KEÇMİŞƏ BOYLANIB, GƏLƏCƏYƏ ÜZ TUTAN ŞAİR - Yəhya BORÇALI

KEÇMİŞƏ BOYLANIB,  GƏLƏCƏYƏ ÜZ TUTAN ŞAİR - Yəhya BORÇALIREDAKSİYAMIZIN ARXİVİNDƏN:

KEÇMİŞƏ BOYLANIB,
GƏLƏCƏYƏ ÜZ TUTAN ŞAİR

Çobanov Yəhya Namaz oğlu
1935-ci ildə qədim Bor­ça­lının Bağ böl­gəsinin Bolus - indiki Gürcüstanın Bolnisi Ra­yonunun qərbində başı göy­lərə ucalan Şindi dağının şərqin­də, Ağbaba dağının cə­nub yamacında - ətəyində Gədə çayı­boyunca təxminən üç kilo­metr məsafədə Şərqdən-Qərbə doğ­ru uzanan qədim Darvaz kəndində (bu kəndin adı erməni mənbələrində XI əsrdə «Türki Darvaz» adı ilə qeyd olunub) ziyalı ailəsində anadan olub. O, 1955-ci ildə Darvaz orta mək­­­təbini, 1959-cu ildə Bor­çalı - indiki Marneuli şəhərində Pedaqoji Texniku­mu və 1968-ci ildə Gəncə şəhərində H.Zər­dabi adına Dövlət Peda­qoji İnstitutunun Qiyabi bölmə­sinin fizika-riyaziyyat fakültə­sini bitirmişdir. Yəhya müəllim 1959-cu ildən pedaqoji fəa­liyyətə başlamış və 40 ildən çox bir müddət ərzində gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşdur. O, rayon mək­təb­ləri arasında tanınmış riyaziyyat müəl­lim­lərindən biri ol­muşdur. 1999-cu ildən təqaüddədir, Əmək veteranıdır. «Əmək veteranı» medalı və «Fəxri fər­man»­larla təltif olu­nub. Yəhya müəllim hal-hazırda doğ­ma Dar­vaz kəndində yaşayır. O, həm ailə təsərrüfatı ilə məşğul olur, həm də geniş miqyaslı bədii yaradıcılıqla məş­ğul ol­maqdadır…
Yəhya müəllimin ilk şerləri Bakıda «Ziya», «Azad Azər­aycan», «Təhsil» «Şərqin səsi», «Borçalı», Gür­cüs­tanda Bol­nisi rayonunda gürcü və Azərbaycan dillərində nəşr olunan «Qələbə bayrağı» qəzetlərinin səhifələrində, həmçinin, Ba­kı­da nəşr olunan «Addımlar» adlı poeziya al­ma­nax­larının (1995, 1996) səhifələrində çap olunmuşdur.
Şair Yəhya Namazoğlunun (Borçalının), artıq, 8 kitabı tə­­ləbkar oxucuların - şerse­vərlərin öhtəsinə verilmişdir. De­mək olar ki, Yəhya müəllimin şerləri eldə-obada oxu­cuların rəğ­­bətini qazanmışdır. Bu da, artıq, onun peşəkar şair kimi püx­tələşməsindən xəbər verir… Onun ilk kitabı «İlk mə­həb­bətim» (Bakı, 1996, Naşiri və re­dak­toru Müşfiq Çobanlı) şai­­rin ilk uğuru oldu. Bu kitabın işıq üzü görməsi və oxu­cu­lar tərəfindən rəğbətlə qarşılan­ması şairi poetik ya­radıcılığa da­ha da həvəsləndirdi. Bir növ, şairin bədii-poetik yaradıcı­lığına yeni «yaşıl işıq» yan­dır­dı. Beləcə də, şair məh­suldar poetik yaradıcılıqla məşğul oldu və dalbadal bir neçə şerlər ki­tabı çap etdirdi. O cümlədən, şairin dalbadal «Gözlə mə­ni» (1996), «Gənc nəsillərə» (1998), «Qıfılbəndlər və deyiş­mə­lər» (2000), «Fani dünya» (2002), «Qərib eldə» (2004), «Gə­lin Darvaza-Dar­vaza» (2008) «Seçilmiş əsərləri» (2009) kitabları çap olunub, şeirsevənlərin öhtəsinə verildi. Artıq, bu kitablar oxucular arasında geniş yayılmış və müəl­lifinin şair kimi nüfuzunun müəyyən dərəcədə artmasına səbəb ol­muşdur…

Bir sözlə, Yəhya müəllimin bədii yaradıcılığını nəzərdən keçirdikdən sonra belə qənaətə gəlmək olur: O, keçmişə boylanıb, gələcəyə üz tutur…

Nəhayət, Yəhya müəllim yuxarıda adları qeyd olunan ki­tablarına yenidən nəzər salmış və həmin kitablarda çap olunmuş şerlərindən yeni «Seçilmiş əsərləri»ni (Bakı, 2009, Naşiri və redaktoru Müşfiq Çobanlı) çap etmişdir. Bu kitabı Yəhya müəllimin bədii yaradıcılığının zirvəsi hesab etmək olar. Onu da qeyd edək ki, Yəhya müəllimin bədii yaradı­cı­lıq məhsulları şeirləri gec çap olunsa da, güclü halda həyata geniş vəsiqə ala bilmişdir. Bu da, hər şeydən əvvəl, Yəhya müəll­imin Şeir bazarının mövzu baxımdan kasadlıq keçir­mə­mə­si ilə bağlıdır.
Onu da qeyd etmək lazımdır ki, Yəhya müəllim, demək olar ki, Şer janrının bütün növlərində, həm klassik poeziya, həm də şifahi xalq ədəbiyyatı üçün səciyyəvi olan əksər janrlarda qələmini sınamış və hansı janrda yazmasından asılı olma­yaraq müvəffəqiyyət qazana bilmişdir. Ancaq onun ya­radıcılığında şifahi xalq ədəbiyyatının izləri özünə da­ha geniş yer tutmuşdur. Bu da hələ onun uşaqlıqdan ana lay­lalarına, bayatılarına, nağıllarına bağlılığı və aşıq məclis­lərində bir-bir müxtəlif aşıqların söz-söhbətlərini dinləməsi ilə, həm də uşaqlıq illərindən saz dinləyib çalması və nəha­yət, qara zurna, ney, tar və həmçinin, qaval-dəf düzəltməsi və onlarda çalmağı bacarması ilə yaxından bağlı olmuşdur.
Yəhya müəllimin bədii yaradıcılığında ustadnamələr, bağ­­­lamalar, deyişmələr, qoşmalar, gəraylılar, hərbə-zorba­lar, həcvlər, ithaflar, dodaqdəyməzlər, müxəmməslər, təc­nis­lər, həmçinin, dastanvarilər (kiçik dastanlar), poemalar, dram və s. özünə geniş yer tutmuşdur. Onu da qeyd edim ki, Yəhya müəllimin bədii yaradıcılığında deyişmələr, bağla­malar və qıfılbəndlər diqqəti daha çox cəlb edir. Doğrudur, bu sahə poeziyanın, nisbətən, çətin və mürəkkəb sahələrini təş­kil edir. Bu mənada, başqasının bədii təfəkkürünün məh­su­lu olan deyişmə, bağlama və qıfılbəndlərdə ifadə etdiyi möv­­zu­nun açılması şairin, hər şeydən əvvəl, geniş dünya­gö­rü­şünə, zəngin bədii ədəbiyyat mütaliəsinə, deyişmə və qıfıl­bənd­lərin söyləndiyi dövrün ictimai-tarixi problemlərini və xalqın həyat tərzini, həmçinin, deyişmə, bağlama və qıfıl­bənd deyənin ümumi intellektual potensialını və bədii yara­dıcılıq üslubunu və onun bədii dilinin xüsusiyyətlərini də­rindən öy­rənməli və sonra həmin bağlama və qıfılbənlərin açılma­sına səy göstərməlidir. Bütün, bu çətinliklərə baxma­yaraq, Yəhya müəllim həm deyişmələrin, həm bağlama­ların və həm də qıfılbəndlərin açılmasına, müasir oxucu və din­lə­yi­cilər üçün qaranlıq olan poetik parça­larının mahiy­yə­ti­nin, məz­mu­nunun və dəqiq mənasının açılmasına səy göstəmiş və əsasən, qarşısına qoyduğu məqsədə, tam mənası ilə, nail ola bil­mişdir. Başqa sözlə desək, bir növ onlarla deyiş­miş­dir.

Yəhya müəllim klassiklərdən Aşıq Ələsgərin, Aşıq Ələs­gərin oğlanları şair Əbdüləzimin, Aşıq Talıbın, Aşıq Qəri­bin, Aşıq Alının, həmçinin, müasir şair və aşıqlardan Araz Ab­basovun, Aşıq Bəylərin, Şeyda Əzizovun, Həsən Sa­dı­q­lının, Teymur Qurbanovun, Səadət Butanın, Salman Qa­zi­nin, Növ­rəs İmanın, Xıdır Orucoğlunun, Əhməd Nə­bi­oğlunun və baş­qalarının bağlamalarını açmış, şeirlə­rinə nəzirələr yazmış, bir növ olarla deyişmişdir.
Hətta, Yəhya Namazoğlunun müasir şair və aşıqlara yaz­dığı bir çox bağ­lamaların cavabı, hələ də, açılmamış qal­maq­dadır.
Yəhya müəllimin yara­dıcılığında, həmçinin, ustadna­mə­lər, qoşmalar, dodaqdəyməzlər, gəraylılar, poemalar, dram və dastanvarilər (kiçik dastanlar), ithaflar (ayrı-ayrı şəxslər haqqında yazılmış şerlər), həcvlər və hərbə zorbalar, həm­çinin, xatirələr (kiçik hekayələr) və s. də özünəməxsus ge­niş yer tutur.
Yeri gəlmişkən, onu da qeyd etmək lazımdr ki, Yəhya Na­mazoğlunun mövzu dairəsi çox zəngin olub heç vaxt ka­sadlıq keçirmir. Bu da təsadüfi deyil. Çünki, ilk növbədə, şai­­rin zəngin həyat təcrübəsi, pedaqoq-müəllim kimi həyatı və həyatda baş verənləri, insanların əməksevərliyi, bir-birinə olan insani münasibətləri, həmçinin, ülvi məhəbbət hisləri, ailə-məişət tərzi müasir peşələrin əksəriyyətinə dərindən yi­yə­lənməsi həmçinin, təbiəti və təbiətdə özünü göstərən tə­bii hadisələri dərketmə qabiliyyəti, müşahidəetmə təcrü­bəsi çox zəngindir. Bu da, hər an, müəllifin yeni mövzu tap­ma­sına və həmin hadisə ilə əlaqədar olan yeni bir şer yazma­sına imkan verir…

Yəhya Borçalı doğulub boya-başa çatdığı Darvaz kəndini belə vəsv etmişdir:

Qulaq as, ay ellim, qoy deyim sənə,
Borçalıdır bilin, özü Darvazın.
Darvazın vəsfini yazıram yenə,
Söylənsin hər yerdə sözü Darvazın.

İnsana xoş gəlir abı-havası,
Elə bil burdadı cənnət yuvası.
Allahın kəlamı, o xoş sədası,
Olubdu dillərdə sözü Darvazın.

Qalmadı əlində Darvazın dağı,
Aldılar gürcülər Orta bulağı.
Yekələr kəsildi elimə yağı,
Olmadı yiyəsi düzü, Darvazın.

Sərxanda ot biçib, həm də yığmışam,
Yaylaqların hər yerində olmuşam.
Qocalmışam, indi yaşa dolmuşam,
Oxunur məclisdə sözü Darvazın.

Yəhyayam, hər işi qanıram, bilin,
Burda min illərdi yaşayır elin.
Xoş gəlsin ayların, xoş gəlsin ilin,
Olmayıb küsülü üzü Darvazın.


Yəhya müəllimin müxtəlif mövzularda yazdığı şerlərdən bəzi parçaları onun oxucularına çatdırmaq da yerinə düşərdi:

«Başına döndüyüm, ay cavan aşıq,
Elə çal, sazında tel inciməsin.»

«Ölməyitb yaşayır özü Vurğunun,
Silinməz qəlbimdən sözü Vurğunun.»

«Çox gəzdim aranı, çox gəzdim dağı,
Qeyrəti, həyanı atanı gördüm.
Axtardım həm solu, həm də ki, sağı,
Adamlığı pula satanı gördüm»…

«Vardan ötrü dava-dalaş edənlər,
Puldan ötrü başı bada verənlər.
Nə aparıb, bu dünyadan gedənlər,
Apardığı vardan-hallardan danış»…

«Başına döndüyüm, mənim əzizim,
Evimdən köçəndə ağlama məni.
Dünya vəfasızdı, heç bilmir xətir,
Yadına düşəndə ağlama məni».

Mən ki, bu dünyada qonaq olmuşam,
Qocalıb indi də yaşa dolmuşam.
Bəlkə də, həyatda mən tez solmuşam
Dünyadan gedəndə ağlama məni»…


(Həyat yoldaşına yazdığı «Ağlama məni» şerindən)

«Aranı istidi, dağları sərin,
Vurğunuyam belə bir gözəl yerin.
Darvazın, Çatağın meşəsi dərin,
Çox gözəldi, qızıl güllü Borçalı…
Ozanlar yurdudu sözlü Borçalı»…


Həyat və fəaliyyəti, yaradıcılığı, müxtəlif peşələrin mü­kəmməl bilicisi, el-obada qazandığı nüfuzu və hörməti ilə sayılıb-seçilən Yəhya müəllim haqqında el şairi Azadxanın «A Yəhya qardaş» adlı şerindən bir peşə bəndi burada verməyi lazım bildik:

«Düşündüm mən, sənə bir şer yazam,
Çatmadı qüvvətim, a Yəhya qardaş.
Yazam qeyrətini aşkar eyləyəm,
Qələm də acizdi, a Yəhya qardaş.

Toy da çalırsan sən, tar da, qarmon da,
Saz da bağlayırsan lazım olanda.
Qırxılıq qayırırsan qırxın vaxtında,
Tar da düzəldirsən, a Yəhya qardaş…

Qulluğun müəllim olub əvvəldən,
Riyaziyyatı sən bilirsən dərindən…
Bilmirəm, söyləyim hansı işini,
Danışım bilsinlər sənin peşəni.
Əlinin işini, saf düşüncəni,
Bildirəm xalqa, a Yəhya qardaş…

Sənətlər böyüyüb səninlə qoşa,
Toy, zurna, mey qabal qayrdın, yaşa!
Ömrün uzun olsun, yüz illər yaşa,
Heykəltəraşsan da, a Yəhya qardaş.

Çox qüvvətli olub, sənin qolların,
Dəryadı ağılın, zəkan kamalın.
Yaşasın, var olsun qızıl əllərin,
Ustalar kamandanı, a Yəhya qardaş»


Yəhya babasının əməksevərliyini, dərin zəkasını, peşə­kar­lığını, mehribanlığını, səmimiliyini görən gənc şairə Aysel Mədədlinin «Yəhya baba» adlı şerindən bir neçə bəndi qeyd etməyi lazım bbildik:

«Şair kimi tanınır,
Öz yurdunda, elində.
Bu ağsaqqal qocanın,
Bərəkət var əlində…

Bilir neçə sənəti,
Qızıldandır əlləri.
Ad qazandırıb ona,
Xeyirxah əməlləri»…


Yəhya müəllimin bədii fəaliyyəti barədə oxucuların de­diklərindən:

«El-obada zəhmətkeş və bacarıqlı sənətkar kimi tanınır. Neçə-neçə el sənətlərinin ustasıdır… boş vaxtlarında bədii yaradıcılıqla da məşğul olur».
«Dodaqdəyməz ustadı kimi tanınır… gənc nəsilləri Şer yazmağa maraqlandırdı» şair.
«Onun şerləri qəzet və jurnallarda, poeziya almanax­larında çap olunub…
Müəllifin Şer və hekayələrini oxuduqca sevgi-məhəbbət, vətən­pərvərlik, insanpərvərlik hissləri duyulur və tərbiyəvi əhəmiyyətə malikdir».
«Söz-sözü çəkdi və aşıq duyğulu Yəhya Çobanov çox mətləblərə baş vurdu, keçmişə boylandı, indimizdən giley­ləndi… İlləri, olayları yola salmış bu insan Şer dəryası, aşıq sənəti dünyası təsiri bağışlayırdı. Elə ona görə də, yazdığı hər misra, hər fikir gələcəyə ünvanlanır, soydaşlarını mərd­liyə və vətənpərvərliyə səsləyir,… qadınları da mərd, is­mətli və namuslu görmək istəyir… Şairin əxlaq mövzu­sunda yazdıqları şerlər oxucunu düşünməyə sövq edir, onları mənən təmizləyir…, cavanları hörmətə, izzətə çağırır…
Biz əminik ki, oxucuların ixtiyarına verilən «Fani dünya» kitabı Şer oxucularının ürəyincə olacaq və Borçalı elinə dəyərli sovqat kimi ərmağan ediləcək».
Azadə-Taleh Abbasqızı,
«Borçalı» qəzeti və «Borçalı» jurnalının baş redaktoru.

«Şairin yaradıcılığında yeni bir nəzm forması oxucuların nəzərini cəlb edir. Əvvəlcə şerin sətirlərinin baş hərflərini yuxarıdan aşağıya oxuyanda müəyyən bir cümlə oxunur. Bunlardan əlavə bütün sətirlərin sonluqları eyni sonluqla qurtarır… Bunu da poeziyamızda yenilik kimi qiymətlən­dirmək olar… Eyni zamanda rəsam və sazbənddir. Bir neçə çalğı alətlərində el havalarını çalmağı bacarır…»
Dilşad Xaqaniqızı,
Jurnalist.


Nəhayət, biz də Yəhya müəllimə uzun ömür, möhkəm can­sağ­lığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

Mədəd ÇOBANOV,
Nyu-York Elmlər Akademiyasının akademiki,
filologiya elmləri doktoru, professor.

«Şərqin səsi» qəzeti, 2009.




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: