Şair, ağrıların güc gəldimi?!..

Şair, ağrıların güc gəldimi?!.. Elə insanlar var ki, onları tez-tez görmək, hal-əhval tutmaq, iç dünyanı bölüşmək istəyirsən. Bir növ bu da bəşərin ən ali varlığı olan insanın təlabatıdır. Və özüdə ən zəruri təlabatı. Hava kimi, su kimi...
... Eloğlumuz, dəyərli ziyalı, istedadlı şair-publisist Əlövsət Murad (Ağayev) da bizim üçün belə bir insan idi. Qəlbi təmiz və saf duyğularla dolu, əqidəsi-amalı xeyrxahlıq mücəmməsi, mükəmməlik zirvəsində əbədi yeri olan Əlövsət Murad! Nə tez dünyanı dəyişdin?! Əbədi və haqq mənzilinə qovuşdun! Niyə?! Bəlkə Qarabağ dərdi, Şuşa niskili əydi səni?! Bəlkə “Vətənsiz yaşama” poetik düşüncələrindən üzüldün, ağrıların güc gəldi sənə?!


Yaş töküb gözlərim selə dönübdü,
Yaralı balalar elə dönübdü,
Fidan qəbirləri külə dönübdü,
Torpağı talanan ömür istəməz.

İsmətim talanır düşmən əlində,
Qan iyi qoxuyur qönçə gülümdə,
Sözlərim don atıb qalıb dilimdə,
Torpağı talanan ömür istəməs.

Həsrətini, ağrını tək özününkilər çəkmir. Tanıyanlıarın, dostların , ədib çiyindaşların necə kövrəlir, necə sızıldayır? Uşaqlıq, gənclik illərini qoynunda yaşadığın, dərdini-sərini özününki bildiyin, xeyrində-şərində qol götürüb oynadığın bir kənd də var: Əliqulular kəndi. O kəndin böyüklü-kiçikli hər bir sakini Əlövsət Murad itkisini üzüntü, kədər hissi ilə qarşıladı. Şair dostun Sədaqət Vəlioğlu, məktəb psixoloqu Ağa Abdullayev, yaxın qohumun Əlizamin Əliyev yaxşılıqlarını, səninlə olan isti münasibətləri hər gün dilə gətirməsələr rahatlıq tapmırlar. Ötən ilin bir yaz günü qəlbimizi göynədən o üzücü xəbərə birlikdə getdik. Yalnız böyük tarixi şəxsiyyətlər sizin kimi doğulub boya-başa çatdıqları kəndin dərd-səri ilə yaşaya biliblər, onun qayğısını, problemlərini dilə gətiriblər. “Ağır elin ağır dərdi” əsərinizdə Vətənin bütövlüyü, onun qüdrəti, Qarabağ savaşı uğrunda kəndinin cəsur oğullarının qəhramanlığını dilə gətirirsən:

Hardasan ay Əhməd, gəzirəm səni,
Qalmayıb nişanə dost arasında.
Yaxıb-yandıracaq yoxluğun məni,
indi yaşayırsan haqq dünyasında.

Və bir də Sən əbədi dünyanla “Əliqulular” deyəndə köksümüz sevinclə dolub. Var ol, şair demişik!

El qədrini ər tək bilib, atalar,
igidləri qoşun basar ad alar.
Qoymarıq ki, Laçın yerin sar ala,
Qolu bükülməyən ərdi Əliqullar.

Əlövsət sənə çox şer yazdı,
Mənə yaz deyirlər, hələ bu azdı.
Əhdi-ehtibarı kişi tək düzdü,
Nər kimi yaranıb, nərdi Əliqullar.

Sənsiz keçən bayramlarda, anırığ səni. Mobilnimin mesajxanasındakı “Səxavət salam! Eşitdim kənddən çıxmaq istəyirsən. O fikrə düşmə ha, qardaşım!” sözlərini oxuyub təsəlli tapıram. Görəsən mənim kənddə yaşamağıma önəm verən Əlövsət Murad özü niyə bu dünyadan köç edib, dərdlərmizin üstünə bir dərd də əlavə etdi?!
...İçimdən ailə üzvlərin ilə bayramlaşmaq, hal-əhval tutmaq keçib. Əlaqə yarada bilməmişəm. Düşünmüşəm: 050 331-50-24 mobilni nömrəsini kim işlədir?! Görəsən yığmaq olarmı?!... Düşüncələrim qəhər və göz yaşlarım olub...
Həyat yoldaşın Qənaət xanım yoxluğuna “kişi kimi” dözür. İtkini içində çəkə-çəkə yeganə övladın Könül balamıza, dilinin əzbəri olan nəvələrin – Murada, Ləmana, Əsmərə və Yaşara təsəlli verir. Kürəkənin Rövşən müəllim necə işıqlı, yatımlı və yanımcıl bir bəydir. Ulu Tanrı onları qorusun! Hər görüşümüzdə necə dəyərləndiririk səni. Rövşən dostlarına, iş yoldaşlarına, səni anan hər kəsə qarşı diqqətlidir.
Şair, ağrıların güc gəldimi?!..
...Azərbaycan Yazıçılar Birliyinin Aran Bölməsinin sədri, “Ədəbiyyat” qəzetinin şöbə redaktoru, istedadlı şair Sərvaz Hüseynoğlu, prezdent təqaüdlü yazıçı Valeh Bahaturoğlu və mən əbədi dünyana qovuşmaqının birinci ilində, Əlövsət Murad anımında birlikdə olmağı, xatirələrimizi, bir illik ayrılığın hesabatını sənin ruhun qarşısında birlikdə verməyi qərara aldıq. Qardaş, ruhun qarşısında baş əyirik! Allah sənə rəhmət eləsin!..

Səxavət Tağlar,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
yazıçı-publisist.


.


Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: