QANLI 20 YANVAR FACİƏSİNDƏN 30 İL KEÇİR...

QANLI 20 YANVAR FACİƏSİNDƏN 30 İL KEÇİR... RUHUNUZ ŞAD OLSUN, ŞƏHİDLƏR!..

...Vaxt var gələr keçər.
Dərd var dələr keçər.
Dərd də var, dərd də!...
Dərd var zaman keçdikcə kiçilir; dərd də var ki, gün­bə­gün bö­yüyür, unudulmaz olur. Ağrısı-acısı qəlbimizi göynə­dir...

1990-cı il 20 yanvar qanlı şənbə günü yaddaşımıza həmişəlik həkk olunub. İlahi!... Həmin gecə sanki dünyanın sonu idi. Aləm bir-biri­nə qa­rışmışdı. Hər tərəfdən zirehli tankların, top­ların, alovlu avto­mat si­lahların gürultulu, vəhşi və qorxunc atəş səsləri eşidilir­di... Səhəri dün­­yanın tərəqqipərvər insanları Bakı­ya qoşun yeridil­mə­sindən, tank­ların insanları vəhşicəsinə əzmə­sindən, dinc əhalinin-gənclərin, uşaq­ların, qocaların, qadınların alovlu silahlardan atılan güllələrlə qan­­larına qəltan edilmə­sin­dən və hətta təcili yardım hə­kimləri öz mü­qəddəs borclarını ye­ri­nə yetirərkən onlara hərbçilə­rin maneçilik törət­mələ­rindən tə­cili yardım maşınlarının güllə-borana tutulmala­rın­­dan da­nışır, etiraz səslərini ucaldırdılar. Bakının küçələ­rində isə tanklar kü­çələri şumlayır, güllələr eyvanların pəncərələrini sındırıb tökür və evdə oyuncaqları ilə oynayan uşaq­lara tuş olurdu... O ağrılı, acılı faciəli gecədə və sonrakı günlərdə xalqımızın hələ də sayı dəqiq­ləşməyən ne­çə-neçə günahsız igid, qəhrəman övladı şəhid oldu! Neçə-neçə ər oğlanlarımızı, Həcər qeyrətli bacılarımızı itirdik. Nə qədər körpə atasız, gəlinlər bəysiz qaldı. İlahi!...


Səbrli xalqımız öz şəhidlərinə düz 40 gün yas saxladı. 2 mil­yon­luq şəhər qan ağlayırdı. Hönkürtümüzə, iniltimizə göylər də hönkürtü ilə cavab verirdi. Göydən qucaq-qucaq qərənfillər ya­ğır­dı. Aman Al­lah! Hardanmış bu qədər qərənfil?! Yaz yağışı da bir o qədər olmaz!... Yollar, səkilər güllərdən naxış-naxış il­mələnmiş xalıya bənzəyirdi. Hamı bir-birinə, tanıdı-tanımadı, bir cüt qərənfil atır, “Qoy hamı bil­sin ki, biz bir-birimizə güllə yox, gül atırıq!” - söy­lə­yirdilər... Hə­min vaxtdan 30 il keçmə­sinə baxmayaraq, sanki hadi­sələr dünən baş ve­rib. Yaralarımız göyüm-göyüm göynədir bizi... Axı, günlər, həf­tələr, aylar keç­dik­cə nəinki dərdimiz kiçildi, əksinə böyüdü. Gündən-günə şəhidlərimizin sayı artdı. “Nahaq qan yerdə qalmaz!”, “Başın sağ ol­sun, Vətən!” - deyə-deyə Şəhidlər Xiyaba­nını böyütdük, başqa-başqa rayonlarımızda da Şəhidlər Xiyabanları yaratdıq, ye­ni-ye­ni qə­­birlər qazıb xalqımızın neçə-neçə ər oğullarını tor­pağa tap­şır­dıq...

Nəhayət ki, xalqımızın dözüm, səbr kasası dolub-daşdı. Azğın er­mənilərin Cənnət Qarabağımızda törətdikləri vəhşiliklərə döz­­məyib “Öncə Vətəndir!” - deyə haqq səslərini ucaldan igid oğullarımız düş­­­mən üzərinə hücuma keçdi, ölüm-dirim sava­şına başladı. Bu sa­vaşın əks-sədası Vətənimizin hər bir guşə­sinə ge­dib çatdı. BOR­ÇA­LI MA­HALININ MƏRD OĞUL­LA­RI da “Ana Vətənimiz Azər­bay­can na­minə!” - deyib, tor­pa­ğı­mı­zı yağı düşmən gülləsindən qoru­maq üçün ön cəbhəyə - Qara­bağa və sərhəd bölgələrinə yollan­dılar. Si­nə­lə­rin­dən sipər çəkən özünümüdafiə dəstələrinə qoşuldular. Vətən üçün ca­nı­nı belə əsir­gəməyən Vətən oğulları ölümün gözünə dik ba­xıb ana­la­rı­mızı külə döndərən, balalarımızın başını kəsən, körpə­lə­rimizi ni­zədə oynadan, gəlinlərimizi, qızlarımızı əsirlikdə sax­layan, na­­­mu­su­mu­za toxunan alçaq niyyətli, yaramaz ermə­ni­lərə qisas vuruşuna atıl­dı­lar. Ayrı-ayrı xarici ölkələrin güclü hi­ma­yə­dar­lığı ilə vuruşa gi­rişən ermənilər layiqli cavablarını aldılar. Am­ma... Təəssüf ki, mərd oğul­larımız arasında düş­mə­nin na­mərd gül­ləsinə tuş olanları da çox oldu. On­­lar qəhrəman­ca­sına hə­lak ol­du­lar. Yox, yox, onlar ölmədilər! Ölüm­ləri ilə yenidən do­ğul­dular. ÖLMƏZLİK qazanıb daimi ƏBƏ­DİY­YƏ­TƏ qo­vuş­du­lar...
Əziz oxucu! İxtiyarınıza verdiyimiz bu kitabda da elə bu barədə söhbət açılır...
...Və bu yerdə ölməz görkəmli şairimiz Mikayıl Müşfiqin söz­lərini xatırlamamaq olmaz:

“Vətənçün yaşayan,
Vətənçün ölən,
Səmimi bir insan,
Nə bəxtiyardır!”


Bəli, Vətəni qorumaq, Vətənçün yaşamaq, Vətənçün ölmək ŞƏ­RƏF­LİDİR! Və bu şərəf hamıya qismət olmur!... Amma...
Dərd isə dərd olaraq qalır. İndi ismətli, vəfalı, gözəl-göyçək el qız­larımızı, sinələri qübar bağlayan analarımızı qara kəla­ğay­lı, dərd əlin­dən birçəkləri ağarmış nənələrimizi qəmli, hüzn­lü, gözüyaşlı görəndə dərdimiz birə-beş artır. Ürəyimiz tab gətir­mir bu ağrı-acıya. Yarala­rı­mız göyüm-göyüm göynəyir... İlahi, Azərbaycan xalqı necə də, məğrur, igid və əyilməz xalq­mış ki, bu böyüklükdə qara dərdin yü­künü çəkməyə qadirdi!..
Bəli, Ana Vətənimiz Azərbaycanın müqəddəs torpaqlarına ya­ğı düş­mən gözlərinin dikildiyi vaxtdan 30 il keçir. Neçə-neçə ana fər­yadı, ata qübarı, bacı naləsi, qardaş harayı göyərdi bu 30 ildə. Payız in­san­larına qarışıb axan göz yaşlarımız qəlbimizə hopub neçə-neçə dərd bitirdi. Ahımız göyləri yandırdı, nisgili­miz torpağın bağrını dəl­di. Bu aləm, bu həsrət, bu yanğı isə bit­mədi, tükənmədi... tü­kən­mə­di...
Yarımçıq ömürlərin kədər rübabında bir həzin nəğmə sızıl­dadı. Ağlar gözlərimizi, iniltili könüllərimizi bir şərqi göynətdi:

Düşmən yas içində görməsin bizi,
Ağlama, ağlama, şəhid anası!...


Duyğularımızın sarı simində çalındı, həsrətdən yaranıb əzə­mətə, vü­­qara qovuşdu bu nəğmə. Ruhumuzu sarsıdıb, varlı­ğı­mı­zı titrədə­rək şəhidlik zirvəsinin məğrurluğuna, yenilməzli­yinə tapın­dırdı ürək­lə­rimi­zi. Düşmən nəzərindən qəmini, möh­nətini gizlədən ana-bacıların göz yaşları öz qəlblərinə axdı. Səssizcə-səssizcə... Bu əzə­mət bu vüqar şəhidlik zirvəsinə layiq yüzlərlə igid oğullar yetir­di. Qeyrət yaratdı, vüqar yaratdı, mü­qəddəs inam yaratdı Şəhidlər Xiyabanı...
Bu günlərdə Şəhidlər Xiyabanına baş çəkməyə getmişdim. Bir ana oğlum qəbri qarşısında diz çöküb şam kimi için-için əriyir, yana-yana ağlayırdı. Yaxınlaşıb ona təsəlli vermək is­tədim. Amma qəhər boğdu mə­ni. Soraqlarımı aça bilmədim. Qorxdum ki, qərənfil dəni­zinə qərq olmuş qəbirlərə yanaşıb, şəhidlərin məzarları önündə ehtiramla baş əydim və sakitcə Ana­dan uzaqlaşmağa məcbur ol­dum...
İlahi, özün kömək ol! Qanlı 20 yanvar faciəsindən 30 il keçir... Analarımızın isə göz yaşları isə qurumur.

Ölüm! Bu nakam, üzüqara, bəd ifadə bütün hamımızın bəx­timizə yazılıb. Hamımız Ana Torpağının üzərində yaşayır və son mənzi­limiz kimi ona da tapşırılırıq. Böyük əksəriyyə­timiz bir müddət ke­çəndən son­ra unudulsaq da, öz gözəl, yaddan­çıxmaz və xeyirxah əməlləri ilə gələcək nəsillərin ürəklərində, xatirələrində yaşayanlar da olur. Kim­lərdir onlar? Qəhrəmanlar, Qeyrətlilər! Vətənin ölməz oğulları - Ba­bəklər, Koroğlular, Nigarlar, Xan Ey­vazlar, Xətailər, Natəvanlar, Qa­çaq Nəbilər, Həcərlər, Səttarxanlar, Məmmədə­min­lər, Nərimanov­lar!... Qan­lı 20 Yanvar faciəsinin, Qarabağ savaşının şəhidləri ümu­miy­yətlə, Vətənimizin bütövlüyü və suverenliyi uğurunda canla­rın­dan keçən ölməz ər igidlərimiz!... Cəlillər!.. Vəzirlər!.. Eldar­lar!.. Mübarizlər!.. Təbrizlər!.. Elşənlər!.. Müşfiqlər!..

QANLI 20 YANVAR FACİƏSİNDƏN 30 İL KEÇİR... Allah Sizə rəhmət eləsin, ruhunuz şad olsun, Şəhidlərimiz!...
İna­nın, Sizin qanınız heç vaxt yerdə qalan deyil.
Haqq, ədələt tezliklə zəfər çalacaq.
Mütləq tezliklə!...
Ana Vətənimizin,
doğma Ata Yurdumuzun,
müqəddəs Torpağımızın azadlığı, res­pub­li­­kamızın suverenliyi, bütövlüyü, şərəfi, namusu yolunda canını qurban vermiş qəhrəman ər igidlərimizə əbədi eşq ol­sun!..


Müşfiq BORÇALI,
“Ziya” qəzetinin və
ZiM.Az saytının
baş redaktoru


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ŞƏHİD İlkin Hamlet oğlu Mərdanov    (1962-1994)

ŞƏHİD İlkin Hamlet oğlu Mərdanov (1962-1994)

ŞƏHİDLƏRİMİZ, UNUTSAQ, UNUDULARIQ!....
Ağlama, şəhid anası...

Ağlama, şəhid anası...

Başkeçid
ŞƏHİD İlqar Zərrar oğlu Mahmudov (1973-1992)

ŞƏHİD İlqar Zərrar oğlu Mahmudov (1973-1992)

ŞƏHİDLƏRİMİZ, Başkeçid, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
AĞLA, QƏRƏNFİL, AĞLA...

AĞLA, QƏRƏNFİL, AĞLA...

UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar
Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilmişdir

Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilmişdir

Arxiv

"Şəhidlər ölməz, Vətən bölünməz!"

Qarabağ, "Şərqin səsi"
DARVAZLI ŞƏHİD Raim Ənvər oğlu Məmmədov  (1972-1993)

DARVAZLI ŞƏHİD Raim Ənvər oğlu Məmmədov (1972-1993)

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Pərvanə Salmanqızı:

Pərvanə Salmanqızı: "XATİRƏLƏRDƏ YAŞAYAN ŞƏHİDLƏR"

Müsabiqə, UNUTSAQ, UNUDULARIQ!....
AzTU rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edib

AzTU rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edib

AzTU
Şəhidliyin ünvanı Əbədiyyətdir

Şəhidliyin ünvanı Əbədiyyətdir

Qarabağ
XATİRƏ HƏZİN (QƏDİMOVA):

XATİRƏ HƏZİN (QƏDİMOVA): "BİRİN SƏN DE..."

Poeziya
ƏSGƏRƏ MƏKTUB!

ƏSGƏRƏ MƏKTUB!

Digər ali məktəblər, Köşə yazılar
AzTU-da 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib

AzTU-da 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib

AzTU
AzTU kollektivi Şəhidlər xiyabanını ziyarət edib

AzTU kollektivi Şəhidlər xiyabanını ziyarət edib

AzTU
DUYĞUSAL ANLARIN QANADLARINDA...

DUYĞUSAL ANLARIN QANADLARINDA...

AzTU, Köşə yazılar
Ramilə ƏLİYEVA:

Ramilə ƏLİYEVA: "AZADLIĞA GEDƏN YOL 20 YANVARDAN KEÇİR"

Köşə yazılar
Bu gün Faxralıda Qanlı 20 Yanvarda həlak olan 25 yaşlı gəncin qəbrini ziyar ...

Bu gün Faxralıda Qanlı 20 Yanvarda həlak olan 25 yaşlı gəncin qəbrini ziyar ...

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
“ŞƏHİDLƏR haqqında öldü deməyin; ONLAR diridirlər!”

“ŞƏHİDLƏR haqqında öldü deməyin; ONLAR diridirlər!”

AzTU
XOCALI: Vətən ağrısı, torpaq yanğısı...

XOCALI: Vətən ağrısı, torpaq yanğısı...

Qarabağ, Publisistika
GÜLƏMAİL  MURAD: Yığın... Gülüşlərimi  yandırın İçində dərd gizlənib...

GÜLƏMAİL MURAD: Yığın... Gülüşlərimi yandırın İçində dərd gizlənib...

Poeziya, Qarayazı, Müsabiqə
Rəy yazın: