayır güman,
Nə yaxşı bilinir, nə də ki yaman,
Boş yerə özünü söymə, qocalıq.

Əlövsət yaşayır yüz almaq üçün,
Yerişi, duruşu, düz olmaq üçün,
Tanrı vədəsində söz almaq üçün
Gəl vaxtsız qapımı döymə, qocalıq,
Sən mənim qddimi əymə, qocalıq.


SƏN MƏNI YADINDA SAXLA, AY VILƏŞ

Mənbəyin bulaqlar,ucadır başın,
Səninlə fəxr edir hər dağın, daşın.
Hələ bilinməyir neçədir yaşın,
Suyun azalmasın çağla, ay Viləş,
Sən məni yadında saxla, ay Viləş.

Adın öz adımla çəkilir qoşa,
Hər gün arzuların toxunur daşa,
Mənim dostluğumu köçür yaddaşa,
Keçəndə qapımdan çağla, ay Viləş,
Sən məni yadında saxla, ay Viləş.

Demə qocalmışam keçibdir yaşım,
Ta cavan vaxtımdan oldum sirdaşın,
Səninlə dərdləşir ,şair qardaşın,
Sızlayanda qəlbin çağla, ay Viləş,
Sən məni yadında saxla, ay Viləş.

Yaranışın Yardımlının dağ-daşı,
Keçdiyin el-oba dostun, sirdaşın,
Xəzərdir, əbədi sənin qardaşın,
Çatınca Xəzərə çağla, ay Viləş,
Əlövsəti yadda saxla, ay Viləş.


YA HÜRRİYYƏT, YA ŞƏHADƏT

O taylı qardaşlarımıza bir qardaş harayı

Təbrizin başı qaldadır,
Çoxalıb rejimə nifrət.
Yüz illərin harayıdır,
Ya hürriyyət, ya şəhadət.

Duman, çəkil Təbrizimdən,
Gedək Təbrizə nəhayət.
Kədər yox olsun üzündən,
Ya hürriyyət, ya şəhadət.

Təbrizim dönməyin geri,
Qoy son olsun bu məşəqqət.
Ədalət tapsın öz yerin,
Ya hürriyyət, ya şəhadət.

Qırın zülmət zəncirini,
Sona çatsın qoy bu zülmət.
Kəsin edam kəndirini,
Ya hürriyyət, ya şəhadət.

Söndürün dərd ocaqların,
Qoy yox olsun kin, küdurət.
Yandırın dar ağacların,
Ya hürriyyət, ya şəhadət.

Bax Bakıya qardaşına,
Qanlı yanvar yaddaşına,
Qoy yazılsın baş daşına,
Ya hürriyyət, ya şəhadət.
29.12.2022

ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: