Azərbaycan Texnologiya Universiteti bu gün

Azərbaycan Texnologiya Universiteti bu gün Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev fenomeni öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə, müasir, qüdrətli Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.

Azərbaycan Texnologiya Universiteti bu günÜmummilli liderin siyasi məktəbinin layiqli davamçısı, təcrübəli və praqmatik siyasətçi olan ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə qlobal yeniləşmə prosesinin və dinamik təkamülün vüsat alması məmləkətimizin daha sürətlə sivil dünyaya inteqrasiya olunmasına gətirib çıxarıb. Bütün sahələrdə qeydə alınan inkişaf təhsil sahəsinin müasir tələblər səviyyəsinə çatdırılmasını da labüd edir. Təhsilin inkişafı nəticəsində formalaşmış insan potensialı, başqa sözlə, insan kapitalı ölkənin iqtisadi və sosial rifahının artırılmasında çox əhəmiyyətli yer tutur. İnsanların yetərli bilik və bacarıqlar əldə edərək cəmiyyətdə özünə yer tapmasında təhsil, xüsusilə də ali təhsil ən mühüm vasitələrdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin "Təhsildə islahatlar dərinləşməlidir" tələbi savadlı və milli dəyərlərə sədaqətli kadrların hazırlanmasını inkişafın ən vacib amili kimi müəyyənləşdirən Ümummilli lider Heydər Əliyev tərəfindən 1970-ci ildə əsası qoyulan Azərbaycan Texnologiya Universiteti qarşısında da bir sıra öhdəliklər qoyub. Məhz bu öhdəliklərin icrası naminə Azərbaycan Texnologiya Universitetində rektor vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərovun rəhbərliyi ilə təhsilin keyfiyyətinin artırılması, şəffaflığın təmini və digər vacib məqamlarla bağlı işlərə başlanılıb.

Azərbaycan Texnologiya Universiteti informasiya texnologiyaları, kompüter mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, metallurgiya mühəndisliyi, nəqliyyat mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi, qida mühəndisliyi, şərabçılıq, turizm bələdçiliyi, turizm işinin təşkili, biznesin idarəedilməsi, dövlət və bələdiyyə idarəetməsi, iqtisadiyyat, mühasibat, ekologiya mühəndisliyi və eləcə də digər ixtisaslar üzrə kadrlar hazırlayan ali təhsil müəssisəsi kimi mühüm əhəmiyyət daşıyır. Təhsildə qazanılan uğurların işıqlı gələcəyimizə xidmət etməsi, qlobal səviyyədə təhsil sahəsində ortaya çıxan yeni çağırışlar və Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsinə daxil olması Universitetin fəaliyyətini keyfiyyətli, müasir tələblərə uyğun, şəffaf və nəticəyönümlü qurmasını şərtləndirir. Artıq təhsilə qoyulan investisiyaların ən mühüm xüsusiyyətinin azalan deyil, artan məhsuldarlığa malik olmasını əsas götürən ali təhsil müəssisəsində yenilik və inkişaf, tədrisin səviyyəsinin yüksəldilməsi üçün münbit şəraitin yaradılması, ədalətli və peşəkar idarəetmə, müəllim nüfuzunun artırılması, şəffaf və dünyəvi tədris prosesinə nail olunması, tədris prosesinə nəzarət, monitorinq, qiymətləndirmə, iqtisadiyyat, sənaye və digər sahələr üçün istedadlı, savadlı, bacarıqlı kadrların yetişdirilməsi əsas işin qayəsidir. Bununla yanaşı, son zamanlar müasir və səmərəli ali təhsil mühitinin təmin edilməsi məqsədilə çevik idarəetmə, ictimai hesabatlılıq, universitetin strukturunun yenilənməsi, təhsilverənlərin və təhsilalanların hərtərəfli inkişafı və sosial rifahı, tələbəyönümlülük və cəmiyyətə fəal inteqrasiya məsələlərinə böyük əhəmiyyət verilir. Bu gün gənclər arasında Azərbaycan Texnologiya Universitetində təhsil almağa marağın artması bu deyilənlərin qısa müddət ərzində həyata keçirilməsində öz bəhrəsini verməkdə olduğunu göstərir. Bu il universitetə qəbul olan tələbələrin say və keyfiyyət tərkibində əsaslı dəyişikliklər baş verib. 2022-2023-cü tədris ili üzrə 97% bakalavr, 97,2% magistr qəbulu göstəriciləri ilə 9 region universiteti arasında ikinci yerdə qərarlaşan Azərbaycan Texnologiya Universiteti son 30 ilin ən yüksək nəticələrinə nail olub. UTECA-da magistrların sayının artırılması gələcəkdə universitetin tədqiqat mərkəzinə çevrilməsinə, elmi fəaliyyətin və təhsil-elm-istehsalat əlaqələrinin güclənməsinə şərait yaradacaq.

Təhsilin keyfiyyəti, tədris prosesinin yüksək səviyyədə aparılması üçün lazımi, yəni münbit mühitin varlığı şərtdir. Odur ki, son 3 ayda universitetin resurslarının artırılması, auditoriyaların, iş otaqlarının təmiri yönündə ali təhsil müəssisəsinin büdcəsi hesabına əməli iş aparılıb. Ali təhsil müəssisəsinin həyəti səliqə-səhmana salınıb, yaşıllıqlar, ağac və gül kolları əkilib. Şanlı Azərbaycan Bayrağının ucalarda dalğalandığı meydan yaradılıb. Bu görüntü bütün universitet kollektivinə qürur və fəxarət hissi yaşadır. Cəmiyyətin hərtərəfli inkişafında həlledici faktora çevrilən təhsildə müsbət nəticələrə nail olmaq üçün müəllim nüfuzunun artırılması, işçi məmnuniyyətinin əldə olunması da mühümdür. Odur ki, UTECA-da professor-müəllim və işçi heyətinə xüsusi diqqət və qayğı ilə yanaşılır, onların bilik və bacarıqlarını artırması, elm və təhsil sahəsində yeni nailiyyətlər əldə etmələri üçün lazımi şərait yaradılır və dəstək verilir. Bu ilin sentyabr ayında Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın qərarı ilə müəllimlərin əmək haqqı 20 faiz artırılıb. Peşəkar kadrlar yetişdirməyi hədəfləyən ali təhsil müəssisəsinin auditoriyalarında fənlərin tədrisinin keyfiyyətinin artırılması, müəllimlərin gündəlik fəaliyyətinə yaradıcı yanaşmalarının təmin olunması diqqətdə saxlanılır. Gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsini əsas vəzifələrindən biri kimi diqqət mərkəzində saxlayan universitetdə təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Bu məqsədlə universitetin şəhid məzunlarının ailələri ziyarət edilir, Şəhidlər xiyabanında əziz xatirələri anılır, anım tədbirləri keçirilir, qazi məzunlarla görüşlər təşkil edilir. Universitet rəhbərliyinin təşəbbüsü ilə Zəfər gününə həsr olunan Respublika elmi-praktik konfransı, elmi-praktik seminarlar, rəsm sərgisi, fləşmob, idman yarışları keçiriləcək.

Uğurun əldə edilməsi məqsədilə müəllim və gənclər tərəfindən irəli sürülən ideya və təkliflər dəstəklənir və ideyaların icrası üçün şərait yaradılır. Tələbələri təhsilə, elmə həvəsləndirən tədbirlər həyata keçirilir. Onlar üçün nüfuzlu şirkətlərdə təcrübə keçmək imkanı yaradılır. Fəallığı, savadı və bacarığı ilə seçilən məzunların həmin müəssisələrdə işlə təmin olunması üçün təşəbbüs göstərilir. Bir çox gəncin, tələbənin arzusu olan xaricdə təhsil imkanı yaradan "Erasmus+" proqramı çərçivəsində Almaniya, İspaniya, Polşa, Slovakiya kimi bir sıra ölkələrdəki ali təhsil müəssisələri ilə əməkdaşlıq həyata keçirilir, tələbə mübadiləsi aparılır. Bakalavr, magistr və doktorantlar bu imkandan lazımınca yararlana bilirlər. Sevindirici hal odur ki, xaricdə təhsil alan gənclər daha sonra universitetə dönərək fəaliyyətlərini UTECA-da davam etdirmək istəyirlər və bunu reallaşdırırlar. Bunun real nəticəsi olaraq cari tədris ilində universitetin məzunu olmuş, eyni zamanda "Erasmus+" proqramı çərçivəsində İspaniyada 1 semestr təhsil almış magistr tələbəmiz Ramil Həsənov UTECA-nın menecment kafedrasında assistent müəllim vəzifəsinə təyin olunub. Bu məqam da Azərbaycan Texnologiya Universitetinin yeni inkişaf xəttinə qədəm qoymasının göstəricisidir. Ali təhsil müəssisəsində xarici ölkələrin təhsil, elm sahəsini təmsil edən, bu sahələrlə əlaqəli işləyən nüfuzlu nümayəndələrlə görüşlər də təhsilin, tədris prosesinin müasirləşməsinə töhfəsini verir.

Universitetin müxtəlif idman növlərinə aid komandaları şəhər spartakiadalarında, ölkə səviyyəli turnirlərdə nailiyyətlər qazanırlar ki, bu da gənclərin asudə vaxtlarının səmərəli təşkilinə hesablanan işlərin tərkib hissəsidir. Keyfiyyətli ali təhsil naminə bütün bu işlər, irəliləyişlər həm kollektiv, həm də tələbələr tərəfindən böyük rəğbətlə qarşılanır. Göründüyü kimi, universitetin missiyası mühüm sahələrdə texnologiyaların inkişafına təkan verən yüksək ixtisaslı kadrlar yetişdirməkdir. Əminliklə demək olar ki, ölkə rəhbərinin təhsilə sonsuz diqqət və qayğısından güc alan universitetin bütün fəaliyyət istiqamətləri üzrə əldə olunan nailiyyətlər təhsil müəssisəsinin müasirləşməsi yolunda qarşıya qoyulan strateji hədəflərə yaxınlaşmasına böyük zəmin yaradır. Universitet rəhbərliyinin amalı gənclərdə elmə, biliyə, texnologiyalara, innovasiyalara maraq və həvəsi maksimum dərəcədə artırmaq, ali təhsil müəssisənin nüfuzunu artırmaq, davamlı inkişafını təmin etməkdir.

Raqif HÜSEYNOV
Azərbaycan Texnologiya Universiteti
Tədris şöbəsinin müdiri,
iqtisad üzrə fəlsəfə doktoru


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: