Gulustan Cabbarova (1966)

Gulustan Cabbarova (1966)
Gülüstan Hüseyn qızı Cabbarova -
1966-cı il oktyabrın 31-də Gəncə şəhərində anadan olub.
Uşaqlıqdan şeirə böyük həvəsi olub.
30-dan çox qazet və jurnallarda şeirləri çap olunub.
28 ildir ki, Gəncə Hava Limanında kompyuterdə işləyir.
Bir oğlu var.


ANA ƏTRİ
*
Ən gözəl ətirdir, ananın ətri.
Cənnət ətri verir, bənzəmir, yada!
Anadır şeirimin ən özəl sətri.
Ətrini duyaram yatsam, röyada
Ətrin kimi, ətir olmaz dünyada.
*
Xoş ətrindən güc alıram, ay ana.
Xəstə olsam sağalıram, ay ana.
Sənsiz sanki yaralıyam, ay ana.
Səni bənzətmirəm, qohuma, yada.
Ətrin kimi ətir olmaz dünyada.
*
Kölgən yetər, təki sən ol yanımda.
Güc alıram damarımda, qanımda.
Pənahım, gümanım, hər zamanımda.
Sənə nəğmə qoşur, quşlar səmada.
Ətrin kimi ətir olmaz dünyada.
20.05.2022 ci il.


ALLAHIN KÖLGƏSİ
*
Atadır Allahın kölgəsi yerdə.
Halal ruzi ilə böyüdər bizi.
Ata duasıdır məlhəm hər dərdə.
Hər yerdə görünür, atanın izi.
*
Atadır insanın arxa - dayağı.
Qoruyar evini aslan sayağı.
Əzizdir atanın sönməz çırağı.
Hər yerdə görünür, atanın izi.
*
Ata nə yorular, nə də ki, bezər.
Ulduzları dərib, telinə düzər.
Gərəksə düşmənin başını əzər.
Hər yerdə görünür, atanın izi.
*
Varsa da, yoxsa da ata atadır.
Ata övlad üçün dünya yaradır.
Bala sevincilə cənnəti dadır.
Hər yerdə görünür, atanın izi...
*
Anayıq, atayıq indi hərəmiz.
Ayrılıq haqdandır, yoxdur çarəmiz.
Adı miras qalıb, bizə tərtəmiz.
Hər yerdə görünür, atanın izi.
09.05.2022-ci il.


ŞAİRLƏRİN VARİSİYƏM
*
Mən Kəpəz dağının başında qaram.
Əzəmət nişanı, ulu Qoşqaram.
Nə qədər Gəncə var, bilin ki, varam.
Şairlər diyarı, mehriban Gəncəm!.
Dahi Nizaminin varisiyəm mən...
*
Haqqı danış, şeir yazan qələmim.
Hissim, həyacanım, könül həmdəmim.
Ruhuma keçmişdən pərvaz edənim.
Ana tək qeydimə hey yanan Gəncəm.
Dahi Nizaminin varisiyəm mən.
*
Dolaşıb keçmişi xəyalım durur.
Acı xatirələr qəlbimdən vurur.
Ruhum Nizamini anlayıb, duyur.
Şeirlə, sənətlə oyanan Gəncəm.
Dahi Nizaminin varisiyəm mən.
25.04.2022-ci il.


NEYLƏYİM

Çox söz var qəlbimdə deyim, deməyim???
Deyim, siz də duyun Tanrı deyəni...
Qoru ey Yaradan, haram yeməyim.
Yesəm, şad edərəm zalim düşməni.
*
Bu sirlər içində itib, batıram.
Hərdən də şeytana daş da atıram.
Dünyanı satırlar, mən söz satıram.
Hər kəs alqışlayır yalan deyəni.
*
Demə ki, dünyadan giley edirəm.
Bəlkə də az qalıb, mən də gedirəm...
Fironluq edənə, açıq deyirəm...
Allah bağışlamır haram yeyəni...
*
Dünyanı əbədi sanıb, azan çox.
Şeytan hökmü ilə, quyu qazan çox.
Yalanı zəsf edib, pul qazanan çox.
Bəxtəvər görmədim doğru deyəni...
14.08.2021-ci il.


SƏNSİZƏM ANA...
*
Baharmı, payızmı, bilinmir, ana...
Baxışın gözümdən silinmir, ana.
Qəlbimin acısı heç dinmir, ana....
Gözü yaşlı qalıb, balan, hardasan?
*
Xeyli var, olmuşam mən də pərişan.
Həsrətdən ölürem mən zaman- zaman.
Dünya sənlə gözəl olurmuş, anam.
Balanı anasız qoyan, hardasan?
*
Bilmirəm neyləyim, kədərim bitsin.
Mələklər anama anamı, desin?...
Allah cənnətində sənə yer etsin...
Bu hicran olaydı yalan, hardasan?
*
Dünyanın özünü doğan ana var.
Əbədi dünyada olsun, ilk bahar.
Güllər qış olanda solub-saralar.
Məndən baharımı alan, hardasan?...
14.01.2016-cı il.


İGİDLƏR ÖLMƏZ
*
Yalnız qalıb, qərib qalıb dağların.
Çənlibelin viran qalıb nə vaxtdır...
Şaxta vurub, bar gətirmir bağların.
Yerin-yurdun yurdumuzdan uzaqdır.
*
Qeyrət çəkən Koroğlular dağlanır.
Mərd üzünə çox qapılar bağlanır.
Misri qılınc muzeylərdə saxlanır.
Bizim Koroğlular əbədi sağdır.
*
Haqq yolunda mərdlər ölümə atlar.
Düşmənin belini ikiyə qatlar.
Daşımaz namərdi daha qıratlar!
O qeyrət qalası, ən uca dağdır...
17.03.2022-ci il.


ÖMRÜMDƏ BAHAR OLDUMU???


Hara əlim atsam, elə daş olur...
Gözlərim qurumur yenə yaş olur...
Sevən bir ürəyə dərd sirdaş olur.
Sevilmək mənim də haqqım, deyilmi?!...
*
İçimdə firtına, nədir bu rüzgar?
Hey coşub-çağlayır, qeyri -ixtiyar...
Nə zaman ömrümdən keçdi ki, bahar?
Sevilmək mənim də haqqım, deyilmi?!
*
Mənə tərs üzünü göstərdi dünya.
Xoşbəxtlik, səadət, bəlkə bir röya.
Sevmədim bir kərə mən doya-doya...
Sevilmək mənim də, haqqım deyilmi?!
*
Haqsızliq ömrümdə birdimi, söylə?
Əzablar içində, sirdimi, söylə?...
Qəlbimə bir sevda girdimi, söylə?..
Sevilmək mənim də haqqım, deyilmi?!
*
Eşqi yasaq etdim özüm-özümə.
Daha baxa bilməz gözün-gözümə
Bir də inanmaram sevgi sözünə.
Sevilmək heç mənim haqqim deyilmiş..
haqqım deyilmiş...
08.01.2016-cı il.


NECƏ YAZIM
*
Yetər dedin, yazma qəmdən.
Mən sevgidən, necə yazım???
Nəğmə deyir, könül bəmdən.
Qan ağlayır telli sazım.
Mən sevgidən necə yazım?!.
*
Ürəyimdə min arzu var.
Yetişməyə qoymur əğyar.
Tüğyan edir, hey boran qar.
Heç olmur ki, güllü yazım.
Mən sevgidən necə yazım?!.
*
Nə ölümdü, nə də həyat.
Ömrə, günə sədaqət qat.
Ola bilmir qəlbim rahat.
Belə dünya, kimə lazım.
Mən sevgidən necə yazım?!.
*
Bilmirəm ki, bu nə sirdir.
Ömür, ölümə tələsir ...
Qəlbim qəm- kədərə əsir.
Qəm kədərə məzar qazım?...
Mən sevgidən necə yazım?!
04.12.2021-ci il


ƏDALƏTDƏN DANIŞ
*
Qiyamət qorxusu, yoxdursa əyər.
Daha ədalətdən nə danışım, mən.
Vicdan itirirsə, dünyada dəyər.
Daha ədalətdən nə danışım, mən.
*
Xeyli var, dünyanın dəyişib, halı.
Mələk tək görünür şeytan camalı.
Candan əzizdirsə dünyanın malı.
Daha ədalətdən nə danışım mən.
*
Gedən, bu dünyadan geriyə dönməz.
Nəfsinə qul olan, sanır ki, ölməz.
Haqqı- ədaləti görən, görünməz.
Daha ədalətdən nə danışım mən???...
05.02.2022-ci il.


DÜNYADAN KÜSKÜNƏM...
*
Gülsəmdə bir saxta təbəssümlə mən,
Nə gözlərim güldü, nə də ürəyim.
Xoşbəxtlik bəxtimə, qanlı bir düşmən.
Bu dərd məni əydi, yandı kürəyim...
*
Bəxt dalınca qaçdım, qaçdım, yoruldum.
Dərd əlində sındım, dərdə qul oldum...
Elə bil kül olub, göyə sovruldum.
Təkcə xoş söz idi mənim gərəyim...
*
Fələk bəxt yazanda, yuxuya daldım.
Oyandım, gör necə payımı aldım?...
Həsrətlə dünyaya bir nəzər saldım,
Sanki zəhər oldu duzum, çörəyim...
*
İllərim geride, əlimdə nə var?!
Görmədim dünyada vəfa, düz ilqar.
Fələk də yağdırdı saçıma ağ qar.
Belədir taleyim daha nə deyim?...
*
Bəyaz gəlinliyi geyə bilmədim...
Hey içimde çəkdim, bir yol dinmədim.
Dinləyin mən də, son sözümü deyim!
Kəfən də bəyazdı, kəfənmi geyim???
29.05.2016-cı il

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: