Xaqani QAYIBLI (1964)

Xaqani QAYIBLI (1964)Xaqani QAYIBLI (1964)

TƏBRİK EDİRİK!..

Bu gün tanınmış şair, tərcüməçi, istedadlı publisist, Fin-Ugor dilləri üzrə ilk azərbaycanlı alim,
Tartu Universitetinin professoru,
dəyərli soydaşımız
Xaqani Qayıblının Ad günüdür...

Xaqani İsmayıl oğlu Qayıblı - (1991-ci ilə qədər Xaqani Qayıbov, Türk Dünyasında isə Hakani GayıblıHakan Kayısoy kimi də tanınır) - 1 mart 1964-ci ildə Gürcüstanda, Aran Borçalıda - qədim Qaraçöp mahalının Ləmbəli kəndində anadan olub.
Səkkizillik məktəbi doğma elində, orta ixtisas məktəbini Azərbaycanın Qazax rayonunda
fərqlənmə ilə bitirib.

1989-cu ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna, həmin ilin sonunda Azərbaycan Təhsil Nazirliyinin xətti ilə
Yazıçılar Birliyi nəzdindəki Azərbaycan Bədii Tərcümə və
Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Estoniyaya,
Tartu Universitetinə göndərilib.

Eyni müddətdə həm filologiya, həm də jurnalistika fakültələrində təhsil alaraq, Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbədir.

2004-cü ildə ekstern yolu ilə Ankara Universitetini bitirib.

1987-ci ildən Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazıları ilə çıxış edir.

1997-ci ildən Estoniya prezidentinin şəxsi tərcüməçisidir.

1998-ci ildən Tartu Universiteti Türk Dili Mərkəzi müdiridir.

2000-ci ildə Estoniya hökuməti tərəfindən Türkiyə və Estoniya arasında diplomatik və mədəni əlaqələrin inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə fəxri Estoniya vətəndaşlığı alan ilk türkdür.

"Eston və türk dillərində feil quruluşlarının müqayisəsi" (elmi rəhbəri akademik Ago Künnap) adlı
elmi işi ilə dünya dilçiliyində Fin-Uqor və Türk-Tatar dilləri arasındakı qohumluq əlaqələrini araşdıran
ilk azərbaycanlı alimdir.

Əsərləri eston, gürcü, rus, latış, alman dillərinə və tatar, qazax, qaqauz, Türkiyə türkcəsinə çevrilib.

Müxtəlif illərdə 30-dan çox ictimai-siyasi, tarixi, elmi-mədəni məqalənin və 1 monoqrafiyanın müəllifidir.

"Sənsiz ömrün bir ili" (1999), "Türkcə-estonca, estonca-türkcə turist sözlüyü" (2000),
"Türkcə-estonca, estonca-türkcə danışıq kitabçası" (2004), "Qırx yaşım qırx sözüm" (2004) və
"Yenə canım söz gəzir" (2014) adlı kitabları işıq üzü görüb.
Bir çox beynəlxalq simpozium və konfransların məruzəçisi və iştirakçısıdır.

Eston dilinə tərcümə etdiyi əsərlərdən "Danabaş kəndinin əhvalatları" (Cəlil Məmmədquluzadə),
"Kim dedi ki, Simurğ quşu var imiş!" (Kamal Abdulla), "Mən burdayam İlahi" (Vaqif Səmədoğlu),
"Dualar qalıcıdır" (Tuna Kiremitçi), "Halarvadı" (Bəhlul Abdullayev), eləcə də redaktoru olduğu bir çox kitablar, o cümlədən, "Türk Dünyası Yer Adları" (1997), "Nağıllar körpüsü" (Baltik xalqları nağılları, 2005),
"Estonca-azərbaycanca sözlük" (2005) və s. oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Xaqani Qayıblı istedadlı şair-tərzüməçi-alim olmaqla yanaşı, həm də fəal ictimaiyyətçidir.
Daha döğrusu, ictimai xadimdir, desək, yəqin ki heç də səhv etmərik. Çünki o, Azərbaycan Yazıçılar Birliyinin, Estoniya Akademik Şərqşünaslar cəmiyyətinin, Estoniya Jurnalistlər Akademiyasının, Estoniya Ana Vətən və Respublikaçılar Birliyi partiyasının üzvüdür, Estoniya-Azərbaycan cəmiyyətinin və Tartu Universiteti Türk Dili Mərkəzi "Ərgənəkon" yayınları redaksiya heyətinin sədridir.
O, eyni zamanda, Estoniya-Türkiyə Mədəni Əlaqələr cəmiyyəti İdarə Heyətinin üzvü,
"Ulduz" jurnalı redaksiya heyətinin üzvü, Dünya Azrbaycanlıları Konqresi İdarə Heyətinin üzvü və
sədr müavini kimi böyük nüfuza malikdir.

Əziz dostumuz-qardaşımız hörmətli Xaqani Qayıblını Ad günü münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, elmi və bədii yaradıclığında yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.



P.S.:
AŞAĞIDA XAQANİ QAYIBLININ BİR NEÇƏ ŞEİRİNİ OXUCULARIMIZA TƏQDİM EDİRİK:

Məni bu sevdaya öyrətmə…


Bu giley bu nazı ödəyən deyil,
Gəl, məni nahaqdan göynətmə gülüm.
Onsuz da bu həsrət gödələn deyil,
Məni bu sevdaya öyrətmə, gülüm!

Bu kirpik bu yaşı saxlaya bilməz,
Günüm günlərini haxlaya bilməz,
Mənim ürəyimi oxlaya bilməz,
Məni bu sevdaya öyrətmə, gülüm!

Ömrüm hoyur-hoyur əriyib gedər,
Baxt məni dalınca sürüyüb gedər…
Ürəyin birtəhər kiriyib gedər,
Məni bu sevdaya öyrətmə, gülüm!

Hayıf, gözləriyin yaşına, vallah,
Bu sevda yaraşmır yaşıma, vallah,
Hava gələcəkdir başıma, vallah,
Məni bu sevdaya öyrətmə, gülüm!


Və bir gün...

Və bir gün beləcə çıxıb gedəcəm,
Ürəyin sonuncu qan damlasını –
olub-qopanımı sıxıb gecəm
ağ kağızlara...

Və bir gün bir şeirin son misraları
nöqtələr olacaq... uzun nöqtələr.
Uzana-uzana gedən yolların
son ucu bir qəbir başına gələr,
bir şair şəklinin çərçivəsinə
çəkilər qara!

Və bir gün bu torpaq açacaq ağzın,
Sərçə balısıdək yumub gözünü
dən istəyəcək.
Bir qarabuğdayı, qaragöz gözəl
yanıb yaxılacaq bir itik üçün
kimisə dərdinə tən istəyəcək.
Pənah gətirəcək hər cümə günü
tənha məzara.

... Və bir gün, beləcə çıxıb gedəcəm,
Mənim bu dünyada nəyim qalacaq!?
Bir qarabuğdayı, qaragöz gözəl,
bir də son misrası nöqtələr olan
yarımçıq yazılmış şeirdən özgə.


Çiçəyi burnunda açılan gözəl

Bu qızın gözündən sevgi tökülür,
Bu qızın yaşından çəkinir adam.
Bu qızın gözündən qorxuram, atam,
Bu yaşda bu sevgi hardandı belə?!
Bu yaşda bu sevgi yarana bilməz.
Daha bu qaş-gözlə, bu boy-buxunla
Bu qız yad gözlərdən qoruna bilməz.

Daha yad gözlərdən qoruya bilməz
Bu qız öz biçimli ayaqlarını,
Hər sözdən allanan yanaqlarını,
‘‘Sevirəm’’ kəlməsi dilinə gəlsə
bəyaz bir gecədə şirinliyindən
nar kimi çatlayan dodaqlarını.

Nə yaxşı, bu qızın öz sevgisindən –
Hələ öz-özündən xəbəri yoxdu,
Ovsunlu gözündən xəbəri yoxdu.
Yoxsa sevgisindən bu qız, bu yaşda
kəpənək olardı, xallı kəpənək.
Elə bu geyimdə, bu əyin-başda
elə bu görkəmdə... donlu kəpənək.

Bu qızın gözündən sevgi tökülür...
Bu qızın gözündən qorxuram, atam.
Bu yaşda bu sevgi hardandı belə?!
Çiçəyi burnunda açılan gözəl,
Də, hardan verilib sənə bu sevgi?
... Bu qızın yaşından adam çəkinir,
Bu yaşda bu istək – ilahi vergi!

* * *

Sahil qumlarından evcik quran qız,
Dəlisoy dalğalar yadına düşməz.
Sahil qumlarından yüz ev tikəsən,
Vallah, bircəciyi adına düşməz.

Dənəvər qumlara güvənmə, gülüm
Çuxuru bilinmir, düzü bilinmir...
Dalğalar yalayır yanaqlarını –
Odlu bir öpüşün izi bilinmir.

Sahil qumlarından evcik quran qız,
Dalğalar yuyacaq evini sənin.
Hələ ki başında sevda havası...
Unut bu dünyanı, kəfindi sənin.

Unut bu dünyanı, unuda bilsən
Yadına düşmərəm nə vaxtsa mən də.
Sən evcik qurursan min bir həvəslə,
Mən şeir yazıram ləpədöyəndə.


Bilmirəm nəyimə vuruldun mənim

Bilmirəm, nəyimə vuruldun mənim,
Bilmirəm, bu duyğu hardandı səndə.
Bilmirəm, sən məni necə gördün ki,
Bu istək, bu sevgi yarandı səndə.

Hələ ki mən sənə allaha şükür,
çiçək deməmişəm, gül deməmişəm,
gövhər deməmişəm, ləl deməmişəm.
Bəs mənim nəyimə umudlusan ki?
Baxtıma güvənmə...
onu da çoxdam
söykəyib divara güllələmişəm.
Sən mənim nəyimə vuruldun axı!..

Ağrılı-acılı şair taleyim
Adımı gözündə dörd eləməsin.
Mənim şeirlərim durna lələyi...
Hər lələk bir payız fəslidir, gülüm
Olmaz ki, bu səni pərt eləməsin.
Sən mənim nəyimə vuruldun axı?

Mən sənin ömrünə sonuncu dəfə
Xeyirsiz, bəhrəsiz yağan yağışam.
Daha mənə yaddır o naz, o işvə
daha sevməyi də yadırğamışam...
Bilmirəm, nəyimə vuruldun mənim?

Bilirəm, ürəyim aldadıb səni
Vallah, qaçacaqsan cibimi görsən.
Eh, mənim günümün kirpiyi nəmli –
Çox şeydən kasadam dilə gətirsəm...
Bilmirəm, nəyimə vuruldun mənim,
Bilmirəm, bu duyğu hardandı səndə.
Bilmirəm, sən məni necə gördün ki,
Bu istək, bu sevgi yarandı səndə!?

Bakı - Nədirbulaq yaylağı, 01-13.08.1988


Qaçıram dalınca bir qatar sözün...

Bu gecə ürəyim quş ürəyidir –
bir az yuxularım gözümdən qaçıb,
bir az rəngim-ruhum üzümdən qaçıb...
Qaçıram dalınca bir qatar sözün
Bu gecə vaxtında özümdən qaçıb.

Qaçıram, mən sözə çata bilmirəm,
Söz məndən başını götürüb qaçır.
Qaçıram, torpağa dəymir ayağım
dərə baş götürüb qaçır əlimdən,
düz məndən başını götürüb qaçır.

Bu gecə vaxtında ağzı köpüklü,
ayağı torpağa dəyməyib qaçan –
quş olan özümə yazığım gəlir.
Qovuşa bilməyən kirpiklərimə,
böyüyən gözümə yazığım gəlir.
... bəlkə də qaçıram ölümə qənşər
ağaran bənzimə yazığım gəlir.

Məni bu görkəmdə anam tanımaz,
atam inanmaz ki, balası mənəm.
Bu gecə bir qatar sözün dalınca
yüyürüb-yüyürüb çatana kimi
bir qələm əlində qalası mənəm.

Düşəcəm torpağa arxası üstə
O bir qatar sözün çatıb dalından –
əlində qaldığım qələmdən keçib!
Düşəcəm torpağa arxası üstə
Qənşər yüyürdüyüm ölümdən keçib.

... Bxıram, böyrümdə qardaşım yatıb,
Üzümə qoxusu dəyir gündüzün.
Bu gecə vaxtında qan-tərə batıb
Qaçıram dalınca bir qatar sözün...

* * *

Yaza bilməyəndə


Əynimə geydiyim pəncəyim sıxır,
Əlimə geydiyim əlcəyim sıxır,
Çəkməlrim sıxır ayaqlarımı –
Bu dünya üstünə götirmür məni.

Asılıb qalıram öz ürəyimdən
Ağlaya bilmirəm, gülə bilmirəm,
Könlüm istəyəni bilə bilmirm,
Bilmirəm özümü, lələ, bilmirəm...
Ağzımdan çıxnı bilmirəm, vallah!

Asılıb qalıram öz ürəyimdən,
Ayağım altında son umud yerim –
Qəfildən dartılan kətildi dünya.
Ruhumu oxşamır ulu göyləri,
Ruhumu oxşamır – şəkildi dünya.

Oxşamaz ruhumu ulu göyləri,
Bu şəkil dünyada mən key oluram,
Hirsimdən, hikkəmdən gömgöy oluram,
Solaxay oluram, köntöy oluram...
Yaxşı ki, sözümdən inciyən olmur.

... Əynimə geydiyim pəncəyim sıxır,
Əlimə geydiyim əlcəyim sıxır,
Dünya sıxır məni gecələrində
Canımda, qanımda dözüm qalmayır.
Asılıb qalıram öz ürəyimdən...
Elə sıpqarılır söz ürəyimdən
sıxıla-sıxıla nə vaxtsa bir də
qələm götürməyə üzüm qalmayır.

Asılıb qalıram öz ürəyimdən...
Ayağım altında son umud yerim –
Qəfildən dartılan kətildi dünya.
Mən duya bilmirəm ulu göyləri,
Yaza bilməyəndə – şəkildi dünya!

* * *

Qətl


İçimdə qurd ulayır, gözlərimin dibi boş…
Gözlərimin ağrısı dırnağımın ucunda.
Bu gecə başım üstə bədrlənmiş Ay – sərxoş,
… Bu gecə bir cüt mələk asılacaq saçından.

Təpimiş dodağımın pıçıltısı duyulmaz,
Ulu bir hənirtiylə oxşaram mələkləri.
Mələkləri asan Div yuxusundan ayılmaz…
Mağaranın küncündə şüşə gəzir gözlərim!

Gözlərimin dibi boş… can atıram şüşəyə
Qulağımda Ağatlı bir igidin nərəsi.
Dırnağımın ucundan ağrı ucalır göyə,
İçimdə bir yanğı var – tənha Yalquzaq səsi…

* * *

İtən günlərimin gecələrində


Dilim sözə yatmır, əlim qələmə
Gözüm ulduzların qaravulçusu.
Ürəyə nə qədər təsəlli verim,
Nə qədər deyim ki, dözümün olsun?!

Bu qərib gecənin sonu görünmür,
Bu günüm ömrümə nə verdi, Allah?
Günləri beləcə ötürər olsam
Bəlkə yaşamağım hədərdi, Allah?!

Bəlkə yaşamağım hədərdi elə,
Bu mənasız günün, qərib gecənin
mən adda danışıb-güləni yoxsa,
olub-keçənindən biləni yoxsa,
yada ki,
yada ki, bir yetiminin
gözünün yaşını siləni yoxsa...

Məni bağışlamaz bu torpaq, bu daş –
Bu günüm boyumdan min dəfə qısa.
Yaxşı ki, sabah var...
‘‘Allah-Kərimdi!’’
Beləcə gözətçi oluram, qardaş,
Bu lal kainata, aya, ulduza
İtən günlərimin gecələrində.

* * *

Akvarium


Hüseyin Cavid Əfəndinin unudulmaz xatirəsinə

Xırda balıqların vecinə deyil
İstər dəniz olsun, istər göl olsun,
İstər ovuc tutmuş qoşa əl olsun,
Başını sallayıb üzər beləcə.
Ürəyi bulanmaz, gözü yorulmaz
Özü öz gününə dözər beləcə.

Xırda balıqların xəbəri olmaz
İri balıqların üzgəclərindən,
su altı, su üstü iştəklərindən.
Xəbəri olmaz ki, iri balıqlar
bilməz tor dadını, qarmaq dadını
kiçik akvariumda böyük səbrini,
uşaq şıltağını yormaq dadını.

Eh, xırda balıqlar, sızə nə var ki,
Hara istəsəniz yığışırsınız.
Hərdən akvariuma, hərdən ovuca
hərdən.... bir ləpirə sığışırsınız.

Hərdən akvariuma, hərdən ovuca,
Hərdən.... bir ləpirə sığmaq gərəkmiş
ömrünü bir təhər yaşamaq üçün.
Quşlar balıqlara həsəd çəkərmiş,
Balıqlar ölərmiş quş olmaq üçün!

İri balıqların yurdu-yuvası
gərək dənız ola, okean ola.
Okean ömrünü, dəniz ümrünü
verməz akvarium bircə an ola.

Akvarium ömrünü yaşaya bilməz
Okean sevdalı iri balıqlar.
Ya akvarium iyinə ürəyi dözməz,
Yada ki...
yada ki, akvarium sınar!

* * *

Amanat



Cahan daimidir, ömür amanat!..
S.Vurğun.


‘‘Gələcəyinə ümidlə, inamla baxdığım
şair qardaşımız Xaqani, bizim ümidimiz
amanatı! Öpürəm səni.
İsa İsmayılzadə
5 oktaybr 1989’’


‘‘Bir ömürlük gecə’’ kitabına müəllif sözü

Çox şeyi amanata almışam elə,
Babam qeyrətini amanat verib,
Dağlar heyrətini amanat verib...
Babama, dağlara sədaqət üçün
Mən elə bilirdim ömrüm bəs elər.

Umudu amanat saxlaya bilsəm...
Bu fikir daş olub çiynimi əzir.
Mənim ürəyimin etibarı yox,
Mənim bir umudluq ömrüm nə gəzir?!

Mənim bir umudluq ömrüm nə gəzir?!
İndi hər addıma ömür satındır.
... Bəlkə yaşadığım ömür də elə
kimdənsə aldığım amanatımdır!

... Yaşar məndən sonra adım, soyadım
Ağlar bir ürəyi kiridə bilsəm.
Kimdənsə amanat aldığım ömrü
bir umud yolunda əridə bilsəm.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: