ƏLİ ZİRƏLİ (1956)

ƏLİ ZİRƏLİ (1956) Əli Zirəli (Əli Ağaməmməd qğlu Babayev ) - 1956-cı ildə Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) rayonunun Zirə qəsəbəsində anadan olub. 1973-cü ildə Zirə qəsəbə 120 №-li orta məktəbi, 1979-cu ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitununun (indiki Azərbaycan Texniki Universitetinin) Avtomatika və Telemexanika fakültəsini bitiribr. Təyinatla Azərbaycan SSR Elmlər Akademiyası tərkibində Təbii Sərvətlərin Kosmik Tədqiqatı institutunda mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1982-ci ildən indiyədək Azərbaycan Dövlət Neft Şirkəti «Abşeron-neft» NQÇİ idarəsində əmək fəaliyyətini davam etdirib. 1989-cu ildən idarənin Energetika şöbəsində energetik vəzifəsində çalışıb. 2021-ci ildən əmək təqaüdündədir. Şeir yazmağa gənc yaşlarından başlayıb. 90-cı illərdə «Vışka» qəzeti nəzdində fəliyyət göstərmiş «Neftçi» ədəbi məclisinin üzvü olub. «Zirəli» təxəllüsünü də bu dərnəkdə rastlaşdığı yazarların tövsiyyəsi ilə qəbul edib. Yazdığı şeirlər ilk dəfə həmin dövrlərdə mətbuatda dərc olunub. «Ocaq» ədəbi birliyinin üzvü olub, şeirləri «Ocaq» ədəbi birliyinin 2002-ci ildə çap etdirdiyi «Üfüq» adlı ədəbi almanaxda, daha sonra isə “Turan”, “Canım Azərbaycanım”, “Vətən”, “Zəfər”, “Xarıbülbül”, “Dəmir yumruq, polad bilək” və s. ədəbi məcmuələrdə dərc olunub.
Müəllifin «Sevmədən yaşamaq olarmı» adlı ilk kitabı 2016-cı ildə çapdan çıxıb. “Səni sevəcəyəm nə qədər sağam” adlı ikinci kitabı isə 2022-ci ildə çap olunub. Kitabdakı şeirlərin çoxu lirik məzmundadır, digər şeirlər məzmun baxımından müxtəlif olsa da bütün şeirlər üslub baxımından bir-birindən fərqlənir.
Ailəlidir. İki övladı, altı nəvəsi var.

Biz də Əli Zirəliyə yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirni dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az



AZƏRBAYCANIM

Gözəlliklər yurdu, gözəl Vətənim,
Sayı bilinməyən dağım, çəmənim,
Bənzəri olmayan Göy-gölüm mənim,
Anam qədər əziz, doğma məkanım,
Odlar yurdum mənim – Azərbaycanım!

Hazıram, yolunda canımdan keçəm,
Səninlə mən varam, sənsiz bir heçəm.
Mümkünmü özümə yad Vətən seçəm?
Fəxrim-vüqarımsan, şöhrətim-şanım,
Odlar yurdum mənim – Azərbaycanım!

Xəzərin şöhrəti dünyada gəzər,
Kür, Araz çayları hüsnünü bəzər.
Səndən uzaq olsun xain, bəd nəzər,
Sən mənim varlığım, ürəyim, canım,
Odlar yurdum mənim – Azərbaycanım!

Qarabağ yurdumun dilbər guşəsi,
Şuşa ən saf, əmiz büllur şüşəsi.
Hər kəsə yaylaqdır onun meşəsi,
Səndən ayrılmazdır Nəqşi-Cahanım,
Odlar yurdum mənim – Azərbaycanım!

Sənin varlığınla döyünür qəlbim,
Varın, sərvətinə söyünür* qəlbim.
Ulu tarixinlə öyünür qəlbim,
Hər daşı, qayası tarix dastanım,
Odlar yurdum mənim – Azərbaycanım!

* söyünür – sevinir.



DAĞLAR, A DAĞLAR

Şeir, Lerik rayonunda etdiyim ilk
Istirahətin təəsüratı ilə yazılmışdır

Güzarım sizlərə düşdüyü andan,
Məni özünüzə heyran etdiniz,
Dağlar, a dağlar.

Belə ucalığa, möhtəşəmliyə,
Sirrdir, müəmmadır, necə yetdiniz.
Sinəniz keçilməz meşələr, bağlar,
Dağlar, a dağlar.

Bilən yox neçədir sizin yaşınız,
Az qalır göylərə dəyə başınız.
Sərtlik verir sizə qaya, daşınız,
Hara baxıramsa, sərin bulaqlar,
Dağlar, a dağlar.

Hüsnünüzü bəzər gur şəlalələr,
Adın bilmədiyim güllər, çiçəklər.
Sübh çağı hər yanda parlar jalələr,
Bu gözəlliklərdən qəlb coşar çağlar,
Dağlar, a dağlar.

Var neçə müqəddəs pir, ocağınız,
Gözəllik rəmzidir hər bucağınız.
Hər bir kəsə gəlir xoş qucağınız,
Yuxuma girsəniz könlüm qan ağlar,
Dağlar, a dağlar.

Uzunömürlülər diyarısınız,
Qonaqpərvərlikdə yoxdur tayınız.
Əli Zirəlini ovsunladınız,
Bundan belə daim sizi soraqlar,
Dağlar, a dağlar.


DÜNYA

Şeir, istəkli müğnnimiz Nisə Qasımovanın
oxuduğu «Yalandı dünya» mahnısından
duyğulanaraq yazılmışdır.

Hərənin öz dərdi özünə bəsdir,
Şikayət eyləmə, yalandı dünya.
Şikayət etməyin Vallah əbəsdir,
Necə varsa, elə qalandı dünya,
Şikayət eyləmə, yalandı dünya.

Ucsuzdur, ayağı, başı bilinmir,
Təməli hardadır, daşı bilinmir.
Hələ indiyədək yaşı bilinmir,
Hesab et, möhtəşəm qalandı dünya,
Şikayət eyləmə, yalandı dünya.

Dünyaya göz açıb, uşaq oluruq,
Tədricən böyüyüb, yaşa doluruq.
Sanki çiçək idik, açıb soluruq,
Bizə verdiyini alandı dünya,
Şikayət eyləmə, yalandı dünya.

Sirrini söyləmə dosta düşmənə,
Sevincli anlarla yaşa, qəm yemə.
Dərd səni ilantək çəkəndə dəmə,
Elə bil çiynində palandı dünya,
Şikayət eyləmə, yalandı dünya.

Özün yıxılanda heç vaxt ağlama,
Göz yaşı xıdıb, ürək dağlama.
Nərd atıb, şeş-beşə ümid bağlama,
Elə çaldığını çalandı dünya,
Şikayət eyləmə, yalandı dünya.

Bizi yaşadandır sevgi, məhəbbət,
Şeytan yolumuzda gizlənib fəqət.
Aldadılan zaman edirik qələt,
Zənn etmə qeydinə qalandı ünya,
Şikayət eyləmə, yalandı dünya.

Hanı Leyli, Məcnun, ya Əsli, Kərəm,
Azmı eşq şərbətin içmədən ölən.
Demə, bu dünyada nakam tək mənəm,
Yarı yardan ayrı salandı dünya,
Şikayət eyləmə, yalandı dünya.

Ən ali varlıqdır insan dünyada,
Bəzən yaratdığı getsə də bada.
Fəqət vəhşilərdən vəhşidir o da,
Hara baxırsansa, talandı dünya,
Şikayət eyləmə, yalandı dünya.

Gəl olma Əliyə, gülüm, gileyli,
Geriyə düşmüsən inan ki, xeyli.
Səni incitsə də sal ona meyli,
Söylə əzizindi, blandı dünya,
Şikayət eyləmə, yalandı dünya.


KÜLƏK VƏ YAĞIŞA XİTAB

Əsir külək, yağır yağış,
Külək, yağış arasında
Sanki gedir müəmmalı, sirli yarış.
Kükək əsir, çalışır ki, toz qopara,
Qarşısında nə vardırsa,
Qovub özüylə apara.
Yağış yağır, az qalır ki,
yaratdığı sellər, sular
yığılıb bir ümman ola.
Bilirəm ki, yağış paklıq,
Külək də ki, sərinlikdir,
Hər ikisi insanlara çox gərəkdir.
Yağış ruzi, bərəkətdir,
bol nemətdir,
Külək isə təmiz hava,
güc, qüdrətdir.
Külək, yağış bəyənməmək
insanlığa xəyanətdir.
Əs ey külək, yağ, ey yağış,
Aranızda davam etsin
qoy bu yarış.
Ancaq bircə xahişim var:
İnsanların min cür əzab-əziyyətlə
qurduğunu dağıtmaqdan uzaq olun.
Allah sizi çox bilməsin insanlara,
Lazımsınız siz onlara.


ƏVVƏL–AXIR

Hər şeyin bir sonu olduğu kimi,
Ömrün də bir sonu var əvvəl axır.
Dövlət də əbədi qalası deyil,
Bitib tükənəcək var əvvəl-axır.

Gəl, gülüm, sevginin qədrini bilək,
Kədərli günləri ömürdən silək.
Açsın qəlbimizdə gül arzu dilək,
Eşqimiz yetirsin bar əvvəl-axır.

Nə çox xoşbəxtliyi götürməyən göz,
Hər deyilən sözə heç vaxt uyma, döz.
Hər gün eşitməsə qulaq təzə söz,
Deyirlər ki, olar kar əvvəl axır.

Çalış düşməyəsən ağıza, dilə,
Gərəkdir ki, insan öz qədrin bilə.
Dinəndə səsini qaldırma zilə,
Usandırar səni ar əvvəl-axır.

Nə qədər cavansan yaxşılıq et sən,
Imdad diləyənin dadına yet sən.
Sonra gec olacaq yaxşı dərk et sən,
Yağacaq ömrünə qar əvvəl-axır.

Rəğbətə layiqdir mədəniyyətin,
Bilirəm qəlbində yox pis niyyətin.
Kimə xoş gəlmirsə səmimiyyətin,
Olar el içində xar əvvəl-axır.

Üzməsin qoy səni şəkki-şübhələr,
Adətdir, kişilər evə gec gələr.
Daim cəlb etsə də pəriçöhrələr,
Əliyə tək sənsən yar əvvəl-axır.


SONET

Sənin gözəlliyin qarşısında mən,
Şam kimi əriyib muma dönmüşəm.
Bir də onda xəbər tutacaqsan sən,
Tüstüm də qalmayıb tamam sönmüşəm.

Dilim söz tutmayır qəlbimi açam,
Deyəm ki, halıma nəzər salasan.
Tabım yox dərdimin əlindən qaçam,
Belə yaşamağı gəl bilmə asan.

Sevməyənlər bilməz nələr çəkirəm,
Adi bir işə də yatmayır əlim.
Fikrimdə yüz cürə plan çəkirəm,
Bircə fürsət ola, yanına gəlim.

Bilsəm ki, sevirsən sən də mənim tək,
Rahatlıq tapardı sinəmdə ürək.


SONET


Şükür olsun Yaradana,
Səni qismət etmiş mənə.
Odur yaxın hər insana,
Qurban Ona, O, versə nə.

Sən qəlbimin sönməz odu,
Meyl etmərəm heç vaxt meyə.
Yaddır mənə dedi-qodu,
Güvənirəm sənə deyə.

Gəl qoruyaq eşqimizi,
Bədnəzərdən uzaq olaq.
Qınasa da yadlar bizi,
Hər gün yeni büsat quraq.

Bundan gözəl daha nə var,
Nəyə lazım dövlət və var?


SONET

Səni sevdim – səhv etdimmi seçimdə?
Hisslərimdən mən baş aça bilmirəm.
İnləyirəm, ümidsizlik içimdə,
Ürəyimi sənə aça bilmirəm.

Təsəvvür etmirəm sənsiz həyatı,
Gecələr gözümə yuxu da getmir.
Halıma yazdığım qəmli bayatı,
Qəlbimi ovutmur, karıma yetmir.

Dərdimin üstünə bir dərd də gəlib,
Səni neçə gündür görə bilmirəm.
Həsrətini çəkmək qəlbimi dəlib,
Belə yaşamaqdan yaxşıdır öləm.

Xəbər tutmadınsa mənim sevgimdən,
Çətin, xəbər tutsan xeyir görüm mən.



SONET

Böyük Yaradandan gəlir məsləhət,
Nə qədər insana murad verir O.
Birinə var-dövlət, birinə şöhrət,
Birinə də gözəl övlad verir O.

Bəzən illər boyu bəxş etdiyini,
Olur ki, qəflətən alır əlindən.
Hələ bu nədir ki, Yer kürəsini,
İstəsə qoparar öz məhvərindən.

Gündəlik baş verən böyük bəlalar,
Onun hökmü ilə törəmir məgər?
Bəlkə baş verməzdi böyük xətalar,
Günah etməsəydi insanlar əgər.

Görəsən bunları dərk edən insan,
Niyə ədalətli olmur hər zaman?


ETİBARSIZ OLMA DEMƏDİM SƏNƏ?

Qadına zinətdir etibarlılıq,
Etibarsız olma, demədim sənə?
Özün aralığa saldın ayrılıq,
Indi hər görəndə edirsən tənə,
Etibarsız olma, demədim sənə?

Mən səni sevirdim dünyalar qədər,
Sən mənə nə verdin? Ancaq, dərd-kədər.
Bundan belə düşmə arxamca hədər,
Bağışlanmaq üçün yalvarma mənə,
Etibarsız olma, demədim sənə?

Səni mayak bildim səadətimə,
Layiq deyilmişsən sədaqətimə.
Yaxşı bələd ikən məhəbbətimə,
Nə haqla sevirəm deyirsən yenə,
Etibarsız olma, demədim sənə?

Bir zaman olsan da mənim pənahım,
Indi asimana yüksəlir ahım.
Varsa da yanında əgər günahım?
Nə üçün çikayət etdin yetənə?
Etibarsız olma, demədim sənə?

Olsan da bir zaman başımın tacı,
Bütün həyatımı eylədin acı.
Istəməm sənintək dərdə əlacı,
Yoxdur ehtiyacım sənin busənə,
Etibarsız olma, demədim sənə?



SEVMƏDƏN YAŞAMAQ OLARMI MƏGƏR?

Sevib-sevilməyin öz aləmi var,
Sevmədən yaşamaq olarmı məgər?
Bu geniş kainat görünərdi dar,
Ömür yaşanardı mənasız, hədər,
Sevmədən yaşamaq olarmı məgər?

Sevgi məhəbbətin cücərtisidir,
Eşqimiz sevginin şah zirvəsdir.
Sevgi könlümüzün təranəsidir,
Başqa cür düşünüb danışarmı ər?
Sevmədən yaşamaq olarmı məgər?

Belə görünübdür əzəldən bəri,
Hər sevən aşiqin var bir dilbəri.
Sevənin başından aşar dərd-səri,
Təki uzaq olsun qəzavü-qədər,
Sevmədən yaşamaq olarmı məgər?

Açıb kitabları varaqlayanı,
Oxudum yüzlərlə sevgi dastanı.
Əsil məhəbbətə inanmayanı,
Görüm ki, yurdundan düşsün dərbədər,
Sevmədən yaşamaq olarmı məgər?

Əliyəm, sevirəm mən də yarımı,
Onunla tapmışam növbaharımı.
Sevib, qazanıbdır etibarımı,
Vüsal gəlsə gedər əlbət, qəm-kədər,
Sevmədən yaşamaq olarmı məgər?


MƏHƏBBƏTİN QİYMƏTİ

Məhəbbətdən yarandıq,
Məhəbbətdən güc aldıq.
Məhəbbətə inanıb,
Məhəbbətlə ucaldıq.

Yandırandır məhəbbət,
Söndürəndir məhəbbət.
Bizi daim yaşadan,
Öldürəndir məhəbbət.

İlahi vergisimi?
Bilməsək də biz bunu,
Fəqət dana bilmərik,
Ömrümüzdə rolunu.

Məhəbbət yaşadacaq,
Bütün bəşəriyyəti.
Odur ki, məlum deyil,
Məhəbbətin qiyməti.


ANACAN

təcnis

Körpəlikdən çəkib hər bir qayğımı,
İndi də deyirsən mənə, ana, can.
Naxələf sayıllam haqqını dansam,
Yolunda qıymada verrəm, ana, can.

Sən mənim ömrümün baharı, yazı,
Adın əlifbada ən ilkin yazı.
Bir kimsə tapılmaz sənə tay, azı,
Mən sənin qurbanın ollam, anacan.

Fərq etməz olduğun məkan hayandır,
Həsrətində olum, məni ha yandır.
Əli hayan olub sənə, hayandır,
Ruhu bədənindən çıxan anacan.


DƏRİNDƏN

təcnis

Vətən əsgərisən, oğul, bu gündən,
Oxu hərb sənətin, öyrən dərindən.
Sən hələ cavansan, qoy qorxutmasın,
Həyat meyvəsini, durma dər indən.

İstər səngərdə ol, istər aranda,
Ya uca bir dağda, fərq yox, aranda.
Sildırımlı dağ da, isti aran da,
Olsun ki, keçməsin izsiz dərindən.

Xoşbəxtdir yurdunu, oğul, qoruyan,
Onun xidmətində çıraq kimi yan.
Qoy baxıb uzaqdan düşmənimiz «yan»,
Köksünü ötürsün, Əli dərindən.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: