Fərman CEYRANLI: “Əsas məqsədim azərbaycanlıları silkələyərək ayıltmaqdır”

Fərman CEYRANLI: “Əsas məqsədim azərbaycanlıları silkələyərək ayıltmaqdır” Fərman Ceyranlı: “Əgər mən insanlarımızı aktivləşdirə bilsəm, Gürcüstan tarixində misli görünməmiş səviyyədə beyinlərdə mədəni inqilab və yeni-yeni proseslər baş verəcək”

“Çox təəssüflər olsun ki, Gürcüstanda yaşayan soydaşlarımız uzun müddətdir dövlət quruculuğu prosesində seyrçi mövqe tutmuşlar”

“Soydaşlarımızın yaşadıqları rayonlardan deputatlığa çox layiqli namizədlər var. Onlara mane olmamaq üçün Bolnisi rayonundan namizədliyimi irəli sürmüşəm”


Tibb sahəsi üzrə görkəmli mütəxəssis, tibb elmləri doktoru, professor Fərman Ceyranlı Gürcüstan tarixində deputatlığa namizədliyini irəli sürən ilk azərbaycanlı alimdir.

Ali təhsilini Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetində alıb. Daha sonra isə 12 il Moskvada dünya şöhrətli tibb ocağı kimi tanınan İ.M.Seçenov adına Tibb Akademiyasında fəaliyyət göstərib.
Bu illər ərzində uğurlu elmi işlərini davam etdirmiş, elmlər namizədi və doktorluq işini yüksək səviyyədə müdafiə edərək alimlik dərəcəsini almışdır. Bununla yanaşı, altı elmi ixtiranın, iki dərslik vəsaitinin və iki yüzdən çox elmi məqalənin müəllifidir.
Bu gün dünyada tibb sahəsində dərc olunan elmi jurnallarda əsərləri çap olunan yeganə azərbaycanlı alim kimi tanınmışdır.
ABŞ-ın Texas ştatındakı Hyuston şəhərinin dünyada çox məşhur olan Tibb Akademiyasında bir zamanlar təcrübə keçmişdir.
Fərman Ceyranlı hazırda bütün Qafqazda ən böyük tibbi klinika kimi tanınan “Lanset” Klinik Xəstəxanasının baş həkimi kimi də şöhrət qazanmışdır. Həkim, cərrah və alim kimi ötən 36 il müddətində minlərlə müxtəlif cərrahi əməliyyatlar aparıb. Tibb sahəsində daim gənclərə önəm verməsi isə onun rəhbərliyi altında yetişən və alimlik dərəcəsi alan onlarla mütəxəssisi örnək göstərmək olar.
Onun Kvemo-Kartli (Borçalı) bölgəsinin Bolnisi rayonundan parlament seçkilərində deputatlığa namizədliyinin irəli sürülməsi təkcə soydaşlarımız deyil, eyni zamanda gürcü ictimai və siyasi çevrələri tərəfindən də yüksək səviyyədə təqdir olunur. Onun namizədliyinin irəli sürülməsi Gürcüstanda yaşayan soydaşlarımız üçün yeni mərhələ sayılır. Belə ki, bu nüfuzlu elm və ictimai xadimin uzun illər əldə etdiyi uğurlar Gürcüstan dövlətçiliyinin inkişafı üçün böyük tövhələr verə bilər. Xüsusilə də onun tibb sahəsində günün tələblərinə uyğun yeni qanunların qəbul edilməsi üçün müstəsna rol oynayacağına çoxları inanır.
Bununla yanaşı, Gürcüstanda yaşayan soydaşlarımızdan kimlərin parlamentdə təmsil olunması çoxsaylı oxucularımızın dərin marağına səbəb olduğu üçün professor Fərman Ceyranlıda geniş müsahibə götürməyə qərar verdik. Onun parlament seçkilərinə qoşulmasının, məram və proqramının ana prinsiplərini öz dilindən eşitməyi ən doğru seçim saydıq.
Fərman Ceyranlının bioqrafiyasında yer alan dəyərli məsələlərdən biri də Azərbaycanın dövlət müstəqilliyi əldə etdikdən sonra Bakıya köçərək burada səmərli fəaliyyəti, bir sıra elmi uğurlarıdır. Bakıda çalışdığı dönəmdə Mustafa Topçubaşov adına Respublika Elmi Cərrahi Mərkəzinin direktor müavini və sonra isə direktoru vəzifələrində çalışıb. Bu strateji həm də vəzifə elmi və cərrahi sahəni birləşdirir. Professor, elmlər doktoru Fərman Ceyranlı uzun müddət Azərbaycanın Baş Cərrahı statusunu daşıyıb. Azərbaycanda ilk özəl sektorda “Lanset” Klinikasının təsisçisi kimi də şöhrət qazanıb. Keçmiş Sovetlər Birliyi zamanı 32 yaşında Moskva kimi nəhəng elmi mərkəzdə elmlər doktoru titulunu almaq ancaq Fərman Ceyranlıya nəsib olub.
İndi Fərman bəy doğma Gürcüstanın başkəndi Tiflisdə təsisçisi olduğu “Lanset” Klinik Xəstəxanasının baş həkimi kimi elmi təcrübələri əsasında peşəsini davam etdirir. Onun parlament seçkilərinə qatılması üçün atdığı addımlar çoxlarının təəccübünə səbəb oldu.
Ona görə də Fərman bəylə görüşüb, fikirlərini öyrənməyə çalışdıq.
Aşağıda professor Fərman Ceyranlı ilə müsahibəni ZiM.Az-ın oxucularına təqdim edirik.


Fərman CEYRANLI: “Əsas məqsədim azərbaycanlıları silkələyərək ayıltmaqdır” Professor Fərman Ceyranlı: “Birbaşa Gürcüstan üçün çalışmağı hədəf seçmişik”

“Gürcüstanda son 25 ildə çox hakimiyyətlər dəyişib. Təəssüflər olsun ki, tibb və səhiyyə sahəsində mövcud qanunların heç biri dəyişməyib”

– Fərman bəy, siz məşhur həkim və cərrah kimi bütün Qafqazda tanınırsınız. Qəflətən siyasi və ictimai proseslərə və parlament seçkilərinə qoşulmağınızın səbəbi nədir?

– Mənim 8 oktyabrda Gürcüstan parlamentinə seçkilərə qatılmağımın iki başlıca səbəbi var. 36 ildir işlədiyim tibb sahəsində əldə etdiyim zəngin təcrübə və səhiyyə sisteminin bu gün hansı yüksək dəyərlərlə inkişaf etdirilməsinin hüquqi və qanunvericilik sistemi əsasında yollarını ortaya qoymaq gərəkdir. Bu gün baxıb görürəm ki, tibb sahəsində bir çox qanunlar köhnəlib. Müasir dövrün tələblərinin heç birinə cavab vermir. Əksinə, bu qanunlar yeniliyə qarşıdır. Qürur duyduğum vətənim, yəni Gürcüstanda son 25 ildə çox iqtidarlar və hakimiyyətlər dəyişib. Təəssüflər olsun, tibb və səhiyyə sahəsində mövcud qanunların heç biri dəyişməyib. Gürcüstan demokratik bir ölkə olduğu üçün burada hər şeyi qanunlar idarə edir. Ancaq, mütəxəssis olduğum sahədəki qanunların dəyişməsi üçün spesifik mütəxəssislərə ehtiyac vardır. Hal-hazırda tibb və səhiyyə sahəsindəki qanunların əksəriyyəti keçmiş Sovetlər Birliyi dönəmindən qalıb və bu gün yaşadığımız 2016-cı ilin standartları ilə heç bir uyğunluğu yoxdur. Deputat seçilməklə hesab edirəm ki, Gürcüstan dövlətinə bu istiqamətdə illər boyu əldə etdiyim təcrübəm sayəsində çox böyük tövhələrimi verə bilərəm. Gürcüstanın vətəndaşı olan hər kəs dövlət quruculuğu yönündə dinamik şəkildə iştirak etməlidir.

– Bəs ikinci şərt hansıdır?
– Gürcüstanda yaşayan soydaşlarımızın, eloğlularımızın Gürcüstanın dövlət quruculuğu məsələlərində “milli azlıq” statusu ilə barışmasını qəbul etməməyimdir. Bizlər bu dövlətin bərabərhüquqlu vətəndaşlarıyıq. Gürcüstanın ictimai, sosial və siyasi proseslərində fəal şəkildə iştirak etməliyik. Hər birimiz bu ölkənin vətəndaşı kimi güclü, demokratik və inkişaf edən Gürcüstan uğrunda çalışmalıyıq. Heç bir zaman ictimai proseslərdən təcrid olunmuş durumu qəbul etməməliyik. Gürcü cəmiyyətinə gedilən inteqrasiyanın təməl prinsiplərinə əməl etməklə, dövlət quruculuğunda bizlərin fəal iştirakımız başlıca vacib şərtlərdən biridir. Hal-hazırda Gürcüstanda əhalinin etnik tərkibinə görə qardaş gürcü xalqından sonra biz azərbaycanlılar ikinci yeri tuturuq. Ancaq, çox təəssüflər olsun ki, cəmiyyətdə sosial və ictimai proseslərdə iştirak əmsalımız çox aşağıdır. Sanki ölkənin inkişafı üçün hər şeydən təcrid olunmuşuq. Bu məsələdə əsas günahkar elə özümüzük. Gürcüstan hökumətindən kimsənin bu məsələdə inciməyə haqqı yoxdur. Vətənimiz bu gün özünün demokratik dəyərləri ilə keçmiş Sovetlər Birliyi məkanı üçün möhtəşəm bir örnək sayılır. Biz gürcü xalqı ilə çiyin-çiyinə bu dövlətin qorunması və inkişafı üçün əlimizdən gələni etməyə borcluyuq. Mən bir alim və mütəxəssis kimi yaxın dostlarım olan gürcülərin kəndlərində tez-tez oluram. Etiraf edim ki, gürcü kəndlərində yaşayan insanlar özlərini XXI yüzilin insanı kimi hiss edirlər. Bu məsələdə çox haqlıdırlar. Ancaq biz azərbaycanlıların kəndlərində isə elə bil ki, hələ də ötən əsrin yetmişinci illərindəki durğunluq dönəminin “Leonid Brejnev epoxası”nın ruhu yaşanılır. Gürcülər bir xalq kimi hətta adi kənd yerində belə XXI yüzilin standartlarını öz həyat normasına çeviriblər. Məncə, bizim soydaşlarımızın yaşadıqları bölgələrdə də zamanın ruhunun, onun ritminin dinamizminin gündəmə gətirilməsinin gec də olsa, əsil zamanı çatmışdır. Kvemo-Kartli (Borçalı) bölgəsində soydaşlarımızın yaşadıqları kəndlərdə elə insanalara rast gəlirsən ki, sanki həyat onların simasında dondurulub. Onların fikrincə, bizləri hələ də çoxdan ölüb getmiş Leonid İliç Brejnev idarə edir. Gürcüstanın indiki prezidentinin, baş nazirinin, digər dövlət məmurlarının adlarını belə bilmirlər. Bütün bunları görərək şüurlu şəkildə parlament seçkilərinə qatılmaq qərarımı verdim.

– Parlamentə deputat seçilməklə qeyd etdiyiniz problemlərin həll edilməsinə nail ola biləcəksinizmi?
– Əlbəttə, bütün bunlara varlığımla inanıram. Mənim məqsədim xalqımızın bu ölkənin vətəndaşı kimi yerli qanunları mükəmməl şəkildə bilmələrinə nail olmaqdır. Bununla yanaşı, soydaşlarımızın gürcü dilinin dövlət dili olmasına ən yüksək səviyyədə etimad göstərməsi və bu dilin sayəsində dövlət quruculuğunda yaxından iştirak etməsinə dəstək verməkdir. Bizim soydaşlarımız bütün günü Azərbaycanın TV kanallarını seyr edirlər. Beləliklə də Gürcüstanla bağlı rəsmi xəbərləri bu TV kanallardan alırlar. Bu, tamamilə yalnış bir yanaşmadır. Halbuki, Azərbaycanın TV kanallarında Gürcüstanla bağlı gedən informasiyaların çoxu Tiflisdəki KİV-lərin yayınlarından tamamilə fərqlənir. Elə buna görə də soydaşlarımız şüuraltı psixoloji baxımdan özlərini daim Azərbaycanda olduğu kimi hiss edirlər. Bu cür yanaşma tərzini tamamilə dəyişdirmək gərəkdir. Onlar bilməlidirlər ki, müstəqil və demokratik Gürcüstan dövlətinin vətəndaşlarıdırlar. Bakı TV kanallarını bütün günü izləməklə öz tarixi vətənlərini belə unudurlar. Azərbaycandakı alternativsiz TV məkanı ilə Gürcüstanın TV məkanı tamamilə fərqlidir. Bütün bunlarla yanaşı, soydaşlarımızın ən böyük bədbəxliklərindən biri də internet resurslarından adicə kəndə yerlərində zəif şəkildə istifadə etməsidir.
Gürcüstan KİV-lərində durum tamamilə fərqlidir. Çoxlu alternativlər mövcuddur. Bunu istərsə qəzetlərdə, istərsə TV kanalların simasında görmək heç də çətin deyil. Gürcüstanın KİV-lərində səxavətlə alternativ fikir və ideyalara önəm verilir. Beləliklə gürcü cəmiyyəti həqiqətin harada və necə olduğunu çox yaxşı dərk edir. Çünki, vətəndaş azından efir məkanında 4-5 nəfər mütəxəssisin fikrini dinləyərək ən düzgün qərarını verməkdə problemlərlə qarşılaşmır. Axı AzTV-nin kanalından heç Azərbaycanın özündə belə, əhali hər hansı bir gerçəkliyi öyrənməkdə çətinliklə üzləşir. Bu həqiqəti görmək və dəyərləndirmək ən vacib məsələlərdən biridir.

– Siz hansı siyasi partiyanın namizədisiniz?
– Təmsil olunduğum partiya demokratiyaya və insan haqlarına daim sadiq olan, ölkənin dinamik şəkildə inkişafı üçün böyük təcrübəyə malik olan insanlardan ibarətdir. Bizim partiyanın adı “Vahid Gürcüstan”dır. Mən bu partiyanın Siyasi Şurasının üzvüyəm. Gürcüstan siyasi partiyalarının tarixində ilk azərbaycanlı mütəxəssisəm ki, belə bir qurumda yüksək səviyyədə təmsil olunuram. Partiyamızın lideri ölkə parlamentinin maliyyə komitəsinin sədri, millət vəkili Tamazi Meçiauridir. O, öncələr “Gürcü Diləyi” hərəkatının təsisçilərindən biri olub. Ölkənin bu günkü iqtisadi və sosial həyat tərzinin inkişafı yönündə qanunvericlik baxımından böyük xidmətləri olan siyasətçidir. Mənim Bolnisi rayonu üzrə deputatlığa namizədliyim məhz bu partiya tərəfindən irəli sürülüb.

– Niyə məhz bu partiyanı seçdiniz?
– Adından da göründüyü kimi, bizim partiya Gürcüstan dövlətinin ərazi bütövlüyünün qatı tərəfdarıdır. Belə bir yanaşım partiyanın strateji prioriteti sayılır. Bildiyiniz kimi Abxaziya və Güney Osetiya kimi etnik separatizmin sayəsində Gürcüstanın ərazi bütövlüyünə sui-qəsd prosesi bu gün də davam edir. İndi gürcü xalqının təfəkkür tərzində “occupation”, yəni işğalçılıq siyasətinə dərin nifrət vardır. Çünki, harada işğalçılıq siyasəti varsa, orada milyonlarla insanların fəlakətli həyat tərzi, ağır sosial böhranlar yaşanılır. Partiyamızın da ali məqsədi budur ki, ölkənin ərazisi vahid olsun, burada yaşayan bütün xalqlar birlik və bərabərlik içində yaşasınlar. Bizim fikrimizcə, bu problem öz həlli tapmalıdır. 23 ildir işğal altında olan ərazilərin yoxluğu Gürcüstan dövlətinin ərazi bütünlüyünə qarşı böyük bir təcavüzdür. Təəssüflər olsun ki, etnik münaqişələr adı altında süni şəkildə bu məsələ dondurulub. Bütün bunlara son qoyulmalıdır. Ərazi bütövlüyü bərpa olunmalıdır. Başqa bir yandan bu gün Gürcüstanda bütün siyasi partiyalar iki qrupa bölünüblər:
1. Avropa Birliyi və bu birliyə can atanlar,
2. Rusiya və MDB tərəfdarları.
Bizim partiyamız isə yeganə siyasi güc mərkəzidir ki, nə Rusiya, nə də Qərb yönlüyük. Birbaşa Gürcüstan üçün çalışmağı hədəf seçmişik. Beynəlxalq blokların heç birinə qoşulmağın tərəfdarı deyilik. İstənilən ölkə ilə Gürcüstanın milli maraqları çərçivəsində ikitərəfli əməkdaşlığın tərəfdarıyıq. Biz daha çox İsveçrə dövlətinin modelinin tərəfdarı kimi çıxış edirik. Dünyanın ən zəngin ölkəsi statusuna sahib olmaqla yanaşı, İsveçrə heç bir blokda iştirak etmir. Bununla yanaşı, İsveçrə kimi ölkəni cəmi 8 nəfər idarə edir. Onlardan biri ölkənin kansleri, digərləri isə nazirlərdirlər.
– Niyə Bolnisi rayonundan deputatlığa namizəd oldunuz? Başqa bölgəni də seçə bilərdiniz.
– Niyə Bolnisi rayonundan deputatlığa namizəd oldunuz? Başqa bir bölgəni də seçə bilərdiniz.
–Bu suala cavab vermək üçün daha geniş şəkildə fikirlərimi bölüşmək istəyirəm. Eynilə sual vermək olardı ki, rəhbəri olduğum “Lanset” Klinik Xəstəxanasının tikilməsi üçün 30 milyon dollar miqdarında sərmayənin qoyulmasını, bu cür modern və yüksək səviyyəli mərkəzi niyə təsis etmişəm? Həyatım boyu dinclik bilmədən çalışdığım 36 il müddətində Moskva-Bakı-Tiflis şəhərlərində özümü hər zaman Gürcüstan kökənli bir insan kimi hiss etmişəm. Mən bu torpaqda anadan olmuş, onun havasını və suyunu içmişəm. Genetik baxımdan və qan yaddaşıma görə bu torpaqlar hər zaman mənim üçün doğma və əziz olub. Moskva, Bakı və Tiflisdə çalışdığım illər ərzində daim həmyerlilərim bir həkim kimi mənə müraciətlər ediblər. Onları böyük həvəslə müayinə və müalicə etmişəm. Minlərlə etdiyim cərrahiyyə işlərimin çoxu həmyerlilərim və soydaşlarımın payına düşür. Görünür, burada bir mentalitet məsələsi də var. 36 illik yorulmaq və dinclik bilmədən çəkdiyim zəhmətimin bəhrəsi kimi, sonunda doğma Gürcüstanımızın paytaxı Tiflisdə gördüyünüz “Lanset” Klinik Xəstəxanasının inşasına nail olmuşam. Mənim əsas hədəfim xəstələrə ən yüksək səviyyədə və komfortlu tibbi xidmət, müalicə şəraitini yaratmaq olub. Artıq nə Moskvaya, nə də Bakıya müalicə olunmaq üçün getməyə kimsənin ehtiyacı qalmayıb. Biz lazım gəldiyində pasientlərimizi elə onların öz evlərində belə müalicə edirik. Bütün bunlarla yanaşı, pasientlərimizi müalicə etmək üçün pulsuz marşrutlar açmışıq. Tiflisdə çoxlu xəstəxanalar və klinikalar var. Ancaq, bununla yanaşı həmin tibb ocaqlarında işləyənlərin çoxu Azərbaycan dilini bilmirlər. Buna görə də onlar üçün böyük çətinliklər yaranırdı. Biz bu layihəni hazırlayarkən Azərbaycan Respublikasının Qərb və Şimal-Qərb bölgələrinin Bakı ilə məsafənin uzaq olmasını nəzərə alaraq, ən qısa yolun Tiflisin olduğuna önəm verdik. Artıq “Lanset” Klinik Xəstəxanası sadəcə Gürcüstan miqyasında deyil, bütün Qafqaz üzrə xüsusi mərkəzə çevrilmişdir.
Bolnisi rayonundan deputatlığa namizədliyimi verməyə gəldikdə isə, buna təsadüfdənmi deyim, xoşbəxtlikdənmi deyim, bilmirəm. Vəziyyət belə gətirdi. Görünür, bu da həm peşəmlə bağlıdır, həm də bu bölgədə yaşayanların əksəriyyətini illərdir şəxsən tanıdığıma görə baş verdi. Tək onları deyil, Borçalıdan olanların çoxunu tanıyıram. Soydaşlarımızın yaşadıqları rayonlardan deputatlığa çox layiqli namizədlər var. Onlara mane olmamaq üçün Bolnisi rayonundan namizədliyimi irəli sürmüşəm. Fikrimcə, Bolnisidən əsas rəqibim yerli icra hakimiyyətinin başçısı Qoqita Meşveanidir. Seçkidə qalib gəlməyim üçün həm də yerli əhalinin mənə olan etimadına inanıram. Bununla yanaşı, Siyasi Şurasının üzvü olduğum “Vahid Gürcüstan Partiyası” da mənə böyük həvəslə dəstək verir.
“Əsas məqsədim azərbaycanlıları silkələyərək ayıltmaqdır”–Siz parlamentə deputat seçiləcəyiniz təqdirdə hansı addımları atacaqsınız?
–Mənim əsas məqsədim parlamentə seçilmək deyil, bu gün Gürcüstanda yaşayan bütün soydaşlarımızı, yəni azərbaycanlıları silkələyərək ayıltmaqdır. Sanki uzun illərdir yuxugətirici dərman qismində “dmidrol” verib onları qəflətdə saxlayırlar. Buna görə də soydaşlarımızı bu uyuşdurucu əzabdan ayıltmaqla, onların Gürcüstanın sosial-ictimai və siyasi həyatında fəal olmalarına çalışıram. Bu ölkədə yaşayan azərbaycanlılar ölkənin inkişafı üçün inteqrasiya etməlidirlər. Əgər mən bir mütəxəssis kimi katalizator rolunu oynayıb, bu səddi aşmaqla insanlarımızı aktivləşdirə bilsəm, Gürcüstan tarixində misli görünməmiş səviyyədə beyinlərdə mədəni inqilab və yeni-yeni proseslər baş verəcək. Mənim məqsədim odur ki,
1. Seçkilərdə milli azlıqların kütləvi şəkildə iştirak etməsinə nail olaq,
2. Seçki proseslərində pərakəndə şəklində deyil, öz seçib bəyəndiyimiz namizədin ətrafında birləşək.
Beləliklə də nəticədə bizlər istədiyimiz namizədi seçmək təcrübəsini qazanırıq. Bunun da əsas mahiyyəti ondan ibarətdir ki, xalqımız seçmək və seçilmək təcrübəsini praktik olaraq əldə etməyi öyrənir. Bu çox vacib prosesdir. Bu, dövlətin demokratikləşməsində həm də xalqın iştirakının birbaşa ana hədəfinə çevrilən bir düsturdur. Çünki, Gürcüstan bir dövlət olaraq totalitar sistemlə idarə olunan bir ölkə deyil. Gürcü xalqının irəli sürdüyü bu milli iradənin inkişafında ölkədə yaşayan digər xalqlar da fəal iştirak etməlidirlər. Çox təəssüflər olsun ki, Gürcüstanda yaşayan soydaşlarımız uzun müddətdir dövlət quruculuğu prosesində seyrçi mövqe tutmuşlar. Parlament seçkilərindən sonra, yerli bələdiyyələrə seçki prosesləri başlayacaq. Daha sonra isə, yerli bələdiyyə və icra hakimiyyəti başçılarını seçməliyik. Bizim xalqımız gürcü xalqı ilə birlikdə çiyin-çiyinə bu dövlətin inkişaf etməsi üçün var gücü ilə çalışmalıdır. Bunu öyrənməlidir. Seçmək və ya seçilmək kimi proseslərdə daim fəallıq göstərmək lazımdır. Gürcüstan qanunları demək olar ki, bu gün postsovet məkanında ən demokratik düzənə sahibdir. Beləliklə də tarixi ədalətsizliyə son qoyula bilər. Əslən Borçalıdan olan minlərlə alim və ziyalılar var ki, keçmiş Sovetlər Birliyi dönəmində onların Gürcüstanın bir dövlət olaraq inkişafında yaxından iştirak etməsinə qarşı dərin siyasətlər aparılıb. Bizim xalqımız çox istedadlıdır. Həmin istedadlar Gürcüstanın daha da güclənməsi üçün bütün intellektual imkanlarını səfərbər etməyi öyrənməlidirlər. Proseslər belə bir məcrada inkişaf etdiyi təqdirdə deyə bilmərik ki, Gürcüstan iqtidarı bizim soydaşlarımıza ögey münasibət bəsləyir. Bizləri deputat seçilməyə, yerli özünüidarəetmə strukturlarında işləməyə qoymur. Mövcud problemlərimizi dərindən təhlil etdikdə görürük ki, günahların çoxu özümüzdədir. Bizlər nə zaman Gücüstan dövlətinə inteqrasiya etdik ki, mövcud imkanlardan da bəhrələnə bilək?! Adi bir örnək deyim. Qeyd etdiyim kimi, mən özüm bir neçə il bundan öncə şəxsi təşəbbüsümlə 30 milyon dollar həcmində Gürcüstana investisiya cəlb etdim. Nəticədə “Lanset” Klinik Xıstəxanasını inşasına nail olduq. Gürcüstan hökuməti bizi “İlin ən uğurlu invesitisiyası” mükafatı ilə təltif etdi. Gürcüstan dövlətinə və cəmiyyətinə inteqrasiya bax bu deməkdir.

–Parlament seçkilərinə xeyli sayda siyasi partiyalar qatlıb. Hər partiya seçicilərə xeyli sayda vədlər verməklə seçki prosesində real görünən və ya populist ideyalarla zəngin fikirlərlə çxış edirlər. Bəs sizin təmsil olunduğunuz partiyanının irəli sürdüyü konsepsiya nədən ibarətdir?
–Biz digər partiyalardan tamamilə fərqli statusla çıxış edirik. Təmsil olunduğum Vahid Gürcüstan Partiyası ilk növbədə ölkənin ərazi bütünlüyünü əsas şərtlərdən biri hesab edir. Bundan əlavə, biz deklorativ konsepsiya ilə deyil, gerçəkliyə hesablanmış üsulla addım atırıq. Bizim əsas məqsədlərimizdən biri sivil dünyada prezident və ya baş nazir institutlarının 4-5 ildən bir iki muddətə hesablanmasına qanunla əməl edilməsini rəsmi qaydaya salmaqdır. Çünki, 8-10 il ərzində bu postlarda olan şəxslər fiziki, istərsə də əqli cəhətdən tukənirlər və həmin müddətdən çox hakimiyyətdə qalanlar klanlaşır və dolayı yolla mafiyaya çevrilərək şahlıq sisteminə keçirlər. Despotizmə xidmət edən bu yolun qarşısı qanunla alınmalıdır. İstənilən ölkəyə demokratiyanı buna hazır olan xalq və millət gətirir. Bildiyiniz kimi Tiflis şəhəri və gürcü cəmiyyəti tarix boyu demokratik ab-hava ilə yaşayıb və Qafqazda ənənəvi olaraq mədəni mərkəz kimi digər dovlətlərdən hər zaman fərqlənib. Biz məhz bu ənənələrin yenidən dirçəldilməsinə çalışacağıq. Heç kimsəyə sirr deyil ki, son 20 ildə Gürcüstanda bəzi siyasi güclər çox zaman bizim xalqın çiynində hakimiyyətə gəliblər. Onlara seçkilərdə məhz azərbaycanlılar daha çox dəstək veriblər. Bunun üçün xalqımızı günahlandıra bilmərik. Ona görə ki, azərbaycanlılar hər zaman dövlətçi mövqe nümayiş etdiriblər. Hər hansı etnik separatizm meyllərini irəli sürməyiblər. Ancaq, bütün bunlarla yanaşı, verilən dəstəyə görə bir nəfər də olsa belə soydaşımız həmin siyasi qurumların rəhbərliyində təmsil olunmayıb. İndiyə kimi adicə rayon rəhbəri səviyyəsində təmsilçiliyə imkan verilməyib. Hələ qubernator vəzifəsini demirik. Paralel olaraq ermənilər yaşayan bolgələrə diqqət yetirsək fərqli mənzərənin şahidi oluruq. Dəstək verən biz, ən cox bəhrələnən onların olması heç kimdə bu gün də şübhə doğurmur. 1996-cı ildən bəri torpaq islahatı zamanı yaranan problemlərin həllinə söz verilməsinə baxmayaraq, əməldə öz əksini tapmayıb və bu problem dərinləşməkdə davam edib. Coğrafi və tarixi yer adlarının dəyişdirilməsini hamımız bilirik. İqtidarlar bolluca vədlər versələr də ədalətə söykənərək adicə tarixi yer adları bərpa olunmayıb. Borçalı bölgəsinin kənd təsərrufatı ilə məşğul olmasını nəzərə alsaq, hansı fəlakətlərlə uzləşdiyimizi hamı təəssuf hissi ilə yad edir. Vergi nazirliyi, maliyyə polisi və prokurorluq tərəfindən aparılan reket siyasətini kimsə unutmamışdır. Fantastik cərimələr, obyektlərin qeyri-qanuni yollarla əhalinin əlindən alınması, həbslər daha çox Borçalı bolgəsindən olan vətəndaşlara tətbiq edilib. Bank sistemində yaradılan qeyri-insani mühit və qəbul etdikləri qanunlar bu gün Gürcüstan vətəndaşlarının əl-qollarını bağlayaraq faktiki olaraq onların əsirlərinə çevrilməsinə səbəb olub. Vətəndaşlar bu sistemin təzyiqləri altında inildəyirlər. Təəssüflər olsun belə bir miras hələ də davam edir. Torpaq məsələsi, kəndlərin tarixi adlarının bərpa edilməsi, bölgədə coxluq təşkil edən azərbaycanlıların rəhbər vəzifələrə gətirilməməsi, parlamentdə qanunların sabiq hakimiyyətin dövründə olduğu kimi saxlanılmasını qeyd etmək olar. Hakimiyyətlər dəyişsə də, qüsurlu qanunlar olduğu kimi qalır və bu günün tələbinə cavab vermir. Uğursuz kadr siyasətinin nəticəsi kimi peşəkarlıq deyil, partiya mənsubiyyəti nəzərə alınaraq təyinat siyasəti yürüdülür. Tamaz Meçiaurinin rəhbərliyi ilə yaradılan Vahid Gurcustan Partiyası bu problemləri həll etmək ücün mükəmməl proqrama malikdir.

Biz də PROFESSOR FƏRMAN CEYRANLIya UĞURLAR ARZULAYIRIQ!...

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” ...

“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” ...

Gürcüstan, Siyasət
SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın”

SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın”

Gürcüstan, Tiflis, Qarayazı, Siyasət
TƏBRİK EDİRİK, ƏZİZ AZƏR SÜLEYMANOV!..

TƏBRİK EDİRİK, ƏZİZ AZƏR SÜLEYMANOV!..

Gürcüstan, Siyasət
Gürcü və azərbaycanlı deputatlığa namizədlər canlı yayımda dalaşdı… VİDEO-- ...

Gürcü və azərbaycanlı deputatlığa namizədlər canlı yayımda dalaşdı… VİDEO-- ...

Tv, Borçalı
RUSLAN HACIYEV: “Salome Zurabişvilinin qələbəsinə əminəm”

RUSLAN HACIYEV: “Salome Zurabişvilinin qələbəsinə əminəm”

Gürcüstan, Borçalı, Siyasət
GAK-ın sədri Hüseynn Yusubovun Gürcüstan Prezidenti Salome Zurabişviliyə MÜ ...

GAK-ın sədri Hüseynn Yusubovun Gürcüstan Prezidenti Salome Zurabişviliyə MÜ ...

Tiflis, Bolus
Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd ...

Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd ...

Borçalı
Gürcüstan əsilli ziyalılardan AZƏR SÜLEYMANOVa dəstək

Gürcüstan əsilli ziyalılardan AZƏR SÜLEYMANOVa dəstək

Gürcüstan, Borçalı, Siyasət
Gürcüstanda yaşayan azərbaycanlılar adından Azərbaycanda yaşayan bütün soyd ...

Gürcüstanda yaşayan azərbaycanlılar adından Azərbaycanda yaşayan bütün soyd ...

Gürcüstan, Borçalı
Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

MEDİA, Gürcüstan
Ruslan HACIYEV: “Marneulidə Temur Abbasova rəqib görmürəm”

Ruslan HACIYEV: “Marneulidə Temur Abbasova rəqib görmürəm”

Borçalı
Millət vəkili Azər Süleymanov: “Əqidə yoldaşlarımı yarı yolda qoyanlardan d ...

Millət vəkili Azər Süleymanov: “Əqidə yoldaşlarımı yarı yolda qoyanlardan d ...

Tiflis, Borçalı, Siyasət
Nərgiz Əliyeva: “Azərbaycanlıların Mədəniyyət Mərkəzi olaraq bizim əsas məq ...

Nərgiz Əliyeva: “Azərbaycanlıların Mədəniyyət Mərkəzi olaraq bizim əsas məq ...

Borçalı, "Region-Press"
GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

Gürcüstan, Siyasət
Saakaşvilinin partiyasındakı azərbaycanlı deputat danışdı

Saakaşvilinin partiyasındakı azərbaycanlı deputat danışdı

Borçalı, Siyasət
GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

Gürcüstan
Savalan Mirzəyev: “Akmamed İmamquliyev siyasətçi deyil”

Savalan Mirzəyev: “Akmamed İmamquliyev siyasətçi deyil”

---
Marneulinin meri: Gürcüstanda yaşayan azərbaycanlılar ölkənin inkişafında m ...

Marneulinin meri: Gürcüstanda yaşayan azərbaycanlılar ölkənin inkişafında m ...

Borçalı
ƏLİ BABAYEV:  “ZƏLİMXAN MƏMMƏDLİnin

ƏLİ BABAYEV: “ZƏLİMXAN MƏMMƏDLİnin "fəaliyyəti" Borçalıya ancaq zərər vu ...

"Borçalı" Cəmiyyəti
Azər Süleymanov: “Əqidə dostuyuq, onu yarı yolda qoya bilməzdim...”

Azər Süleymanov: “Əqidə dostuyuq, onu yarı yolda qoya bilməzdim...”

Tiflis, Siyasət
Rəy yazın: