BRİLYANT QURBANOVA (1958)

BRİLYANT QURBANOVA  (1958) Brilyant Cahan qızı Qurbanova - 1958-ci il avqustun 15-də Tovuz rayonunun Aşağı Eyyublu kəndində anadan olub.
1975-ildə orta məktəbi bitirib, həmin ildə H.Zərdabi adına GDPİ-nin dil-ədəbiyyat fakültəsinə qəbul olub.
1979-cu ildə oranı bitirib, təyinatla Sabirabad rayonunun Moranlı, Sərxanbəyli kəndlərində ixtisası üzrə müəllim işləyib.
1983-cü ildən pedaqoji fəaliyyətini Tovuz rayonunun Qovlar şəhərində davam etdirib.
Hazırda təqaüddədir.
Orta məktəb illərindən bədii yaradıcılıqla məşğul olur.
İki kitab müəllifidir.
İki oğlu, bir qızı, beş nəvəsi var.
Biz də Brilyant xanıma yeni-yeni uğurlar arzulayır və aşa­ğı­da onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edi­rik.

ZiM.Az



Vətənim

Tarixlər qoynundan vuruşub çıxan,
Kökünün üstündə duran Vətənim.
Yağılar gözünə ox təki batan,
Qələbə atını sürən Vətənim.

Başından od yağdı, oda büründün,
Həmişə dik durdun, məğrur göründün
Dosta arxa durdun,yaddan qorundun,
Düşməni başından vuran, Vətənim.

Çoxlarının gözü bu gün səndədi,
Həqiqətin düzü bu gün səndədi,
Haqq yolunun özü bu gün səndədi,
Haqdan səngərini quran Vətənim.

Uğrunda oğullar canından keçdi,
Qalxanda düşməni zəmi tək biçdi,
Neçə yol qələbə şərbəti içdi,
Sabahı işıqlı ğörən Vətənim.

İlham Ərdoğanla əl-ələ verdi,
Haqqın, ədalətin sarayın qurdu,
Göyçəm, Zəngəzurum bu xalqın yurdu,
Atəşəm, yenilməz "Turan"Vətənim.


Təbrik edirik!

İlham, ilham aldı eldən, obadan,
Sevdi öz xalqını doğması kimi.
Sevdi körpəsini, ağsaqqalını,
Vətənə sığındı anası kimi.

Təbrik eləyirik səni ürəkdən,
Bu günkü qələbən mübarək olsun.
Sevinsin millətin, gülsün torpağın,
Döyünsün qəlbləri, sevinclə dolsun.

Bu xalqın sabahı, xoş gələcəyi,
Sənin əlindədir, Sənin zəkanda.
Atəş də səninlə fəxr edir bu gün,
Adın Şəfəq saçır bütün Cahanda!


Əsgər

Sən düşmənlə göz-gözəsən,
Qurban olum yatma, əsgər.
Hiylə, tora sən aldanma,
Sayıqlığın atma, əsgər.

Düşmən yaman hiyləgərdi,
Biz çəkməyək Vətən dərdi,
Bu torpaq çox şəhid verdi,
Bir də yasa batma, əsgər.

Elin-oban səksəkədə,
Yurd qoruyar bir təkə də,
İndi sonudu bəlkə də,
Oxunu boş atma, əsgər.

Həmişəlik dərdi qovaq,
Bax, onları tutsun davaq,
Birdəfəlik gözün ovaq,
Qoy qırılsın"tutma"əsgər.

Atəş, bir də görmə dağı,
Eşidərik bir sübh çağı,
Yerlə yeksan olub yağı,
Bu Baharı ötmə, əsgər.


Gəlmişəm

Bir şəhid səsinə qalxdım yuxudan,
Dedi: - anam üçün ölüb gəlmişəm,
Üçrəng bayrağımı salıb boynuma,
Düşmən halayını silib gəlmişəm.

Soyumuş bədənim ana gözləyir,
Qanım laxtalanıb, canım buzlayır,
Ay ellər, yaramın yeri sızlayır,
Onda dərdə məlhəm bilib gəlmişəm.

Qorudum Vətəni, qorudum onu,
Axırda ölümdü həyatın sonu,
Anam tac eyləsin başında bunu,
Mən öz zəfərimlə gülüb gəlmişəm.


Olar

Elə sirkələmə dolmuş könlümü,
Daşar içindəki, ah-fəğan olar.
Hərə bir dil açar, min fəryad eylər,
Dərd tüğyan eyləsə, aləm qan olar.

Saralar göyərmiş çəmənlər, çöllər,
Dil açıb ağlayar qəm boğan ellər,
Acı lay-lay deyər ağarmış tellər,
Qohum həyan olar, yanan can olar.

Atəşin gözləri nələr görübdü,
Neçə oğulları qurban veribdi,
Qanından torpağa xalı səribdi,
Torpaq al bürünər, zülmət dan olar.


"Mən şəhidəm" - söylədi

Gözlərimin yaşı seltək çağladı,
Hər ləpəsi "mən şəhidəm" - söylədi.
Minalardan parçalanan insanın
Hər tikəsi"mən şəhidəm" - söylədi.

Gəlinlərin başındakı qaranın,
Anaların bağrındakı yaranın,
Təzə olmuş şəhid qızı Saranın,
İlk nəfəsi"mən şəhidəm" - söylədi.

Yasa batmış, qəlbi viran ellərin,
Ağı deyən, od ələyən dillərin,
Tabutlara səpələnən güllərin,
Gələn səsi"mən şəhidəm" - söylədi.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: