XALQ QƏHRƏMANI DARVAZLI MEHRALI BƏY Darvaz, Dünya, Turan 8 сентября 2019 XALQ QƏHRƏMANI DARVAZLIMEHRALI BƏY(MƏMİLİLİ MEHRƏLİ BƏY ABDULLA OĞLU) (1836-1906) Mehralı bəy Tiflis vilayətində - qədim Borçalı mahalının Bolus (indiki Bolnisi) rayonundakı Darvaz kəndində anadan olub, Yəməndə dünyasını dəyişib, Acı yurdda dəfn olunub. O, Türkiyənin xalq qəhrəmanıdır. Türkiyədə Mehrəli bəyi xalqımızın "İkinci Koroğlu"su və "İkinci Battal Qazi"-si adlandırırlar... Mehrəli bəyə xalq arasında "Möhür Alı" da deyilir. Bu da, hər şeydən əvvəl, xalqımızın ona olan inamı, hörməti ilə bağlıdır.Elmlər doktoru, dosent Doğan Qaya "Bir dastan qəhrəmanı: Mehrəli bəy" adlı tədqiqatında yazır: (Bax: Doğan Qaya. "Bir dastan qəhrəmanı: Mehrəli bəy". "Halk kültürü", elmi əsərlər külliyatı, İstanbul, aprel 1984, səh 81-96. Həmin əsər Müşfiq Çobanlı tərəfindən Azərbaycan dilinə uyğunlaşdırılmış, professor Mədəd Çobanovun redaktorluğu və geniş Ön sözü ilə 2001-ci ildə “Borçalı” nəşriyyatı tərəfindən ayrıca kitab şəklində nəşr olunmuşdur).(Həmçinin bax: Müşfiq BORÇALI. "Borçalı Ensiklopediyası". III cild. Borçalı Ulduzları. Bakı, 2000-ci il. Səh.18-26)."Mehrəli bəyin həyatı haqqında bə'zi mə'lumatlar, əhvalatlar oxucularımıza qeyri-dəqiq, məntiqsiz çatdırılıbdır. Onu da qeyd etmək istəyirəm ki, bunlarda da bir həqiqət vardır. Çünki mə'lumatların əksəriyyəti şifahi şəkildə yayılmışdır. Bu da bir həqiqətdir ki, xalqımız onun igidliyini, şücaətini və qəhrəmanlığını nəzərə alıb, onu yüksəltmiş, adına dastan bağlamış və o da dastanın baş qəhrəmanı kimi tərənnüm edilmiş, onu dastan qəhrəmanı kimi görmüş, haqqında saysız-hesabsız dastanlar, nağıllar söyləmişdir... Yayılan və bilinən dastanlardan başqa, mən də Toqatlı Aşıq Püryandan üç dastan yazaraq, onu mənzum parçalar bölümünə əlavə etmişəm... Mehrəli bəyin həyatı bütövlükdə bir film mövzusudur". Bütün bunlar göstərir ki, Mehrəli bəy əsl xalq qəhrəmanı, xalq məsləhətçisi, el ağsaqqalı olmuşdur...Darvazlı Mehrəli bəy qarapapaq-tərəkəmə türklərindəndir. Onun babası Məmilinin adı ilə başlanan şəcərəyə görə, Mehrəli bəyin Məhəmməd Əli, İsa bəy, Alı bəy adlı qardaşları və Hürü xanım, Kəzban (Tükəzban-M.Ç) adlı bacıları olmuşdur. Həmin şəcərəyə görə, Mehrəli bəyin bir övladı — Rüştü bəy adlı oğlu olmuşdur. Rüştü bəyin anadan olduğu il dəqiq mə'lum olmasa da, Mehrəli bəyin Türkiyəyə getməsi ilinə görə təxmin etmək olur ki, Rüştü 1875 və ya 1876-cı il Pirdə anadan olub. O, 22 mart 1932-ci ildə vəfat etmişdir. Həmin şəcərəyə görə Rüştü bəyin 9 övladı olmuşdur. Onun Nurəddin, Mehrəli, Kamran, Turqut, Şəmsəddin adlı oğlanları və Zəkiyyə, Şahdanə, Məleykə, Saniyə adlı qızları olmuşdur."Mehrəli bəy lap kiçik yaşlarından at minməyi, at çapmağı, silah qurşamağı, silah işlətməyi bacarıqla öyrənmişdir. O, qısa boylu, kök, qarayanız və sevimli bir gənc idi. Gənc yaşlarından gözüaçıqlığı, cəsarəti, mərdliyi və çevikliyi ilə dillərdə dastan olmuşdur".Mehrəli bəy təxminən on yeddi yaşında olanda atasını itirir. Rus hökumət mə'murları Mehrəli bəyin atası Abdullanın cənazəsini, mə'lum olmayan səbəblərə görə, müsəlman qəbristanlığında adət-ən'ənə ilə dəfn etməyə icazə vermirlər, onu zorla xristian (kafir) qəbristanlığında dəfn etdirirlər. Civar kəndlərindən olan qarapapaqlar, çərkəzlər, çeçenlər, ləzgilər Darvaz kəndinə gəlib Mehrəli bəyə baş sağlığı verirlər..."Mehrəli bəy, o gecəsi yuxusunda atasını görür. Atası hiddətlənir: "Utanmırsanmı? Məni o qəbristanlıqda necə dəfn etdin? Yazıqlar olsun sənə! Əgər, mənim cənazəmi bu kafirlərin arasında qoysan, əməyim sənə haram olsun!” - deyir.Yuxunun (rö'yanın) tə'siri ilə oyanan Mehrəli yatağında qövr edir, o yana-bu yana çevrilir, yuxusu ərşə çəkilir. Atasının həyatı onun gözünün önündən çəkilmir. O, qılıncını belinə bağlayır, xəncərlərini qurşağının arasına sancır, əlinə qazma və kürək alır, evdən çıxır. Artıq, gecə yarısı olduğu üçün kənd camaatı dərin yuxuda idi. Mehrəli birbaşa məzarlığa doğru gedir.Mehrəli bəy qısa boylu olsa da, cəldliyi və çevikliyi sayəsində bir həmlədə yüksək divardan o üzə atlanır, növbətçilərə görünmədən atasının məzarının yanına gəlir, məzarı qazır və atasının meyidini qəbirdən çıxarır. Bir an öncə oradan uzaqlaşmaq düşüncəsi ilə atasının meyidini ombuzuna alır, iri və sakit addımlarla məzarlıqdan ayrılır. Bu zaman növbətçilər ona: - "Dur! Əllər yuxarı!" - deyə qışqırırlar. Mehrəli, atasının meyidini yerə qoyur, amma yerə qoymağı ilə bərabər onların üstünə aslan kimi şığımağı bir olur. Döyüş məharəti sayəsində növbətçiləri öldürür.Mehrəli yenidən atasının meyidini omuzlarına alıb müsəlman məzarlığına gətirir və orada dəfn edir... O, səhərə yaxın evinə gəlir. Olub-keçəni özündən böyük olan ikinci qardaşı İsa bəyə və anasına söyləyir... Və bundan sonra qaçıb dağlara çıxmağı qərara alır...Mehrəli Keçəli kəndinə gedir. Orada atasının dostu Əhməd ağanın evində qonaq olur. O, bütün təfsilatı ilə hər şeyi Əhməd ağaya və onun arvadına danışır. Elə, bu zaman, könül verdiyi Bahar xanımı da orada görünür...Mehrəlinin gördüyü işi ertəsi gün, demək olar ki, hamı duyur. Tiflis valisinin əmri ilə kəndi yoxlayırlar. Onun Keçəliyə getdiyini öyrənirlər. Keçəlidə Əhməd ağanın evini dörd tərəfdən mühasirəyə alırlar. Mehrəli bəy, tövlədə ikən atını minir, bir mahmız vurmaqla şahə qaldırır, ikinci mahmızla yel kimi mühasirədən çıxır. Qapı önündəki iki əsgəri tapdalayıb, özünü atın qarnının altına sıxaraq sür'ətlə oradan uzaqlaşır (Mehrəli bəy, atıcılıqda olduğu kimi; at minməkdə də çox usta idi. At son sür'ət götürərkən dolaşdığı, atın sırtında ayağa durduğu, yaxud ayağa qalxdığı, belə hallarda da istədiyi hədəfi vurmaq bacarığına malik olduğu söylənilir).Mehrəli, gecə yarısından sonra evlərinə gəlir. Anası ilə gizlincə görüşüb onunla vidalaşır və Darvazdan uzaqlaşır. O, gecəni dağda keçirir. Ertəsi gün bir çobana rast gəlir, onun yanında yeyib qarnını doyurur. Sığınacaq yeri olaraq, düşündüyü İrana keçir.Tiflis valisi, Mehrəlinin evindən qaçdığını öyrənincə, irəli gələnləri toplayır, onlarla hərəkət edir. Komandirlər öz əsgərləri ilə bütün ətraf bölgələrə yayılıb rast gəldikləri kəndlərdə türklərə zülm edirlər. Bu arada Dovşanquloğlu Hüseynlə Dalaverli Mansur da dağlarda idilər.Bütün bunlar Rusiya çarı II Aleksandra (1855-1881) çatdırılmışdı. O, Türk tayfalarının yoxlanması üçün əmr verir. Bunun üçün yoxlamalar keçirilməsinə icazə verilir.İzi itirilmiş olan Mehrəlinin harada olduğunu Keçəli kəndindən Hacı Vəli ruslara xəbər verir. Tiflis valisi də öz növbəsində bu xəbəri bir məktubla Rusiya çarına bildirir. Mehrəlinin İranda olduğu xəbərini alan Çar Şaha (İrana) bir namə (məktub) yazıb, Mehrəlinin tutulub Rusiyaya göndərilməsini xahiş edir.İran polisləri Mehrəlinin harada olduğunu öyrənir və ora yollanırlar. Elə həmin anda şübhələnən Mehrəli ikinci mərtəbədən əsgərlərdən birinin atına atlanaraq oradan uzaqlaşır. O yenidən Rusiyanın müstəmləkəsi olan bölgələrə keçir, evlərinə gedir, anası və qardaşları ilə görüşür. Ağabəy İsa Mehrəliyə özlərinə hücum edəcəklərini, yalnız başqa bir şey edə bilməyəcəklərini söyləyir. Dalaverli Mansur və Dovşanquluoğlu Hüseynlə birlikdə olmasının lazım gəldiyini söyləyir (Dalaverli Mansur əsəbiləşib çobanını bıçaqla öldürdüyünə, Dovşanquluoğlu Hüseyn də zəngin, varlı bir türkü yaraladığına və hər ikisi ruslara təslim olmadıqlarına görə dağlara çəkilmişdilər. Yazıq Hüseyn, gəncliyində ac qaldığı vaxtlar, mal otaran cocuqların çörəklərini əllərindən alırdı: "Sizə dovşan qulağı düzəldəcəyəm", - deyərək çörəyin sağından-solundan yeyib qarnını doydurardı. Buna görə də, ona "Dovşanquluoğlu" ləqəbi verilmişdi).Mehrəli ertəsi gün bir çobanla Mansura və Hüseynə xəbər göndərir. Nəhayət, onlarla görüşür, birlikdə gəzməyə başlayırlar. Bir rus öldürən Kələninoğlu Hüseyn də bunlara qoşulur. Rusların türklərə etdikləri zülmün əvəzində Mehrəli və arkadaşları rus kəndlərinə dəhşətli atəş açardılar. Beləliklə dördünün də şöhrəti gündən-günə eldə-obada yayılır.Hər gün valiyə şikayətlər gəlməyə başlayır. Vəziyyətdən xəbərdar olan Çar II Aleksandr dövlət idarələri işçilərinin toplantısını keçirir. Nəticədə, günahları nisbətən az olan Mansurun və D.Hüseynin günahları bağışlanır. Mehrəlini yaxalayanı rütbə və pulla mükafatlandıracağını xalqa çatdırır". Bu məsələdən gizlincə hali olan Mansur və Hüseyn rus hökuməti qarşısında inamını artırmaq üçün Darvaza gəlir, Mehrəli bəyin ailəsinə işgəncə verir və böyük qardaşı Məhəmmədəlini öldürürlər. Mehrəli bəy bunu eşidən kimi, Mansurun arvadını dağda-dəyədə həbs edir... Mehrəli bəy rus hökumətinin əlinə keçəcəyindən ehtiyat edərək Türkiyə torpağına keçir, Arpaçay qəzasında qarapapaqların kəndlərini özünə sığınacaq seçir... Hər birinin tabeliyində dörd-beş yüz atlı olan Mansur, Hüseyn, Musa Çavuş, "atasının dostu" Qərib ağa dağlar qartalı, ellər qəhrəmanı Mehrəli bəyi izləyirlər... Mehrəli bəy ilk döyüşdə Musa Çavuşun dəstəsini dağıdır və Musa Çavuşu öldürür... Mehrəli bəyi arxadan izləyən, Qərib ağa da döyüşdə yaralanır... Hüseyn Dovşanquluoğlu xaincəsinə Mehrəli bəyi yaralayır. Mehrəli bəy gözünü açanda Qars həbsxanasında olduğunu görür, bir neçə gündən sonra həbsdən qaçıb Arpaçay qəzasına qarapapaqların yanına gəlir. O, Maraşlı kəndində bir ailənin qapısını döyür. Təsadüfə bir bax ki, "bu ev, bir az öncə öldürdüyü Musa Çavuşun atasının imiş". Mehrəli bəy başına gələn hadisələri olduğu kimi ev sahibinə söyləyir. Lakin ev sahibi ona heç bir söz demir. Amma Mehrəli bəyin kim olduğu Musa Çavuşun qardaşlarına bəlli olur. Mehrəli bir az karıxır... Ev sahibi Mehrəli bəyə deyir: "Biz səni Musa Çavuşun yerinə qoyduq. Sən də bundan sonra bizim oğlumuz sayılırsan". Bir ay Mehrəli bəyə qulluq eləyirlər, gedəcəyi gün ən yaxşı bir at ilə Musa Çavuşun qılıncını ona hədiyyə verirlər. Həm də ev sahibi altı oğlunu da Mehrəlinin yanına qatır və uğurlar arzulayır. Elə bu ərəfədə 1877-1878-ci illərdə rus-türk müharibəsi başlanır...Beləliklə də, Mehrəli bəyin Türkiyə həyatı başlanır... Mehrəli bəy ətrafına yüz iyirmi nəfər atlı igid toplayır; onlar rus ordusuna qəfildən zərbələr endirir, ordu arasında iğtişaşlar törədirlər. Çar hökuməti qarapapaqlarla bacarmayacağını hiss edərək, rus ordusunda xidmət etmək şərti ilə Mehrəli bəyin bağışlanacağı qərarını verir: "Rusiya hökuməti... hərbə razılıq versələr, rus ordusunda xidmət etmək şərti ilə ləzgi, çərkəz və qarapapaqlardan Mehrəli kimi məşhurları (igidləri) əfv edər". Mehrəli bəy rus hökumətinin bu qərarından sevinir və Qars Komandanı Hüseyn Hami Paşaya gizlin bir məktub göndərir. Həmin məktubda deyilirdi: "Əgər Osmanlı tərəfindən də əfv olunarsa, toplamış olduğu 120-yə qədər igid suvari ilə Orduya gəlib, eyni dinə qulluq edən orduda hərbi xidmətə başlamağa və canını verməyə hazır olduğunu bildirir". Bu məktuba əsasən, Mehrəli bəy əfv olunur və türk ordusunda şərəflə xidmət etməyə başlayır. "Beləliklə də, Mehrəli öz qardaşı Alını da yanına alır və öz dəstəsi ilə Çıldıra gəlir. Mehrəlini hörmət və ehtiramla qarşılayırlar, ona minbaşı (alay komandiri), qardaşı Alıya isə mülazim ( müavin) rütbəsi verirlər". Mehrəli bəy döyüşlərdə böyük şücaət göstərir, düşmənin həmlələrini dağıdır, onları pərən-pərən salır... Bu xəbəri alan Anadolu Hərb Ordusunun Baş Komandanı Əhməd Muxtar Paşa minbaşı Mehrəli bəyi təbrik və təltif edir. Qars uğrunda gedən döyüşlərdə Mehrəli bəyin alayı dalbadal rus ordusunu məğlubiyyətə uğradır və nəticədə Qars mühasirədən qurtarır. Baş Komandan Əhməd Muxtar Paşa Mehrəli bəyin döyüş cəbhələrindəki qəhrəmanlığı barədə ali dövlət orqanlarına mə'lumat verir. Bu mə'lumatı nəzərə alaraq Sultan Əbdülhəmid Anadolu cəbhəsində ilk dəfə Mehrəli bəyi “Məcidiyyə” nişanı ilə təltif edir, başda Mehrəli bəy olmaqla Borçalı qarapapaqları Ərzurumun müdafiəsində də qəhrəmanlıq göstərirlər... Sultan II Əbdülhəmid Mehrəli bəyə istədiyi yerdə yurd-yuva salmasına icazə verir. Mehrəli bəy xalq arasında "Böyük kənd", "Papaqlı kəndi", "Mehrəli bəyin kəndi" adı ilə böyük şöhrət tapmış Acıyurdda daimi məskunlaşır. Mehrəli bəy burada igid qarapapaqlardan ibarət olan məşhur "40-cı həmidiyyə süvari alayı" təşkil edir. Mehrəli bəy həmişə Sultan Əbdülhəmidin və Baş Komandan Əhməd Muxtar Paşanın, Qurd İsmayıl Paşanın diqqət mərkəzində idi...1877-1878-ci il müharibəsi başa çatır. Mehrəli bəy Sivasda yeni yurd saldıqdan təxminən on iki il sonra Bağdadda ərəblər Türkiyəyə qarşı qiyam qaldırır. Bu qiyamla bağlı olaraq Qurd İsmayıl Paşa Sivasa-Mehrəli bəyin yanına gəlir, ondan kömək istəyir. Mehrəli bəy vəziyyəti başa düşür və süvarilərini toplayıb Bağdada yola düşür... Bir az sonra Mehrəli bəy Bağdadda qiyamçıların təslim olmaları xəbərini göndərir... və onların əfv olunmasını Sultan Əbdülhəmiddən xahiş edir. Buna görə Bağdad valisi və qiyamın başçısı Mehrəli bəyə ən yaxşı cinsdən olan ərəb atı hədiyyə verir...Aradan bir müddət keçdikdən sonra ingilislərin təhriki və təbliği ilə Yəməndə ərəblər Türkiyə sultanlığına qarşı qiyam qaldırır... Mehrəli bəy süvari alayını toplayıb Yəmənə yola düşür. Lakin Mehrəli bəy istiyə dözməyib xəstələnir və 1906-cı ildə Yəməndə vəfat edir. Onun vəfat etməsi Türkiyədə ümumxalq matəmi kimi qarşılanır,təziyə saxlanılır, ehsan verilir. Mehrəli bəy ruhən ölməyib, əbədi yaşayır. Qars könüllü suvarisinin rəhbəri, Türk milli qəhrəmanı, minbaşı Mehrəli bəy Vətən torpağına düşmən olanların qənimi idi... Borçalının Darvaz kəndindən olan Mehrəli bəy yalnız Borçalının yox, bütövlükdə, Türkiyənin və Türk dünyasının xalq qəhrəmanıdır. Onun adına qəhrəmanlıq dastanları yaradılmış, abidələr qoyulmuş, adı dillər əzbəri olmuşdur. O, indi də hər bir türksoylunun qəlbində yaşamaqdadır...Müşfiq BORÇALI. (Bax: Doğan Qaya. "Bir dastan qəhrəmanı: Mehrəli bəy". "Halk kültürü", elmi əsərlər külliyatı, İstanbul, aprel 1984, səh 81-96. Həmin əsər Müşfiq Çobanlının təqdimatı ilə və professor Mədəd Çobanovun redaktorluğu və geniş Ön sözü ilə 2001-ci ildə “Borçalı” nəşriyyatı tərəfindən ayrıca kitab şəklində nəşr olunmuşdur).(Həmçinin bax: Müşfiq BORÇALI. "Borçalı Ensiklopediyası". III cild. Borçalı Ulduzları. Bakı, 2000-ci il. Səh.18-26).. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.