MÜSEYİB AŞIQLI (1923-2009)

MÜSEYİB AŞIQLI (1923-2009) Müseyib Aşıqlı (Müseyib Bayram oğlu Bayramzadə) - 1923-cü ildə Tovuz rayonunun Qovlar qəsəbəsində dünyaya göz açmışdır. Yeddi yaşında Qovlarda birinci sinfə daxil olmuş, doqquzuncu sinifdən sonra Böyük Vətən Müharibəsinə getmişdir. Müharibədən qayıtdıqdan sonra müxtəlif yerlərdə işləmişdir. İşlədiyi müddətdə çox haqsızlıqlarla üzləşmiş, amma həmişə haqqı deyib, haqqın tərəfində olmuşdur. Nə yazmışsa, ürəklə yazmışdır. Elə həmin yazdıqlarının da onu daima yaşadacağına həmişə əmin olmuşdur.
Qəlbi həmişə yazmaq, yaratmaq eşqi ilə döyünən Müseyib Aşıqlı dövrünün əksər söz, saz adamları ilə yaxın dostluq etmişdir. Aşıq Qəhrəman, Rəsul Qovlarlı, Kamsavad Məhəmməd, Bimar İsgəndər, Səlim Sinədəftər, Yunis Kamallı ilə sözləşmələri yəqin ki, maraqla oxunacaqdır.
Müseyib Aşıqlı yazırdı:

Yaxşı adət eylǝyǝsən,
Olanı düz söyləyəsən.
Ey Müseyib, neyləyəsən,
Haqqı nahaq gör deyənə.


Müseyib Aşıqlı ömür-gün yoldaşı Səmayə xanımla altı övlad böyütmüşlər. Üç oğul, üç qız: Musa, Vaqif. İntizam, Minayə, Aminə, Elmira.
Müseyib Aşıqlı 2009-cu ilin noyabr ayında ömrünün 86-cı ilində haqq dünyasına qovuşub.
O, çoxlu söz inciləri və Vətəninə layiq, onun ünvanını hörmətlə yaşadan ləyaqətli övladlar qoyub getmişdir. Ruhu şad olsun!

Müseyib Aşıqlının ölümündən sonra “Dağlar boyda yük çəkirəm” adlı şeirlər kitabı çap olunmuşdur. Həmin kitaba Atatürk Xeyriyya Fondu "Tovuzun söz dünyası" ensiklopediyasının baş redaktoru Çingiz Qəribli tərəfindən yazılmış “Sözləri yadigar qaldı” sərlövhəli ön sözdə oxuyuruq:

“Qarşımızda bir kitab var: "Dağlar boyda yük çəkirəm". Adı da sanballıdır, özü də. Müəllifi də heç kimə əyilməyən, vüqarlı, ağayana bir kişiydi. Haqq sözü deməkdən çəkinməzdi, haqqin tərəfində olmaqdan zövq alardı. Bu, qədim oğuz yurdu Tovuzun Qovlar obasında dünyaya göz açmış, burada düz 86 il ömür sürmüş Müseyib Aşıqlı (Müseyib Bayram oğlu Bayramzadə) idi. Hamı onu Gəncǝbasar bölgəsində şair Müseyib kimi tanıyırdı.
Müseyib Aşıqlı ruhumuzun şairidir. Ulu sazdan nəfəs alıb və qoşqularını da aşıq şeirinin müxtəlif formalarında yazıb. Onun çap olunmayan çoxlu şeirləri var. Qismət olsun, yaxın vaxtlarda onlar da çap olunub hörmətli oxucuların ixtiyarına veriləcəkdir.”


Biz də Çingiz Qəriblinin bugözəl arzusuna “İnşallah” deyir, bir daha Müseyib Aşıqlıya Allahdan rəhmət diləyir və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Bayram AŞIQLI,
“Borçalı” nəşriyyatının və “Şərqin səsi” qəzetinin şöbə müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Abdulla Şaiq”, “Qızıl qələm” və
“Zirvə” mükafatları laureatı

ZiM.Az



BİLMƏZ

Əsli, zatı düz olmayan
Xoş güzarı seçə bilməz.
Tǝrsi-məssəb qarlı qışdan,
Növbaharı seçə bilməz.

İnanmayan ədalətə,
Məhəl qoymaz sədaqətə.
Vərdiş eylər xəyanətə,
Etibarı seçə bilməz.

Ey Müseyib səhv eyləyən,
Günahkarı əfv eyləyən,
Yalan deyib nǝf eyləyən,
Saf ilqarı seçə bilməz.


BÜLBÜLÜN

Yenə gəlir qulağıma
Şirin ləhcəsi bülbülün.
Qǝh-qǝh vurub bir-biriylə,
Düşübdü bəhsi bülbülün.

Uç ay gülə həmdəm olub,
Axır yenə nakam qalıb.
Xəzan dəyib güllər solub,
Sönüb həvəsi bülbülün.

Xuda, yetiş fəryadına,
Bir onları sal yadına.
Müseyib tək eşq oduna,
Yanır sinəsi bülbülün.


KİMDİ

Mənə aşkar eylə könlüm,
Pünhan duran canan kimdi?
Məhəbbətin atəşində
Açıq-aydın yanan kimdi?

Nədir alıb, gör əlinə,
Bələnibdi bal dilinə.
O bülbülün tər gülünə
Özün əvəz sanan kimdi?

Müseyibəm gərəyimdən,
Sevinərəm fərəhimdən.
Gizli sözü ürəyimdən,
Deyilməmiş qanan kimdi?


GEDİR

Adam var ki, söhbətindən
Hikmət dolu dəlil gedir.
Dünyanı dərk eyləyənin
İşi məlum müşkül gedir.

Görmüşəm ki, olub bəslər.
Qalib gəlib yalan səslər.
Haqqa tərəf olan kəslər,
Zəlil gəlib, zəlil gedir.

Müseyib düz deyər sözü,
Çox sirlidi dünya üzü.
Qərar qoyub Allah özü,
Sağlam gələn əlil gedir.


QARIŞMAYIR

Küsüb məndən gülüzlü yar,
Neyləyirəm barışmayır.
Günü-gündən eşq oduna
Mənim kimi alışmayır.

Necə töküb qaş-qabağın,
Göstərməyir gül yanağın.
Bircə açıb bal dodağın,
Şirin-şirin danışmayır.

Pünhan edib camalını,
Əsirgəyir vüsalını.
Müseyibin əhvalını,
Xəbər alıb, soruşmayır.


OLUR

Uca dağlar zirvəsində
Hava çiskin, duman olur,
Çaylar çaya qovuşanda,
Dərin dərya ümman olur.

Uzaq mənzili getməyə,
Əyriliyi yox etməyə,
Doğru işi öyrətməyə,
Mühüt gəlir zaman olur.

Yaradandı bəxş edən də,
Müseyib, zövq oxşadan da.
Kasıbları yaşadan da
Umud, xəyal, güman olur.


ANLAYAR

Hərdəmxəyal, ağlı zayıl,
Həqiqəti kǝc anlayar.
Yalan desən olar qayıl,
Doğru sözü gec anlayar.

Yada salmaz haqqı-sayı,
Ayırammaz qışdan yayı.
Dəvə boynu axan çayı,
Görə-görə qaj anlayar.

Ey Müseyib, kəs aranı,
Qurdalama var-varani.
Seçǝmmiyən ağ-qaranı,
Ləl daşını tuj anlayar.


QANAN OLDUM

Yaranannan bu dünyada,
Haqsız işə yanan oldum.
Hey axtardım ürəyimdə,
Haqq ədalət anan oldum.

Bacaranda hoya çatıb,
Məsləhətə hər an yatıb.
Hər varlıqdan baha tutub,
İnsanlığı sanan oldum.

Müseyibəm dərdim cəmdi,
Hər addımım qüssə qəmdi.
Qandım deyin, gözüm nəmdi,
Nahaq yerə qanan odum.


FƏLƏK

Heç bilmirəm neynəmişəm
Durubdur qəsdimə fələk.
Həsrət qoyub yad eyləyib
İlqarlı dostuma fələk.

Xoş sözümü bəd qandırıb,
Qanımdan da oysandırıb.
Sınıq qəlbim hey yandırıb,
Köz qoyub dəstimə fələk.

Qoy Müseyib desin axır,
Şirin canım şişə taxır.
Oda qoyub gendən baxır,
Yandıqca tüstümə fələk.



KİMİ

Bəd əməli sarsıdasan
Xayınlığı duyan kimi.
Tədbirini tez tökəsən,
Əyri yola uyan kimi.

Vura-yıxa qaldırasan,
Bənizini soldurasan.
Ağzına daş doldurasan,
Öz-özünü öyən kimi.

Müseyib, düz eliyəsən,
Oda-közə bəliyəsən.
Başına kül əliyəsən,
Pisliyə qol qoyan kimi.


QAÇAR-QAÇAR

Çıxma yola bədzat ilə,
Qoyar səni, naçar-naçar.
Həmdəm olma, yaxın durma,
Vermə sirrin, açar-açar.

Etibarı kəm olan kəs,
Axiratan olammaz dost.
Kənar gəzər qəsdinən qəsd,
Sağdan-soldan keçər-keçər.

Bir yaltaq dil olsa da qǝnd,
O saxtadır işlədir fənd.
Sədaqətə yalannan, and
Haqlı-haqsız içər-içər.

Bərkə düşsən bil yanında,
Təpər olmaz vicdanında.
Lazım olsa dar anında,
Yaxın gəlməz qaçar-qaçar.

Ey Müseyib, olsa bir an,
Beyilqarı seç yaxşı qan.
Eylər səni yüz desən can,
Bir xataya düçar-düçar.



KƏKLİK

Nə gəzirsən, bu dağları,
Meyil salıb çölə kəklik.
Görüb heyran olsun hamı,
Gərək bizim elə kəklik.

Qaçıb məndən aralanma,
Şübhələnib qaralanma,
Arzum budur yaralanma,
Keçmə namərd ələ, kəklik.

Yaman günlər keçər, gedər,
Qoy yox olsun, qüssə-kədər.
Sən ömrünü vermə hədər,
Bǝd rüzgara, yelə, kəklik.

Yaranıbdı, hüsnün, gözəl
Tərifin var bundan əzəl.
Bahǝm gedək, mənimlə gəl,
Qorxma bundan belə, kəklik.

Eldə yaşa, eldə qal sən,
İlhamını eldǝn al sən,
Müseyibə həmdəm ol sən,
Çəkək sazı zilə, kəklik.


KÖLGƏLƏNƏN

Yox olsun qoy qabağımdan,
Öz-özündən şübhələnən.
Kaş gözümə görünməsin,
Nǝhs süd əmib sərfələnən.

Məndən bir söz keçə bilməz,
Olsa sirrim aça bilməz.
Yaxşı-yaman seçə bilməz,
Hər başına kül ələnən.

Çaşıb doğru yoldan azan,
Xeyir görüb, şərə yozan.
Hey axtarıb, dayaq gəzən,
Səbəblənən, kölgələnən.

Sözlərimin budur sağı,
Seçə bilməz dağdan bağı.
Həmişəlik dil-dodağı,
İftira, şərnən bələnən.

Dinir Müseyib nəsinə,
Baxır, hürkür kölgəsinə.
Çox qul olub özgəsinə,
Yatmamışdan mürgülənən.


DÜNYA

Vaxtın belə gərdişində,
Günahkardı qoca dünya.
Ox tuşluyub sinəmizə,
Atır, almır vecə dünya.

Aralamır bu bəlanı,
Gücləndirir hər yalanı.
Möhtac edir mərd olanı,
Qəlbi xain bicə dünya.

İstəyi xoş amalliya,
Şəxsiyyətə, camalliya.
Məhəl qoymur kamalliya,
Nicat verir gicə dünya.

Qış olubdu hər yazımız,
Eşidilmir haqq sözümüz.
Neçə ildir gündüzümüz,
Olub bizə gecə, dünya.

Müseyibin soylarını,
Özü kimi taylarını,
Gur çağlayan çaylarını,
Döndəribdi qaja dünya.


GƏLMİR

Talehǝ bax, qismətə bax,
Yaz istəsəm qış da gəlmir.
Xəyalımda xoş arzular,
Gedib batır boş da gəlmir.

Ayım-günüm keçir hədər,
Mənimlədi qüssə-kədər.
Heç olmasa qəza qədər,
Axtaranda tuş da gəlmir.

Dost tanışı saylasam da,
Yaxşılığına söyləsəm də.
Xeyirxahlıq eyləsəm də,
Heç birinə xoş da gəlmir.

Kimə ümid bağlayıram,
Əvəzində ağrıyıram.
Ürəyimdən ağlayıram,
Gözlərimdən yaş da gəlmir.

Müseyibəm ola elə,
Cavanlığım dönə gələ.
Adət olub mənə hələ,
Yaddaş itir, huş da gəlmir.


DEYƏNƏ

Haqqın özü təhər çəksin,
Böhtan yayıb şər deyənə.
Xoş arzulu düz insana,
Sən də toxu, tor deyənə.

Gün keçirən elə-belə,
Yaşayıbdı ölə-ölə…
Yoxluğunu bilə-bilə,
Olmazına var deyənə.

Yaxşı adət eyləyəsən,
Olanı düz söyləyəsən.
Ey Müseyib, neyləyəsən?
Haqqı nahaq gör deyənə.


SALMAZ

Hərçayının, bədniyyətin,
Halal südü zatı olmaz.
Hey çalışar xəyalında,
Boş çanağı dolar-dolmaz.

Hər zəhməti gedər bada,
Gərək olmaz dosta, yada.
İstəsə də bu dünyada,
İtər-batar izi qalmaz. exe

Ey Müseyib, olsa bu hal,
Ruhu bir mal, özü bihal.
Beləsini heç bir mahal,
Kim olsa da yada salmaz.


GƏTİRƏR

Alçaq, xain, dələduzun,
Könlü qübar, qəm gətirər.
İstəsə ki, üzü gülsün,
Gülməz gözü nəm gətirər.

Alan olar sorağını,
Yelə tutar qırağını.
Tǝrs çevirib varağını,
Qismətini kəm gətirər.

Müseyib bir çarə qılar,
Gələr, elə bir gün olar,
Rəqibindən hesab alar,
Fürsət gələr, dəm gətirər.


XİSLƏTİNDƏN

Allah-Allah özün saxla,
Bədniyyətin xislətindən.
İnsan oğlu fəhmlənir,
Pas bağlamış məsləkindən.

Yaxşı saysan zahirindən,
Eymənərsən batinindən,
Xeyir istər qatilindən,
Bir xoş günün həsrətindən.

Ey Müseyib, gəl etmə ar.
Sən haqq danış qoy etsin kar.
Qeyrəti yox, görkəmi var,
Umur haqqın mürvətindən.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: