Eldar QULUOĞLU (1961)

Eldar QULUOĞLU (1961) Eldar Qulu oğlu Əliyev - 1961-ci il mayın 26-da
qədim Borçalı mahalında, indiki Gürcüstanın
Bolnisi rayonundakı Dəllər (indkik Muşevani)
kəndində anadan olub.
1 yaşındaykən anası Yetər xanımı itirən Eldar həyatın sınaqlarında sınanmış və Bolnisi şəhər məktəbində oxuyandada, Almaniyada hərbi xidmətdə olanda da, bütün sonrakı həyatı boyu da poeziya, saz-söz vurğunu kimi tanınmışdır.
"Qoşa bulaq", "Sevgidən yaranan dünya" adlı kitabların müəllifidir.
Ailəlidir, 2 övladı, 4 nəvə babasıdır.

Biz də Eldar Quluoğluna uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.


Rahilə QARALOVA,
ZiM.Az



MƏN

Yaranandan yaralandı ürəyim,
Bəyaz da mən, qara da mən, ağ da mən.
Dizə çökdüm tutulmadı diləyim,
Bircə söznən dağa döndüm, dağ da mən.

Məcnun oldum bu dağların seyrinnən,
Seçilmədim nə şərinnən, xeyrinnən,
Doymaq olmur bir gözəlin şeirinnən,
Qabaqda sən, solda çəmən, sağda mən.

Hamı bilir nə nökərəm, nə də xan,
Dərin yazar çox qədimdən oxuyan,
Bülbüllər də yaz gülləri qoxuyan,
Dərə də mən, təpə də mən, bağ da mən.

Sözlərim var, dəmir kimi paslanır,
Sözlərim var, fidan kimi bəslənir,
Sözlərim var, zirvələrdə səslənir,
Səpilmişəm, yetişmişəm tağda mən.


Dağlar

Həsrətdən aranım saralıb solub,
Düşmüsən arandan aralı dağlar!
Çəmənin, lalənin gözləri dolub,
Əzəldən sinəsi yaralı dağlar!

Qürbətdən görünür sirli başların,
Tutulub açılmır kaman qaşların,
Uçan qayaların,uçan daşların,
Hürkütdü ceyranı, maralı, dağlar!

Dumanın, çiskinin alıb üstümü,
Qoymayır çıxmağa acı tüstümü,
Aranım Eldardan görən küsdümü?
Qarından aranım bar alır, dağlar!


Sual

Yenə könlüm qan ağlayır,
Bu nə dərdi verdin fələk?
Kim yandırır, kim dağlayır,
Bu nə bəxtdir yazdın, fələk?

Bir addım da atamıram,
Hamı gedib çatamıram,
Gecə, gündüz yatamıram,
Bu nə bəxtdir yazdın, fələk?

Mərd adamın bəxti yatır,
Mərdiməzar ara qatır,
Yetim Eldar qəmə batır,
Bu nə bəxtdir yazdın, fələk?


Ürək

Bir yumruq boydadı insan ürəyi,
Dünyaya sığmayır arzu, diləyi,
Şükür körürük böyük çiləyi,
Neçə gündən sonra çərşənbə gəlir.

Qərib darıxanda ürək də əsir,
Qürbət tərəflərdən gilavar əsir,
Neçə gündən sonra çərşənbə gəlir,
İl təzə başlayır, hara tələsir.

Hər təzə ilin də təzə ayı var,
Bərqərar olubdu itin üstündə,
İt ilidir deyə it adamların,
Başına iş gəlir ətin üstündə.


Getdi

Bir mələk enmişdi göylər üzündən,
Bu qara bəxtimə ağ qoydu getdi.
İstədi öldurə, yazığı gəldi,
Bilmirəm nədənsə sağ qoydu getdi.

Şirin yuxu idi, gəldi də getdi,
Sinəmi çal-çarpaz dəldi də getdi,
Ah çəkdi Qibləyə düzəldi getdi,
Yaralı könlümə dağ qoydu getdi.

Gedəndə kövrəldi, bir lələk verdi,
Sonsuz arzu verdi, bir dilək verdi,
Təzəcə dərilmiş çiyələk verdi,
Könül bostanıma bağ qoydu getdi.

Bir az düzdən yazdım, bir az bucaqdan,
Bir gözəlin xoşu gəlmir qucaqdan,
Eşqin səsi, eh, gəlsə də uzaqdan,
Qürbətdən Vətənə tac qoydu getdi.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: