70 YAŞIN ASTANASINDA - Alik Rzayev

70 YAŞIN ASTANASINDA - Alik Rzayev Alik Ağəli Rzayev - 03 avqust 1951-ci ildə indiki Hacıqabul rayonunun Qarasu kəndində anadan olub. Uşaq yaşlarında olarkən valideyinləri Şirvan şəhərinə köçmüşlər. Alik müəllim Əli Bayramlı şəhər 2 nömrəli tam orta məktəbi, Əli Bayramlı Pedaqoji Məktəbinin bədən tərbiyəsi şöbəsini fərqlənmə ilə bitirib. Azərbaycan Dövlət Universitetinin tarix fakultəsində ali təhsil alıb. Bir il Əli Bayramlı Süni Nərə Balıq Yetişdirmə Zavodunda fəhlə və 40 il pedaqoji sahədə çalışıb. Pedaqoji sahədə müəllim, təşkilatçı, direktor müavini, direktor, Təhsil Şöbəsində metodist vəzifələrində çalışıb. Ali kateqoriyalı müəllim, ali kateqoriyalı metodist adına layiq görülüb. Hazırda təqaüddədir. Alik müəllim pedaqoji sahədə işlədiyi dövürdə iki dəfə Əli Bayramlı (Şirvan şəhər) Təhsil Şöbəsi, iki dəfə Əli Bayramlı şəhər Bədən Tərbiyəsi və İdman Komitəsi, Əli Bayramlı (Şirvan şəhər) Mədəniyyət və Turizm Şöbəsi, Əli Bayramlı şəhər Hərbi Komissarlığı və Şirvan şəhər Peşə Liseyi tərəfindən diplom və fəxri fərmanlarla təltif edilmişdir.
1969-cu ildən dövrü mətbuatda çıxış edib. Yazıları “Kommunist”, “Azərbaycan gəncləri”, “İdman”, “ İnşaatçı”, “Azərbaycan pioneri”, “İşıq”, “Mayak”, “ Qətiyyət”, “Azərbaycan Press”, “Azərbaycan həqiqətləri”,”Savalan”, “Şərqin səsi”, “Elm və təhsil”, “Azərbaycan müəllimi”, “Hacıqabul”, “Qarabağ”, “Kainat” qəzetlərində çap olunub.
Alik müəllim müxtəlif qəzetlərdə bölgə müxbiri, redaktor müavini, redaktor, Baş redaktorun müavini vəzifələrində işləmişdir. Hazırda “Elm və təhsil”, “Şərqin səsi” qəzetlərinin bölgə müxbiridir. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” və “Araz ali ədəbi media mükafatı laureatıdır. Müxtəlif qəzetlərdə çap olunmuş 900-dən artıq məqalənin,48 kitabın müəllifi, 4 toplunun, 3 almanaxın tərtibçisi, 30 kitabın redaktoru və ön söz müəllifidir. İki dəfə Azərbaycan Jurnalistlər birliyinin diplomu, Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin fəxri fərmanı ilə təltif edilmişdir. 2012-ci ildə “Xalqın nüfuzlu ziyalısı” fəxri diplomuna layiq görülmüşdür. Alik müəllim həmçinin vaxtı ilə “Kainat” Gənclik Mərkəzinin “Sıraya durmağa hazıram” tele oyunun senari müəllifi və komissarı olmuş, “Kainat” Gənclik Mərkəzinin “Qlobus” verlişində bir sıra şəhər və rayon məktəblilərin iştirakını təşkil etmişdir.

Biz də bütün redaksiyamız adından hörmətli Alik müəllimi
qarşıdan gələn 70 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Nahidə Nailqızı,
ZiM.Az-ın xüsusi müxbiri


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: