Ölməzlik: - NADİR RÜSTƏM OĞLU ƏHMƏDOV (1909-1986) Darvaz, UNUTSAQ, UNUDULARIQ!.... 9 марта 2024 1504 ÖLMƏZLİKNADİR RÜSTƏM OĞLUƏHMƏDOV (1909-1986)Günlər bir-birini əvəz edir, aylar ötüb keçir, illər arxada qalır. Bu müddət ərzində insan qəlbində neçə-neçə arzu, istək yaranır. Və hər bir şəxs öz ürəyində məskən tapan arzu və istəyinə qovuşmağa can atır. Xeyirxah əməlləri ilə arzularını həyata keçirir, istəklərini həqiqətə çevirir... Və ömrün ixtiyar çağında ömründən ötən illərini xatırlayır. Bir anlığa uşaqlıq çağlarına qayıdır, gənclik illərini yada salır. Elə ki, görür ki, həyatda xoş izi qalıb sevinir, xoşbəxt olduğunu duyur, el-oba yanında alnı açıq, üzüağ olduğundan başını dik tutub, bir ağsaqqal kimi el-obasına xeyirxah işini davam etdirir. Xalqın hörmət və rəğbətini qazanır. Sağlığında ikən neçə-neçə insan qəlbində öz əbədi heykəlini ucaldır. ÖLMƏZLİK qazanır. ƏBƏDİYYƏTƏ qovuşur...Bəli, haqqında söhbət açacağımız NADİR BABA da məhz belə xoşbəxtlərdən idi!..Qədim Borçalı mahalının Bolus (indiki Bolnisi) rayonunda ən böyük yaşayış məntəqələrindən biri olan - bütün evlərinin eyvanı və pəncərələri günəşə doğru, ön tərəfdə yerləşən yüksək təpələrin fəsildən-fəsilə dəyişən sinəsinə sarı açılan, qədim və uca Şindi dağının ətəyinə qədər uzanan, irili-xırdalı təpələr, sıx meşələr qoynunda, Gədə çayının sahilində məskən salmış, çox da hündür olmayan Ağbaba təpəsi ilə sanki iki hissəyə bölünən Darbaz kəndində, eləcə də qonşu kəndlərdə onu tanımayan yox idi. Böyükdən kiçiyə hamı tez-tez məsləhət almağa, şirin söhbətlərə, maraqlı xatirələrə qulaq asmağa onun yanına gələrdilər. O, gözəl insan idi!..Uzun illər çəkdiyi halal zəhmətinin bəhrəsini görüb, elin-obanın gözündə pillə-pillə ucalmış Nadir baba, əmək fəaliyyətindən söz düşəndə həmişə iftixar hissi keçirərdi. Deyərdi ki, «Harada olursansa ol, hansı vəzifədə çalışırsansa çalış, bilməlisən ki, insanı el-oba yanında nüfuza çatdıran bir meyar varsa o da əməkdir, halal zəhmətdir!»Öz halal zəhməti və xeyirxahlığı ilə xalqın məhəbbətini qazanmış Nadir babanı, hamı kimi, məktəblilər də unutmaz, tez-tez yada salar, ona baş çəkərdilər.1985-ci il. Baharın ilk günləri idi. Dağlar arxasından boylanan günəş öz qızılı şüaları ilə ətrafa nur saçırdı... Darbaz kənd orta məktəbinin şagirdləri yenə Nadir babanı dövrəyə alıb, onun kef-əhvalını soruşur, vəziyyəti ilə maraqlanırdılar... Bir gənc Nadir babadan xatirələrini söyləməyi xahiş etdi. Nadir baba gülümsədi, həmin gəncə yaxınlaşıb onun yumşaq saçlarına sığal çəkdi. Nadir babanın qoca-qırışlı sifətində sevinc qığılcımı parladı:- «Əziz balalarım - deyə söhbətə başladı: — Hər dəfə sizinlə görüşəndə uşaqlıq illərim yadıma düşür. O illərin indi də unuda bilmirəm. Çox ağır illər idi. Atam ailəmizi dolandırmaq məqsədi ilə səhərdən-axşama kimi torpaqda çalışırdı. Ömrü-günü əkin-biçində keçirdi. Amma yenə yoxsulluğun daşını ata bilmirdik. Mən atamın ən yaxın köməkçisi idim. Atam yeddi evlad böyüdürdü. İlk illər çox çətinlik çəkirdik. Köhnə dünyadan miras qalmış qara daxmalarda yaşayır, hisli çıraq yandırdıq. Qışda palçıqdan, yayda toz-torpaqdan nəfəs almaq olmurdu. Lakin illər keçdikcə güzaranımız yaxşılaşmağa başladı. Mən yazı-pozunu öyrəndim, təhsil almaq üçün Borçalı qəzasının Ağbulaq kəndindəki yeddillik məktəbə daxil oldum. Günlər bir-birini əvəz etdi.Məktəbi bitirdikdən sonra doğma kəndimizə qayıtdım və 1928-ci ildə ilk dəfə əmək fəaliyyətinə kəndimizdəki ibtidai məktəbdə müəllim kimi başladım»...Nadir baba öz xatirələrini yavaş-yavaş, aramla nağıl edir, şagirdlər isə sakitcə, böyük bir maraqla onu dinləyirdilər. Nadir babanın sözlərindən məlum oldu ki, o, doğma kəndində müəllim işlədikdən sonra 1933-cü ildə kənd Sovetinə katib seçilmiş, rayonda xalq təsərrüfatı qeydiyyat bölməsinin sahə müvəkkili olmuş və hesabdarlıq kursunu bitirdikdən sonra, 1936-cı ildə Darbaz kəndindəki kolxozda hesabdar işləmiş və həmin ildən təbliğatçılar kursunun müdavimi olmuşdur. Darbaz kəndində kolxoz sədri, rayon dövlət bankının kolxoz müfəttişi və digər vəzifələrdə çalışmışdır...Nadir baba bir az xəyala daldı və kövrələrək söhbətini davam etdirdi:- «1941-ci il 22 iyun. Azğın faşistlər qəflətən xaincəsinə, quldurcasına müqəddəs torpağımıza soxuldular. Müharibə başlandı. Bütün sovet xalqı kimi, kəndimizin cavanları da tezliklə əllərinə silah alıb, Vətənimizi qorumaq, yağı düşmənlərdən xilas etmək naminə müharibəyə yollandılar. Onlar arasında mən də var idim. Mən, 1941-1943-cü illərdə Şimali Qafqaz cəbhəsində tank batalyonunda rota komandiri kimi döyüşürdüm. Lakin Berlinədək getmək, arzuma çata bilmədim. 1943-cü ilin son günlərində vuruş zamanı ayağımdan yaralandım».- Nadir baba! Zəhmət olmazsa, həmin anları ətraflı danışmağınızı xahiş edirik, - deyə dilləndim.- Niyə zəhmət olur?.. Biz yaşlıların vəzifəsi bizi əvəz edəcək gələcəyimiz olan gənclərə xidmət etmək, onlara uğurlu yol göstərmək, öyüd-nəsihətlər vermək, keçmişimizi, tariximizi öyrətməkdir, əzizlərim!.. Baş üstə söylədim...» - dedi Nadir baba: «Artıq Sovet İttifaqı torpağının bir hissəsini «əldə edən» düşmən Şimali Qafqaza da can atırdı. 1942-ci ilin iyul ayında böyük bir qoşun birləşməsi bol taxıllı Kuban vilayətini, Qroznı və Bakı neftini ələ keçirmək üçün Don çayını keçib cənuba doğru üz qoydu. Döyüşlərdə zəif düşmüş sovet qoşunları geri çəkilməli oldular. Avqust ayında Hitlerçilər Krasnodarı, Stavropolu, Maykopu tutdular; onlar Bakıya doğru can atırdılar, lakin Baş Qafqaz sıra dağlarının ətəklərində onların qarşısı alındı. Sovet qoşunları özlərinin beş aylıq gərgin müdafiəsi ilə alman-faşist komandanlığının Zaqafqaziyanı, Qroznı və Bakı neftini ələ keçirmək planlarını pozdu. Qafqazı Sovet İttifaqının bütün millətlərindən olan döyüşçülər müdafiə edirdilər...1943-cü ilin mart ayının axırlarınadək davam edən hücum zamanı sovet qoşunları faşist işğalçılarını Volqadan və Qafqaz sıra dağlarından 600-700 kilometr geri oturtdular. Stavropolu, Krasnodarı, Rostov-Donu, Voroşulovqradı, Voroneji, Kurskı, Belqorodu, Velinkiye-Lukini, onlarla başqa şəhər və yüzlərcə, minlərcə kəndi azad etdilər. Milyonlarla insan faşist köləliyindən azad olundu. Hitlerçi işğalçıların Vətənimizin ərazisindən kütləvi surətdə qovulmasına başlandı. Gecə yarı idi. Göz-gözü görmürdü. Uzaqlarda, ara-bir göyə atılan fişənglər kiçik bir zolaq kimi havanı yarır, parlaq işıq saçır və bir az sonra sönürdü. Ətraf dərin sükuta qərq olmuşdu. Bu qaranlıq gecədə yalnız uzaqdan suların ahəngdar axını dalğaların pıçıltısı eşidilirdi... Belə bir gecədə ən şücaətli əsrgərlərdən ibarət bir dəstə qabağa düşdü. Qalanları da onların ardınca. İvanovka kəndinə doğru irəlilədik. Kəndə yaxınlaşan zaman hava artıq işıqlaşmışdı, ətrafdakı təpələri, kolları seçmək olurdu. Burada bizi faşistlərin güllə yağışı qarşıladı. Lakin biz artıq öz yerimizi tutmuşduq. Amansız vuruş başlandı. Biz düşmənin şiddətli müqavimətini qıraraq vuruşa-vuruşa, ucadan «Vətən uğrunda irəli!» deyir, bir-birimizi daha da ruhlandırır və qabağa cumurduq. Toplar guruldayır, düşmən mövqeləri göyə sovrulurdu. Birdən qarşıdakı meşədən alman tankları çıxdı. Tanklar bu anda atəş açmağa başladı. Vuruş daha da qızışdı. Belə ən dəhşətli dəqiqələrdə, göydən dolu kimi atəş yağdırılarkən mən səngərdən-səngərə yüyürür, rotaya rəhbərlik edirdim. Çoxluğu təşkil edən düşmənlər getdikcə azalır, onların cəmdəkləri yerə sərilir, tankları alışıb yanırdı. Aramsız vuruş gedirdi. Birdən ayağımda yandırıcı isti duydum, sonra böyük ağrı hiss etdim; faşist gülləsi sol baldırımı dəlib keçmişdi. Çoxlu qan itirdim. On beş gün özümü bilmədim. Bir də ayılıb gördüm ki, xəstəxanadayam. Başımın üstündə oturub üzümü yelləyən qız, ayıldığımı görüb sevindi, onun gözləri yaşardı: «Allaha min şükür, allaha min şükür!» - deyə salavat çəkdi. Bu sarışın saçlı qız sonra əhvalatı mənə danışdı. Dedi: «Sən ölümdən qurtardın. Çoxlu qan itirmişdin. Şəfqət bacısı səni qızğın döyüş meydanından qəhrəmancasına çıxarıb...»Hərbi xəstəxanada müalicə olundum. Mənim bir daha döyüşən orduya qayıtmağıma icazə verilmədi. Arxa cəbhəyə qayıtdım. Burada da öhdəmə düşən işə həmişə məsuliyyətlə və əsl insan prinsipiallığı ilə yanaşdım. Odur ki, hökumətimiz tərəfindən layiqincə qiymətləndirildim, dəfələrlə mükafatlar aldım, pulsuz «Zaporojest» minik avtomobilinə layiq görüldüm. Gördüyünüz bu orden və medallarla təltif olundum».Nadir baba sinəsini bəzəyən «Qırmızı ulduz», «Vətən müharibəsi» ordenlərini, «Qafqazın müdafiəsinə görə», «1941-1945-ci illərin Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə», «1941-1945-ci illərin Böyük Vətən müharibəsində şərəfli əməyə görə», «SSRİ-nin Silahlı Qüvvələrinin 50 illiyi münasibətilə» və başqa medallarını göstərdi. Onun sinəsində parlayan medalların sayı nə az, nə çox, düz 12 ədəd idi. Hələ yarış qalibi döş nişanlarını demirəm. Ən böyük mükafatı isə xalq məhəbbəti, el-oba məhəbbəti idi Nadir babanın!..Nadir babanın söhbətindən daha sonra məlum oldu ki, o, müharibədən arxa cəbhəyə qayıtdığı vaxtdan 1947-ci ilədək Bolnisi Rayon İcraiyyə Komitəsinin kartoçka bürosunun müdiri, sonra iki il həmin rayonda tədarük kontorunun direktoru, daha sonra dörd il doğma Darbaz kəndində kolxoz sədri, Darbaz Kənd sovetinin sədri və digər vəzifələrdə işləmişdir.- Dünyada bircə arzum var: yer üzündə sülh bərqərar olsun! - deyə Nadir baba ürəkdən dillənərək söhbətini sona yetirmək istəyirdi ki, elə bu vaxt dörd yaşlı nəvəsi Namiq bizə yaxınlaşdı:- «Buyurun, süfrəyə yaxın oturun, isti çörək yeyin, fırından yenicə çıxıb» - dedi.Nadir babanın qırışıq sifətində sevinc, dodaqlarında təbəssüm parladı.O: - Hə, buyurun. Sonra söhbətimizi davam etdirərik, - söylədi......Haqqında danışdığımız mərhum gözəl insan 1909-cu ildə dünyaya göz açıb. Valideynlər övladlarına Nadir adı qoyublar. «Adınla yaşa, oğul!» - deyiblər...Aylar, illər ötüb keçib. Nadir böyüyüb boya-başa çatıb, qarşısına bu məqsədi qoyub: «Adımı doğrultmalıyam!»...Aylar, illər bir-birini arxada qoyub. Nadir Rüstəm oğlu təhsil alıb, əmək fəaliyyətinə başlayıb. 1982-ci ilə qədər əsl əməksevər insan kimi çalışıb, müharibə və əmək veteranı adı alıb, orden və medallarla təltif olunub, həyat yoldaşı Toqqu nənə ilə birgə səkkiz övlad böyüdüb, ərsəyə çatdırıb, 24 nəvə, 5 nəticə səsi eşidib, neçə-neçə ömrün yolunda şam olub, işıq saçıb, neçə-neçə gəncə yol göstərib, əsl vətəndaş kimi ucalıb... özünün müqəddəs arzu və məqsədinə çatıb - adını doğruldub və...1986-cı ilin yanvar ayında ƏBƏDİYYƏTƏ qovuşub... Nadir baba haqqında olan fikirlərimizi «Qələbə bayrağı» qəzetinin 4 yanvar 1986-cı il tarixli nömrəsində dərc olunmuş nekroloqun son sətirləri ilə bitirmək istəyirik:«...Nadir Rüstəm oğlu Əhmədovun parlaq xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır!»P.S.: Əziz oxucular! Sizə təqdim etdiyimiz xatirə-oçerk on il əvvəl yazılsa da, yəqin ki, bu gün də öz oxunaqlığını itirməyib. Çünki 60 il əvvəl faşistlərə qarşı ön cəbhədə igidliklə vuruşan, yaralanandan sonra arxa cəbhədə əsl vətəndaş kimi çalışan Nadir babanın həyat yolu bu gün - faşistlərdən də alçaq, qəddar, vəhşi və azğın ermənilərə qarşı müharibə apardığımız bir vaxtda çoxlarına nümunə ola bilər!..Müşfiq BORŞALI,1991-2001.(Bax: Müşfiq ÇOBANLI. Ölməzlik. “Ziya” qəzeti, 1992).(Bax həmçinin: Müşfiq BORÇALI. "Borçalı Ensiklopediyası". III cild. Borçalı Ulduzları. Bakı, 2001-ci il. Səh.59-64).. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.