SEVİNC AZADLI (1975)

SEVİNC AZADLI (1975) Sevinc Azadlı (Sevinc Səbzəli qızı Səbzəliyeva) - 1975-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Naxçıvan şəhərində, ali təhsilini Bakı şəhərində alıb. Bakı Asiya Universitetinin "Maarif, Tarix və İctimaiyyət" fakültəsini bitirib. Hələ uşaq vaxtlarından ədəbiyyatı sevib, poeziya həvəskarı olub. Məktəb illərində "Şərq Qapısı" qəzetində şeir və məqalələri dərc olunub. Lakin ailə vəziyyətilə əlaqədar olaraq 28 il qələmdən kənar qalıb. Son üç il ərzində yenidən yaradıcılığa qayıdıb. Müxtəlif qəzet və jurnalarda, bir neçə kitab və antologiyalarda, o cümlədən, “Zirvə”, “Zirvəyə ucalanlar”, “Zəfər”, “Şah dağı”, “Heydər zirvəsi”, “İlham çeşməsi”, “Şam işığı”, “Nur ocağı”, “Söz xəzinəsi”, “Qara-arxac” və s. ədəbi məcmuələrdə, “Borçalı”, “Şərqin səsi”, “Elm və Təhsil” qəzetlərində, “ZiM.Az”, “Zirve.İnfo”, “Yurd.İnfo.Az” və internet saytlarında bir sıra nəzm və nəsr əsərləri dərc olunub. Çox təvazökardır. Deyir ki, “Yazdıqlarımı şeir adlandırmaq olarmı,olmazmı, bilmirəm. Bircə onu bilirəm ki, şeirlərim ruhumdan doğulan körpələrimdir. Şeirlərim ruhumun özündən ələdiyi yeganə görünən "mən"dir. Onlar mənə Rəbbimin əmanətidir.”

Biz də belə gözəl duyğu və düşüncələri olan şairə Sevinc xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayırıq və aşağıda onun duyğu çeşməsindən qaynaqlanan müxtəlif səpkili bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
Ramilə ƏLİYEVA,
"Borçalı" nəşriyyatının redaktoru,
ZiM.Az



MƏNİ BU ARZUMA YETIR,
AY BAHAR!


Sənlə yaşıllaşan bağ eşqindəyəm,
Zirvəsi qar tutan dağ eşqindəyəm,
Xalqıma ən gözəl çağ eşqindəyəm,
Məni bu arzuma yetir, ay bahar!

Parlasın səmada Günəşim mənim,
Əlvan çiçək açsın çölüm, çəmənim,
Süfrəmi bəzəsin yaşıl səmənim,
Məni bu arzuma yetir, ay bahar!

Çatılsın tonqallar, yansın ocaqlar,
Ruziylə qoy dolsun bütün bucaqlar,
Sevgiyə açılsın isti qucaqlar,
Məni bu arzuma yetir, ay bahar!

Qalsın ötən ildə bütün dərd kədər,
Getməsin ömrümüz boşuna, hədər,
İstəklər çin olsun, varsa nə qədər,
Məni bu arzuma yetir, ay bahar!


BƏNÖVŞƏ

Yazdanmı küsmüsən, payızda açıb,
Salmısan özünü dilə, bənövşə.
Bu yorğun könlümü şad eyləmisən,
Dilə nə istərsən, dilə, bənövşə.

Bəlkə ilk bahara naz eyləyirsən,
Payızı döndərib yaz eyləyirsən,
Elə, nə eyləsən az eyləyirsən,
Nə etsən, xoş gələr ilə, bənövşə.

Bəs niyə vədəsiz açmısan, gülüm,
Dostdan, tanışdanmı qaçmısan, gülüm..,
Ətrafa gözəllik saçmısan, gülüm,
İyini aləmə çilə bənövşə.

Qorxmadınmı payız bir tələ qurar,
Səni çən bürüyər, boran, qar vurar,
Yağışı, leysanı qəsdinə durar,
Batırar üzünü lilə bənövşə.


A LALƏ

Günəşmi veribdir üzünə rəngi,
Yox bu gözəlliyin təni,a lalə?
Bağrının başına kim dağ çəkibdir,
Dağların ən gözəl bəni, a lalə.

A dağlar gözəli, a gözü qara,
De durum, mən indi baş alım hara,
Əlim də yetişmir o nazlı yara,
Dərim, tər götürüm səni, a lalə.

A ömrü qisadan qısa olanım,
A teli həsrətdən vaxtsız solanım,
İzin ver qadanı, bəlanı alım,
Sovursun, qoy rüzgar məni, a lalə.

Düz bir il üzünə həsrət qalacam,
Səni sənsiz belə, yada salacam,
Mən sənin ətrini nədən alacam?
Arxada burax gəl, çəni, a lalə.


BİR VƏTƏN VAR,
AZƏRBAYCAN ADINDA


Bir vətən var, Azərbaycan adında,
Şöhrətinə tarix özü şahiddir.
Hər həmlədə dəmir yumruq altında,
Kor qoyulmuş düşmən gözü şahiddir.

Bir vətən var, Azərbaycan adında,
Əsrlərin sınağına tab gələn.
Qadınları, kişiləri ərdir, ər,
Yaradandan yurd, yuvava bab gələn.

Bir vətən var, Azərbaycan adında,
Havasına, çörəyinə doyulmaz.
Torpağının hər qarışı candır, can,
Ət-dırnaqdır insanından soyulmaz.

Bir vətən var, Azərbaycan adında,
İgidləri dastan yazıb, ad qoyub.
Zəfər çalıb, bayrağını ucaldıb,
Düşmənlərə dağ çəkdirib, od qoyub.

Bir vətən var, Azərbaycan adında,
Tövrat, İncil, Quran ona dayaqdır.
Nə basılmaz, nə tapdanmaz heç zaman,
Bir yenilməz ordu var ki, oyaqdır.


NAXÇIVAN

Tarixi qədimdir, yaşı uludur,
Atdığı hər addım haqqın yoludur,
Azərbaycanımın vuran qoludur,
Canımdan bir parça candır Naxçıvan!

Qorxmaz övladları igiddir, nərdir,
Düşmənlə döyüşdə yenilməz ərdir,
Ağır sınaqlara çox sinə gərdi,
Xalqıma şöhrətdir, şandır Naxçıvan!

Ey dünya, yurdumun rənginə boyan,
Qalmayıb cahanda adını duyan,
Oyan ey kar qalmış cahil qalx, oyan,
Eşit gör necə bir sandır Naxçıvan!

O odlar yurdunun öz balasıdır,
Basılmaz, keçilməz bir qalasıdır,
Ruhum ancaq ondan can alasıdır,
Damarımdan axan qandır Naxçıvan!

Anadır, bizlərə o qucaq açan,
Alar ağuşuna istəsək haçan,
Sabaha bu gündən şəfəqlər saçan,
Parlaq Günəş doğan dandır Naxçıvan!


ORDA BİR EV

Orda bir ev məlul-müşkül dayanıb,
Gözü yolda, darıxıbdır mənimçün.
Çaydanının kəfi cadar atıbdır,
Çayniki də darıxıbdır dəmimçün.

Toz basıbdır pəncərəsin o qədər,
Bağ bağçası görünməyir bayırda.
Yolağası ayaq görmür nə vaxtdır,
Az qalır ki, evə girsin çayır da.

Dəyişilib boyasının rəngi də,
Küf bağlayıb divarları, tavanı.
Açılmayıb nə zamandan qapısı,
Unudubdur çoxdan təmiz havanı.

Bir vədələr külfət dolu bu evin,
Qulaqları indi batır sükutdan.
Ölən ölüb, qalanları köç edib,
Rəsmlərdir qalan tozlu vur-tutdan.

İndi evin sakinləri hörümçək,
Bəzəyisə toxuduğu tor olub.
Odu sönüb ocağında qalansa,
Xəfif mehə dingildəyən qor olub.

Durum gedim könlün alım bu evin,
Ruhu boğan havasını götürüm.
Nə qalıbsa, bundan sonra ömrümün,
Son günədək bucağında ötürüm.


SEVİNC AZADLI (1975) ÖLƏRƏM SƏNƏ GÖRƏ

Yeri gəlsə qorxmadan,
Ölərəm sənə görə.
Gəmim batsa yenə də,
Gülərəm sənə görə.

Həyat bitsin də neynim,
Qəti pozulmaz eynim.
Yaşamaq çəksə meylim,
Dilərəm sənə görə.

Çal edərəm başımı,
Kipriyimi, qaşımı.
Axan bu göz yaşımı,
Silərəm sənə görə.

Görsəm ki, üzün solub,
Qara buludtək dolub,
Astaca yağış olub,
Çilərəm sənə görə.

Bəxt yolunda getməsə,
Əlim sənə yetməsə,
Ömür vəfa etməsə,
Bilərəm sənə görə.


DAĞLAR, SƏNDƏ
CAVANLIĞIM QALIBDIR


Xatirəm var yamacında yalında,
Dağlar, səndə cavanlığım qalıbdır.
Təndir çörək, yağlı qoyun pendiri,
Ləzzəti bol yavanlığım qalıbdır.

Otlağında hey sürüşə-sürüşə,
Qoyun-quzu aparırdım örüşə,
Kaş bu günüm dünənimlə görüşə,
Dərdin məni intizara salıbdır.

Sökülmədən dan o başdan, hər səhər,
Toplayardım kəklik otu, qantəpər,
Onda vardı bədənimdə can, təpər,
Qocalığım ömrümdən bac alıbdır.

Zaman gələ ayrılığı bitirə,
Qandalımı açıb əlim ötürə,
Ayaqlarım məni sənə götürə,
Xəyallarım həsrətinə dalıbdır.


ALLAH

Hansı günahımın cəzadır ki,
Çəkirsən bir belə sınağa, Allah.
Güya ki, savabım çoxuymuş, amma,
Bəs niyə gəlirəm, qınağa, Allah?

Düz olan yolları əyri getmədim,
Ya pinə, ya tənə, ya lağ etmədim,
Həddimi gözlədim heç ağ etmədim,
Sədamsa xoş gəlmir qırağa, Allah.

Ürək bulandırıb, könül qırmadım,
Bədbəxtlik üstündən yuva qurmadım,
Həddim deyil deyə səndən sormadım,
Nəzərindən saldın irağa, Allah.

Dəyirman daşına güclü pəridim,
Dilbilməz yolunda belə qəridim,
Özümü şam etdim, yandım əridim,
Döndüm odu sönmüş çırağa, Allah.

Bir ömür yaşadım nə çox, nə də az,
Gileyli deyiləm, deyiləm sözbaz ,
İstərsən rəhm etmə, al qələmi yaz,
Əməl dəftərimdə varağa, Allah.


ANA DİLİM

Mən bu dildə göz açmışam bu dünyaya,
Məhz bu dildən ilham alır mənim səsim.
Mənim üçün ən alidir ana dilim,
Üzərində titrəyirəm əsim-əsim.

Bu dildəcə öyüd verib atam mənə,
Canım, gözüm qurban olsun dilim, sənə!
Ötüşsə də neçə aylar, neçə sənə,
Sən ol yetər ana dilim, mənim bəsim.!

Əcdadlarım tariximi sənlə yazdı,
Şərəfinə nə yazılsa, yenə azdı,
Hər bir sözün bir musiqi, xoş avazdır.
Sənlə laylay deyib anam, doğma kəsim.


ANA

Bilmirəm k,i nə yazım, necə vəsf eləyim ki,
Ana, sənin adına azacıq layiq olsun.
Necə möcüzə edim, hansı sirri tapım ki,
Nə bənizin saralsın, nə də ki, çöhrən solsun.

Necə edim ömrümdən ömrünə gün calayım,
Gücdən düşmüş dizinə necə güc olum, ana?
Titrəyən əllərinə, nurdan düşmüş gözünə,
Qırış basmış üzünə qurbandır solum, ana.

Yolumda agartdığın saçlarının qarasın,
Necə qaytarım geri cavanlığın darasın.
O iti yaddaşının zəif düşmüş halına,
Necə çarə edim bəs, bu zehninə yarasın.

A mənim yer üzündə qoruyucu mələyim,
Kaş elə qüvvəm ola səni qoruya biləm.
Zərif çiyinlərinin ağır yükünü alıb,
Baxışından tökülən dərdi, kədəri siləm...


ATAM

Göydə Yaradanımdır, yerdə sənsən and yerim,
Şax dayanan qamətim, önə əyilməz sərim,
Qızına oğuldan çox qiymət verən pərvərim,
Sirrimə sirdaş atam, bizlərə qardaş atam.

Fani dünya malına gözü-könlü tox adam,
Səndən ibrət almalı bu aləmdə çox adam,
Halala düşgün olan, haram yerdə yox adam,
Yarına sədaqətli, dost atam, yoldaş atam.

Zirvəsi qarlı olan əzəmətli dağımsan,
Tayın-bərabərin yox, mənim cənnət bağımsan,
Sənlə gözəldir yaşam, həyat dolu çağımsan,
Daim sənə möhtacam,yüzə çatsa yaş atam.

Sığındığım istehkam, fəth edilməz qalasan,
Ətəyində savabdır çöküb namaz qılasan,
Sənsiz pöhrələnmərik yad budağa calasan,
Biz səndə kök atmışıq torpaq atam, daş atam,
Dünyanın özündən də uca atam, baş atam...


BUNDAN SONRA HƏSRƏTİN
ÖZÜ DƏ SƏN QOXACAQ.


Bundan sonra fərq etməz mənə gündüzlə, gecə,
Günəş hayandan doğub, ya batacaqdır necə.
Dağlamısan köksümü, bunu bilirəm bircə,
Bundan sonra həsrətin özü də sən qoxacaq.

Necə ki, çəkib getdin gözümdən ilim-ilim,
Səbəbini məsləhət görmədin belə bilim,
Ağzımda qovrulacaq, kül olacaqdır dilim,
Cümləmin hər kəlməsi, sözü də sən qoxacaq.

Gözünü də qırpmadan eşq girdabına atdın,
Əhsən sənə başımı özümə yaman qatdın,
Sinəmdə tonqal qurub yaxşı bir ocaq çatdın,
Bundan sonra o odun közü də sən qoxacaq.


BİZ ADLI BİR SEVDANIN
ÜNVANINA ÇATMADIM


Sənə gələn yolların dolanbacında itdim,
Həsrət adlı dən düşdü əvəzinə mən bitdim,
Hansı səmtə yönəldim, hansı tərəfə getdim,
Biz adlı bir sevdanın ünvanına çatmadım.

Ağlımın bir küncünə adın şərtsiz yazıldı,
Bu əlçatmaz sevdamsa dəliliyə yozuldu,
Nigaran qaldım səndən, rahatlığım pozuldu,
Yuxu üçün bayıldım, amma, gecə yatmadım.

Göz önündə xəyalın tez-tez dolandı, durdu,
Meydanda at oynadan qəlbim şıdırğı vurdu,
Zaman öz saatının milin keçmişə qurdu,
Keçdi deyib bir anın yaddaşımdan atmadım.


İLAHİ

Sənin rəhmətindən xəlq olmuşam mən,
Üstü açılmayan sirdən, İlahi.
Qanadı çıxmamış mələk kimiydim,
Zərrə seçilmirdim dürdən, İlahi.

Bir qətrə su idim, insan yaratdın,
Ali yaranışın dibinə çatdın,
Bu yer kürəsinə bir toxum atdın,
Cücərdib etmisən bir dən, İlahi.

Qəbahət nə vardı, onu elədim,
Ən əvvəl özümə yaxşı dilədim,
Dilimlə ətrafa zəhər cilədim,
Sonra mədət umdum pirdən, İlahi.

Mənə insanlığı vermisən hədər,
Çünki bəxş edirəm ətrafa kədər,
Həya eyləmirəm heç zərrə qədər,
Gözümün içində tirdən, İlahi.

Cənnətin bağından alma da yedim,
Özümə dünyanın şahı da dedim,
Qıyma hüzuruna günahla gedim,
Arındır, nə olar kirdən, İlahi.

Olmadım qoyduğun yolunla gedən,
Səni danaramsa tökülər didəm,
Mən günah işləyən, sənsə əhv edən,
Salma nəzərindən, birdən, İlahi.

ZiM.Az


SƏHİD ADIN

Bu yazın da gəlişi ağır oldu nəisə,
Yenə neçə ocağın oduna qan töküldü.
Neçə-neçə ananın gözləri yaşlı qaldı,
Neçə-neçə atanın beli tamam büküldü.

Yenə doğma torpağa mənfur düşmən təpildi,
İyrənc caynaqlarını vətənimə atmağa.
Güllələr oğulların sinəsinə səpildi,
Amma, aman vermədi düşmən kama çatmağa.

Döyünən ürəyimsiz, düşmənə vuran qolum,
Mayası Koroğludan ərən yoğrulanlarım.
Şəhid adlı ən ali namına qurban olum,
Anaların bətnindən aslan doğulanlarım.


PƏRT DÜŞƏRSƏN

At oynatma bəni adəm, bir gün gələr,
Çapdığın o boz at sənə qənim olar.
Atar səni yəhərindən kaf keçərsən,
Ağrısından başın dönər, rəngin solar.

Güvəndiyin dağlarına qar ələnər,
İnam adlı bağ-baxçanı ayaz vurar.
Ümidinin ortasında çat yaranar,
Ağrısına tab gətirməz, ürək durar.

Tale sənə kələk gələr, oyun oynar,
Adını da unudarsan, pərt düşərsən,
Səd hörülər dərdlərindən qala kimi,
Keçəmməzsən, ilişərsən sərt düşərsən.

Yazın gəlməz, qışın yenə davam edər,
Həsrət qalar çəmanzarə bülbüllərin.
Ürəyində toxum səpib cücərtdiyin,
Nə boy atar, nə bar verər sünbüllərin.


QAZANARDIN BİR ÖMÜRLÜK SAVABI

Həsrətindən əriyirəm şam kimi,
Gücüm çatmır bircə addım getməyə.
Bu nə sirdir heç özüm də bilmirəm,
Taqətim yox durub nəsə etməyə.

Pardaxlanıb ürəyimin telləri,
Hər yerindən qara qanlar süzülür.
Ərkim çatır tək gözümün yaşına,
Mirvari tək yanağıma düzülür.

Nə olardı görərdin sən içimi,
Görərdin ki, necə tüğyan eyləyir.
İnan səni qınamıram ay adam,
Bir sevməyən, bir sevəni neyləyir.

Sınağımda ağır olan suala,
Sən bəxtimin kəsir düşən cavabı.
Nə olardı zamanında gələrdin,
Qazanardın bir ömürlük savabı.


SƏNİN

Yenə nə olub belə, dəliliyin tutubdur,
Elə bil ki, gəmini nəhəng dərya udubdur,
Gileylənib bəxtinə deyirsən ki, vurubdur
Qəlbinə yara sənin.

Harda itirdin belə yolağanı, yönünü,
Sanki gözün kor olub, heç görmürsən önünü,
İnanmazdım heç zaman, bu yoxluğum gününü,
Edərmiş qara sənin.

Peşman olma yazıya, demə səni itirdim,
Nə olsun k,i ömrümü belə qısa bitirdim,
Bu yorğun ürəyimin parasını götürdüm,
O qalan para sənin.

Yaşamağa davam et, addımlama yerində,
Qarşına biri çıxır, əlbət, günün birində,
Olar, bəlkə, tapılar onun şirin dilində
Dərdinə çara sənin.


VERSİN O DÖZÜM

Həsrətəm gül üzünə, gəl ki, gülüm, gülsün üzüm,
Boynuna çox yaraşar qoy elə mirvari düzüm,

Qorxuram agah ola, el də mənə töhmət edə,
Aşikar eyləməyim qoy elə xəlvətdə süzüm.

Yaradan öylə gözəl xəlq eləmişdir ki səni,
Kor olaydı nə edim kaş sənə baxmazdı gözüm.

Səni görcək qarışır külli ilə əhvalım,
Kəsilib nitqimə düşmən daha yoxdur ki, sözüm.

Rəbbimin dərgahına əl açaraq yalvarıram,
Ya məni nist eləsin, ya da ki, versin o dözüm.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: