Sona AMAL: "Bu necə yazıdı, bu necə qədər"

Sona AMAL: "Bu necə yazıdı, bu necə qədər"SƏNSƏN

Həsrətin odlara qaladı məni,
İntizar gözümün yağışı sənsən.
Telimə un kimi ələdin dəni,
Ömrümün vədəsiz şərt qışı sənsən.

Bu necə yazıdı, bu necə qədər,
Qəlbimdə yurd salıb, elə qəm, kədər,
Mən sevim, sevməyim - hədərmiş, hədər,
Vüsalla həsrətin vuruşu sənsən.

Qəlbimi göynədir, hey dəli sevdam,
Hayqırıb inlədir, dağ-daşı sədam,
Cəlladsız etmisən, sən məni edam,
Bitməyən arzumun qarğışı sənsən.

İnsafsız, sevdamız çəkir qürbəti,
Susarsa, qəlbinin kini-küdrəti,
Cücərər yenidən sevgimiz, qəti,
Yaxşıyla yamanın yarışı sənsən.

Dağılmır bəxtimin sisi, dumanı,
Sabaha qalmayıb daha gümanı,
Öz əlinlə yazdın həsrət fərmanı,
Amalın hicranla barışı sənsən.
14. 12. 2019-cu il.


VÜSALLA ÖMRÜM BARIŞMIR

Bənzəyir göz yaşım yaz yağışına,
Dolaram, yağaram, kəsən deyiləm.
Ömrümün qatarı yetib qışına,
Yarpaqtək tıtrəyıb, əsən deyiləm.

Nə vaxtdır həsrətəm, xoş baxışına,
Özgə baxışına heç vaxt baxmaram.
Qıymazsan, bilirəm, gözüm yaşına,
Çağlaram, ta qəlbdən qəlbə axmaram.

Qar-boran bağlasa, bəndi-bərəmi,
Qəm-kədər yurd salsa, başımın üstə.
Oldu məhəbbətin dərdim məlhəmi,
Sanki yaş gəlmirdi, yaşımın üstə.

Qəlbimə xal saldın, tər lalə kimi,
Dərdimi içimə büküb saxlaram.
Özgə masasında piyalə kimi,
Badədən badəyə dolub axmaram.

Atəşə həsrətəm, öz ocağımda,
Odum çoxdan sönüb, qorum alışmır.
Hicran at səyridir, eşq oylağımda,
Amalam, vüsalla ömrüm barışmır.
07. 12. 2019-cu il.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: