MÜBARİZ HÜSEYN QARABULAQ (1960)

MÜBARİZ HÜSEYN QARABULAQ (1960) Mübariz Hüseyn oğlu Məmmədov 1960-cı il iyulun 22-də qədim Borçalı mahalının Başkeçid rayonunda - indiki Gürcüstan Respublikasının indiki Dmanisi rayonunun Aşağı Qarabulaq kəndində anadan olub.
Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyasını) bitirib. Qaz-neft-mədən fakültəsinin qaz, neft yataqlarının istismarı və kompleks mexanikləşdirilməsi ixtisası üzrə ali təhsil alıb (1979-1988). O, neft mədənlərində operator (1988-1989), neftçıxarma ustası (1989-1995), dərin dəniz özüllü quyular rəisinin müavini (1995-1997), “28 May” Neftqazçıxarma idarəsində növbə rəisi (1997-2004) vəzifələrində işləyib. 2004-cü ildən isə “BP” şirkətində çalışır.

Mübariz Hüseyn istedadlı qələm sahibidir, poeziya vurğunudur.
Artıq özünü çoxdan təsdiq etmiş nəğməkar şairlərimizdəndir.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
İlk şe’rləri “Azad Azərbaycan”, “Azərbaycan gəncləri”, “Neft kadrları uğrunda”, “Azərbaycan dünyası”, “Şərqin səsi”, “Ziya”, “Təhsil”, “Neft daşları”, “Vışka” qəzetlərində, “Mədəni-maarif”, “Ulduz” jurnallarında, “Çilovdan gələn səslər” almanaxında və digər mətbuat orqanlarında çap olunmuşdur...
Şeirləri Bakı şəhərindəki 131 saylı və digər orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyalarda tez-tez səslənir...
Elə ilk şeirlərindən oxucuların qəlbinə yol tapan şairin ilk şeirlər kitabı - “Ömür yolu” 1998-ci ildə işıq üzü görüb.
Müəllifin ikinci kitabı - “Dünyanın hökmü” - 2001-ci ildə, üçüncü kitabı - “Əzablı sevgi yolu” və dördüncü kitabı - “Salam, Sınıq Körpü, hanı Borçalı?” 2010-cu ildə “Borçalı” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarina verilmişdir. (Hər üç kitabın naşiri və redaktoru - Müşfiq Çobanlıdır).

Mübariz Hüseynin “Dünyanın hökmü” (“Borçalı” NPM, 2001) kitabına Bakı Ali Hərbi Dənizçilik Məktəbinin “Dillər” kafedrasının müdiri, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanov “Əmək də poeziyadır” sərlövhəli ön söz yazmışdır.

Biz də istedadlı qələm dostumuz Mübariz Hüseynə yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik.

ZiM.Az



ATA

Ya körpə, ya hakim övlad, gözündə
Bəşərdə ən böyük varlıqdı, ATA.
Gedib, görünməsə O, Yer üzündə,
Dünyanı kiçildən darlıqdı, ATA.

Övladla heç zaman açmadan üzün,
Pərdəni, izzəti gözlədər, ATA.
Ana şirin dillə istətsə özün,
Sevgini içində gizlədər, ATA.

Nisgil hücum çəksə çətin ki, gülə
Edib sinəsini, dərd yeri, ATA.
Gözündə görünsə qəmdən bir gilə,
Sızladar bəlkə də göyləri, ATA.

İnsana səmadan verilibsə can
Deyilmi, hər kısin de, cismi, ATA?
Sirrdi ki, torpağa qoyulan zaman,
Çəkilir adıyla tək ismi, ATA.

Eylədimi, sinəsindən dağlanan?
Bu dünyayla oynadığın nərddimi?
Çıxış yolu xanaları, bağlanan
Ümid üzüb, üzə duran dərddimi?

Atsa əgər, necə gəldi hər dəfə,
Dərk etdinmi, ona gözəl zər verir?
Əl atdığın, gedib çatmır hədəfə
İntizarın, cana soyuq tər verir.

Başlanılan asan gələr, hər kəsə
Düşünər ki, qələbəsi yaxındı.
Tərəddüdlər daim istər yol kəsə
Sonda görər düşdüyü sərt axındı.

Bəxt oynunda erkən düşər oda, can,
Bir məğlubla çox qaraltma qanı, Sən!
Məyus olma bəlkə səndə udacan
Oynadığın rəqibini tanı, Sən!


UŞAQLIQDAN XATİRƏLƏR

Götürərdi üstümüzdın qınağı,
Sıldırıma dırmaşmağın sınağı.
Dolaşardıq yamacları, oymağı
Görən yenə, o adətlər qalıbmı?
Yoxsa, hamı ev uşağı olubmu?

Buludlardan min şəkillər seçərdik
Ovuc ilə bulaqdan su içərdik
Daşqın çayı güc, bəlayla keçərdik
Koroğlunun qalasını görməyə.
Orda bitən dadlı meyvə dərməyə.

Su üstündə daş üzdürüb atardıq
Gül - çiçəkli çəmənlikdə yataqdıq,
Qaça - qaça Əyriqara çatardıq
Yorulmağı bilməz idik o yerdə.
Təngnəfəslik öyrəndim mən şəhərdə.

Qonşu bağın yaxşı - yaman meyvəsi,
Oğurluğa vadar edib hər kəsi.
Yeməyə yox, onu dərmək həvəsi
Axşam çağı bizi məcbur edərdi.
Səhər gəzilərdi, bağı kim dərdi.

İlaxırda dəstə dəstə olardıq,
Novruz günü qapıları çalardıq,
Hər yaş dövrü yaşamdan həzz alardıq
Bilməz idik xoş xatirə olacaq.
Uşaqlıqdan bizə onlar qalacaq.

Sürüşərdik, qaçışardıq təpədən
Yuvarlanıb yıxılardı səhv edən
Quş tutmağa bağlayardıq ipə dən
İllər sükutunda yaddaş dinərmiş.
Hər dəcəllik təbəssümə dönərmiş.


DAŞDAN KEÇİR İŞİM NİYƏ, AY ALLAH?

Canım oldu taleyimdən küsəli,
Ömür keçir günü - gündən qüssəli.
Yalvarışlar yenə olur təsəlli
Dayandıqca üzü göyə, ay Allah!
Daşdan keçir işim niyə, ay Allah?

Ha çalışdım, işlərim olsun rəvan,
Əziyyətlər tərk etmədi bircə an.
Neyləməli? Nə çıxış var, nə güman.
Əzab istər qəddim əyə, ay Allah!
Daşdan keçir işim niyə, ay Allah?

Səxavətim anılmadı yaxşıya,
Etibar yox insanlıqda naşıya.
Güman olan kəsi gördüm daş, qaya
Boyun əydim gəda - bəyə ay Allah!
Daşdan keçir işim niyə, ay Allah?

Xəyali qüvvəyə əl açmaq üçün,
Yatar oldum, yuxum da olmadı, çin.
Düşündükcə dərdimi için - için.
Sızlamaqdan döndüm neyə, ay Allah!
Daşdan keçir işim niyə, ay Allah?

Taleyüklü qəm, yadın nə vecinə,
Bəxt açılsa əvvəli nə, geci nə?
Üzüldükcə hər şeydən əl, gücünə
İnanıram, qadir deyə, ay Allah!
Daşdan keçir işim niyə, ay Allah?
Gəl, özün dur mənə yiyə, ay Allah!

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: