ŞÖLƏ SƏFƏRƏLİYEVA (1961)

ŞÖLƏ SƏFƏRƏLİYEVA (1961) Səfərəliyeva Şölə İbrahim qızı 13 iyul 1961-ci ildə Azərbaycan Respublikasının Füzuli rayonunun Mirzəcamallı kəndində dünyaya gəlib.
1993-cü ildən məcburi köçkün kimi Bakı şəhərində məskunlaşıb. 1997-ci ildən Dövlət Statistika Komitəsində çalışır.
“Yurd həsrəti”“Yaralı bənövşə” adlı müəllifidir.



Mən kimi sevdimsə dəli tək sevdim

Ağıllı məhəbbət varmı görəsən,
Mən kimi sevdimsə dəli tək sevdim,
Birgünlük, beşgünlük kef axtarmadım,
Kim deyir qəlbimə təsəlli sevdim,
Mən kimi sevdimsə dəli tək sevdim.

Sevdiyimə ürək verdim, qan verdim,
Yolunda qurbanlıq şirin can verdim,
Sınağa çəkildim, imtahan verdim,
Dağların çağlayan seli tək sevdim,
Mən kimi sevdimsə dəli tək sevdim.
11.08. 2016


Yaralar sinəmin solunda qaldı

Bilmədim nə üçün tutdun əlimi,
Sonra özgə əli tutub da getdin,
Öldürdün o dəli məhəbbətimi,
Məni ayrılığa satıb da getdin.

Unutmağı asan sanma əzizim,
Yaralar sinəmin solunda qaldı,
Hər gecə röyamın qonağı oldun,
Hər sabah gözlərim yolunda qaldı.

Sənin həsrətinlə yanan Şölənin,
Yerində bir ovuc kül qalıb indi,
Susubdu şeirlər qoşan ürəyi,
Ağzında lal olmuş dil qalıb indi.
16.05.2017


Bu payız da mənə kədər gətirib

Tənhalıq ömrümü yeyib bitirib,
Sanki həyat mənasını itirib,
Bu payız da mənə kədər gətirib,
Yağdırır başıma yağışlarını.

Saçlarım ağarır, gözə nəm düşür,
Sevıncim azalır, qəlbə qəm düşür,
Arzular saralıb sinəmdən düşür,
Çəkir həyatıma naxışlarını.

Buludlar toqquşur, şimşəklər çaxır,
Yenə taleyimə leysanlar yağır,
Sənli bir xatirə qəlbimı sıxır,
Yada salır payız baxışlarını.
17.09.2016


Sənsiz

Heç duya bilmirəm yaşayırammı,
Gecələr göz yaşım durmadı sənsiz,
Bilmədim, bir könül daşıyırammı,
Ürəyim dayandı, vurmadı sənsiz.

İstədim qəlbimi didsin bu həsrət,
Yox olsun ömrümdən, getsin bu həsrət,
İstədim tez ölüm, bitsin bu həsrət,
Bircə an da xoşbəxt olmadım sənsiz.

Gözlədim ki, yada salıb, ararsan,
Ürəyimin yaraların sararsan,
İnanmazdım, belə tez unudarsan,
Bilməm niyə sağam, ölmədim sənsiz?
21.05.2016


Sözlərim

Sən idin ünvanı şeirlərimin,
İndi xəyallarım dərbədər düşüb,
Sözlərim sığınıb sinəmə sanki,
Sənsizlik içində sözlər üşüyüb.

Sənin ürəyində itən sevgimi,
Elə hey axtarır, gəzir sözlərim,
Tapmayıb yenə də dönür sinəmə,
Didərgin sözlərim, əsir sözlərim.

Sənsiz yağış yağır ruhumun üstə,
Sanki qəribliyə atılmış daşam,
Sən mənim şerimin qanadlarıydın,
İndi qanadları qırılmış quşam.
10.08. 2016

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: